Absurdistan hekayələri: Xainliyə gedən yol
Müəllif: Zaur Ümumbəşər


2018-11-13 07:28:50


Ulu Dövlətin sadə vətəndaşlarından biri olan Qasım hər gün şəhərin bütün parklarını gəzməyi adət etmişdi. Daha çox mənzərəli və çoxlu ağacı olan parkları xoşlayırdı. Gəzdiyi parkların içində ən sevdiyi park yaşadığı evin yanında yerləşirdi. Bu parkın mənzərəsi onu çox valeh edirdi. Oturduğu skamyanın qarşısında köhnə muzey binası və şam ağaclarından ibarət mənzərə var idi. Binanın arxa tərəfində yuxarıda isə Ulu Dövlətin Ulu Bayrağı dalğalanırdı. Bayraq üç yüz əlli metr yüksəklikdə yerləşirdi və yuxarıya doğru incələn çox yoğun dəmirin zirvəsinə sancılmışdı. Qasımın ölkəsinin yerləşdiyi regionda ən hündür bayraq idi və hətta dünya üzrə ikinci ən hündürdə yerləşən bayraq hesab olunurdu. Ulu Dövlətin sadə vətəndaşları bu rekordla fəxr edirdilər, bu onlar üçün çox heyrətamiz bir şey idi.
Qasım hər gün burada oturaraq şam ağaclarını, binanı və bayrağı diqqətlə seyr edirdi. Ən maraqla seyr etdiyi şey isə bayrağın dirəyi idi. O, hər dəfə dirəyə baxanda ağlına bir şey gəlirdi və gün-gündən buna daha da əmin olurdu. O düşünürdü ki, bayrağın dirəyi çox köhnədir, əvvəllər haradasa işlənib. Dirəyin üzərindəki pas ləkələri də onun düşüncələrini təsdiq edirmiş kimi hər gün bir az da saralırdılar. Kim bilir, bəlkə də bu dirək ilk istismar dövrünü hansısa başqa şəhərdə keçirib. Bütün bunlar onu bir qədər narahat edirdi, amma onu dəhşətli dərəcədə narahat edən başqa bir məsələ vardı. Məsələ burasında idi ki, külək əsən zaman bu dirək çox vahiməli formada yellənirdi. Uzaqdan ona baxan insana elə gəlirdi ki, bu dəqiqə aşacaq yerə. Yerə aşsa dərd yarı... Dirəyin uzunluğu üç yüz əlli metr olduğu üçün insan ondan ən azı üç yüz əlli metr məsafədə dayansa belə, aşanda onun üstünə düşə bilərdi. Ağlasığmaz bir şeydir: bayraq ta o tərəfdə - mənzərənin arxasında idi. Qasımın oturduğu skamyadan o qədər fərqli ərazidə və uzaq məsafədə idi ki, onun yerində dükan olsa, “başqa məhəllədədir” deyib getməyə ərinərdi. Amma bu "başqa məhəllədə yerləşən" bayraq dirəyi adamın olduğu istiqamətdə aşsa, düz gəlib kəlləsinə sancıla bilərdi. Çox bəxtsiz və acınacaqlı bir taledir. Bir o qədər də qeyri-realdır. Amma Qasımın yaşadığı Ulu Dövlətdə bu ehtimal tamamilə mümkün idi. Ulu Dövlətdə qeyri-real heç zad yox idi. Səhər evindən çıx və öl. Bu qədər bəsit idi hər şey... Hər şey ola bilərdi, sonra gileylənməməli ki, mənə deməmişdilər. İnsanlar da bu düşüncəni qəbul edərək yaşayırdılar, gileylənəndə də ancaq və ancaq özlərinə qarşı giley tökürdülər.
Cümə günü idi. Havadan zəhərli qaz iyi gələn adi günlərdən biri. Sakinlər bu iyə “qazofka” deyirdilər. Şəhər üçün ənənəvi olandan bir qədər çox sürətə malik külək əsirdi. Gecəylə yağmış yağış hər yeri palçıq etmişdi. Buna baxmayaraq, Qasım yenə də bütün şəhəri gəzib-dolaşmış və sonra öz sevimli mənzərəsini izləmək üçün yenə bu parka gəlmişdi. Dərindən ah çəkib həmişəki skamyasına əyləşdi. Əllərini sinəsində çarpazlaşdırıb “qazofkanı” ləzzətlə ciyərlərinə çəkdi. Baxışlarını mənzərəyə tuşlayan kimi gözlərini qıyaraq ürəkdən gülümsündü. Sanki çox doğma və əziz olan bir şeyə baxırdı. Mənzərəni bütün detalları ilə izləmək üçün gözlərini ehmallıca yuxarı qaldırırdı. O qədər ehmallı qaldırırdı ki, gözləri ilə mənzərədəki ağacların bütün yarpaqlarını ayrı-ayrı "salamlaya" bilirdi. Gözləri mənzərənin hər nöqtəsində bir neçə saniyə gəzişdikdən sonra, baxışları gəlib ən yüksəyə çatdı. Qasımın siması yüz səksən dərəcə dəyişildi. Sifətində gərginlik əlamətləri peyda olmağa başladı. Yenə fikri yellənən dirəyə getmişdi. Küləyin sürətli olması onu daha da qorxutdu. Birdən dirək aşsa necə? "Əşşi aşmaz... Axı onu Ulu Dövlət yerləşdirib" deyərək özünü təsəlli etdi. Həm, dünən mindiyi şəhərlərarası qatarın dəmirləri də pas atmışdı, 60 ilin qatarları idi, dəmiryol relsləri isə vaqonları zorla saxlayırdı. Bununla belə, heç bir şey baş vermədi, heç zaman da baş verməyib. Çünki bütün bu görünən problemlər əslində yox idilər, insanlara elə gəlirdi. Yalnız xəstə insanlara. Amma sonra düşündü ki, faciəvi hadisələr baş verib, sadəcə onun başına gəlməyib. Və bu düşüncədən sonra hər gün hiss etdiyi o əminliyi yenə hiss etdi: bir gün mütləq onun da başına gələcək...
Həmin o gün, bu gün idi. Dirəyin aşa bilməsi barədə düşüncələri heç cür beynindən qova bilmirdi. Və birdən dirəyin yenə yelləndiyini gördü, amma bu dəfə tamam fərqli cür yellənirdi. Sanki laxlayan çürük diş damağdan çıxmaq üzrə idi. Hər şey çox qısa zamanda ildırım sürətiylə baş verdi. Günlər boyu Qasımın düşüncəsini işğal edən həmin kabus artıq reallaşırdı. Dirəyin səcdəyə getməsi üçün yuxarılardan gələn bir qərar var idi. Qasım bunu əvvəlcədən hiss edərək tez ayağa qalxdı. Son anda dirəyin ən uc hissəsinin onun üzərinə gəldiyini görüb bir neçə addım sağ tərəfə çəkilməyə macal tapdı. Regionun ən hündür dirəyi olan bu üç yüz əlli metrlik dirək guppultu ilə onun yanına düşdü. Dirək yerə düşüb qurtarsa da, guppultusundan yaranmış rezonans qulaqlara divan tutmağa davam edirdi. Qasım fiziki xəsarətdən qurtulsa da – ki, ən qorxduğu şey də məhz bu idi – təbiidir ki, bu ağırlıqda dəmir parçasının, bu hündürlükdən yerə çırpılmasından yaranan ölüm qonquna bənzəyən əcaib səs onun ürəyini ağzına gətirmişdi. Özünü itirdi və bir anlıq elə bildi ki, İsrafil sürünü üfürüb. Yerində vurnuxub ora-bura can atırdı. Özünü birtəhər ələ alıb oradan uzaqlaşdı. Başına gələn bu hadisənin vahiməsi onu günboyu narahat etdi.

***

Səhəri gün tezdən qalxıb mağazaya getdi. Bu gün hər şey sanki başqa cür idi. Küçədə gedərkən öz üzərində iti nəzərlər hiss edirdi. Həmişə gülərək salamlaşdığı insanlar bu gün bir başqa cür idilər.
Özünü itlərlə dolu məhəlləyə daxil olmuş pişik kimi hiss edirdi. Belə mənzərələri adətən köhnə türk filmlərində görmüşdü: biri gələrkən hər kəs olduğu yerdə donub qalaraq çəp nəzərləri ilə onu süzür. Filmlərdə belə mənzərələrin sonu yaxşı bitmirdi. Mağazaya doğru irəlilədikcə narahatçılığı daha da artırdı. İnsanlar bir qədər də qəribələşirdilər. Sanki hansısa əcaib rəngləri nümayiş etdirməyə çalışırdılar.
İrəlidə Mərddiy kişini gördü. Onunla çox yaxşı münasibətləri var idi. Mərddiy kişi imkanı olmadığı üçün universitetə yüksək balla qəbul olmuş oğlunu oxuda bilməmişdi. Yardım üçün Ulu Dövlətə müraciət etsə də, heç bir xəbər çıxmamışdı. Qış fəsli olmasına baxmayaraq, üzərində həmin əcaib rəngləri əks etdirən qısa qollu köynək geyinmişdi. Qasım onun yanına çatanda, Mərddiy kişi nümayişkaranə şəkildə köynəyin üzərindəki rəngləri acgözlüklə yalayırcasına dəfələrlə öpdü. Köynəyin üzərinə xarici bir firmanın adı yazılmışdı və rəngləri isə həmin firmanın simvolunu əks etdirirdi. Qasım əvvəlcə heç nə anlamadı. Sonra başqa adamların əynində də eyni rənglərin kombinasiyasını gördükdə bu rənglərin Ulu Bayrağın rənglərinə bənzədiyini xatırladı. Bir anlıq Mərddiy kişinin, Ulu Bayrağa bənzəyir deyə italyan brendinin rəngləri olan köynəyi geyməsi, ona Paxtakor futbol klubunun rəngləri eyni olduğu üçün Fənərbaxçanın corablarından istifadə etməsini xatırlatdı. Söhbətin Ulu Bayraqdan getdiyini anlasa da,dəqiq olaraq nə baş verdiyini dərk etmirdi. Hiss edirdi ki, burada çox qalmaq pis nəticələnə bilər. İnsanlarla bircə kəlmə də kəsmədən, başını aşağı salmış vəziyyətdə yürüyərək evə gəldi.
Hələ də nə olduğunu tam anlamırdı. Mağazadan çörək almadan qayıtmışdı. Səhər yeməyini çörəksiz yeməli idi. Çay süzmək üçün çaydanı götürən anda, telefonuna zəng gəldi. Telefonun ekranına baxıb gördü ki, zəng edən Bəymülkdür. Bəymülk Qasımın sonuncu iş yerindən tanışı idi. Hər bayramda Qasıma şablon təbrik mesajları, Qurban bayramında isə qoyun şəkilləri yollayırdı, amma bir dəfə də olsun zəng etməmişdi. Qasım təəccübləndi. Görəsən, bu saatda niyə zəng etsin ki? Özü də, ona heç vaxt zəng etməmiş biri... Zəngə cavab verdi:
- Bəli.
- Ayıb olsun sənə, bu nə hərəkətdir, heç utanıb-qızarmadın....?
- Başa düşmədim ay Bəymülk... Nə olub ki?
- Adın dillər əzbəridir, ay qəhrəman... Gir bir internetə zada bax...
Qasımı həyəcan bürüdü. Zəngi yarıda kəsərək cəld şəkildə kompüterə cumdu. Sosial şəbəkəyə daxil olan kimi gözlərinə inanmadı. Hesabına əllidən çox mesaj gəlmişdi. Gözucu olaraq mesajlara nəzər saldı. Hamısı yad insanlardan gələn təhqir və söyüş dolu mesajlar idi. Onu vətən xainliyində ittiham edərək ölümlə hədələyirdilər. Yenə də nə baş verdiyini anlamadı. Dünən dirək yerə aşanda yaşadığı qorxu bəs deyilmiş kimi bu gün səbəbi bilinməyən başqa bir təhlükə... O, hadisələr arasında əlaqəni tapmağa çalışırdı. Dirəyin hər gün yellənməsi, çox paslı və köhnə olması, yerə aşması və bugünkü hadisələr.
Nə olduğunu anlamadan cəld şəkildə divana oturub televizoru yandırdı və dəhşətə gəldi: bütün kanallarda onu vətən xaini elan edirdilər. Xəbərləri sona qədər izləyərək məsələni anladı. Sən demə, Ulu Bayrağın yerləşdiyi dirək aşarkən bayraq Qasımın yanında yerə düşüb və palçığa batıb. Ulu Dövlət və onun vasitəçiliyi ilə vətəndaşlar bunu təhqir kimi qəbul ediblər. Gözləri bərəldi... O nəinki bayrağın yerdə olmasını hiss edib, guppultu səsindən özünü itirdiyi üçün bayraq barədə heç düşünməyib də. Qulağına qəribə səslər gəldi. Sanki arxa fonda izdiham çığırtısı var idi. Əhəmiyyət vermədi. Sosial şəbəkələrdə isə "Xain vətəndaş bayrağı niyə yerdən götürməyib?" sualı altında qızğın müzakirələr gedirdi. Bir nəfər belə olsun Qasımın leyhinə fikir bildirən yox idi. Dirəyin köhnə olması heç kəsi maraqlandırmırdı. Qasım bir neçə dəfə şərhlərə cavab yazmağa cəhd etdi. Amma ona imkan vermirdilər. O, izah etmək istəyirdi ki, Ulu Bayrağın dirəyi paslanmış, ikinci əl dəmir parçası idi. Ulu Dövlətin "Dirəksalma və Bayraqəkmə üzrə Komitəsi" belə ucuz dəmirlər gətirərək kifayət qədər pul mənimsəyib. Amma bu heç kəsi maraqlandırmırdı. Əsas o idi ki, Ulu Bayraq yerə palçığa düşmüşdü, bu isə yolverilməzdir.
Təhqirlərin içərisində gözünə belə bir şərh sataşdı: “Veten bayragini uca tutmuyan olume mehkumdur! Veten xayinlerine olum! Leyv Tolistoy”. Özü də bilmədi niyə belə bir şey etdi, amma tez internetdə Tolstoyun belə bir söz deyib deməməsini axtarmağa başladı. Heç bir nəticə çıxmadı. Bu artıq son hədd idi. Fikirləşdi ki, talehin ironiyasına bax ki, Tolstoy kimi şəxsiyyəti də öz qaragüruh əməllərinə dəstək kimi istifadə edirlər. Daha doğrusu, belə bir hiss keçirdi ki, əgər ümumi qaydanı pozmusansa, tarixin ən müdrik, ən dahi şəxsiyyəti belə, sənə qarşı çevriləcək. Əsrlər əvvəl ölüb getmiş şəxsiyyətin adından, fikirlərindən, ondan sonra mövcud olmuş yüzlərlə, minlərlə bir-birinə zidd cəmiyyətlər istifadə edə bilir. Qulağına gələn qəribə səslər kəsilmək bilmirdi və əksinə, gedərək artırdı. Düşündü ki, yəqin, həyəcandan səsli hallüsinasiyalar eşidir. Dəhşətli dərəcədə narahat idi. Sosial şəbəkədə gördüyü bir elan isə onun narahatçılığını bir qədər də artırdı. Sən demə, vətəndaşlar görüş təyin ediblər və etiraz olaraq onun eyvanının altına yürüyüş edəcəklər. Elan bir saat bundan əvvəl paylaşılmışdı, artıq məhəllədə olmalı idilər. İndi başa düşdü ki, bayaqdan qulağına gələn səslər onların qışqırıqlarıymış.
Dərindən köks ötürdü. Donmuş hərəkətlərlə ləng şəkildə ayağa qalxdı və yeyin addımlarla pəncərəyə tərəf irəlilədi. Pəncərənin önündə dayandı. Bayırdan görüntünü məhdudlaşdırmaq üçün pəncərədən asılmış tünd rəngli qardinaya o qədər yaxın durmuşdu ki, nəfəsinin qardinaya dəyib üzünə qayıtmasını hiss edirdi. Tünd pərdənin o tərəfində onu ölüm mənzərəsi gözləyirdi. Özünü Qaliley kimi hiss etdi. Sanki ona inkvizisiya aparatını göstərməyə hazırlaşırdılar. Cəsarətini toplayıb pərdəni araladı. Təxminən yüz-yüz əlli nəfər vətəndaş eyvanın altında yığışıb təhqirlər yağdırırdılar. Hamısının əynində sırf rəngləri Ulu Bayrağın rənglərinə bənzədiyi üçün üzərində hansısa geyim firmalarının simvolları olan paltarlar var idi. Bir nəfər isə paltar tapmadığına görə, heç kəsdən geri qalmamaq üçün bir neçə plastik butulka vasitəsilə Ulu Bayrağın rəng kombinasiyasını düzəltmişdi. Rənglər solmuşdu və əslində, bayrağın qanunda müəyyən olunmuş rəsmi rəngləri ilə heç uyğun gəlmirdi. Vətəndaşlar Qasımı pəncərədə görən kimi bir qədər də qızışdılar və pəncərəyə kənar əşyalar atmağa başladılar. Yerindən tərpənmədən saatlarla onlara baxdı...

Beləcə, növbəti qurban Qasım olmuşdu. O, əllərində plakatlar və bayraqla eyvanının altında etiraz məqsədilə toplaşmış kütləyə baxıb dərin düşüncələrə daldı. O, qorxmurdu, sadəcə peşman idi. O, başa düşdü ki, bu hələ son deyil... Xainlik müvəqqətidir. Ağlından bircə şey keçirdi: kaş dirək aşanda bir addım sağa çəkilməzdi, dirək kəlləsini yarardı, onda bəlkə Ulu Bayraq uğrunda şəhid olardı və arxasınca söyüş yox, rəhmət oxuyardılar...
Bəli, Ulu Dövlətdə xainlikdən şəhidliyə, alçaqlıqdan şərəfliliyə yüksəlmək və əksinə düşmək bir addımlıq yol idi...

11 dəfə oxundu

Axtarış