ADİLƏ NƏZƏR - ÖLMƏZLİK
Müəllif: YAZARLAR.AZ


26.04.2021


(Şəhid Camal İsmayılovun xatirəsinə)

Ölməz min il də keçsə,
Torpaq üçün ölənlər.
Unudulmaz heç zaman
Bayraq üçün ölənlər.
* * *
Onları birləşdirən
Bir arzudur, bir amal.
Sənin də taleyindən,
Şəhidlik keçdi, Camal.
* * *
Salamlayır yurdunu,
Uca dağların mehi.
Sən ey “TURAZ şahini”,
Sən ey “Hadrut Fatehi”!
* * *
Şərə sinə gərmişdin,
Qanlı hərbə girmişdin.
Özünü göstərmişdin
“Aprel döyüşləri”ndə..
* * *
Vətən-millət yolunda,
Nə lazımsa etmişdin.
Sən şəhidlik taxtının
İzi ilə getmişdin.
* * *
Şanlı bayrağımızdır,
Sənin qanlı köynəyin.
Yaran hər birimizin
Ürəyində göynəyir.
* * *
Bu çiçəkli baharda,
Susmusan ağır-ağır.
Hər kəsin baxışından ,
Qəbrinə şəfəq yağır.
* * *
...Axşam düşdü, Ay oldu,
Haray qopdu, hay oldu,
Şəhid adın pay oldu,
Ananın ad gününə.
* * *
Ömrün bir nağıl, dastan
Oldu, sən bozqurd, aslan.
Yerinə bir Alparslan
Qoyub getdin, şəhidim.
* * *
Qəhrəmanlığın, adın,
Əsmətin və Əsnadın,
Fatimə tək bir qadın
Qoruyacaq adını.
* * *
Bir az geci-tezi var,
Ölüm cana minnətdir.
Vətənə can verənin
Ölümü də nemətdir.
25.04.2021.
Müəllif Adilə Nəzər
YAZARLAR.AZ

5 dəfə oxundu

Axtarış