A TEŞTİ, TEŞTİ , TEŞTİ... Hekayə
Müəllif: Əzizağa Elsevər


03.08.2019


Hekayə.
Ərinin dəmir darvazanın kiçik qapısını açıb həyətə girdiyini görən Güləsər onun qabağına yeriyib, ilıq bir təbəssümlə:
-Kişi ... elə indicə sənə zəng eləmişdilər.-dedi.
- Bilmədin kim idi zəng edən? – Nadir müəllim Güləsərdən soruşdu.
-Yoox, adını demədi. Soruşdum, gələndə zəng edən kim idi soruşsa, onda nə deyim?-dedim.
- Deyərsiniz, hinduşka... daha heç nə, özü bilir. Narahat olmayın gələndə zəng edib özüynən danışaram.
-Həə, indi bildim, bildim arvad. Şəhərdəndir zəng edən. O, şeirlərimi çap edən var haa... bax, odur. Neçə kərə mer-meyvə, hinduşka apardığım... evinə getdiyim qəzetin böyüyüdür. Ədəbi qəzet var ey, onun böyüyü...Qürbət Dağlıdır!..
Nadir müəllim arvadını daha sorğu-suala çəkmədi. Nə dedi, niyə dedi soruşmadı. Paltarını dəyişib, bir stəkan mürəbbəli çay içə-içə şəhər nömrəsini yığdı. Heç çox çağırmadı, elə bil telefonun o başında oturub zəngi gözləyirmişlər kimi o dəqiqə cavab verdi.
- Salam, ay şair, ay Nadir Xəyal! Həqiqətən şeirimizin uca qartalı, böyük, nadir şairi... Nə var, istəyirsən yenəmi deyim?! Vallah, belə olmaz, biz axtarmasaq, heç yadına da düşmürük!..
- Elə deməyin, siz allah. Nə danışırsınız, ay Qürbət müəllim! Siz bizim evimizin işığı, bəzəyisiniz. İnanın, elə bir günümüz yoxdur ki, evdə adınızı çəkməyək, şəninə -şərəfinə xoş söz deməyək. Elə məktəbimizdə də adınız hamının dilinin əzbəridir. O qədər tərifləmişəm ki, az qalırlar başınıza da and içələr...
- Bax, şair, adam dost olanda da belə dost olar eyy!.. Öpürəm səni, qardaşım! Şeirlərini də haçan istəsən göndərə bilərsən. Şeirlərin də elə özün kimi nadirdir...
- Qürbət müəllim, evimizdə hamının Sizə böyük salamı var. Nə qulluq göstərək Sizə... bacımız, həyat yoldaşınız Narıngül xanıma?!.
- Nadir, qadan alım, qulluq deyəndə... utanıram ey vallah, necə deyim?!
- Ay maşallah, Qürbət müəllim, ayıb deyil?! Sözünüzü deyin. Canımız da qurbandır Sizə, utanmayın sözünüzü deyin.
- Deyim də, ay Nadir. Bizim arvadağanın ürəyindən hinduşka kababı keçir... rəfiqələri də gələcək, gözünə dönüm, bir gör neynirsən də... Mer- meyvəsini də unutma, sən canın. Vallah, ölmürəm bəə meyvələrinizdən, tut, zoğal arağınızdan ötrü... İçki nədir, içki deyil eyy, lap can dərmanıdır!.. Ölü içsə haa, elə ölü də dirilər...
- Qürbət müəllim, oldu, narahat olmayın!- deyib telefonun dəstəyini suç üstə yaxalanmış adamlar kimi yerə qoydu. Arvadının üzünə baxmağa utandı, əlləriylə üzünü tutub: “ Bu, neçənci kərədir, arvad, gərək ki, beşinci dəfədir! Hər dəfə də filan qədər. O şeir yazdığım günə daş düşəydi gərək, o redaksiyaya ayaq basdığım yerdə qıçlarım qırılaydı kaş... Belə tanışlıqmı, belə dostluqmu olar?! Bu nə işdir, ay arvad, yazıq uşaqlar hinduşka ətinin dadını da itiriblər, necə olduğunu da bilmirlər. Buna deyirlər ey, bəslə, bəslə axırda da kor Fatının qazancı olsun. Neyləyim, üz olub ətdən, utanmayım, bəs neyləyim?!.
- Niyə utanırsan, kişi. Burda utanmalı nə var ki?! Elə bilirsən hər adamın yazısını orda verirlər? Vermirlər. Çap olunmaq üçün gərək malından, pulundan da keçəsən. Heç olmasa, sənə görə mənə də şair arvadı deyirlər.
Güləsər mətbəxə keçib bir stəkan da ərinə çay gətirdi. Özü də stolunu çəkib onunla üz-üzə oturdu. Əlini Nadirin əlinin üstünə qoyub gülümsünə-gülümsünə: “ Yüz o hinduşka sənə qurban, ay kişi.-dedi. Bir anlığa susub, sonra yenə:- Ondan ötrü özünü sıxıb, fikir də eləmə. Sənin kənd dolusu adın-sanın elə bizə bəsdir...”-deyib ümid, təsəlli verdi.- Dostu olmaq yaxşı şeydir. Necə olsa, kara gəlir. Deyirəm, ay kişi, bəlkə məni də şair eləyə. Mən də şeirdən- zaddan yazıram axı. Rəhmətlik nənəm uzun qış gecələrində cəhrəsiylə ip əyirə-əyirə o qədər nağıl danışardı ki, axşam yuxularımda da o nağıl şirinliyi ilə səhərimi açardım. Uşaq sadəlövhlüyü ilə: “ Nənə, bəs o üç almaları kim yedi?..” soruşardım. O da yüngülcə burnumu sıxıb, “ Ay şeytan quzum!- deyib, təəccüblənə-təəccüblənə:- Bəs sən yemədin?!” sualıma sualla cavab verərdi. Daha danışa bilməzdim, axı nənəm də hazırcavab idi. Çox zaman içimdən keçəni gözlərimdən oxuyur, eyni təbəssümlə mənə qaytarırdı.
Güləsər kövrəldi, ötənlərin xatirə işığında yüngülcə bir ah çəkib susdu. Bu ovqat Nadir müəllimə də sirayət etdi. Yenə Güləsər sükutu pozdu:- Saxlayan, əziyyətin çəkən mən deyiləm?!- dedi.- Madam şeir hinduşkalığdırsa, nə olar onda birini də artıq ver! Qoy yesinlər, halal xoşları olsun, məni də çap eləsinlər...
- Deyəsən, ağın çıxartdın aa-a, Güləsər. Yazarların o boyda qəzetidir, ona da o biri qəzetlər kimi baxırsan?
- Yo-oxx, olanı deyirəm... istəyirsən oxuyum bir dinlə də...
Güləsər hisslərini, həyəcanını da qatıb “ can dəftəri” dediyi dəftərdən şeirlərini oxudu. Nadir iki dəfə dinlədi, ürəyinə yatan misraları Güləsərə qoşulub özü də təkrarladı. Zəif misralardan qımışıb gülmək də istədi. Ancaq gülmədi, yadına təzə yazdıqları vaxtlar düşdü. Bir zamanlar ona da çox gülmüş, çox da burnunun üstündən vurub dala qaytarmışdılar. Həmin günlərdə o qədər sarsıntı keçirmişdi ki, hər dəfə də bir daha yazmayacağına özünü inandırmışdı. Ancaq özüylə bacarmamış, hər dəfə də içini cırmaqlayan, özünə də bəlli olmayan hissin əsiri olmuşdu. İndi də Güləsəri qırmamaq üçün: “ Yaxşı apararam!..”- dedi. Düşündü ki, zəif olar verməzlər, bu da məndən heç inciməz də. İnanar, bilər ki, qələmnən danışmaq, ona ürəyini açmaq nə deməkdir.
Razılaşdılar. Səhər Güləsərin qardaşı oğlunun maşınıyla şəhərə çıxacaqdılar. Şəhəri o, yaxşı tanıyırdı., bir də ağzı yırtıq deyildi. Niyə getdiklərini, hara getdiklərini özündən başqa bir kimsə bilməzdi.
Uşaqların üst-başını təzələmək üçün aylarla qənaət edib kənara qoyduqları pulla yaxşı bazarlıq etdilər. “ Bizim uşaqlar ağıllıdır, dözərlər!...”- deyib özlərinə toxdaqlıq, təsəlli verdilər. Üç hinduşkanın ayaqlarını bağlayıb maşına qoydular. Zoğal, tut arağı, qoyun pendiri, mer-meyvə, təzə göy-göyərtiyə qədər heç biri yaddan çıxmadı. Həmin gün Qürbət Dağlının süfrəsində “ kasıbın olanından” deyib adama bir stəkan çay içib, bir qab da düyü supu yeməklə, həyətə düşdülər. İnsafən, arvadı çox dil-ağız elədi. Hələ evin xanımına- Güləsər xanıma salam da göndərdi. Qapıdan çıxaçıxda: “ Sağlıq olsun, Allah fürsət versə, bir gün də görüşərik!..”-dedi.
Həmin gündən düz iki ay keçdi. Bu günlər necə keçdi, Allah bilir. Nadir qəzet işçilərinin vədlərinə bələd olduğu üçün bir qədər soyuqqanlı və hardasa bir qədər də laqeyd idi. Birinci dəfə deyildi axı çap olunurdu, bəlkə yanılırdı, ona belə gəlirdi. Ancaq qəzetin hər nömrəsi çıxan günü uduş lotereyalarını yoxlayanlar kimi, qəzetin hər səhifəsini, hətta hər yazısını Güləsər diqqətlə yoxlayıb, gözlədiyini tapmayanda əlləri ilə üzünü tutub qəribə bir tərzdə ərinə baxardı. Düzü, o baxışlar Nadiri üşüdür, narahat edirdi. Nə cavab verəcəyini bilmədiyindən baxışlarını yayındırır, ürəyində hardasa redaksiya işçilərinə haqq qazandırırdı.
Üçüncü ayın ilk həftəsinin son iş günü evə təzəcə gəlmişdi Nadir. Elə bil ki, kəndin poçtalyonu Qüdrət kişi də ona bəndmiş kimi darvazanı açıb içəri girdi. Əlindəki qəzet bükülüsünü aynəbəndin açıq pəncərəsindən ona uzatdı. Ərinin qəzetlərə baxmağına heç imkan verməmiş onları əlindən qapdı Güləsər. “ Sən get çayını iç, mən sənin əvəzindən baxıb sənə də deyərəm.”-dedi. Həmin çoxsəhifəli ədəbi qəzeti qəzet bükülüsünün arasından çıxarıb həyəcanla, acgözlüklə vərəqlədi. Birdən cərəyan vurmuş adam kimi yerindən dik atıldı. “ Nadirr!.. Nad-ddir!..”-deyib ərinin boynunu qucaqladı. Daha danışa bilmədi. Nadir onun əlindəki qəzeti alıb baxdı. Beşinci səhifədə Güləsərin şəkli ilə bərabər baş redaktora verdiyi altı şeirindən üçü çap olunmuşdu. Hələ üstəlik tanınmış tənqidçi Canpolad Xrustalov “ Ədəbiyyata yeni nəfəs gəlir” adlı təqdimat yazısı da yazmışdı. Burda hansı yeni səsdən, yeni nəfəsdən söhbət gedirdi görəsən. Bu qədər də ağçılıqmı olardı. Burda yeni səs, təzə nəfəs var idisə, o da təkcə bu ailənin bildiyi hinduşka səsi, hinduşka nəfəsi idi. Ancaq Nadir üçün təəccüblüsü o idi ki, sən demə, insan vicdanın itirəndə hər cür şərəfsizliyə, rəzilliyə də gedərmiş. Şeirləri də, təqdimatı da iki dəfə oxudu Nadir. Gözlərinə inanmadı, təkrar-təkrar ovuşdurub bir də baxdı. Yox, yuxu görmürdü, yanılmamışdı, bu bir həqiqət idi. Xüsusən, dörd misralıq “ A teşti, teşti, teşti...” şeirini tənqidçi o qədər tərifləyirdi ki, adamın az qala paxıllığı tutur, içində qısqanclıq yaradırdı. Şeirdə cəmi iki sözü dəyişmişdilər:
A teşti, teşti, teşti,
Vurdum Gilanı keçdi.
Hinduşkalar vuruşdu,
Biri ziyana düşdü.
“Vuruşdu”nu “döyüşdü”, “ziyana”nı “tiyana” eləmişdilər. Daha heç bir sözü qalmamışdı. Arvadını yaxına çağırıb boynunu qucaqladı Nadir. Gözlərinin içinə baxa-baxa : “ Təbrik edirəm, əzizim, ay mənim uşaqlarımın anası, Sən də şair olub getdin!”-dedi.
Qəzeti aldığı günün səhərisi, Güləsər iki ayağını bir başmağa dirədi ki, heç olmasa ondan mənə yüzünü tapmalısan. Dedim, ay zalımın qızı, o qəzetdən bizim rayona heç o qədər gəlmir axı. Dedi, yox ey, yüzdür ki, yüz, olmasa, məndən əlini üz. Daha qafiyəynən də danışır. Evdə söz-söhbət olmasın deyə şəhərdən keçmiş tələbə yoldaşlarımdan birinin köməyi ilə əllisini güclə tapıb gətizdirdim. Paylamadığı adam qalmadı. Hətta bazarda göy satan Xanım arvada, dəyirmançı qohumu Dadaşa, qəssab Xanışa da verdi ki, oxusunlar. Min kərə yazıqlar olsun ki, heç onların yadına qəzet düşürdümü?! Ancaq neyləsin, sevincini bölüşməyin bu da bir yolu idi.
- A kişilər,..- Nadir müəllim öz-özünə gileyləndi. -vallah-billah, bilmirəm bu hinduşka ətində nə hikmət, nə kəramət varsa, arvadım da əməlli-başlı şairlik eşqinə düşüb. İki cüt bir tək şeiri çap olunduqdan sonra daha evdə də tapılmır. Bu dərnək mənim, o dərnək sənin, kitab təqdimatları, nə bilim nə gəldi gedir. Yemək bişirmək, evi yır-yığış etmək, həyət- bacaya, mal- qaraya, toyuq-cücəyə baxmaq da yadından çıxıb. Bunları deyəndə o dəqiqə də ağzımdan vurur, o dəqiqə hələ məni də günahkar çıxarıb: “ Mən istedadam, sən məni kor elədin, qabağa çıxmağa da qoymadın! “- deyir. Evdə kitabları, illərlə qatı açılmayan, toz basmış kitabları qabağına töküb o tərəfinə- bu tərəfinə baxır, vərəqləyib bir-iki səhifəsini oxuyur, sonra da qalınlığına baxıb oxumadan kənara tullayır. “ Yox, belə yazmaq olmaz, bu nə yazıdır yazıblar! “-söyləyir. Yazanlardan heç kəsi də bəyənmir. “ Qoy zəhmət çəkib yazmağı da gəlib məndən öyrənsinlər!..”-deyir. Sonra irişə-irişə elə şaqqanaq çəkib gülür ki, hətta qonşulardan da ayıb olacağını düşünmür. Vallah, elə görünməyən qatları açılır ki, indiyə kimi onu yaxşı tanımadığıma da təəssüflənirəm. Şairlik budursa, qardaş, belə şairlik olmaz. Şairlik insanları duymaq, əslinə baxanda, elə insan olmaq demək deyilmi?!..
Bir gün evdə oturub şirin söhbət etdikləri yerdə Güləsər dedi:
- Kişi, o “ ceyran südü” var eyy... Deyirlər, ondan dadmayan yaxşı şeir yaza bilməz. Guya can dərmanıdır. Daddın ki, daha sözü axtarmaq lazım deyil, o söz elə özü gəlib səni tapacaq.
- Nə dedin?! Qulağım yaxşı eşitmədi. Bir də təkrar etsənə... –Nadir müəllimin əlləri əsdi. Səsinin tonu dəyişdi. Arvadının dediklərinə inana bilmədi.
- “Ceyran südü” dedim... Burda nə var ki?!..
Güləsərin son sözləri Nadiri lap özündən çıxartdı. Təbiətən sakit , mülayim olan Nadir özünü ələ ala bilmədi.
- Köpəyin qızı, birdən ikiyə indiyə kimi içdiyimi görübsənmi?! Hələ sən... sən də içmək istəyirsən?..-deyə Nadir müəllim necə hirsləndisə, yerindən dik atılıb qəzəbli-qəzəbli Güləsərin üstünə yeridi. Qulağının dibində şillələr şappıldadı, gözünün altına necə yumruğu ilişdirdisə, Güləsər : “ Vay dədə!.. Vay gözüm... vay gözüm çıxdı!..”-deyə qışqıra-qışqıra həyətə qaçdı. Nadir onun ardıyca həyətə düşmədi, nə etdiyini, deyəsən, indi anladı. Axı bu günə qədər, Güləsər bu evə gəlin köçənə qədər ona əl qaldırdığı heç olmamışdı. Ancaq indi...lənət şeytana, o da oldu.
Evdə hələ əsəbi ovqat çəkilməmişdi. Axşam səkkizə doğru gedirdi. Bir azdan “Xəbərlər” proqramı başlayacaqdı. Bu gün kənd nobatı ( kənddə naxırçı olmadığından hər ailə növbə ilə naxıra gedirdi, buna da öz aralarında nobat deyirdilər) Nadir müəllimgilə düşdüyündən, uşaqları- Yusiflə Yasif sağ olsunlar, heç atalarına əziyyət də vermədən növbəni rahatlıqla ötürüb naxırı kəndə gətirmişdilər. Bacıları Qərənfil də səhər növbəsinin dərsindən sonra onlara çay-çörək apardığından, o da onlarla gəlmişdi. Gözünün altı qaralan Güləsər utandığından mətbəxdən çıxmır, telini gözünün üstünə töküb bacardıqca uşaqların gözündən yayınmağa çalışırdı.
Yenə zəng çaldı. Şəhərdən idi. Düzü, Nadir müəllim dəstəyi heç qaldırmaq istəmirdi. Bilirdi, yenə həmin “nağıllar” başlayacaq, təriflər şərbət kimi süzüləcək, vədlər veriləcək və axırda da zəngin əmması açılacaqdı.
Telefon özünü yeyib, dağıdırdı. Səsə gələn Yasif dəstəyi götürüb atasını çağırdı. “ Səni istəyirlər, ata!”-dedi. Nadir telefona gəldi. Dişini dişinə sıxıb güclə dinlədi.
- Salam, ay şair, darıxdım, dedim, bir səsini eşidim. Gör bir nə vaxtdı üzünüzü görüb, səsinizi eşitmirik. “ Aldanma ki, şair sözü əlbəttə yalandır.” –söyləyənə min rəhmət ki, heç olmasa, ömründə bir kərə doğru deyən tapılıb. Şairə demir haa, sən yalançısan, şair bilir ki, ilhama gələndə ilham köhlənini cilovlaya bilmədiyindən çılğınlığın əsiri olur. Adi vaxtında, çox zaman təəccüblənib, “ Bunu mən demişəm?!..”-deyə öz-özündən soruşur. Təki, həyatda şairlərin belə yalanları çox olsun! Ədəbiyyatımızın gözəlliyi də, qazancı da, bax, bu yalanlardadır. Şair, gecə gözü başınızı da çox ağrıtmayım, vaxtınızı da almayım. Təzə bağ evi almışıq. Təbrik edə bilərsən bizi. Yəqin Güləsər bacımız da buna çox sevinəcək. İstəyirik yaxşı bir süfrə açaq, qohum-əqrəbanı, dostu-tanışı da başımıza yığıb şənlənək, üzümüz gülsün. Onsuz da, biz çağırmasaq da qulağımızı hər gün dəng edib, “Bəs bunu nə vaxt gəlib yuyaq?”- soruşurlar. Yaxşı ki, sənin kimi əliaçıq, ürəyi təmiz dostum var. Qoy başım açılsın Sizi lap böyük təqaüdə də təqdim edəcəm...
Nadir müəllimin daha onu axıra qədər dinləməyə dözümü, səbri çatmadı. Söhbəti yarımçıq kəsib, səsinin tonunu qaldıra-qaldıra:- Bizə elə şairlik lazım deyil, qardaşım! Daha evimizin hüzuru, sakitliyi də pozulub. Xeyir-bərəkəti də qaçıb. Torpaqdan da əlimiz soyuyub. A teşti, bu teşti şeirləriniz də başınıza dəysin!...- deyib dəstəyi hirslə yerinə qoydu. Həyətə düşüb çoxdan unutduğu bağa girdi. Gümüşü ay işığında yuyunub cilvələnən bağa. Nə yaxşı ki, o bağ var idi, nə yaxşı ki, torpağın dərin qatlarına kök atan o ağaclar ondan hələ küsüb inciməmişdi.
Bakı şəhəri, 2019, 25-30 iyul.

42 dəfə oxundu

Axtarış