AİDA ADIGÖZƏL - PAYIZ ŞEİRLƏRİ
Müəllif: Yazarlar.AZ


19.12.2019


Ürəksizıər

Sevmədiniz…sizi sevən qadınları !
Sevmədiniz … diz çöküb corabınızı geydirən , saçını süpürgə edən qadınları !
Sevmədiniz … yatağınızda unutdunuz ,
daha cavan daha gözəl qadınları sevdiniz !
Yanı başınızda uyuyan qadınların üstündən gecələr keçdiniz !
Gözünüzü başqa qollarda açmağı arzuladlnız !
Bizim qovurmamız dadsız , onların şorbaları dadlı oldu !
Bizim paltarımız ucuz , onlarınkı bahalı oldu !
Cırıq corab geyib ,südlü sıyıqla uşaqlar böyütdük sizə…
sevgili övladları daha şirin oldu kişilərimizə !
Sevmədiniz xəstə yatağınızda sizə keşik çəkən qadınları !
Sizi sevə sevə qocaldıq. ..xəbəriniz olmadı !
Qapı ağzında, pəncərədə uyuduq
yemək qazanını açmadan uşaqlarınızı ac yatırdıq “atanız indicə gələr” deyə…
siz hansısa qadının qucağında xumarlanasız deyə!
Ciblərinizdən tapdıqarımızdan silləni biz yedik ,
döyülüb , əyninizi ütüləyib sevgili qucağına göndərdik !
Sevmədiniz sizi sevən qadınları…boşayıb küçəyə atdınız ,
başqasının qucağına düşməsinin günahına batdınız!
Sevmədiniz sizi sevən qadınları…sevmədiniz !!!
15.12.2019

<<<<AİDA ADIGÖZƏL>>>>

Qocalmaq qorxusu

Bir yarımçıq payız idi ömrümüz ,
bir az yazdan bir az yaydan oğurluq ,
qış qorxusu gözümüzə dururdu ,
qarşıdaydı eynək , əsa , sağırlıq .

Kövşən boyu qotman qotman xomalar,
şəkli durur sən atdığın diz yeri ,
əllərimdə məktubların həsrəti ,
ürəyimdə nakam eşqin köz yeri .

Biraz kəkil , biraz sinə qabarmış ,
Kür suyu tək alan bulan axardıq ,
toy mağarı…nə süzərdi cavanlar ,
“qismətimmi?”- oğrun oğrun baxardıq .

Bir yarımçıq payız idi ömrümüz ,
qar şaxtası , sürüşməsi varıydı ,
qurd qocalıb itə gülünc olması,
cavanlar da gülüşməsə karıiydı .
16.12.2019

<<<<AİDA ADIGÖZƏL>>>>

Yoxluğunla barışmaq

Aynada arxanda gördüyün kölgəni tanıdınmı ?
Uçurumun ucunda sevgisindən yapışmış
barmaqlarımı zalımcasına tapdalayıb qıraraq düşməyimin arxasınca iblisvari qəqəhələrlə gülən adam ?!
Mən sənin səni unutmağa göndərdiyin adamam !
Daha qorxaq adamların rəsmini çəkməyi unutdum !
Daş ürəklərə şeir yazmağı da tərgidirəm biləsən!
Bu son işim !
Əlimdəki tişəmlə sonuncu cizgiləri atıram daş ürəyinə .
Bundan sonra bir cüt qərənfillə gələcəm xatirələr xiyabanımdakı heykəlinin qarşısına.
Sahildən sürətlə uzaqlaşan kiçik qayığa bənzəyirəm indi…
Fırtınanı ,dalğaların böyüklüyünü , gücünü hesablamağı gözə almayan
sörfçüyəm sanki !
Heç nədən qorxmadan açıq dənizə gedirəm tarana gedən təyyarəçi kimi !
Sürətlə uzaqlaşıram çəkdiyimiz rəsmlərdən…
ürəyimdimi ağlayan ,barmaqlarımdımı ağrıyan, bilmirəm ?!
Ölmüşəmmi , ruhammı bilmirəm ?!
Səni unutmağa gedirəm , səni unutmağa göndərdiyin adam !
17.12.2019

<<<<AİDA ADIGÖZƏL>>>>

Vida

Keçər buludlar da … yenə ay hilal ,
olsun üzündəki ləkə , qəm yemə.
Hər düşən gecənin bir səhəri var ,
qorxma qaranlıqdan …bu da son demə !

Günəş gülümsəyər yenə üfüqdən ,
yenə şəfəqlərə qucaq açarsan ,
yenə ayaqyalın çəmənliklərdə
kəpənək dalınca şən-şən qaçarsan.

Bir gün silinirlər qoyulan izlər ,
əsas keçmək imiş düşən cığırdan ,
biraz zamanı var qəlb ağrısının
baxır yarasına , yüngül ağırdan.

Yox , bu nə təsəlli , yalançı ümid ,
bu ömür yolunun acı gerçəyi ,
boşuna qocalmır axı insanlar ,
boşuna ağartmır saçı birçəyi .

Keçər buludlar da… yenə ay hilal,
olsun üzündəki ləkə , qəm yemə .
Hər düşən gecənin bir səhəri var,
qorxma qaranlıqdan , bu da son demə!
18.12.2019

Müəllif: AİDA ADIGÖZƏL

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

5 dəfə oxundu

Axtarış