Ağı
Müəllif: Mükafat Yaqub


26.12.2019


Mükafat Yaqub
Ağı
Zaman elə dəyişib,
Şaxta vurubdu Şərqi.
Fəsillər dəngərləşib,
Şərqə oxuyur şərqi.

Boran, tufandı, Allah,
Bu qərib məmləkətdə.
Sədəqə umur tamah,
Qısnayıb fəlakətdən.

Bu günün yarısı yox,
Güman qalıb dünəndə.
Havası çatmır göyün,
Ümidlər üzüləndə...

Payız dümanı çəkib,
Dövranın o başına.
Ağaclar pöhrə əkib,
Dünyanın daş qaşına.

Divar saxlamır mıxı,
Papaq ağırlığına.
Çay yatağından çıxıb,
Sığmır fağırlığına.

Çil-çıraqlı arzular,
Əmizdirir torpağı.
Can cəllada sığınar,
Bu Tanrının sınağı..?

Xəyallar tikə-tikə,
Azadlıq yollarında.
Göydələn tikə-tikə,
Can verir qollarında.

Bizə kömək ol, Allah,
Saf əxlaqı saxlayaq.
Açılsın nurlu sabah,
Gələcəyi qoruyaq...
Əslimizi qoruyaq,
Nəslimizi qoruyaq...

Mükafat Yaqubov

7 dəfə oxundu

Axtarış