Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya
Müəllif: Səmi


2017-11-20 19:19:21


Akif Nağı,girib bitməz işə sən,
Yarıtmaz tək qorx ki,yada düşəsən!
Bu milləti dişə vurub dişəsən,
Lax çıxacaq,çünki millət laxlaşıb.
Bu millətdə namus,qeyrət yoxlaşıb.

Rəhbərinin sözlərində kəsər yox!
Hakimində ədalətdən əsər yox!
İgid desən,ərən gəzsən,sus,ər yox!
Rüşvətxoru,satqınları çoxlaşıb.
Bu millətdə namus,qeyrət yoxlaşıb.

Nazirləri öz xalqına kəf gəlir.
Yaltaqları ətrafında səf gəlir.
Əllərində zurna,kaman,dəf gəlir.
Çal-çağırdan hamı yaman şuxlaşıb
Bu millətdə namus,qeyrət yoxlaşıb.

Məmurların sırtıqlaşıb üzləri.
Bölən,yeyən,yoxlayan da özləri.
Talayırlar,doymadıqca gözləri,
Cərgələri ildən-ilə sıxlaşıb.
Bu millətdə namus,qeyrət yoxlaşıb.

Aydinları aydınlığa səsləmir.
Ordusuna kimsə ümid bəsləmir.
Qarabağı azad görmək istəmir.
Düşmən ilə vədələşib,vaxtlaşıb.
Bu millətdə namus,qeyrət yoxlaşıb.

Test qoyasan sən bunlardan yüzünə,
Biləmməzsən əyrisi nə,düzü nə!?
Diqqət etsən duruşuna,üzünə,
Murdarlıqdan xortdanlaşıb,xoxlaşıb.
Bu millətdə namus,qeyrət yoxlaşıb.

Təmiz suyu,qardaş,başdan bulanıb.
Ayı,günü tam tərsinə dolanıb.
Yaxşı-pisi üst-üstünə qalanıb.
Arı yeyib,acları da toxlaşıb.
Bu millətdə namus,qeyrət yoxlaşıb.
19.11.2012

316 dəfə oxundu

Axtarış