Mükafat Yaqub
54 yaşın balladası
Uzaq yolun yol yorğunu,
Əlli dördə çatdı yaşın.
Daha vaxtdı, sor sorğunu,
Qışdı, yazdı mənzil başın?..
Gecə gündüzə qarışdı,
Əyri bir düzə alışdı.
Ömür də güzəm balışdı,
Dəyişər, hey fəsil başı…
Bir də gördün çulğalandı,
Dərya kimi dalğalandı.
Lapdan enib sığallandı,
Lövbər başı, sahil başı…
Yolçu, yolun açıq olsun,
Asta olsun, qıvraq olsun.
Yarandığın palçıq olsun,
Başlandığın əhlət daşı…
Ömür olsa üç qərinə,
Bel bağlama, heç zərinə.
Şükür, Allah kərəminə,
Yetər əməlin, baş daşın…
Əlli dördə çatdı yaşın,
Hələ çoxdu yol-yoldaşın.
Aparacağın beş arşın,
Saxlancını düşün-daşın…
Mükafat Yaqubov.
Lerik