...
  • Ağıllı Adam
  • Firuz Mustafa
  • Firuz MUSTAFA


    AĞILLI ADAM

    (İki pərdəli sürreal dram-qrotesk)



    İştirak edirlər:

    Jurnalist
    Qadın
    Həkim
    Müstəntiq
    Polis
    Birinci xəstə
    İkinci xəstə
    Üçüncü xəstə
    Xəstəxana işçiləri

    Hadisələr qeyri-müəyyən yerdə, qeyri-müəyyən zamanda cərəyan edir.
    Dekorasiyalar: həkim kabinəsi, palata, xəstəxana həyəti, mənzil.

    Birinci pərdə


    Xəstəxana. Həkim kabinəsi. Otağın qapısı uzun dəhlizə açılır. Bütün xəstəxanalara xas ab-hava: divarlardan təlimatlar, lövhələr, şəkillər asılıb. Uzaqdan sədası gələn musiqinin ritmi arabir dəyişir. Həkim stolun üstündəki qovluqları eşələyir; deyəsən, hansısa sənədi (kağızı) axtarır. Qapıda Jurnalist görünür. Icazə almaq üçün ayaq saxlayır. həkim qovluğu eşələyə-eşələyə başı ilə ona əyləşmək üçün yer işarə edir. Jurnalist keçib boş stullardan birində əyləşir.

    Jurnalist. Salam.
    Həkim. Salam... Əyləşin. Xahiş edirəm, bağışlayasanız... Bir dəqiqəliyə... Bir sənəd var, təcili nazirliyə göndərmək lazımdır. (Yenə kağızları vərəqləyir). İndi bəzilərini xəstədən çox, kağız-kuğuz maraqlandırır. Əslində kağız tapmağın özü də müşkül məsələdir...
    Jurnalist. Elədir. Bu problemlə biz daha tez-tez üzləşirik...
    Həkim. (Başını qaldırıb diqqətlə onu süzür). Eləmi? Siz müəllimsiz?.. Mən uşaqlara dəftər-kitab tapa bilmirəm...
    Jurnalist. Yox, müəllim deyiləm... Qəzet işçisiyəm... Jurnalistəm. Yazı-pozu adamıyam.
    Həkim. Mənim qəzetçilərə böyük hörmətim var. (Qarşısındakı qovluqdan saralmış bir kağız parçasını götürüb baxır). Hə, deyəsən, budur, tapdım. Adam qalır mat-məəttəl...
    Jurnalist. Nə mənada?
    Həkim. Heç... Elə-belə deyirəm. Əvvəlki illərlə müqayisəli hesabat istəyirlər. Maraqlanırlar ki, xəstələrin sayı son illərdə artıb, yoxsa azalıb.
    Jurnalist. Yəqin ki, artmış olar.
    Həkim. Maraqlı burasıdır ki, bizim xəstəxanada vəziyyət başqa cürdür. Qəribədir ki, son onillikdə bizdə xəstələrin sayı kəskin surətdə azalıb. Əlbəttə, bu fakt bir jurnalist kimi sizi maraqlandırmaya bilməz...
    Jurnalist. Mənə elə gəlir ki, son illərdə xəstələrin yox, xəstəxanalara müraciət edənlərin sayı azala bilər. Sosial-iqtisadi vəziyyət, iflyasiya, bahalıq, pulsuzluq...
    Həkim. Bağışlayın, siz hansı qəzetdə işləyirsiniz? Mən mətbuatı daimi izləyən adamam...
    Jurnalist. “Kim kimdir?” qəzetində. Belə bir qəzet var...
    Həkim. Bilirəm, bilirəm... Maraqlı qəzetdir. Sağ olun ki, arabir bizim problemlərə də toxunursunuz...
    Jurnalist. Indi qəzet oxuyan azdır. Adamların qayğıları çoxdur...
    Həkim. Elədir, elədir... Müvəqqəti çətinliklərdir, ötüb keçəcək.
    Jurnalist. Təki elə olsun...
    Həkim. Mənim proqnozlarım özünü həmişə doğruldur... Hə, bayaqkı mövzuya qayıtmaq istəyirəm. Soruşursunuz ki, xəstələrin sayı azala bilməz. Elədirmi?
    Jurnalist. Bəli... Mənə elə gəlir...
    Həkim. İstəsəniz qeydlər də götürə bilərsiniz. Başqa xəstəxanalardakı vəziyyətlə yaxından tanış deyiləm. Amma əlimdəki faktlara və öz müşahidələrimə əsasən deyə bilərəm ki, bizim xəstəxanada vəziyyət heç də pis deyil. Məsələn, xəstələrin sayı ötən illə müqayisədə yarabayarı azalıb. Bu faktın özü az şey demir. Qeyd edirsinizmi? Bəlkə mənə konkret suallarla müraciət etmək istəyirsiniz? Elə isə buyurun. Onda cavablar da konkret olar...
    Jurnalist. Həkim, açığı, mən bura məqalə yazmaq məqsədilə gəlməmşəm.(Duruxur). O ki qaldı məni maralandıran suallara... Məsələn, adamların dəli olduğunu və ya dəli olmağa başladığını konkret olaraq hansı prinsiplərlə dəqiqləşdirmək olar?
    Həkim. (Diqqətlə onu süzür). Siz... Siz... Bağışlayın, siz yazmağa gəlməmisinizsə... Onda bəlkə bizə xəstə gətirmək niyyətindəsiz?..
    Jurnalist. Bir az qəribə də görünsə, mən... mən özümdən... öz hərəkətlərimdən şübhələnməyə başlamışam...
    Həkim. (Xeyli susub gülür). Ha... ha... ha... Öz-özündən şübhələnməyə qalmış, cənab jurnalist qardaş, mən hər gün işdən evə şübhə və vahimələrlə gedirəm. Bilirsiz də, biz hansı xəstəliklərin, hansı xəstələrin müalicəsi ilə məşğul oluruq?
    Jurnalist. Bilirəm... Elə ona görə də sizə müraciət etmək qərarına gəldim.
    Həkim. Elə isə, zəhmət olmazsa deyin, özünüz haqqında yaranan şübhələrin arasında hansı fakt dayanır? Bəlkə bu barədə danışasanız?
    Jurnalist. Fakt?.. Fakt budur ki, mən son günlər özümü qəribə aparıram. Davranışım dəyişib... Bunu mənə tanışlarımın çoxu işarə edib. Fakt budur ki, mən tanışlara özümdən asılı olmayaaq gülünc suallar verirəm. Hiss edirəm ki, bu cür suallar vermək olmaz, amma mən bir növ istəyimin əleyhinə gedirəm. Elə bil məni kənardan idarə edirlər... Və nəhayət, ən dəhşətlisi budur ki, nə qədər əcaib də görünsə, mən bu gün öz arvadımı öldürüb birbaşa sizin yanınıza gəlmişəm... Özü də görürsüzmü, necə soyuqqanlıyam? Sanki heç nə baş verməyib... Halbuki belə hallarda normal adam həyəcanlanmalı, iztirab keçirməlidir. Hələ aradan çıxmaq üçün cürbəcür variantlar düşünüb tapmağa heç bir cəhd göstərməməyi demirəm...
    Həkim. (Ayağa durub heyrət və qorxu ilə na baxır, uzaqdan eşidilən musiqi güclənir). Sizin danışdıqlarınız həqiqətdir, yoxsa?..
    Jurnalist. Hə... Yox... Hə-hə-həqiqətdir... Bəli...
    Həkim. Elə isə siz xəstə yox, cinayətkarsınız? Polisə müraciət etmək daha düzgün olardı.
    Jurnalist. Polisə? Nə üçün?..
    Həkim. (Qovluğu eşələyir). Nə üçün? Axı siz cinayətkarsınız? Əlbəttə, əgər dedikləriniz həqiqətdirsə...
    Jurnalist. Mən cinayətkardan əvvəl xəstəyəm. Psixi xəstə... Mənə belə gəlir... Mən... Son vaxtlar başqa cür olmuşam.
    Həkim. (Qovluğu axtarmaq bəhanəsi ilə əlinin altından düyməni basır). Elə isə bizə arvadınızın öldürməzdən əvvəl, yəni cinayət baş verənə qədər müraciət edəydiniz. Amma artıq cinayət baş vrib. Dediyiniz həqiqətdirsə... Əlbəttə...
    Jurnalist. Mən ciddi adamam və sizinlə qətiyyən zarafat etmək niyyətində deyiləm.
    Həkim. Mən də ciddi adamam, ciddi peşə sahibiyəm... Əlbəttə, insanda psixi sarsıntılar ola bilər... Amma başqa niyyətlə bizə müraciət etmək arzusundasınızsa, bu, baş tutan sevda deyil. Biz sağlam adamlara psixi xəstə diaqnozu qoya bilmərik. Mən əsl xəstəni, bizim leksikonumuzla desək, “şiziki” bir kilometrlikdən tanıyıram. Bizdə sağlam adamdan pul alıb dəlilik kağızı verən həkim tapa bilməzsən. Biz sən deyən fırıldaqçı psixiatrlardan deyilik. Bildin?! Fırıldaqçı!..

    Həkim əlini hiddətlə stola çırpır. Qapıda Polis görünür. O, təəccüblə (ziyalı görünüşlü) jurnalistə və sonra həkimə baxıb susur.

    Həkim. (Polis qiyafəsində olan adama). Bu cənab, özünün dediyinə görə, jurnalistdir.
    Jurnalist. “Özünün dediyinə görə” niyə? Mən həqiqətən jurnalistəm. (Cibindən kitabça çıxarır). Bu da vəsiqəm...
    Polis. Bağışlayın, doktor, nə istəyir? (Əli ilə pul işarəsi edir - barmaqlarını bir-birinə sürtür).
    Həkim. Yox. Pul istəsə, nə var ki?..
    Polis. Qəzetə yazıb bizim xəstəxananı biabır etmək istəyir? (Junalistə). Mən başa düşmürəm, bu qəzet işçiləri niyə burunlarını hər yerə soxur? Ox-x-x... olaydın bizim pasientimiz, sənə bir qəzetçi havası oynadaydım ki, gəl görəsən...
    Həkim. (polisə) E, əşi sən də... Bu cənab mənə pul təklif edir...
    Jurnalist. Pul? Kim? Mən? Məndə pul haradandır?
    Polis. Pul? Pul? Ilk dəfədir ki, pul istəməyən, pul təklif edən jurnalist görürəm. Sənə bir söz deyim, doktor, vicdanım haqqı, həqiqi sözümdür, pul almayan polis tapa bilərsən, amma əlinə girvə düşəndə pul qoparmayan jurnalist... Çətin ki, tapıla.
    Həkim. Yox, bu cənab jurnalist mənə birbaşa pul təklif etmir, amma məntiqindən belə çıxır.
    Jurnalist. Nə məntiq? Nə pul? Nə təklif?
    Polis. Bizim qonşumuz da məntiq müəllimidir, amma heç vaxt puldan imtina etmir.
    Həkim. (Polisə) Heç dəxli var? Səninki də lap karın könlündəki oldu... Bu, öz arvadını öldürüb, gəlib mənim yanıma. Məqsəd aydındır: dəlilik diaqnozu ilə ittiham olunmaq istəyir.
    Polis. Qəribə adamdır, (Jurnalistə) həkim yanında nə işin var sənin?..
    Həkim. Mən də onu soruşuram...
    Polis. (Jurnalistə) Sən molla yanına getməlisən.
    Jurnalist. Nə molla?
    Həkim. (Polisə) Nə molla? Deyəsən, psixi xəstəxanada işlədin, sən də “psix” oldun?! Bu adam cinayət edib. Adam öldürən birinci haraya, hansı təşkilata müraciət etməlidir? Özün də hər gün zəhləmi tökürsən ki, məni polis məktəbinə düzəlt. (Polisin ağzını yamsılayır, onu təqlid edir). Haraya müraciət etməlidir bu adam?
    Polis. Əvvəlcə mürdəşirə.
    Jurnalist. Sən elə polisdən çox mürdəşirə oxşayırsan...
    Polis. Sonra qəbirqazan tapmalıdır, sonra molla..
    Həkim. (Polisə). Mən indi bildim ki, sənin müalicəyə daha çox ehtiyacın var. Səfeh, bu adam cinayət edibsə, ilk növbədə polisə müraciət etməlidir. Yoxsa, bu gün hamınız məni dolamaq istəyirsiniz? Səhv etmirəmsə, aprelin biri deyil bu gün... Nə olub sizə? Bəlkə mən özüm dəli olmaqdayam, xəbərim yoxdur...
    Polis. Bu adam polisə müraciət edə bilməz, doktor... Yaxşı bilir ki, polis onu tutub yenə bura gətirəcək...
    Həkim. O nə üçün elə olur?
    Polis. Ağıllı adam cinayət edəndən sonra polisə müraciət edərmi? Əksinə, qaçar, gizlənər, ən yaxşı halda adamdan-zaddan tapıb xilas olmağa çalışar.
    Həkim. (Polisə). Heç ağlın var sənin?..
    Polis. (Həkimə). Mənim? Əlbəttə, var. Amma bununku yoxur. Elə ona görə də dəlixanaya öz ayağı ilə gəlib.
    Jurnalist. (Qəzəblə). Dəli siz özünüzsünüz!.. Siz! Bildiniz!

    Həkim və Polis gülür. Həyəcanlı musiqi. Əli xərəkli, ağ xalatlı xəstəxana işçiləri otağa daxil olur. Jurnalist çaşıb qalır. Onun qollarını bağlayıb xərəyə uzadırlar. Jurnalist qışırıb bağırır. Ona heç kəs məhəl qoymur. Polis və xəstəxana əməkdaşları xərəyi götürüb otaqdan çıxırlar. Həkim stolun arxasına keçib telofonun dəstəyini götürür.

    Həkim. (Telefonla danışır). Alo-alo... Tez ol, məni polis idarəsi, ya da prokurorluqla cala. Kim olur olsun... Öz polisimiz? Yox, mənə polis idarəsi lazımdır. Tez ol! Sonra deyəcəklər ki, cinayətkarı gizlətmisiniz... Hə də, onlar da bir yandan bizə qəmiş qoyurlar. Hətta, əsil psixi xəstələr, dəlilər də onların gözündə sap-sağlam adamdır. Guya biz pul alıb hamını dəli çıxarırıq. Hə, tez ol, vaxtım azdır. Nazirliyə getməliyəm. Onlarsa o yandan sıxırlar məni. Niyə? Deyirlər ki, niyə dəlilərin sayı ildən-ilə azalır? Mən nə deyirəm? Deyirəm ki, indi dəlilərin sayı o qədər çoxdur ki, ağıllılar da onların fonunda dəli kimi görünür. Elə mən özüm sən deyən ağıl sahibi deyiləm. Bu yazıq polis işə təzə gələndə ağıllı-başlı adam idi, indi sərsəm-sərsəm danışır. Bədbəxt neyləsin, xəstələrlə oturub-duran xəstə olar də. Xəstə də var, xəstə də. Ağıldankəm adamdan ağıllı sözmü eşitmək olar? Nədir, heç biri cavab vermir? Yəqin nahara gediblər. Elə onlar da bizim potensial xəstələrimizdir...

    Səhnə dəyişir. Xəstəxananın həyəti. Qapı ağzında xəstə və ya gözətçi olduğu bilinməyən iki nəfər – Birinci Xəstə və İkinci Xəstə başına uzun günlüklü papaq qoymuş adam hərbi təzim vəziyyətində dayanıb. Onlar adamdan çox müqəvvaya bənzəyirlər. Xəstələr iki-bir, üç-bir gəzişirlər.

    Birinci Xəstə. Sənə soyuq deyil ki?
    İkinci Xəstə. Nə soyuq, oğlan? Bəyəm yayın bu cırhacırında soyuq ola bilər?
    Birinci Xəstə. Nə yay? Nə cırhacır? Qışın ortasıdır. Görmürsən ki, hər yeri qar örtüb?.. Soyuqdan donuram...
    Ikinci Xəstə. Nə qar? Nə soyuq? Nə şaxta? Alçalar çiçək açıb. Bəlkə alça çiçəkləri sənə qarı xatırladır, oğlan?..
    Birinci Xəstə. Nə “oğlan-oğlan” salmısan? Sən özün mənim oğlum yerindəsən... Ələ salırsan məni?
    İkinci Xəstə. Bilmirəm özün axmaqsan, yoxsa məni axmaq yerinə qoyursan? Dünənki uşaqsan, amma özünü ağsaqqallar kimi aparırsan!
    Birinci Xəstə. Axmaq özünsən! Axmaq sənin nəslindir! Axmaq səni buraya gətirəndir! Axmaq sənin rəisindir! Axmaq sənin həkimindir!
    İkinci Xəstə. Həkim niyə axmaq olur?
    Birinci Xəstə. Həkim? Onu həkimin özündən soruş...
    İkinci Xəstə. (Yavaş səslə). Heç olmazsa qışqırma. Eşidib hirslənər, qovar bizi buradan... Sənin nə vecinə? Mənim buradan bayıra atılmağım yüz faizli ölüm deməkdir.
    Birinci Xəstə. (Eyni ahənglə). Eşitsələr yaxşıdır. Qoy elə bilsinlər ki, həqiqətən dəliyəm. Mənə məlumat çatıb ki, burada “kəşfiyyatçılar”da var... Yuxarılardan deyiblər mənə...
    İkinci Xəstə. Nə kəşfiyyatçı? Bəyəm dəlixanada dövlət çevrilişi-zad hazırlanır?.. Sən “yuxarı” deyəndə kimi nəzərdə tutursan?
    Birinci Xəstə. (Əlini göyə uzadır). Yuxarı - yuxarıdır də. Yox, ey... Başa düşmək istəmirsən... (Xəstələrdən biri onlara yaxınlaşdığı üçün səsinin tonunu qaldırır). Cəhənnəmə ki?.. Sən niyə hesablaşmırsan mənim ağlımla? Bu dünya öküzün buynuzu üstə yox, mənim çiyimlərimdə dayanıb.
    İkinci Xəstə. (Eyni ahənglə). Qarpız-zaddır səninçün bu dünya? Sən çiyninin üstündə başını zorla saxlayırsan. O ki, ola bu boyda dünyanı.
    Birinci Xəstə. Bəli, qarpızdır bu dünya. Sizsə o qarpızın xırdaca tumları, hamınızı tum kimi çırtlayaram... Hamınızı...

    Üçüncü Xəstə onlara yaxınlaşır.

    Üçüncü Xəstə. Qardaş, iynənin vaxtına hələ çox qalır?
    İkinci Xəstə. Nə iynə? Sən özünü harda hiss edirsən?
    Üçüncü Xəstə. Mən?.. Mən?.. Xəstəxanada...
    İkinci Xəstə. Sən xəstəsən bəyəm? Bəyəm bura xəstəxanadır?
    Birinci Xəstə. Deyəsən, bunun başı xarab olub. Bura xəstəxanadır? (Gülür). Ha-ha-ha... Auditoriyadır bura. Sən neçənci kursdasan? Gicbəsər!
    Üçüncü Xəstə. Vəziyyət belə olsa, mənim başım həqiqətən xarab olacaq. Bəyəm biz xəstə deyilik?
    Birinci Xəstə. Biz - yəni kim?
    İkinci Xəstə. Biz - yəni siz?
    Üçüncü Xəstə. Biz - yəni mən, sən, o... hamımız. Amma sizdən xahiş edirəm, məni dəli adlandırmayın. Mən həqiqətən xəstəyəm, müalicəyə ehtiyacım var, amma dəli deyiləm... Mən iyrənirəm bu sözdən... Mən... mən... mən müəlliməm... Özü də çoxlarından ağıllıyam. Bəlkə də hamıdan...
    Birinci Xəstə. Bəs mən sənə demədim ki, auditoriyadır bura? Sözün doğrusunu demək həmişə belədir... Müəllim, növbəti dərsimiz üçün hansı tapşırıqları verirsən?
    Üçüncü Xəstə. Xahiş edirəm, mənə düzünü deyin, sizin sənətiniz nədir?
    Birinci Xəstə. Mən komissaram...
    İkinci Xəstə. Mən generalam...
    Üçüncü Xəstə. Paho... Güc nazirliyi buraya köçürülüb ki... Mən sizdən soruşmaq istəyirəm: əgər özümü öldürsəm tutmazlar ki, məni?.. Işimdə cinayət tərkibi tapmazlar ki?..
    İkinci Xəstə. Əgər özünü öldürsən?.. Əgər güllə ilə özünü vursan, on beş il iş verərlər...
    Birinci Xəstə. Əgər özünü kəndirlə assan, bu, ağır cinayət hesab olunur, güllələnmə kəsərlər sənə... Ən yaxşısı, özünü suya atmaqdır. Özünü bu yolla öldürsən, cinayət işi aça bilməzlər...
    Üçüncü Xəstə. Nə üçün? Bəyəm ölüm elə ölüm deyilmi? Kəndirlə güllənin və ya güllə ilə suyun fərqi var ki?
    Birinci Xəstə. Sən lap axmaqsan ki? Güllə metaldan hazırlanır. Içində də barıt, qurğuşun. Bu dövlət əmlakına qəsd hesab oluna bilər...
    İkinci Xəstə. Bəs kəndir? Yəqin ki, kəndiri yumşaltmaq üçün filan qədər sabun da işlənməlidir... Gör bir cəmiyyətə nə qədər maddi zərər vururlar? Üstəlik də, özün xalq müəllimi... Əxlaqsızlıqla məşğul olursan... Biabır edərlər səni...
    Üçüncü Xəstə. Əxlaqsızlıq? Mən təmiz, namuslu adamam. Özüm də həqiqət aşiqiyəm. Bu, olsa-olsa cinayətkarlıq hesab oluna bilər. Nə əxlaqsızlıq, balam?..
    Ikinci Xəstə. Hər bir cinayətdə əxlaqsızlıq elementi olur! Bildin, həqiqət aşiqi?.. Get, yaxşı-yaxşı fikirləş...

    Birinci və ikinci xəstə aralanır. Üçüncü xəstə onların arxasınca baxıb öz-özünə deyinir.

    Üçüncü xəstə. Deyəsən, bunlar həqiqətən xəstədir. Bəyəm bilmirlər ki, özünü öldürən adamı ittiham etmirlər? Amma o sabunla güllə məsələsində həqiqətə bənzər şeylər var. Bir də ki, adam özünü öldürdükdən sonra onu rahat qoyurlar bəyəm?.. Eh... Əşi, cəhənnəmə ki... Mənim ev məsələm düzəlsin...

    Səhnə dəyişir. Xəstəxana palatalarından biri. Jurnalist, Həkim, Müstəntiq.

    Müstəntiq. Mənzilin qapısı açıq idi. Amma heç bir qan izi-filan yoxdur...
    Jurnalist. (Əsəbi). Sizə kim dedi ki, otaqda qan izi var? Siz nə cür adamsınız?.. Özünüz də müstəntiqsiniz guya? Asılan adamın harasından qan axmalıdır ki?
    Həkim. Əsəbləşməyin... Bəlkə arvadınız intihar edib?.. Bəlkə fikrinizi toplayıb hadisəni olduğunu kimi xatırlayasınız?
    Müstəntiq. Nə intihar? Axı, mənzildə qadın-zad yox idi. Düzdür, sizin dediyiniz kimi,çilçıraq asılqanından kəndir asmaq olar. Amma təəssüf ki... səd heyf... Meyit-filan uydurmadır.
    Həkim. Neçə illik fəaliyyətim ərzimdə ilk dəfədir ki, bu cür qəribə hadisə ilə üzləşirəm...
    Müstəntiq. Mən qonşularla da söhbət etdim. Deyilənlərdən belə məlum olur ki, bu adam indiyəcən heç bir ailə də qurmayıb.
    Həkim. Paho!.. Bax, elə bu fakta görə cinayət işi açmaq olar. Indiyəcən niyə evlənməyib?
    Jurnalist. (Müstəntiqə). Sizin üçün kimin rəyi daha inandırıcıdır, mənim, yoxsa qonşuların? Sizin cinayətkarı müdafiə etməyiniz təəccüb doğurur. Siz böhtançısınız. Mən qorxuram ki, bu siçan-pişik oyununun arasında daha qorxunc məqsədlər gizlənə...
    Müstəntiq. (Həkimə). Mənə elə gəlir ki, bu adam sadəcə olaraq stress vəziyyətindədir. Qalan diaqnozları siz özünüz təyin edə bilərsiniz...
    Həkim. Mənə də elə gəlir... Şübhə etmirəm ki, bu cənabın, sadəcə olaraq, əsəbləri pozulub. Adi dillə ifadə eləsək, qarabasması var. Müalicəyə ehtiyac duyulur.
    Jurnalist. Mən xəstəxanaya öz istəyimlə gəlmişəm... Mən arvadımı öz əlimlə asıb öldürmüşəm. Mən çoxdan hazırlaşırdım buna...
    Müstəntiq. Nəyə?
    Jurnalist. (Sakit, təmkinlə). Arvadımı öldürməyə... Sadəcə olaraq, əlverişli moment gözləyirdim... Amma bu cinayətə nə üçün hazırlaşdığığımın səbəbini izah etmək özümçün də çətindir... Cinayət baş verib - bunu heç kəs ört-basdır edə bilməz. Bu, faktdır. Amma səbəbi... Bax, mənim özümçün də qaranlıq qalan məsələ budur. Düzünü deyim ki, hələ dörd-beş gün əvvəl həkimə müraciət etmək istəyirdim. Amma cəsarət etmirdim... Hadisə baş verəndən sonra daha dözə bilmədim. Öz ayağımla gəldim bura... Mən özümün psixi sarsıntıya məruz qaldığımı inkar edə bilmərəm. Amma bu faktdır ki, baş vermiş cinayət məhz mənim ağıldankəmliyimlə bağ¬lı¬dır...
    Müstəntiq. Qəribədir... Siz özünüzün həm ittiham, həm də müdafiəniz üçün əlverişli cinah axtarırsınız... (Həkimə). Bütün bunlar bayağı zarafatı xatırladır...
    Jurnalist. Nə zarafat?! (Qeyzlə). Psixiatriya şöbəsində nə zarafat? Siz mənim şərəf və ləyaqətimi, arvadımınsa ruhunu təhqir edirsiniz! Aydındır? Siz məni şərləyirsiniz, mənə böhtan atırsınız. Bunun üçün cavab verməli olacaqsınız...
    Həkim. Aydındır. Hər şey məlumdur... Indi dərman tapmağın özü də bir problemdir. Amma çalışarıq ki, müalicənizin səmərəli nəticəsi olsun...
    Müstəntiq. (Həkimə). Biz başqalarının boynuna cinayət etdiyini zorla qoyuruq, amma bunun özü boynunu bıçağa sürtür... Qəribədir ki, bu adam öz sözlərinə tamamilə ürəkdən inanır... Qonşuların hamısı onu sakit, tərbiyəli bir insan kimi qiymətləndirir. Mən onun iş yerində də oldum... Yenə eyni rəylər, eyni fikirlər... Həmkarlarının hamısı deyir ki, istedadlı, dərrakəli adamdır. Heç bir qadınla da əlaqəsi-filanı yoxdur...
    Həkim. Həqiqətən subaydır?..
    Müstəntiq. Həqiqətən. Pasportunu da əldə etdik. Evlənməyib...
    Jurnalist. Cəfəngiyat söyləyirsiniz? Qonşuların, həmkarların mənim ailə məsələmə nə dəxli? Mən kiminsə ailə işinə qarışıram? Yox! Mən... arvadımı öldürmüşəm. Bildiniz?! Mən sizi də öldürə bilərəm... Mən... (O, yumruğunu düyünləyib həkim və müstəntiqin üstünə hücum çəkir). Elə siz özünüz də cinayətkarsınız...
    Müstəntiq. Özünüzü ələ alın... Onsuz da biz təhqiqatımızı davam etdirəcəyik. Həqiqətən cinayət etmisinizsə, cəzasını çəkəcəksiniz. Buna tamamilə arxayın olun... Haray-həşir salmayın...
    Həkim. Indi sakitləşdirici bir iynə vurarıq - düzələr. Nə vaxtsa ağıllı adam olub, heyf... Gün-güzəran çoxlarını pis vəziyyətə salıb. Indi iynə-dərman da tapılmır, o ki ola... (əli ilə öz başını göstərir) filan-filan şeylər... (Müstəntiqə) Yəqin sizin idarədə də defisit olan şeylər çoxdur...
    Müstəntiq. Bizdə hər şey qaydasındadır. Təkcə türmələrdə yer qıtlığı var... Defisitdir...
    Jurnalist. Siz məni müayinə etmədən müalicə etmək istəyirsiniz... Bir vicdanınız olsun... Axı, mən... mən...
    Həkim. Polis!.. Polis!..

    Polis və xəstəxana işçiləri daxil olurlar. Jurnalisti aparırlar. Səhnə dəyişir. Jurnalistin mənzili. Hiss olunur ki, gecədir. Stolüstü lampa yanır. Qadın çay süzür. Jurnalist kresloda oturub, qaşqabaqlı halda qəzetləri nəzərdən keçirir.

    Qadın. Çayını soyutma... İç... Nə olub, sənə? Yenə qaş-qabağın yaman tutulub... Yoxsa qəzetdə səhv-zad gedib?.. Doğrudan, birtəhər dəyirsən gözümə...
    Jurnalist. Bəs sənə nə olub?.. Kefi kök görünürsən... Bəlkə roldasan?...
    Qadın. Mən gedə bilərəm... Üzr istəyirəm...
    Jurnalist. Öz işindir... Necə istəyirsən...
    Qadın. (Getməyə hazırlaşırmış kimi). Son vaxtlar sənə nəsə olub. Gizlədirsən məndən... Mən getdim...
    Jurnalist. Mən hər şeyi başa düşürəm...
    Qadın. Sən heç nəyi başa düşmürsən... Sən sadəcə olaraq xəstə adam təsiri bağışlayırsan... Bəlkə də elə xəstələnmisən...
    Jurnalist. Ola bilər...

    Qadın geri qayıdıb onunla üzbəüz kresloda əyləşir, kiçik jurnal mizinin üstündəki qəzetlərdən birini götürüb əsəbi halda vərəqləyir.

    Qadın. Doğrudan, başa sal məni görüm, nə olub sənə? Şübhələnməyə başlamışam səndən... Elə bil həmişəki adam deyilsən...
    Jurnalist. Ola bilər... Amma kənardan özünə baxa bilsəydin, aydınca görərdin ki, elə sən də tamamilə başqa adam olmusan.
    Qadın. Mənim dəyişməyimin səbəbkarı yalnız sən ola bilərsən... Axı, nə qədər eyni sözləri eşitmək, eyni suallara eyni cavablar vermək olar?
    Jurnalist. (Gülür). Ha-ha-ha... Mən yenə həmin suallarla yüklənmişəm...
    Qadın. Mənsə yenə eyni cavablarla hamiləyəm...
    Jurnalist. Mən bu gün səndən qəti cavab - “hə”, yaxud “yox” cavabı almaq istəyirəm. Sən isə sözün başına ip salıb o tərəf - bu tərəfə hərləyirsən...
    Qadın. Deyəsən, mən həqiqətən düz tapmışam... Sənə nəsə olub... Sən məni başa düşmək istəmirsən... Elə bil ki, sən ağlı kəsməyən yeniyetmə, mənsə ilk eşqin sevdası başına vuran bakirə qızam... Bir ağlın olsun. Axı, biz uşaq deyilik.
    Jurnalist. Bax, elə orası pisdir. Biz cocuq deyilik. Qəti qərara gəlməliyik.
    Qadın. Mən subay deyiləm... Bir mənim vəziyyətimi başa düş. Ağlını başına yığ.
    Jurnalist. Mən subayam...
    Qadın. Mən öz taleyimi, öz gələcəyimi sənə, sənin istəyinə görə qura bilərəm. Mənim ərim, övladım...
    Jurnalist. Ərim... Övladım... (Onu yamsılayır). Övladın birinci ərdəndir.
    Qadın. Nə olsun ki?..
    Jurnalist. O olsun ki, indiki ərinlə səni heçnə bağlamır! O olsun ki, o əbləh ər yox, səninçün göndərilmiş ölüm kabusudur...
    Qadın. Göndərilibsə, deməli, qismətim belədir, alın yazısından qaçmaq olmaz... Mən neçə illərdir onunla yaşayıram...
    Jurnalist. Mənimlə də neçə illərdir yaşayırsan...
    Qadın. (Gülür). Sən ayrı, o ayrı... Onun arvadıyam, səninsə dostun...
    Jurnalist. Zarafata keçmə... Sən elə mənim də arvadımsan. Birdəfəlik köçüb gəlməlisən mənim yanıma. Bildin! Axı, səni ona bağlayan nədir? O ki, iyrəncin biridir...
    Qadın. Qismətimdir məni ona bağlayan. O, mənim ərimdir.. Yaxşı-pis... Bəyəm sənə pisdir belə? Imkan düşəndə görüşürük...
    Jurnalist. Mən səni onunla bir otaqda, bir yataqda təsəvvür edəndə başımdan tüstü çıxır! Bildin?! O, zəliyə oxşayır, mənə elə gəlir ki, sorur sənin qanını, səni zəhərləyir... Bildin?! Ondan ər olar sənə? Iyrəncin biridir. Gündə bir qadının qucağındadır. Manyakdır!
    Qadın. Bəs mən? Bəs sən?.. Bəyəm biz özümüz böyük ideallarla yaşayırıq? Böyük əxlaq sahibiyik?.. Bəsdir, sən Allah... Bəsdir!..
    Jurnalist. Bəyəm nə olub bizə? Mənim görüşdüyüm yeganə qadın sənsən... Sənsə indi yəqin ki, məndən başqa... Nə bilim? Hər şey ola bilər... Mən istəmirəm ki, sən mənim mənzilimə gecələr, şər qarışanda hamıdan gizlənə-gizlənə gələsən... Axı, bizim nə qəbahətimiz var? Mən subay adamam. Gec-tez kiminləsə ailə qurmalıyam, ya yox? Yoxsa Allah mənə qarğayıb? Bəlkə mənə evlənmək günahdır?.. Bəlkə ondan - əbləhdən pisəm?..
    Qadın. Başa düş... O, hər kim olursa-olsun, hər halda mənim ərimdir. Mən papaq-zad deyiləm ki, gündə bir başa qonam. Bax indi bir aydır ki, hansı cəhənnəməsə rədd olub gedib. Deyəsən, xaricdədir... Biz sərbəst görüşürük. Uşağı anamın yanında qoyub gəlmişəm. Demişəm ki, rəfiqəmgildəyəm... Səhərəcən bir yerdəyik. Bizə daha nə lazımdır? Qəribə adamsan... Bizim teatrın çərənçi bir rejissoru var - eyni sözü min dəfə təkrar edir, sən lap vurub keçmisən onu... Elə bil monoloq söyləyirsən... Mən sənə yenə deyirəm, eşit birdəfəlik, mən öz ailəmi dağıda bilmərəm. Biz səninlə dostuq. Lap elə təsəvvür et ki, ər-arvadıq. Sonra? Sən özün yaxşı bilirsən ki, mənimlə onu bağlayan nədir?..
    Jurnalist. Nədir?..
    Qadın. Nədir, nədir? (Yamsılayır). Adi həyat tərzi... Özün görürsən ki, mən sərbəst adamam. Teatrda bir-iki tamaşada epizodik rolum var. Ilin çoxunu qastrollardayam... Qalanını da səninlə... O, elə sən deyən pis adam da deyil. Sadəcə olaraq, ailə adamı deyil. Yeyib-içməyi, kef-damağı, gəzib-dolaşmağı xoşlayır. Bəlkə də bəzi kişilər kimi həddən çox qısqanc olsaydı, biz heç görüşə də bilməzdik...
    Jurnalist. O zəlidir, əbləhdir!.. Neçə dəfə səni ölümcül hala salıb, əzib şit-küt edib. Hələ bir tərifləyirsən də...
    Qadın. Yox, kobudluğuna sözüm yoxdur... Tərbiyəsiz adamdır... Bu öz yerində. Amma mənim sərbəstliyimə heç bir maneçiliyi yoxdur... Bir də ki, o, əvvəllər çox kür idi, incidirdi məni. Indi yumşalıb... Br aydan çoxdur evdən çıxıb gedib. Allah bilir nə vaxt qayıdıb gələcək?.. Vallah, sən öz mənasız suallarınla məni təngə gətirirsən. Belə getsə, bundan sonra bizim görüşməyimiz çətin baş tutar... Çox çətin...
    Jurnalist. Necə yəni?
    Qadın. Sadəcə... Mən səninlə qanımı qaraltmaq üçün görüşmürəm ki?.. Bizi, səninlə məni bağlayan maddi şeylər də deyil. Özün bilirsən ki, mən səndən heç nə ummuram... Ürəyimdir məni gətirən bura... Imkan olanda qonşuların belə gözündən oğurlanıb xəlvətcə baş çəkirəm sənə... Allaha şükür, özün ürək adamısan, ağıl adamısan, gərək hər şeyi dərk edəsən. Mən sənin rəftarını, mədəniyyətini yüksək qiymətləndirirəm. Amma... ta belə olmaz, axı... Sən son vaxtlar çox qəribə aparırsan özünü... Lap ərköyün uşaq kimi... (Onu yamsılayır). “Zaqs”a gedək, nə bilim, kəbin kəsdirək... Səni qısqanıram... Səni ərindən boşaltmalıyam... Sən mənim olmalısan... Biz ailə qurmalıyıq... Paho!.. Dəhşətdir! Hərdən mənə elə gəlir ki, dolayırsan məni. Sonra ciddi görkəminə baxıb şübhəyə düşürəm. Axı çox gülünc iddialar irəli sürürsən, ağılsız fikirlər söyləyirsən... Hələ son günlər hədə-qorxuya da keçmisən. Bərəkallah... Belə getsə...
    Jurnalist. Belə getsə, nə olacaq bəyəm?
    Qadın. Biz vidalaşmalı olacağıq...
    Jurnalist. (Qeyzlə). Öldürərəm səni... Asaram... Boğaram...
    Qadın. (Gülür). Sən? Ha-ha-ha...
    Jurnalist. İnanmırsan? (Ciddi) İnanmırsan mənə?
    Qadın. Niyə ki... inanıram. Asarsan... Işini asanlaşdırmaq üçün özümlə kəndir də gətirmişəm. Özü də sabunlu. Buyur, as... Niyə qorxursan? Hə?... (Çantasından kəndiri çıxarıb ona göstərir).
    Jurnalist. (heyrətlə). Qəribədir...
    Qadın. Nə?..
    Jurnalist. Heç... Mən ötən gecə qəribə bir yuxu görmüşdüm. Dar ağacı, kəndir... Bax, elə bu kəndirə oxşayırdı. (Əli ilə kəndirə toxunur). Sabunlu, yumşaq, ilan kimi sürüşkən, soyuq...
    Qadın. Sən ayıqlıqda da yuxulu adamlar kimi sayıqlayırsan. Mən sənə öz son rolum haqqında danışmaq istəyirdim. Istəyirdim səni premyeraya dəvət edim. Sənsə... Qanımı elə qaraltdın ki... Gərək heç gəlməyəydim...
    Jurnalist. Sən gəlməliydin... Gəldin... Necə deyərlər, gəldin, qaldın, öldün...

    Qadın təəccüblə onun üzünə baxır. Uzaqdan həzin, ağrılı musiqi səsi eşidilir. Stolüstü lampanın işığı tədricən öləziyir... Tül pərdənin arxasındakı çarpayıda jurnalist uzanıb. O üz - bu üzə çevrilməyindən hiss olunur ki, narahat yatır. Onunla yanaşı uzanmış qadın (ağ xalatda) ayağa durub tavandan - boş çilçıraq yerindəki qarmaqdan asılmış kəndirə yaxınlaşır... və özünü kəndirdən asır. Həyəcanlı, qorxunc musiqi sədası... Jurnalist tədricən yataqdan qalxıb ətrafa boylanır. Başını qaldırıb tavana baxır. Gözlərini bərk-bərk açıb yumur. Başını təzədən yorğanın altında gizlədir. Və yorğanı kənara atıb alt paltarında ayağa durur. Diqqətlə, altdan yuxarı, asılmış qadına baxır. Zərif işıq zolağı altında sanki qadının nəşi yellənir. Jurnalist həyəcanla onu süzür. Elə bil yuxu görür, qışqırmaq istəyir - səsi çıxmır, qaçmaq istəyir - ayaqları yerə pərçimlənib. O, tədricən irəli gedib əlini qadının ayaqlarında, qollarında gəzdirir... Şalvarını geyib xeyli duruxur. Pencəyini çiyninə atıb qapıya yaxınlaşır... Musiqi haray çəkir, bu, musiqidən çox əzab çəkən adamın hıçqırıqlarına bənzəyir. Jurnalist mənzili tərk edir. Işıq çoxalır. Çilçıraq yerindəki qarmağa bənd edilmiş kəndirdən asılmış qadının cəsədi gur işıq seli altında daha aydın görünür.

    PƏRDƏ
    SON
  • sentyabr 2018, Firuz M.

  • 106
Vətən.

Hüseynova Şümşəd

Bəli, biz bir gün vətənpərvər oluruq. Sadəcə bir gün faciələri xatırlayır və onu belə layiqincə yerinə yetirmirik. Bu sözlər, təbii ki, hər kəsə aid deyil.......

Nağıl № 136

Cəmilə Allahverdiyeva

Mart! Xoş gəldin!.. Heyf, qüssəli idim, Pişvazına çıxa, Gəlişinə Sevinə bilmədim. Yox, yox, Sən vaxtında gəlmisən... Məni soruşsan, Mən,- Mən insanlığa dair Nisgillərimi, Umu-küsülərimi, Arzumun......

Qarışqa Tələsi

Firuz Mustafa

Qarışqa Tələsi (İki hissəli dramatik komediya) Iştirakçılar: Xanış Amirə Boran Delfinə Birinci hissə Təbiətin mənzərəli guşəsi. Öndə rəqs meydançası. Arxada sanatoriya evciyi (kottec).......

Unudulmayacaq sənətkar xatirələri

Anar Ərtoğrul Burcəliyev

Xalq artisti Məhəmməd Burcəliyevin əziz xatirəsinə Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir.......

Mədəniyyətimin beşiyi Gəncə

Anar Ərtoğrul Burcəliyev

Hələ Xıx əsrin sonlarında Gəncədə həvəskarlardan ibarət teatr truppası fəaliyyət göstərirdi. 1895-ci ildə yerli həvəskarlar Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini tamaşaya qoymağa müvəffəq oldular.......

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü

Firuz Mustafa

Maarifçilər də qiyamçıdır, amma... Ad günü də deyən var, doğum günü də... ... Bəli, mən fevral ayının 18-də doğulmuşam.......

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahıs...

Firuz Mustafa

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərin natamam siyahısı (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Həyatı......

Necə sevməyim səni?

Hüseynova Şümşəd

Sən Tanrının qulusan Canımdan bir parcasan Sevgi yalan bir oyun Düşünərdim bir zaman Sevgini sən öyrətdin ......

Qum Saatı

Firuz Mustafa

Detektiv “Teatr Bakı-2020 “Teatr Meydanı” Redaktor: H.Hüseynova Bədii tərtibatçı: A. Mustafayev Kitaba yazıçı nın detektiv......

“O dağlar bizi bağışlamayacaq. Əgər...”

Firuz Mustafa

Cavanşir Cahangirov haqq dünyasına qovuşdu 37 rəqəmi məni həmişə diksindirir... İndi Cavanşir Cahangirovun vəfatı xəbərini eşidib çox mütəəssir oldum və......