ALIN JAZISI
Müəllif: Firuz Mustafa


2018-06-10 20:09:55



Firuz MUSTAFA

ALIN JAZISI
(iki hissəli dram)

İştirak edirlər: Kişi
Qadın
(Səslər)


Proloq hesab edilə biləcək başlanğıc bir növ klipə bənzəyir. Bobs-leyi xatırladan həmin “klip”də obrazların həyatından müxtəlif anlar, ayrı-ayrı epizodlar əks olunur. Bu epizodlar bədii filmlərdə bir-birini əvəz edən səssiz, yavaşıdımış kadrları xatırladır.
Beləliklə, musiqinin müşayiəti ilə:
Qadın və Kişi səhnənin önünə çıxır...
onlar əl-ələ tutub rəqs edir...
bir-birlərinə yaxınlaşır...
bir-birlərindən uzaqlaşır...
qucaqlaşır, öpüşür, sonra yenə
əlbəyaxa olur...
hərəkətləri ilə bir-birlərini ittiham edir, söyür, təhqir edir, danlayır...
və təzədən barışır, əl-ələ tutur, zarafatlaşır, deyib-gülür...
lap sonda bir-birlərinə kamandan ox atır...
və... atılan ox onların sinəsinə sancılır.


Birinci hissə

Geniş, işıqlı otaq. Divardan portret - şəkillər asılıb; həmin şəkillərin erotik çalarları aydın nəzərə çarpır. Yaxınlıqdan - qonşu otaqdan səs-küy, gülüş qəhqəhə eşidilir.
İri stolun üstündə akvarium.
Otağın bir küncündə bilyard stolu. Hiss olunur ki, bura sauna, daha doğrusu, saunanın əyləncə otağıdır. Kişi iti addımlarla irəli gələrək pencəyini soyunub bir kənara atır. İdmançılara məxsus bir-iki yüngül atlet jestləri edib fit çalır. Özünü şən göstərməyə çalışsa da hiss olunur ki, o, bir qədər əsəbi və həyəcanlıdır. Hansısa simfonik musiqinin melodiyaları eşidilir. Otağın sağa və sola açılan qapılarından biri (soldakı qapı) açıqdır. Kişi arabir açıq qapıya yaxınlaşıb bayıra boylanır. Həmin qapının arxasında kiminsə işlədiyi hiss olunur - o tərəfdən taqqıltı səsi eşidilir; elə bil kimsə təmir işləri ilə məşğuldur. Bağlı qapı saunaya açılır. Kişi saunadan gələn gülüş, qəhqəhə səslərini dinləyib yenə açıq qapıya yaxınlaşır.

KİŞİ (bayıra): - Zəhmət olmasa qapıya çıx, yenə bax, gör bir niyə gəlib çıxmadı bu? Görəsən nə baş verib?.. Gərək ki, sən onu tanıyırsan?

Taqqıltı səsi kəsilir.

KİŞİ SƏSİ (bayırdan): - Əlbəttə, tanıyıram. O yaşıl kostyumlunu demirsən? Ötən dəfə səninlə gəlmişdi...
KİŞİ (əsəbi): - Yaşıl kostyumlu?.. Mən onun kostyumunun rəngini xatırlamıram. Bəlkə indi ağ kostyum geyəcək... Nə bilim?.. Eh, sən də qəribə adamsan... “Yaşıl kostyum… Heç dəxli var?
KİŞİ SƏSİ (bayırdan): - Darıxma, indi gəlib çıxar... Axı, bir də ki, bu gün saatı irəli çəkiblər. Sən ola bilsin ki, düz bir saat tez gəlmisən...
KİŞİ: - Bir saat tez?.. Mən haradan bilim ki, vaxtı dəyişiblər? Televizora baxmıram, qəzet oxumuram... Ta adamlardan qurtarıb indi də vaxtın başına oyun açırlar... Qoy bir zəng vurum.

Mobil telefonda hansısa nömrəni yığıb qulaq asır; deyəsən, xəttin o başında dəstəyi götürmürlər.

Yox, deyəsən evdən çıxıb artıq... Məncə o, dəqiq adamdır. Sən deyən qadınlardan deyil...
KİŞİ SƏSİ (bayırdan): - Sən həmişə kişi dostlarınla gələrdin... Deyəsən, son vaxtlar menyunu dəyişmisən...
KİŞİ - Kişi dostlarım satqın çıxdılar... Ta onlarla qurtarmışam... Ərizə verib çıxdım işdən...
KİŞİ SƏSİ (bayırdan): - Bıy, doğrudan? Gərək çıxmayaydın... İndi iş tapmaq çətin məsələdir. Bax, mən ali təhsilli adamam. Gör gəlib harada işləyirəm? Saunada! Hamamda... Kalonkanı qala, termometrə bax, sabun ver, kisə gətir... Lap hərdən camadarlıq da edirəm, hansı dəyyusunsa belinə kisə çəkirəm. Düzdür, arada bir qadın müştərilər də olur... Qadın demiş, səninlə gələn o xanım mərifətli adama oxşayırdı...
KİŞİ: - Nədən bilirsən?..
KİŞİ SƏSİ (bayırdan): - Özün bilirsən ki, mən burada çoxdan işləyirəm... Adamın gözünə baxanda bilirəm ki, kim hansı yuvanın quşudur. O yaşıl kostyumlu heç saunanın içinə keçmədi o gün. Elə bilyard oynadı. Vəssalam... Evli olmasaydın alardın onu. Əməli-saleh adama oxşayır...
KİŞİ (istehza ilə): - Arabir ağıllı məsləhətlərin olur...
KİŞİ SƏSİ (bayırdan): - Sənə ərk eləyib deyirəm ey. Axı çoxdan tanıyıram səni... Buraya gəlib-gedən adamsan. Özü də indiyəcən səni qadınla-zadla görməmişəm. Bilirəm ki, xətir-hörmətli adamsan. Mən adam sərrafıyam. Gör bir nə vaxtan işləyirəm burada?!. Nə qədər örtülü üzlər, nə qədər lüt bədənlər görmüşəm. Mən adamın nəinki üzünə, hətta, onun hər hansı bir əzasına baxıb xasiyyətini təyin edə bilərəm...
KİŞİ - Paho, ta denən lap psixoloq olmusan ki...
KİŞİ SƏSİ (bayırdan): - Elədir, düz tapmısan, psixoloqam...


Kişi söhbət etdikcə divarlardan asılmış şəkilləri ötəri nəzərdən keçirir, arabir bilyard stoluna yaxınlaşaraq kiy ilə (bilyard ağacı ilə) daşları vurub tora salmaq istəyir.

KİŞİ (ucadan): - Bura bax, sənin bu müştərilərin nə vaxt çıxıb gedəcək?..
KİŞİ SƏSİ (bayırdan): - Bir azdan vaxtları qurtarır... Axı, mən bilmirdim ki, sən belə tez gələcəksən... Neyləyim, vaxtı səhv salmısan… Hə, dayan, dayan! Deyəsən, həyətə maşın girdi. Özüdür ki, var. Səninkidi gələn... Taksi ilə gəlib. Elə kostyumu da taksinin rənginə düşür... Ha-ha-ha. (Gülür). İstəyirsən, çıx qarşıla...
KİŞİ: - Özün çıx... Deginən buradayam...
KİŞİ SƏSİ: (bayırdan): - Oldu! Baş üstə! Bu dəqiqə...

Kişi gəzişir. Açıq qapıdan qadın daxil olur.

QADIN (kişiyə yaxınlaşır): Salam!
KİŞİ: - Salam...

Onlar əl tutub görüşür, öpüşürlər.

QADIN: - Deyəsən, tez gəlmisən...
KİŞİ: - Yox, mən vaxtında gəlmişəm...
QADIN: - Ha-ha-ha... (Gülür). Yəqin ki, vaxtın dəyişdiyindən xəbər tumamısan... Əslində elə mən özüm də danışdığımız vaxtdan xeyli əvvəl gəlmişəm.
KİŞİ: - Hə, necəsən?
QADIN: - Əla! Bəs sən?..
KİŞİ: - Belə də... Pis deyiləm...
QADIN: - Mənə elə gəlir ki, sən çox qayğılısan. Bəs iş məsələn necə oldu? Bu da bizim tanışlığımızın sonluğu... Bəlkə də ayağım düşməyib...
KİŞİ: - Yox... Elə deyil... Onsuz da mən tez-gec o işdən çıxmalı idim...
QADIN: - Niyə? Nə üçün?.. Əgər sirr deyilsə, bizə də de...
KİŞİ: - Sirr deyəndə ki... (Duruxur). Gördüm ta işləmək mümkün deyil... Hər ay müdirə haqq vermək lazımdı. Mənsə lazım olan məbləği vaxtlı-vaxtında ödəyə bilmirdim...
QADIN: - Haqq?.. Nə üçün?
KİŞİ: - Qayda belədir. Biz müdirə, müdir də öz müdirinə haqq-hesab ödəməli idi... Eh, nə isə, qoy hamısı rədd olub getsin. İndi özümü daha sərbəst hiss edirəm. Bir iş tapıb dolanaram. Mən iş-gücdən qorxan adam deyiləm. Yeri gəlsə lap yük daşıyaram, hamballıq edərəm...
QADIN (əlini onun çiyninə qoyur): Bilirəm, sən qoçaqsan, cəsursan... Heç nədən, heç kəsdən qorxan deyilsən...
KİŞİ: - Yaxşı, yaxşı... Az təriflə məni...
QADIN: - Amma utancaqsan... Səni tərifləyəndə uşaq kimi pörtürsən, qızarırsan...

Qonşu otaqda, yəni saunada gülüş, qəhqəhə səsi eşidilir. Kişi əsəbi halda gəzişir.

KİŞİ (bayıra): - Əşi, bunlar nə vaxt çıxacaqlar?
KİŞİ SƏSİ (bayırdan): - Mən neyləyim ey, özünüz tez gəlmisiniz...
QADIN: - Tələsirsən?..
KİŞİ: - Yox... Sənə görə narahatam. Birdən evə gecikərsən, söz-söhbət olar...
QADIN: - O, bütün sutkanı işdədir. İstəsəm gecəni də qala bilərəm... (Gülür). Ha-ha-ha... İstəyirsən gecəni burada keçirək... Saunada. Sudan çıxmayaq səhərəcən...
KİŞİ: - Balıq kimi, hə?.. (Gülür). Hər şey mümkündür.
QADIN: - Bəs sən evdə nə deyəcəksən?.. Arvadın...
KİŞİ: - Qayınanamgildədir o... Bir də ki, sözdü deyirik də... Gecəni burada qalası deyilik ki...
QADIN: - Yox, mənim düz sözümdür, həqiqətən, qala bilərik... Əgər istəsən... Mən burada özümü, sən demişkən, suda balıq kimi hiss edirəm...
KİŞİ: - Hələ buna baxarıq...
QADIN: - Yəqin ki, özünə problem yaratmaq istəmirsən mənə görə...
KİŞİ: - Nə problem? Sən nəyə işarə edirsən?
QADIN: - Elə tanışlığımıza... Bəlkə də o günkü dava-dalaş olmasaydı biz heç vaxt tanış olmayacaqdıq... Sən peşiman deyilsən ki?..
KİŞİ: - Nəyə?..
QADIN (gülür): - Hər şeyə... Məsələn, elə mənimlə tanışlığa... Sən mənə görə iki nəfərlə vuruşmalı oldun, axı...
KİŞİ: - Yəqin ki, hər kəs bu cür hərəkət edərdi...
QADIN: - Yaxşı yadıma düşdü. Qəzetdə bu barədə yazıblar...
KİŞİ (diksinir): - Nə barədə?
QADIN (çantasından qəzet çıxarır): - Deyəsən, elə bizi tanış edən dava barədə... Sənin barəndə... Mənim barəmdə... Oxuyum, yoxsa özün oxumaq istəyirsən?..
KİŞİ: - Oxu...
QADIN (qəzetdən oxuyur): - “Yüngül əxlaqlı qadınla sərxoş kişi axtarışdadır”. (Kişiyə). Yəqin ki, həmin yüngül əxlaqlı qadın mənəm, sərxoş kişi isə sən... Hə, oxuyuram... “Hadisə bir neçə gün əvvəl baş verib. Şəhərin mərkəzi küçələrindən birində gənc qadın iki nəfər cavan oğlana yaxınlaşaraq nəsə soruşur”. Hə, bax bunu düz yazıblar. Soruşdum ki, stomotoloji poliklinika haradadır. Onlar, o iki əyyaşsa qayıdıb dedi ki, maşallah, sənin dişlərin hələ sapsağlamdır...
KİŞİ: - Orada yazılanı oxu...
QADIN: - Baş üstə!.. (Oxuyur). “Biz bəzi səbəblərə görə həmin adamların, yəni zərərçəkənlərin ad-familiyasını yazmırıq. Oğlanlar qıza onun soruşduğu ünvan barədə izahat verərkən yaxınlıqda dayanmış, idmançı görkəmli, sərxoş olduğu aydın hiss olunan bir adam onlara hücum çəkir. Oğlanlar qəfil hücumdan özlərini itirirlər. Sərxoş idmançı yüngül əxlaqlı qadının fitvası ilə iki vətəndaşa ciddi bədən xəsarəti yetirib. Həmin başabəla qadınla kişi camaatın hadisə yerinə yığışdığını görüb taksiyə əyləşərək aradan çıxıblar. Artıq həmin taksinin dövlət yol nişanı müəyyənləşdirilib, taksi sürücüsü məsuliyyətə cəlb olunub”. (Kişiyə) Bu boyda yalan olar? (Kimisə yamsılayır). “Sərxoş idmançı…” Yox bir…
KİŞİ: - Yalan niyə? Mən o gün həqiqətən içmişdim...
QADIN: - Mən bunu hiss eləmədim... Amma onlar ağızlarını açan kimi bildim ki, ağılları üstlərində deyil. Olsun ki, hələ iynə də vurmuşdular. Əvvəlcə hırıldayıb mənə sataşmağa başladılar, sonra əl-qol atdılar. Mən onları söyməyə başladım. Onlar qolumu burub məni yaxınlıqdakı köşkə doğru sürüməyə başladılar. Elə bu vaxt sən haradansa zühur elədin...
KİŞİ: - Taksi sürücüsünü tutublar... Axı, onun nə günahı var?
QADIN: - Bəs sənin, mənim-bizim günahımız nədir ki?..
KİŞİ: - Hər halda onu bizə görə ilişdiriblər. Nəsə kömək etmək lazımdır...
QADIN: - Yəqin ki, sorğu-suala tutub buraxacaqlar. Şofer haradan bilir ki, biz kimik, hansı ünvanda yaşayırıq? Yaxşı ki, həmin gün taksini qonşu məhəllədə saxlatdıq. Xatırlayırsan həmin günü?
KİŞİ: - Hə, yadımdadır...
QADIN: - Doğrusu, sən o sərxoş uşaqları vurub yıxanda elə bildim ki, haradansa tanışıq... Sonra gördüm, yox... Sən taksi saxlayanda elə bildim ki, məni öz evinə aparacaqsan...
KİŞİ: - Öz evimə?.. (Təəccüblə). Nə üçün?..
QADIN (gülür): - Nə bilim?.. O gün həmin anlarda ürəyimə gələni deyirəm sənə... Hə, sən taksinin pulunu verib düşdün. Əlini irəli uzatdın. Mən sənin əlindən tutanda hiss etdim ki, barmağım qana bulaşıb. Dəsmalımla sənin əlini sarıdım... Sonra mən telefonumun nömrəsini dedim. Sənsə öz mobil telefonunun nömrəsini yazıb verdin. Gözlədim ki, elə həmin axşam zəng edəcəksən. Amma səndən heç o birisi gün də səs-soraq çıxmadı. Axırda özüm zəng vurası oldum... Deyəsən, arvadından yaman qorxursan, hə?..
KİŞİ (gülür): - Qadınlardan qorxmaq lazımdır...
QADIN: - Ərim nəinki məndən qorxur, heç adam yerinə qoymur məni...
KİŞİ: - Bəs sən necə?..
QADIN: - Münasibətlərimiz qarşılıqlıdır. Deyir, nə əkərsən - onu da biçərsən. Onun da öz aləmi var, mənim də... Bir-birimizin işinə nadir hallarda qarışarıq... Bəs sizdə necədir vəziyyət?..

Kişi bilyard stoluna yaxınlaşıb, kiylə daşlardan birinə zərbə endirir. Qadın da yaxınlaşır, daşlardan birini əlinə götürərək atıb-tutur. Saunada səs-küy, gülüş, qəhqəhə...

KİŞİ (bayıra): - Əşi, bizə çay ver görək... (Pauza). Nə oldu? Səsin gəlmir... Hara getdin?.. (Kişi gedib açıq qapıdan boylanır, qayıdır). Deyəsən, çıxıb, indi gələr...
QADIN (əli ilə açıq qapını göstərir): - O kişi köhnə tanışındır deyəsən?..
KİŞİ: - Hə... Çoxdan tanıyıram...
QADIN: - Tez-tez gəlirsən bura?
KİŞİ: - Belə də... Arabir pulumuz olanda toplaşıb gəlirik... dostlarla...
QADIN: - Hamı cüt gəlir?..
KİŞİ: - Nə üçün cüt?..
QADIN: - Bəs tək gəlirsiz? Qadınsız?..
KİŞİ: - Mən buraya heç vaxt qadınla gəlməmişəm...
QADIN (gülür): - Bəs mən qadın deyiləm?
KİŞİ: - Sən... Hə, elədir... Bəs sən özün necə, saunaya getməyi xoşlayırsan?..
QADIN: - Bəli. (Akvariumu göstərir). Bax, o akvariumun içindəki balıqlar kimi xoşlayıram suyu. Amma, təbii ki, mən akvarium balığı deyiləm... Mən nəhəng dənizləri, okeanları sevirəm. Mən yuxuda tez-tez balıq olub mavi sularda üzürəm. Doğru sözümdür... Yəqin ki, insanlar balıqdan törəyib. Elə ana bətinindəki körpə də balığa bənzəyir; o, özünü yalnız orada rahat hiss edir.
KİŞİ: - Sən bunları haradan bilirsən?
QADIN (gülür): - Öz təcrübəmdən.

Kişinin mobil telefonu zəng çalır.

KİŞİ (telefona): - Hə, eşidirəm... Sən haradan zəng vurursan? Hə, yaxşı, oldu.
QADIN: - Arvadın idi danışan?..
KİŞİ: - Hə. Nədən bildin?
QADIN: - Soyuq danışmağından...
KİŞİ: - Yox, bizim münasibətlərimiz normaldır. Onun bir rəfiqəsi var, arabir görüşüb dərdləşirlər. Zəhləm gedir o qadından, arvadımın rəfiqəsini deyirəm...
QADIN: - Arvadının rəfiqəsindən zəhlən gedir? Nə üçün?
KİŞİ: - Heç özüm də bilmirəm nə üçün. Heç qadının üzünü də görməmişəm. Sadəcə, arabir zəng vurur bizə. Kobud səsi var... Araba təkəri kimi xırıldayır. İstəmirəm ki, arvadım onunla görüşsün...
QADIN: - Bir-birinizi sevirsiniz?..
KİŞİ: - Mən ikinci dəfə ailə qurmuşam. Birincini sevib evlənmişdim. Bu isə özü məni sevib...
QADIN: - Əgər inciməsən, sənə bir sual verərdim...
KİŞİ: - Buyur.
QADIN: - Sən arvadına tez-tezmi xəyanət edirsən?
KİŞİ: - Sənə nə üçün elə gəlir ki, mən arvadıma xəyanət edirəm? Elə isə icazə ver mən də həmin sualı sənə verim: bəs sən özün necə?.. Ərinə…
QADIN (gülür): - Yox ey... Qadın başqa, kişi başqa...
KİŞİ: - Nə mənada?..
QADIN: - Elə hər mənada... Qadın zərif və zəif məxluqdur. O, özünə həmişə güclü arxa, möhkəm dayaq axtarır. Şəxsən mən özüm iradəli kişiləri çox sevirəm...
KİŞİ: - Amma mənə elə gəlir ki, indi qadınları daha çox pullu, zəngin kişilər maraqlandırır...
QADIN: - Əlbəttə, o cür qadınlar da az deyil... Amma bu məsələnin, necə deyərlər, yalnız maddi tərəfidir. Hər şeyi maddiyyatla bağlamaq düzgün olmazdı... Mən sənə qadın duyğusundan danışıram. Pul, var-dövlət taktikadır, vasitədir. Ürək isə daha çox strategiya ilə məşğul olur...
KİŞİ: - Paho, sən yaman dərin qatlara enirsən ha... Taktika... Strategiya... Söz-söhbətindən daha çox tarix, fəlsəfə qoxusu gəlir.
QADIN: - Hər qadının ürəyi mürəkkəb bir tarixdir. Hər kəs oraya baş vura bilməz... Hətta, qadınların özləri belə...
KİŞİ (gülür): - Ha-ha-ha... Qəribə mühakimələrin var sənin!.. Elə isə icazə ver soruşum: bizim bu görüşümüzdə hansı cəhət daha mühüm rol oynayır: taktika, yoxsa strategiya?..
QADIN: - Biz təsadüfən tanış olmuşuq. Bizi bu gün bir-birimizlə yaxınlaşdıran adi hisslərdir... Hər bir qadının ürəyində ideal kişi modeli olur. O modeli qadın özü yaradır, özü qurur. Öz idealını tapan qadın bəzən elə gözlənilməz addımlar ata bilər ki, bunu yalnız patoloji dəliliklə müqayisə etmək olar... Qadınlar bu cəhətdən daha ötkəm, daha güclü olurlar. Kişilər isə mühafizəkardır... Onlar üçün həyat tərzini dəyişmək çətindir... Hətta, faciəlidir...
KİŞİ: - Doğrusu, mən səni dinlədikcə qorxuya düşürəm... Məni soyuq tər basır...
QADIN (gülür): - Nə üçün? Nədən qorxursan?..
KİŞİ: - Sənin mühakimələrindən, çoxbilmişliyindən...
QADIN: - Nə qorx, nə də üşü... Bir də ki, üşüyürsənsə, tez saunaya girmək lazımdır. Yoxsa sətəlcəm olarsan... A-a-a... Doğrudan, bunlar nə çox çimirlər?.. Yaman da deyib-gülürlər ha. Deyəsən, işləri yaxşı gedir... Ha-ha-ha...

Saunadan səs-küy, qadın qəhqəhəsi eşidilir. Kişi qəzəbli halda örtülü qapıya yaxınlaşır, dinləyir. Qadın ona yaxınlaşır. Onlar üz-üzə dayanırlar. Qadın əlini onun çiyninə qoyur, kişini uzun-uzadı süzür. Deyəsən, qadın kişidən nəsə cavab hərəkəti-nəvaziş, xoş söz, isti bir münasibət umur. Kişi geri çəkilir.

KİŞİ (əsəbi): - Yaxşı... Bu içəridəkilərin səs-küyü məni lap təbdən çıxarır...
QADIN: - Niyə ki? Hələ vaxtları var, çimirlər. Qoy çimsinlər. Bəyəm vaxtın dəyişməsində onlar günahkardır? Yəqin cavan adamlardır, özləri üçün deyib-gülür, zarafatlaşırlar. (İçəridən gələn səsi dinşəyir). Amma içəridən təkcə qadın səsi gəlir deyəsən... Hə, mahnı oxuyur... Yaxşı şirin, məlahətli səsi var... Amma başqasını xəlvəti dinləmək yaxşı əlamət deyil... Niyə dilxorsan? Axı, sənə nə olub ey?.. Sənin təşəbbüsünlə gəlmişik bura... Vaxtınız da kifayət qədərdir. Saunanın xidmətçiləri də ki, öz dostun-tanışın. Bəlkə çimməyə tələsirsən?.. (Gülür) İstəyirsən yavaş-yavaş hazırlaş, soyun... Elə mən də soyunum. Yaman istidir... Elə bil od yağır havadan...

Qadın pencəyini soyunur, saçını darayır, divardakı şəkillərə baxır.

KİŞİ (bayıra): - Əşi, nə oldu, harada itib batdın? Bizə bir stəkan çay ver də...
KİŞİ SƏSİ (bayırdan): - Bu dəqiqə, bu dəqiqə. Şefin yanındaydım. İndi gəlmişəm... Çay içəcəksiniz, yoxsa?.. Yaxşı konyakımız, viskimiz də var...
KİŞİ (qadına): - Sən nə içəcəksən?
QADIN: - Etiraz etməsən, viski...
KİŞİ (bayıra) - Viski gətir...
KİŞİ SƏSİ (bayırdan): - Oldu, baş üstə, bu dəqiqə... Yanınıza gələ bilərəm? (Gülüş səsi). Soyunub eləməmisiniz ki?
KİŞİ (bayıra): - İndi özüm kömək edərəm sənə...
KİŞİ SƏSİ (bayırdan): - Hə, mən hazır. Buyurun...

Kişi qapıya yaxınlaşıb içəriyə doğru uzadılan məcməyini götürür, gətirib stolun üstünə qoyur. Məcməyidə piyalələr, şokolad, viski şüşəsi.

QADIN: - Hə, bu başqa məsələ...
KİŞİ (viskidən piyalələrə süzərək): - Mən viski içə bilmirəm...
QADIN: - Elə isə özünə araq götür... Çəkinmə, məndə pul-para var...
KİŞİ: - Yox, mən araq da içməyəcəyəm...
QADIN: - Eləsə ürəyin nə istəyir, sifariş ver...
KİŞİ: - Heç nə... İçmək istəmirəm. Mən içəndə həmişə davaya düşürəm...
QADIN: - Axı, heç davakar adama oxşamırsan...
KİŞİ: - Elədir... Davakar deyiləm... Amma çox sınamışam, içəndə dava-şava işlərinə rast gəlirəm. Daha doğrusu, dava-dalaş özü məni tapır...
QADIN: - Onda mən tək içim? Elə təklik mənim alnıma yazılıb?..
KİŞİ: - Niyə, içməyə adam tapılımır bəyəm?..
QADIN: - Mən hər adamla oturub-durası deyiləm ki? Evdəki də dilinə içki vurmur... Guya həkim məsləhət görmür...
KİŞİ: - “Guya” nə üçün?.. Bəlkə doğrudan xəstədir...
QADIN: - Bilirəm ki, yalan deyir... Xəsisliyindən içmir... Pul yığır...
KİŞİ (gülür): - Kimin üçün?..
QADIN: - Nə bilim?.. Yəqin başdaşı düzəltdirəcək...
KİŞİ: - Kimə?..
QADIN: - Əlbəttə, özünə...
KİŞİ: - Xəstədir?..
QADIN: - Yox ey... Nə xəstə? Bədəni sağlamdır. Ruhu, niyyəti xəstədir. Amma ölümdən yaman qorxur... (Qadın piyaləni başına çəkir). Hə, sağ ol. Sənin sağlığına. Ləzzətlidir... Nahaq içmirsən...

Yenə yaxınlıqdan qadın qəhqəhəsi eşidilir. Kişi ayağa durub gəzişir. Siqaret yandırır.

KİŞİ: - Görəsən, bu qapı açıqdır, yoxsa arxadan bağlanıb?..
QADIN (gülür): - Nədi, yoxsa saunaya keçmək istəyirsən?..
KİŞİ: - Hə... İstəyirəm...
QADIN: - Mən indi sauna paltarını geyərəm, sakitləşərsən...

Qadın soyunmağa başlayır.

KİŞİ (ona yaxınlaşır): - Dayan, dayan... Sonra... Hələ tezdir...
QADIN: - Görürəm ki, gözləməyə səbrin çatmır...
KİŞİ: - Yox ey... Sadəcə olaraq, qulağıma tanış səs gəlir...
QADIN: - Tanış səs?.. Qadın səsini deyirsən?.. Nə olsun ki?.. Ola bilər mənim də səsim kiməsə tanış gəlsin... Bunun üçün hansısa bir gic gəlib mənə tamaşa etməlidir?.. Özü də Həvvanın geyimində, çılpaq, lüt-üryan... Mən beləsinin gözlərini çıxararam...
KİŞİ: - Hətta, mənim də?..
QADIN: - Baxır nə vaxt, harada, hansı şəraitdə?.. Bir də ki, sən gic deyilsən axı...
KİŞİ: - Yaman hikkəlisən ha!..
QADIN: - Elədir... Düz tapmısan. Bayaq yalan dedim: guya ərim məni saymır. Yox, o, məndən it kimi qorxur...
KİŞİ: - Elə mən də qorxmağa başlayıram...
QADIN (gülür): - Yox, sən qorxma. Axı, sən qorxaq adam deyilsən. Sən cəsursan. Əsil kişisən. Mən kişilərin bu üzündən baxanda o biri üzünü görürəm, lap rentgen şüası kimi... Bilirəm kim hansı yuvanın quşudur...
KİŞİ: - Mən doğrudan da qadınlardan qorxuram...
QADIN: - Yalnız məkrli qadınlardan qorxmaq lazımdır. Axı, mən elələrindən deyiləm. Mən sirr saxlamağı bacarmıram. Ürəyimdən keçən söz, dilimdə bitir... Təbiətim belədir...
KİŞİ SƏSİ (bayırdan): - Ta sizə bir şey lazım deyil ki?..
Kişi (bayıra): - Hələlik, yox... Bəs sauna nə vaxt boşalır?..
KİŞİ SƏSİ (bayırdan): - Vaxtlarına lap az qalıb. Qoy çıxsınlar, gedib təmizləyəcəm oranı... İndi məni şef çağırır...

Kişi əsəbi halda var-gəl edib divardan asılmış şəkillərdən birinin önündə ayaq saxlayır, içəridən gələn səs-küyü dinləyir; hiss olunur ki, qapının o üzündə iki nəfər deyib-gülür, şənlənir, zarafatlaşır. Televizorda çalınan yüngül havanın ritminə uyğun rəqs edən Qadın əllərini havada yelləyə-yelləyə Kişiyə yaxınlaşır. Kişi örtülü qapının dəstəyindən yapışır. Qadın onun qarşısında dayanıb qəzəblə Kişinin üzünə baxır.

QADIN: - Sən nə edirsən? Deyəsən, ağlını itirmisən...
KİŞİ: - Əl çək yaxamdan... Hamınız rədd olun...
QADIN (ətrafa boylanır): - Hamımız?.. Sən lap sayaqlayırsan ki! Axı, nə olub sənə?.. Qapını niyə dartışdırırsan? Bu ki, tərbiyəsizlikdir...
KİŞİ: - Yəni sən elə tərbiyəlisən?..
QADIN: - Sən nəyə işarə edirsən? Mənim yad kişi ilə görüşməyimə? Bəyəm sən özün tərbiyəlisən?
KİŞİ: - Kəs səsini! Mənə əxlaq dərsi keçmə! Bildin?..
QADIN: - Qışqırma! Ona qalmış, elə ikimiz də bir tərbiyənin yiyəsiyik. Yad kişiynən yad qadın görüşür… deməli, onların hər ikisi eyni dərəcədə günahkardır... Əlbəttə, əgər bunu günah hesab etmək olarsa...
KİŞİ (diqqətlə onu süzür): - Yox, sən günahkar deyilsən... Təqsir məndədir...
QADIN (gülür): - Hələ bunu aydınlaşdırmaq lazımdır... Görünür, hər kəs gördüyü yaxşılığın əvəzini ödəmək istəyir...
KİŞİ: - Boş-boş danışma. Nəyin əvəzini nə ilə ödəyirsən? Məndən aralı dur!..

Kişi örtülü qapının dəstəyini dartışdırır. Sonra qapını yumruqla döyəcləyir.

QADIN (onun qolundan yapışır): - Deyəsən, sən doğrudan da gicsən! Nə edirsən?! Burax dəstəyi! Eşidirsən?! Bu saat aləmi bura yığacağam...
KİŞİ (onu itələyir): - Rədd ol!.. Mane olma mənə...
QADIN: - Tərbiyəsiz!
KİŞİ: - Kəs səsini, qancıq...
QADIN: - Sənin arvadındır qancıq... Bildin?
KİŞİ: - Kəs, dedim! Mumla... ağzını...

Kişi onun üstünə cumur. Qadın açıq qapıya sarı qaçır.

QADIN: - Ay aman, kömək edin!..

Kişi qayıdıb təpiklə örtülü qapını vurub açır. Açıq qapıdaniçəriyə tüstü-dumanı xatırladan buğ dolur. Gözü alacalaşan kişi özünü saunaya təpir. İçəridən səs-küy gəlir. Kişi, deyəsən buğun kiminləsə əlbəyaxa vuruşur. Qadın qapıya yaxınlaşıb içəri boylanır. Kəskin, qatı dumanı xatırladan buğda heç nə seçilmir. Bir azdan Kişi üst-başı suya, sabuna bələnmiş halda görünür; kimsə içəridən zərbə ilə vurub onu geri təpir. Qapı arxadan kilidlənir. Kişi əlləri ilə üz-gözünü qapayıb qışqırır. Onun qışqırığı həm də hönkürtüyə bənzəyir.

KİŞİ: - Aman Allah! Yox, yox! İnanmıram mən buna!..
QADIN: - Nə olub sənə?!. Niyə böyürürsən?!.
KİŞİ: - Aman Allah!.. Mənim arvadım...
QADIN: - Nə olub sənin arvadına?.. (Bir qədər sevincək). Yoxsa bayaqdan bəri arvadın imiş oxuyan?.. Nə olsun ki?.. İndi saunaya biz girəcəyik, onda da mən oxuyacam...
KİŞİ: - Rədd ol!.. Mən o ləçəri boğub öldürəcəyəm... İt kimi gəbərdəcəyəm onu...
QADIN: - Niyə?.. Sən başqasının qadını ilə görüşə bilirsən, amma başqası sənin arvadınla yox?! Bəyəm qadın kişinin xüsusi mülkiyyətidir?..
KİŞİ: - Mən indi göstərərəm ona... Ax, qancıq!.. Murdar...

Kişi yenidən saunaya, tüstü-dumanın, buğun içinə doğru hücum çəkir. İçəridən səs-küy, qışqırıq, söyüş, şappıltı eşidilir. Kişi yenə suya və sabun köpüyünə bələnmiş halda geri qayıdır.

QADIN (qəhqəhə çəkir): - Hə, aldın payını? Rahatlandın? Arvadını görə bildin?.. O idi səni yumruqlayan?.. Yoxsa o, tək deyil orada? Həəəə? O günü cavan, güclü oğlanları bir zərbə ilə vurub sərdin yerə... Amma indi... Deyəsən, doğrudan qorxursan... Ha-ha-ha...
KİŞİ: - İfritə!.. Ələ salırsan məni?.. Boğub öldürərəm...
QADIN: - Ay aman! Kömək edin!

Kişi indi də Qadının üstünə hücum çəkir... Musiqi. Qadın qışqıra-qışqıra sol qapıya sarı qaçır. Həmin qapının cəftəsini arxa tərəfdən bağlayır. Kişi yenə saunaya cumur. Onu içəridən zərblə vurub təzədən geri oturdurlar. Musiqinin sədası artır. Kişinin üst-başı sabuna bulaşıb. O, suyu süzülə-süzülə bilyard stoluna yaxınlaşır. Kiyi götürüb ox kimi əvvəlcə birinci qapıya tuşlayır. Kiy yaydan çıxan ox kimi Qadının arxasınca örtdüyü qapıya sancılır və... içəri keçir. Sonra Kişi ikinci kiyi ikinci qapıya atır. Kiy qapını deşib saunaya keçir. Qəfildən hər tərəfə sükut çökür. Musiqi susur. Kişi duruxur, çaşıb qalır. Sanki qəfil sükut onu təşvişə, qorxuya salır... Nəhayət, sol qapı açılır, sinəsinə ox, daha doğrusu, kiy “sancılmış” qadın görünür. Qadın səndələyə-səndələyə Kişiyə yaxınlaşır. Kişi heyrətdən yerindəcə quruyub qalıb. O, əlini atıb “oxu” - kiyi qadının köksündən çıxarır... Bayaqdan can verən, səndələyən Qadın sanki birdən-birə dirçəlir... Həzin musiqi sədası eşidilir və elə həmin musiqi sədası altında qadın Kişiyə yaxınlaşır. Qadın Kişinin köksünə sığınır. Kişi çaş-baş qalıb. Kişi geri çəkilib əlindəki kiyə dirsəklənərək Qadına baxır... baxır və qəti addımlarla saunaya açılan qapıya yaxınlaşır. Qadın da onun arxasınca gedir. Musiqi... İşıq azalır. Pərdə.











































İkinci hissə

Kişinin mənzili. Səliqəsizlik hiss olunur. Divanın üstünə qadın pal-paltarları atılıb. Otaqda diqqəti ən çox çəkən şey küncdə divar boyu yüksələn heykəllərdir. Otağın sağ və sol küncündə lepka (yapma) yolu ilə hazırlanmış kişi və qadın heykəlləri sanki mənzilin tavanını öz əlləri, çiyinləri üstündə saxlayıblar. Həmin heykəllərin görünüşündə bir tarixilik duyulur; bu, daha çox qədim yunan heykəltəraşlıq məktəbinin nümunələrini xatırladır. Heykəllər həm də canlı insana bənzəyir. Kişi otaqda əsəbi halda var-gəl edir, siqaret çəkir. Telefon zəngi. Kişi dəstəyi qaldırır.

KİŞİ (dəstəyə): - Hə, eşidirəm. Xahiş edirəm, bir də mənə zəng vurmayın. Bildiniz?.. Bəli, mən ağlımı itirmişəm! Sizi də öldürərəm, qızınızı da! (Pauza). O, daha mənim arvadım deyil. (Pauza). Mən nə gəzirdim saunada? Belə kefə, istirahətə getmişdim. Sonra? Hə, nə istəyirsiniz məndən? Siz pozğun ailəsiniz. Elə siz də, sizin qızınız da... Mənə zəng etməyin, məni dəng etməyin! Eşitdiniz?!. (Dəstəyi hirsə çırpır). “Bir mənə qulaq as”! Qulaq asmıram. Siz kimsiniz, axı?.. Pozğunlar...

Kişi yenə gəzişir. Qapı zəngi. Kişi gözcükdən baxıb geri çəkilir. Qapının zəngi yenə çalınır. Kişi könülsüz halda qapını açır. Əli çantalı Qadın daxil olur.

QADIN: - Salam! Necəsən?
KİŞİ: - Salam... (Təəccüb hissi ilə qadını süzür). Xeyir ola?..
QADIN: - Yəqin gözləmirdin məni?..
KİŞİ: - Buyur, eşidirəm...
QADIN: - Heç olmasa içəri dəvət et...
KİŞİ: - Dedim ki, eşidirəm... Sözünü de. Nə üçün gəlmisən?..
QADIN (gülür): - Ha-ha-ha... Nə olub sənə? Özünü nə yaman dartmısan!.
KİŞİ: - Sən necə gəlib çıxmısan bura? Bu ünvanı sənə kim deyib?..
QADIN: - Gəlmək olmaz bəyəm? Niyə xoflanırsan?.. Axı, sən ki, qorxmaz adamsan...
KİŞİ: - Xahiş edirəm, əl çək məndən. Mən ailəli adamam... Eşidib-bilən olar...
QADIN: - Bəyəm sən arvadını boşamaq istəmirsən? Ya bəlkə artıq boşamısan?..
KİŞİ: - Sən hardan bilirsən bunu? Kimdən eşitmisən?.. Bir də, axı, sən kimsən ki, mənim ailə işimə qarışırsan? Kim sənə bu haqqı verib?..
QADIN: - Mən özüm qazanmışam bu haqqı. Bildin?.. Dünyada hər kəsin öz haqqı var...
KİŞİ: - Sənin heç bir haqqını əlindən alan yoxdur. Xahiş edirəm, xatanı məndən uzaq elə. Səhv edib, səninlə tanış olmuşam...
QADIN: - Yoxsa məni xuliqanlardan xilas etdiyinə görə peşiman olmusan?..
KİŞİ: - Qətiyyən! Onsuz da mən hazırlaşırdım ki, gedib hər şeyi etiraf edim. Axı, sən özün oxudun, qəzetdə yazmışdılar ki, bizi aparan taksi sürücüsünü yaxalayıblar. Mənə görə hansısa günahsız adam nə üçün əzab-əziyyət çəkməlidir?.. Qoy məni cəzalandırsınlar, eybi yoxdur...
QADIN: - Səni nə üçün? Sənin ki, heç bir təqsirin yoxdur...
KİŞİ: - Necə yəni təqsirim yoxdur?! Camaatın uşağını vurub yıxmışam. Bəlkə də onlardan hansısa ağır zərbədən yaralanıb, lap ömürlük şikəst də ola bilər...
QADIN: - Cəhənnəmə ki... Onlar özləri günahkardı. Tanımadıqları bir qadına sataşırlar, igid bir oğlansa qəfildən çıxıb onların cavabını verir...
KİŞİ: - Hələ mən sənin onlarla tanış olub-olmadığını deyə bilmərəm. Bəlkə də bu bir oyundur.
QADIN: - Paho! Belə çıxır ki, mən böhtançıyam!..
KİŞİ: - Hələ bunu bilmək olmaz...
QADIN: - Elə mən də səninlə gedəcəyəm... Razı olmaram ki, səni şərləsinlər...
KİŞİ: - Xahiş edirəm, gedib öz işinlə məşğul olasan... Mən öz hüququmu özüm müdafiə etməyə qadirəm. Mənə şahid lazım deyil...
QADIN: - İcazə verirsən, əyləşim?..
KİŞİ: - Yox. Səni buraya heç kəs dəvət etməyib. Axı, sən mənim evimə nə üçün gəlmisən?..
QADIN: - Mən birdəfəlik gəlmişəm bura. Ta geri qayıtmaq fikrim yoxdur. Görürəm ki, sən də arvadının pal-paltarını yır-yığış edirsən.

Kişi kənara çəkilib diqqətlə, səssiz-səmirsiz, uzun-uzadı qadını süzür. Kedib kresloda əyləşir. Siqaret alışdırır.

KİŞİ: - Aydındır...
QADIN: - Aydın olan və olmayan nədir? Əslində bunların mənə heç bir dəxli yoxdur.
KİŞİ: - Anam, bacım, nə istəyirsən məndən? Axı, mənə nə vermisən, onu geri ala bilmirsən?
QADIN: - Mən indicə ərimlə dalaşıb vuruşmuşam...
KİŞİ: - Bunun mənə nə dəxli?..
QADIN: - Bütün bunlar sənə görə baş verib. Başa düşürsən məni? Səninlə görüşdüyümü bilib... Mən artıq onunla birdəfəlik qurtardım. Mən ona nifrət edirəm... Aydındır?

Kişi yenə diqqətlə qadını süzür, çarəsiz bir görkəm alıb çiynini çəkir, sonar siqaretinə dərin qullab vurub ayağa qalxır, telefona yaxınlaşır.

KİŞİ (dəstəyə): - Alo!.. Alo!..

Qadın ona yaxınlaşıb dəstəyi əlindən alır, yerinə qoyur.

QADIN: - Kimə zəng vurursan? Arvadına? Qayınana?! Polisə?! Mən heç kəsdən qorxmuram!.. Hətta, ərimdən də. Mən indi onu əzişdirib gəlirəm bura... Aydındır?
KİŞİ: -Bərəkallah! Yoxsa məni də əzişdirmək istəyirsən?..
QADIN: - Yox, səni yox... Axı, səni sevirəm. Mənə əl qaldırsan da səndən incimərəm...
KİŞİ: - Xahiş edirəm, çıx get... Bildin?.. Mənim işim-gücüm var...
QADIN: - Axı, sən işdən çıxmısan. Özün dedin ki... Qorxma, igid xilaskarım, mən işləyib səni saxlayacağam...
KİŞİ: - Xahiş edirəm, yalvarıram, çıx get. Onsuz da mən əsəbiyəm... Biz sonra görüşüb söhbətləşərik...
QADIN: - Mən elə hesab edirdim ki, sən cəsur, qorxmaz adamsan. Amma sən demə...
KİŞİ: - Sənin verdiyin qiymət mənimçün heç nədir... Sənə bir daha xəbərdarlıq edirəm: mənim şəxsi həyatıma qarışma. Çıx get buradan...
QADIN: - Sənə isə heç kəs icazə verməyib ki, məni təhqir edəsən! Qorxaq, yalançı!..
KİŞİ (əsəbi): - Əl çək yaxamdan!.. Səni heç kəs dəvət etməyib bura... Fırıldaqçı!..
QADIN: - Fırıldaqçı sən özünsən! Sən özün-özünü aldatmaqla məşğulsan... Özünü sədaqətli ər kimi sırımaq istəyirsən mənə, başqalarına... Lap elə öz arvadına... Axı, sən sevmirsən öz arvadını! Sən ona nifrət edirsən. Elə o da sənə... Siz siçan-pişik oyunu oynayırsınız... Sizin həyatınız başdan-ayağa saxtadır, butaforadır... Sizi daxilən bağlayan heç nə yoxdur! Bütün bunları mən yaxşı bilirəm... Əslində elə mən özüm də belə bir saxta, qurama həyatın oyunçusuyam. Mən də sənin kimi özümü sadiq, cəfakeş adam kimi tanıtmaq istəmişəm. Amma indi dərk edirəm ki, artıq qayıq sahilə yan alıb, ta buradan o yana yol yoxdur. Mən həyatımı təzədən qurmalıyam.. Bu saxta sədaqət oyunları, yalançı göz yaşları, suni imitasiyalar, nəhayət, öz ömrünü başa vurmalıdır... (Pauza). Mən səni ilk dəfə görəndə düşündüm ki, öz xilaskarımı, öz idealımı tapmışam... Səninlə tanış olduq, oturduq-durduq... Mən sənə vuruldum, sənə bağlandım... Mən anladım ki, sən arvadına nifrət edirsən. Mən də öz ərimə bəslədiyim hissləri səndən gizlətmədim... Fikirləşdim ki, nəhayət illər uzunu axtardığım adamı tapmışam...
KİŞİ (dəlicəsinə gülür): - Ha-ha-ha! Ha-ha-ha!..
QADIN (əsəbi): - Niyə gülürsən?!.
KİŞİ (acı-acı gülür): - Ha-ha-ha!.. Axtardığını tapmısan?.. Harada?..
QADIN: - Kəs səsini! Hırıldama!..
KİŞİ: - Ha-ha-ha... Axtardığını saunada tapmısan, hə?..
QADIN: - Qoy olsun... “Harada?”… Lap elə sauna olsun... Bəyəm harada görüşməyin bir mənası varmı? Biz nə üçün hər yanda çirkab axtarırıq? Elə öz daxilimizdə də...
KİŞİ: - Axı, sənin istəyin nədir?.. Sənin ağlın üstündədir, yoxsa?.. Bəlkə doğrudan da biz bir-birimizi düzgün başa düşməmişik? Bəlkə mən səni anlamıram? Bəlkə sən xəstələnmisən? Bəlkə də mən özüm...
QADIN: - Mən bundan sonra ətrafdakı adamları yamsılamaq istəmirəm. Mən hamı kimi olmaq istəmirəm... Olduğum kimi olmaq istəyirəm...
KİŞİ: - Hamı kimi olmaq istəmirsən?.. Bunun mənə nə dəxli? Bir də ki, başa düşmürəm, “hamı” deyəndə sən kimi, nəyi nəzərdə tutursan?
QADIN: - Meymun kimi bir-birini yamsılayan ikiayaqlıları… İndi aydın oldu? Mənim belələrinə heç “ikiayaqlı” deməyə də dilim gəlmir...
KİŞİ: - Heç nə anlamıram...
QADIN: - Niyə anlamırsan, niyə? Bir-birlərinə nifrət etdikləri halda bir otaqda, bir yataqda eşələnən canlıları deyirəm... Lap elə sənin özünü deyirəm. Lap elə sənin arvadını nəzərdə tuturam... Axı sizi heç nə bağlamır… Artıq mənim geriyə yolum yoxdur... Mən buradan heç yerə gedən deyiləm.
KİŞİ: - Soruşmaq ayıb olmasın: sən məni zorla özünə ər etmək istəyirsən?
QADIN: - Zorla?.. Bəlkə də lap elə zor güclə... Hə, nə olsun? Bəzən xəstəni zorla müalicə edirlər, əməliyyat aparırlar. Elə uşağı da zorla, döyə-döyə tərbiyə edirlər. Xoşbəxtlik heç vaxt öz ayağı ilə gəlmir ki!.. Onu da zorla əldə edirlər...

Telefon zəngi. Kişi dəstəyi götürür.

KİŞİ (dəstəyi götürür): - Eşidirəm... (Pauza). Oldu. İndi gəlirəm. Sağ olun. (Dəstəyi qoyur). Məni çağırırlar. Getməliyəm.
QADIN: - Gedə bilərsən. Amma tez qayıt. Sən gələnəcən mən də evi yır-yığış edərəm. Süpürgə-zad haradadır? Hər tərəf tör-tökülüntüdür ki...

Qadın çantasını götürüb yan otağa keçir. Kişi təəccüblə onun arxasınca baxır. Qadın qapını arxadan bağlayır. Kişi dəstəyi bursa da qapı açılmır.

KİŞİ (qışqırır): - Axı, sən mənim yataq otağımda nə axtarırsan?!. Sən kimsən, axı?.. Sən doğrudan gicsən, yoxsa özünü gicliyə qoyubsan?!. Deyəsən, dünyanın bütün gicləri axtarıb məni tapır... Aç qapını, aç! Eşidirsən?.. Karsan?.. Mən getməliyəm. Məni çağırıblar... Aç! Aç! (Qapının dəstəyini dartışdırır).
QADIN (içəridən): - Qışqırma! İndi gəlirəm...

Qapı açılır. Qadın görünür. O, toy (və ya bal) geyimindədir. Musiqi. Mendelsonun təntənəli musiqisini xatırladan şən musiqi sədası altında Qadın rəqs etməyə başlayır. Kişi geri çəkilsə də Qadın ona yaxınlaşıb əllərini irəli uzadır. Kişi duruxur, tərəddüd edir... Qadın ona təzim edir. Kişi sanki məcburən onun əlindən tutub rəqsə qoşulur. Get-gedə rəqsin tempi, sürəkliliyi artır... Kişi kədərli, Qadınsa şəndir. Nəhayət, rəqs başa çatır. Telefon zəngi. Kişi dəstəyi götürür.

KİŞİ (dəstəyə): - Hə, mənəm! (Pauza). Mən isə səni nəinki görmək, heç səsini belə eşitmək istəmirəm... (Pauza). Bəli! Əcəb eləyirəm! Rədd ol! Qurtardıq.

Kişi dəstəyi qoyur, Qadın ona yaxınlaşır.

QADIN (onun qolundan tutur): - Bilirəm, arvadın idi... Axır ki, sən həqiqəti dilinə gətirdin. Özündə iradə tapıb ürəyindən keçənləri deyə bildin... İndi sən olduğun kimisən...
KİŞİ (qışqırır): - Əl çək məndən! Nə istəyirsən, nə?..
QADIN: - Sakit ol! Cəsurlar sadə və təmkinli olur... (Pauza). Mən xəbərçiliyi xoşlamasam da sənə bir şey deyim. Qulaq as. Biz saunada olanda mən qəribə bir şeyin şahidi oldum... Sən üstümə hücum çəkəndə mən qapıdan bayıra qaçmaq istədim. Amma ora kiçik bir otaq imiş. Sənin tanışın, saunada işləyən kişini deyirəm, həmin vaxt orada yox idi. Amma stolun üstündə televizor vardı. Və o televizorda lüt bədənlər görsənirdi... Məncə, saunanın içində kameralar quraşdırılıb, oraya gələn adamları lentə alırlar...
KİŞİ (sarsılır): - Necə?.. Saunaya gələnləri lentə çəkirlər. Deməli, mənim arvadımı da... Bu, nə biabırçılıqdır?.. Bu, nə rüsvayçılıqdır?!.
QADIN: - Sakit ol, ə-sə-bi-ləş-mə...
KİŞİ: - Mən getməliyəm... Tez ol...
QADIN: - Mən buradayam... Mən heç yerə gedən deyiləm. Lap məni öldürsən də...

Kişi qəzəblə onu süzür. Nəsə fikirləşib qapıya yaxınlaşır. Hiddətlə bayıra çıxır. Şaqqıltı ilə arxadan qapını bağlayır. Musiqi. Qadın bal (toy) geyiminin üstündən sumkadan çıxartdıdığı xalatını geyir. Süpürgəni götürüb mənzili səliqəyə salmağa başlayır. Qapı döyülür. Qadın gözcükdən bayıra baxır.

QADIN SƏSİ (bayırdan): - Aç qapını...
QADIN: - Açar məndə deyil...
QADIN SƏSİ (bayırdan): - Sən kimsən orada?..
QADIN: - Mən? Mən bu evin gəlini! Yəqin sən cer-cehizini aparmağa gəlmisən, hə?..
QADIN SƏSİ: - İfritə! Aç qapını deyirəm! Bəs o alçaq haradadır? Joxsa qorxusundan gizlənib?..
QADIN: - Xeyir, o alçaq deyil! O, qorxaq da deyil. O, mərd, cəsur adamdır... Mən elə buna görə sevib-seçmişəm onu. Sən düz-əməlli tanımadığın adamı təhqir etmə. Bu, yaxşı xasiyyət deyil...
QADIN SƏSİ (bayırdan): - Sən nə axtarırsan mənim evimdə?.. Sən kimsən, axı?..
QADIN: - Sənə nə lazımdır? Keçmiş ərin sənin pal-paltarlarını yığıb divanın üstünə atıb. Mən onları necə verim sənə? Axı indi açar məndə deyil. Deyəsən səndə də açar yoxdur, hə? Neyləyim, o, qapını bağlayıb getdi. O, məni hamıya qısqanır… Mən indi bir növ məhbusam burada... Məhəbbət məhbusu...
QADIN SƏSİ (bayırdan): - Ah, alçaq, vicdansız, şərəfsiz, biqeyrət...
QADIN: - Sən gəl təhqirə keçmə. Mən öz xoşbəxtliyimi başqasının bədbəxtliyi üstündə qurmaq istəməzdim. Amma neyləyim? Bu da bir qismətdi, taledi... Mən indi çox xoşbəxtəm... Hə, istəyirsən, sənin pal-paltarını eyvandan üzüaşağı atım! Eşidirsən?!. Aşağı düş, eyvanın altında gözlə! İndi aşağı tullayacam... Eşidirsənmi məni?..

Bayırdan pillələri enən addım səsləri eşidilir. Qadın divanın üstündəki pal-paltarları özünün sumkasına yığıb eyvana yaxınlaşır. Sumkanı eyvandan aşağı atıb, geri qayıdır. Musiqi sədası altında mənzili yır-yığış edir. Qapı açılır. Kişi əlində çanta içəri daxil olur.

KİŞİ: - Mən hər şeyi aydınlaşdırdım...
QADIN: - Hər şeyi? Sən nə barədə danışırsan?
KİŞİ: - Sauna barədə... Orada çəkilmiş lent... Yaxşı ki, sən bunu mənə vaxtında dedin… Mən gedib o əclafı tapdı, o lenti çəkəni deyirəm. Köhnə tanışımdır... Dedim ki, alçaq, indi səni boğub öldürəcəyəm. O, qorxusundan hər şeyi boyuna aldı... Doğrudan da saunaya gəlib-gedən adamları videoya çəkirmişlər... Alçaqlar... Həqiqətən mənim arvadım biz orada olanda saunaya gəlibmiş...
QADIN: - Keçmiş arvadın...
KİŞİ: - Yaxşı, qulaq as... Mən o it oğlu iti xirtdəkləyib çəkilmiş lenti gətirtdim. Lentə elə oradaca baxdım. Arvadım...
QADIN: - Keçmiş arvadın...
KİŞİ: - Lap elə olsun “keçmiş!” Sənə nə var?..
QADIN: - Yaxşı, davam elə... Ə-sə-bi-ləş-mə!..
KİŞİ - Mənim arvadım... arvadım saunaya öz rəfiqəsi ilə gedibmiş. Mən o lenti özümlə gətirmişəm...
QADIN: - Bəyəm sən özünü içəri təpəndə görməmişdin ki, arvadın orada kişi ilə çimir, yoxsa qadınla?..
KİŞİ: - Orada göz-gözü görürdü ki?.. Mən heç öz arvadımın sir-sifətini düz-əməlli seçə bilmişdim ki? Hər tərəf tüstü-duman idi. Buğ aləmi bürümüşdü...
QADIN: - Bəs oradan səni niyə təpikləyib çıxartdılar? Bəyəm arvadının yanındakı o kişi, yəni sənin sözünlə desək, o qadın, belə güclü imiş?!
KİŞİ: - Axı, mənim arvadımın rəfiqəsi idmançıdır... O, kultristdir - yəni əzələ oynadan... Onlar birləşib məni saunadan qovdular...
QADIN: - “Qovdular”! Ha-ha-ha!.. Bəlkə “döydülər” deyəsən?.. Hə?.. Bu necə ola bilər?.. Sən iki cavan-cüssəli oğlanı yumruğunun altına salıb əzişdirirsən, amma iki qadının öhdəsindən gələ bilmirsən?!.. Hə?..
KİŞİ: - Budur, lent buradadır...
QADIN: - Bəyəm lenti montaj etmək elə çətindir?..
KİŞİ (qışqırır): - Kəs səsini! Bir də, axı, sən kimsən ey?.. Məni istintaqa çəkmisən... Mənim arvadım...
QADIN: - O, gəlmişdi...
KİŞİ: - Kim?
QADIN: - Sənin keçmiş arvadın...
KİŞİ: - Nə vaxt?..
QADIN: - Bayaq...
KİŞİ: - Bəs haraya getdi?.. Hanı, o?..
QADIN: - Mən nə bilim? Dedim ki, ərimin işi oldu, getdi... Qapı bağlı idi... Nə əcəb onun açarı yoxdu?..
KİŞİ: - İfritə!..
QADIN: - Sən keçmiş arvadını bu cür çağırırsan?..
KİŞİ: - Yox, sənsən ifritə!... Onda həmişə cəmi bir açar olur. Mənsə bayaq qıfılların hamısını bağlamışdım. O, haraya getdi? Bilmədin ki?..
QADIN: - Yox. Nəyimə lazımdır? Hə, pal-paltarlarını eyvandan atdım bayıra, rədd olub getdi. Axı, o, səni sevmirdi... Siz nə vaxtacan yalançı “sevgi-sevgi” oyunu oynayacaqdınız?.. Doğrudanmı insan bütün ömrü boyu rola girməlidir?.. Axı, bu yalanın, bu saxtakarlığın bir sonu olmalı idi, ya yox?!.
KİŞİ: - Sən məni, mənim ailəmi ləkələmək istəyirsən...
QADIN: - Mən?!. Qətiyyən! Bəyəm səni keçmiş arvadını saunaya mən aparmışam?..
KİŞİ: - İftira danışma! Mən o saunada çəkilən lentlərin çoxunu özümlə gətirmişəm... Orada nəhəng bir filmoteka vardı. Mən o yaramazın şefini tapa bilmədim... Hələ gör bir onların başına nə oyun açacağam?!.
QADIN: - Onların nəyinə gərəkmiş o lentlər? Bəlkə parnofilm-zad çəkirmişlər?.. Yoxsa onlar hansı məqsədlə girişiblər bu işə?..
KİŞİ: - Tamahkarlıq məqsədilə. İmkanlı adamları saunada gizli kameralarla çəkib şantaj etmək, külli miqdarda pul qoparmaq məqsədilə... Bəlkə elə mən özüm də elə bu şantajın qurbanı olmuşam?!. Çünki məni sıxma-boğmaya salanda yuxarıdan dedilər ki, əllərində bəzi-bəzi faktlar var... Guya eyş-işrətlə məşğul olmuşam... Axı, mən, gizlətmirəm, arabir həqiqətən öz dostlarımla oraya, o saunaya gedirdim... İndi mən lazımi yerlərdə sübut edərəm kimin “eyş-işrətlə” məşğul olduğunu. Gör bir nə yolla pul qazanmaq, dolanmaq istəyirlər? Doğrudanmı bu dünyada yaşamağın yalnız bir yolu var: alçaqlıq yolu?..
QADIN: - Yoxsa sən keçmiş arvadınla barışmaq istəyirsən?..
KİŞİ: - Mən ondan üzr istəməliyəm... Səhvimi etirfa etməliyəm... Nə üçün arvadım mənə görə əzab çəkməlidir?..
QADIN: - Siz hər ikiniz əzab çəkirsiz... Bu, doğrudur... Amma bu əzab başqa şeyə görədir. Siz bir-birinizə nifrət edirsiniz... Siz bir-birinizi didməyə, parçalamağa hazırsınız... Bax, o əzabın kökündə də elə bu dayanır...
KİŞİ: - Cəfəng şeylər uydurursan... Yaxşısı budur çıx get... Əlim-ayağım dəyməmiş... Yoxsa sənin üçün pis olar...
QADIN: - Ha-ha-ha!.. Mənə hədə-qorxu gəlirsən?!. Nə sən buradan çıxıb gedəcəksən, nə də mən...
KİŞİ: - Rədd ol!.. Sən mənim həyatımı zəhərləmək istəyirsən...
QADIN: - Xeyr! Mən sənə xoşbəxtlik gətirmişəm. Mən səni tanımasam belə, illər uzunu sevmişəm... Axtarıb-arayıb zorla, həm də az qala təsadüfən tapmışam... Elə sən də ömrün uzunu məni soraqlamısan. Biz indi bir-birmizə qovuşmuşuq. Sən öz səadətinə çatmısan. Sən ömrün boyu ləyaqətli, namuslu, ecazkar bir qadınla yaşamaq arzusunda olmusan. Elə deyilmi? İndi o qadın sənin qarşındadır! Mən sənə heç vaxt xəyanət etməyəcəyəm. Mən səni həmişə sevəcəyəm. Səni oxşayacaq, əzizləyəcək, sənə son nəfəsimədək sadiq qalacağam... (Pauza) Axı, ilk görüşümüzdə sən mənə nələr deyirdin, nələr?.. İlahi, elə o anlardaca mən qət etdim ki, yox, bu görüş adi bir görüş, təsadüfi bir tanışlıq deyil. Bu qəzavü-qədərdir, bu - alın yazısıdır. Sən mənim olmalısan, mənim!
KİŞİ: - Rədd ol! İfritə! Sən iblissən, sən şeytansan! Yaxınlaşma mənə. Uzaq dur məndən.

Kişi hiddətlə Qadını süzür. Musiqi. Vals çalınır. Qadın bayaq əyninə geydiyi xalatı soyunur, bal paltarında qalır və təmkinli, asta addımlarla ona yaxınlaşır, ona sığınır, onu qucaqlayır. Kişi duruxur. Elə bil o, nədənsə əzab çəkir. Kişi Qadının nəvazişindən mütəəssir olsa da özünü ələ alır. Geri çəkilir. Qadın dəlicəsinə qəhqəhə çəkib yenidən ona doğru addımlayır. Kişi qışqırır: “Rədd ol!”. Qadın gülür. Kişi hiddətlənir. Ətrafa boylanır. Əlini uzadıb sanki onu boğmaq istəyir. Qadın qəzəb dolu gülüşlə onu təqib edir... Və Kişi qəfildən Qadını şillə ilə vurur. Qadın müvazinətini itirir, yenə ona doğru addımlayır. Qapı döyülür. Kişi ayaq saxlayır. Qadın qapıya yaxınlaşır.

QADIN SƏSİ (bayırdan): - Aç qapını, aç! Eşitmirsən?!.
QADIN: - Bu qapı sənin üzünə heç vaxt açılmayacaq...
QADIN SƏSİ: - Axı, sən kimsən?
QADIN: - Mən mələyəm... Mən göylərdən gəlmişəm... Mən bu evə, bu evin sahibinə xoşbəxtlik gətirmişəm. Biz indi dünyanın ən xoşbəxt adamlarıyıq!
QADIN SƏSİ (bayırdan): - İfritə! Sən mələk yox, iblissən...
QADIN (gülür): - Ha-ha-ha! Qoy olsun... Əsas məsələ budur ki, biz xoşbəxtik... (Kişiyə) Elə deyilmi?!.

Pilləkəndə ayaq səsləri; deyəsən, bayırdan səsi gələn qadın çıxıb gedir... Qadın şok vəziyyətinə düşmüş Kişiyə yaxınlaşır. Kişi geri çəkilir. Qadın yenə onu təqib edir. Kişi eyvana doğru addımlayır.

KİŞİ: - Dayan! Mənə yaxın gəlmə! Deyəsən, doğrudan da mən indi xoşbəxtliyin kandarındayam...
QADIN: - Elədir... Özü də lap bir neçə addımlığındasan... (Qollarını yana açır). Tələs, tez qovuş öz səadətinə, xoşbəxtliyinə... Bu, sənin alın yazındır... Elə mənim də...
KİŞİ: - İnsan öz xoşbəxtliyindən də intihar edə bilər...
QADIN: - Elədir... Xoşbəxtlik bəzən ölümə bərabər olur.

Qadın Kişiyə yaxınlaşır. Kişi eyvana çıxır. Qapını öz arxasınca örtür. Az sonra ağır, küt bir tappıltı səsi gəlir. Deyəsən, Kişi eyvandan özünü yerə atır. Qadın heyrətlə qapını açıb eyvana çıxır. Kişi orada yoxdur. Musiqi. Qadın eyvana açılan qapıdan çıxır. Qapı Qadının arxasınca örtülür. Yenə tappıltı eşidilir. Deyəsən, Qadın eyvandan özünü yerə atır. İşıqlar öləziyir, sönür. Az sonra işıqlar təzədən yanır... Kişinin mənzilinin sütunları. Amma bu mənzildə nəyinsə dəyişdiyi hiss olunur: Kişi və Qadın heykəlləri sanki canlanır. O heykəllər Kişi və Qadını xatırladır. Evin tavanı həmin heykəllərin çiyni üstündə dayanıb. Musiqi səsi get-gedə azalır.

Pərdə

SON


12 dəfə oxundu

Axtarış