Alın yazısı
Müəllif: Rəşid Bərgüşadlı


2017-10-30 05:28:37


Qaranlıq zirzəminin havası da qaralmışdı. Göz-gözü görməyi o yana dursun, adamın nəfəsi daralır, ciyərləri tıncıxırdı. Torpaq döşəmə hər nəfəsini verəndə nəm mizgək qoxurdu. Görünür onlardan əvvəl də burda dustaq saxlanırmış, – “Zirzəminin canına hopmuş bu qan, sidik və nəcis qoxusu ömürbillah çəkilən deyil” – düşündü. Qızı onun çiyninə söykənib sol qolunu qucaqlamışdı, qorxudan ürəyi quş kimi titrəyirdi yazığın.
Onu qızının gözləri qabağında o ki var əzişdirmişdilər. Qollarını da açmamışdılar, əclaflar. Elə qolubağlı da zirzəmiyə tullamışdılar. Məftil biləyini kəsmişdi. Səlbiyə heç nə eləməsələr də vəhşi baxışlarıyla qızı yeyib bitirmişdilər. Atasının harayına çata bilməyən qızın bağırmaqdan səsi batmışdı. İki cantaraq döyüşçü qızı güclə tutub saxlayırdı. Çırpındıqca köynəyinin düymələri qopur, sinəsi açılırdı, bu da onları dövrəyə alan quduz sürünü daha da nəşələndirirdi.
– Mən adi çobanam, bu müharibənin mənə heç bir dəxli yoxdur, buraxın gedim, ailəm nigaran qalacaq!.. – amma kim idi onun bu yalvarışına baxan... Əksinə, təpiklərin sayı da çoxalırdı, zərbələrin gücü də. – Bircə balama toxunmayın, yoxsa... – bu hayında ancaq qızını düşünürdü.
– Yoxsa nə? – saqqalından kir süzülən döyüşçü avtomatın qundağıyla döyürdü indi onu. – De da, yoxsa nə, itin küçüyü!?
“Əl-qolu bağlı olsam da sizi dişimlə gəmirərəm – lap daşdan, qurğuşundan olun – sizi mum kimi çeynəyib udaram, toxumunuzu yer üzündən kəsərəm, torpağınızın altını üstünə çevirib kökünüzə od qoyaram!..” – hər təpik yedikcə demək istədiyi bu sözlər ağzında qana bulaşır, ilişirib udlağında qalırdı. İnsanlığı sevən günahsız birini qatil yerinə qoyub linç edəndə, onun qatil olmaqdan başqa əlacı olmur. İncavara, bir zabit dəstəyə yaxınlaşanda döyənlər ara verdilər. Kim idisə “Niva” ilə gəlmişdi – “Yəqin komandirləridir” – ağzının qanını silib yazıq-yazıq onun üzünə baxdı. – Məni öldürün, amma qızıma toxunmayın... – mərhəmət dilədi ondan, – “Erməni olanda nolar, o da insandır, bəlkə...”. Amma zabitin gözü onun 17 yaşlı mələk qızındaydı. Yaxınlaşıb əlini qızın yarıaçıq sinəsindən içəri salanda ərtafdakılar arsız-arsız irişdi. Qızın döşünü azca sıxdı, şalvarının qabağını açıb yerdə sərili qalan atasının al qan içində olan sifətinə işədi, sonra da, – Atın zirzəmiyə, qızı mənə saxlayın – deyib getdi. Üz-gözünün sidiyini silib bircə bunu deyə bildi, – Oğraşlar!.. Onu leş kimi sürüyüb yaxındakı kazarmaya gətirdilər, arxasınca da qızını. Kazarmanın taxta döşəməsinin balaca qapısını qaldırıb onu təpəsiaşağı zirzəmiyə buraxdılar. Çiyniüstə yerə dəyəndə bayaqkı küt ağrıların üstünə ildırım çaxdı elə bil. Səlbini taxta nərdivanla düşürdülər. Sısqa əsgər geri qayıdanda qızın dalını qucaqlayıb kərkindi, zirzəmidən çıxıb qapını örtəndə isə, – Komandirdən sonra növbədə ikinci özüm olacam – deyib dişlərini qıza ağartdı.
– Sənin südünə!.. – Dilqəm dişlərini qıcayıb onun dalınca mırıldadı.
“Gör nə günə qaldım, başıma kül oldu mənim!.. Axı mənə deyən lazımdır ki, qan-qadalı vaxtda niyə naxırın ağzını “Qızıl qaya”ya döndərirsən – özü də düz meşənin kənarına? Demirsənmi, meşədən çıxıb səni qol-budaq edəcəklər”... – qolunu tərpətmək istədi, zoqqultuya zarıdı. Səlbi dinməzcə atasının qollarını açdı. Gözünün qabağında xurd-xəşil edilmiş, murdarlanmış atasına nə təsəlli verə bilərdi ki... Hələ qızın gözü qabağında erməni zabitin iyrənc alətini nümayişkəranə çıxarıb atasının üzünü murdarlayarkən ətrafdakıların pıqqıltıyla irişmələri... – nifrət qızın içindəki qəhəri çoxdan qovub çıxarmışdı.
Tövşüyürdü hirsindən, az qalırdı havalansın, – “Qızı zorlayacaqlar, bunun hıncı-mıncı yoxdu. Allah mənə ölüm versin, bu nə zibil idi uşağı saldım... Aman, ya Rəbbim, sən məni öz namusumda boğma. Son pənahım sənsən, qurtar bizi bu binamus, zalım insanların əlindən. Ucuz ölüm ver mənə, kor-kar elə məni, təki qızımın murdarlandığını gözüm görməsin, çığırtısını qulağım eşitməsin!.. Yazıq balam, axı nə günahın sahibiydin sən?” – başını qızının saçına söykədi, onun telini sığalladı, – Qızım, qorxma... – qəhər hulqumunda düyünləndi, əli yanına düşdü, – “Necə qorxmasın? Bir azdan üstündən bir alay keçəcək – Allah götərməsin...” – pencəyinin yaxasıyla hələ də sidik qoxan qanlı üzünü sildi.
* * *
Elə bil min ilin küsülüləriydilər, lal-dinməz bir-birinə söykənib oturmuşdular. Danışmağa, bir-birinə deyəcək o qədər sözləri vardı ki.., amma olacaq başlarına gəlmişdi, aqibətləri ikisinə də gün kimi aydın idi. Danışmağa, təsəlli verməyə heç bir lüzum yox idi...
Döşəmə taxtalarının arasından seyrək işıq süzülürdü. Beyninin guppultusu az qalırdı qulaqlarının pərdəsini cırsın, – Sənin nə günahın vardı axı... Atana çörək gətirmişdin. Dürməyimiz heybədə, suyumuz boğazımızda qaldı. Kimin ağlına gələrdi ki, bu bişərəflər meşənin içiylə bu qədər irəliləyərmişlər. Bəs bizim qırılmış əsgərlərimiz kordurlar, hara baxırlar görəsən?
– Həmişə sürünü otardığımız yer idi, nə ağlımıza gələrdi... – Səlbinin xırıltılı səsi onun içini tərpətdi.
– Öz ayağımızla düşmən tələsinə düşdük...
...Zirzəminin ensiz qapısı açılanda Səlbinin canına üşütmə düşdü, atasının qolunu bərk-bərk qucaqladı, çiyninə daha bərk qısıldı. Nərdivandan düşən yenə həmin sısqa erməniydi. Türkcə, – Vaxtdır, komandir səni istiyor – əyilib Səlbinin qolundan dartdı.
– Ata, qurban olum, bağışla məni, haqqını halal elə!.. – kömək istəmədi, kömək edəcək halı və qüdrəti yox idi atasının. Əyilib atasının boynunu qucaqladı, sidik qoxulu üzündən öpdü və gözlərinin yaşını silib nərdivana doğru yeridi. Dilqəm güc-bəla dikəlib qızını qucaqladı, indi onun qızına deyəcəyi o qədər sözü var idi ki, ancaq zamanı yox idi. Can çəkişə-çəkişə nərdivanı çıxdı Səlbi. Yuxarıda – işığın altında tir-tir əsən qızı ona əlini uzatdı, – Ata!.. – əlinə qaranlıq havanın sidikli rütubətindən başqa heç nə keçməyəndə ovcunu sıxdı. Qapı tappıltıyla bağlananda elə bil Dilqəmin namusu qapı arasında sıxıldı – içində qıvrılan qəhəri körükləməyə ancaq gücü çatdı. Dizüstə çöküb sinəsini, başını yumruqladı. Addım səsləri itən kimi dalıqatda sərilib sinəsini yırtaraq ağızdolusu hönkürdü...
– Qız əkdiyin yerdə belin qırılaydı, Dilqəm!.. Çobanlıqdan başqa bir işim, bir günahım olmayıb, bu hansı günahımın cəzasıdır mənə çəkdirirsən?! Yoxsan, adına and olsun ki, yoxsan! Kişi deyilsən, adamlığın da yoxdur, nə qeyrətin, nə də namusun var sənin! Olsaydı, şəninə oxunan mədhiyyələri, duaları bir tərəfə tullayıb mənim halıma yanardın, mənə bir çarə verərdin. Oğlan olsaydı, gözümün qabağında tikə-tikə doğrasaydılar da vecimə almazdım, əldən gedən qızımdır, İlahi, namusumdur, qeyrətimdir! Bu saat yardımına ən çox ehtiyacı olan bəndən mənəm. Sən namərdsən, bunca illər boşuna sənin adına sığınmışıq demək... Qızımı indi zorlayanlar, qoy sənin də qızını zorlasın, onda bilərsən nələr çəkdiyimi! Gücün yetirsə, heç olmazsa mənə ucuz bir ölüm ver...
– Alçaq türk, sənə bu da azdır! – hönkürtüsünə, hay-həşirinə yuxarıdakı əsgərlər şənlənirdi.
Yüyürüb nərdivana çıxdı, salamat çiyni ilə ha gücəndisə, qapını aça bilmədi. Döşəməyə yıxıldı...
– Qapında itin olum, ya Rəbbim, qızımı xilas elə. Neynirəm iş-işdən keçəndən sonra verəcəyin səbri. Mənim, qızımın canını al, amma onu kirlənməyə qoyma. Bu ölümdən betərdir. Qız uşağı hər evin namus çırağıdır, evimin çırağını söndürmə, insafsız! Qoy qollarımı kəssinlər, boynumu vurdur, amma məni namus yarasıyla sağ buraxma. Rüsvayçılıq ömürdən uzundur, məni rüsvay eləmə. Allah, Allah, ay Allah.., yatma, dur, qurbanın olum, dur, qoyma qızımı kirlətsinlər, göstər allahlığını... Qazan qarası gedər, namus qarası getməz, namussuz kişi Allah yolunu getməz, kişi. Kişi ol, uzat əlini, göstər qüdrətini, göstər! Tək dostum sən ol, qoyma dostunun namusunu zorlasınlar. Gözümdən düşmə, Allah!.. Hər kişinin çarəsiz qaldığı an olurmuş, tut əlimdən, mənə kömək elə, tək pənahım sənsən... – yerdən torpaq götürüb üz-gözünə sürtür, ağış-burnuna doldurur, hərdən isə qızının çığırtısını eşitmək istəməsə də qulağını döşəmənin işıq süzülən yarığına şəkləyirdi...
– Qızım, gözəl qızım... Anamın adını qoydum ki, adıyla böyüyəsən, adım da getdi, qızım da, anam da. Hər şeyim səninlə getdi. Zavallı balam, axı nə gördün bu dünyada... Səni dağlarda kəklik kimi səkən görəndə bəxtəvər olmağını necə istəmişəm, bir bilsən... Sən hər kəsin qızı kimi deyilsən ki, sən mənim gözlərimin nuru, ağzımın dadıydın. “Dadıydın” yox, dadısan, ayaqlarının altında ölüm, qızım... Əlimdən bir şey gəlmir, qurbanın olum, bağışla bu nakəs atanı. Sənə ata olan günümə daş yağaydı, ananın qarnı yırtılaydı, mənim belim qırılaydı səni əkib-doğduğumuz yerdə. Yəqin ona görə qız uşağı doğulanda ərəblər onu diri-diri basdırırmışlar... Ağır yüküymüşsən, çox ağır, Səlbi, mələk balam...
Zirzəmidə vargəl edəndə ayağına nəsə ilişdi. Su dolu vedrəydi. Vedrəni götürüb işıq sızıntısının altına qoydu. Özünü görə bilmədi. Üzünə su çırpdıqca qızının gözəlliyini gözləri önünə gətirib ağlayırdı. “Yazıq xocalılar, başınıza nə oyunlar açıbmışlar sizin... İndi öz başıma gəlir o vaxt ağlıma yerləşməyən şeylər. Anam mələr qaldı...”. – Ana, Allah nainsaf çıxdı, bizi dayaqsız qoydu, ana... – üzünü qulaqlarınadək suya soxub hönkürdü. Vedrə dar və dayaz olmasaydı məmnuniyyətlə özünü boğardı.
Dilqəm başını itirmişdi. Atalıq, kişilik kələfinin ucunu taleyin əlinə verib havadan asılı qalmış, həyatın sükanını alın yazısının hökmünə vermişdi. İndi o, çayda üzən saman çöpüydü, ondan yapışacaq, imdad diləyəcək bir nəfər vardı, o da əli boşa çıxan çarəsiz qızıydı. Ürəyinə dammışdı ki, Allah ondan üz döndərib və onun imdadına yetməyəcək. Yenə suya baxdı, bu dəfə anasını daha aydın görmək üçün...

* * *
Anası ətrafda baxıcılığıyla məşhur qadın idi, oğluna təbiətlə bütövləşməyin çox sirrini öyrətmişdi. Elə olurdu ki, yolla gülə-gülə bir iş dalınca getdikləri yerdə qabağına çıxan bir təsadüfi adamın qara taleyini görüb pəjmürdə olurdu və oğluna heç nə demədən kor-peşiman evə dönürdülər. Elə hər şeyi görə bilməsi onun ən böyük başağrısı oldu, axırda onları insanlardan uzaq dağlara çəkmişdi, oğlunu çoban eləmişdi. Yazı-yayı yaylaqda çadırda qalırdılar, bir də payızın ortalarında düşərdilər kəndə.
Anası ona öyrətmişdi: – Xəyal eliyəndə, bir şey arzulayanda elə et ki, Allahın sehrli əli istədiyin o şeyi alın yazına yaza bilsin. Yoxsa, sənin zorla yazdığını Allah alın yazından elə silər ki, xəbərin də olmaz, əvəzində isə sildiyi yerə əzab yazar. Allaha xoş gəlməyən, insafsız şeyi arzulama. Allahın da ruhu var, onun ruhudur yeri nəfəsiylə isidən. Allahın ruhuyla alın yazın üst-üstə düşəndə, sən istədiyini Allah da istəyəndə, bax həmin arzun həyata keçəcək. Allahın ruhuyla uyuşmayan istək saat əqrəbinin dalınca düşən zamana bənzər – əqrəb qaçır, zaman geridə qalır və xəyal etdiyin həyata keçə bilmir, çünki, sən yanlış arzunun arxasınca düşmüsən. Allah dayanıb səni gözləməyə borclu deyil. Necə ki deyirlər, – “Arxasınca qaçdığın nemət hələ sənin deyil, sən öz qismətini gözləməlisən” – sən dayanmadan irəlilə, geridə qalan qismətin özü səni gec-tez yaxalayacaqdır. Ümid və xəyallardan yana çırpınan ürək həmişə ağrıyacaq. Allahın ruhunu tutub getməlisən. Dünyanı qorxunc bilənlər üçün dünya həqiqətən qorxuncdur. Amma çarə var – dünyanı olduğu kimi yaşamağı bacarmaq, zamanı tələb etdiyi kimi yaşamaq. Sahib olduğumuz şeyləri itirməkdən ona görə qorxuruq ki, Allahın ruhu əlini bizdən üzür – axı bunu yazan Odur... Amma sidq-ürəkdən istəyəndə Allah da bizimlə həvəsli davranır. Qəlbini dinlə, o, hər şeyi səndən yaxşı bilir...
Bir dəfə yarğandan yıxılmışdı. Ayağı burxulmuşdu. İki il bundan qabağın söhbətidir. Dilqəm onda ölməkdən çox qorxmuşdu. Anası onun ayağına yaxu qoya-qoya elə danışırdı ki, özü-özündən utanmışdı. – Əzab çəkmək qorxusu ağrının, əzabın özündən də pisdir. Bu dünya bundan da gözəl bir dünyanın olduğunun sübutudur. Allahın Ruhuna qovuşanda hər şeyin doğru olduğuna əmin olacaqsan – Allahın imtahanı nə qədər acı olsa da... Allah sənə heç vaxt xəyanət etməz, ondan gözləmədiyin zərbəni sənə vurmaz. İnsanın ruhunda torpağın, hava, su, işığın hərəsinin ruhundan bir azcası var – ona görə onlar kimiyik – gah nurlu, gah sərin, gah da hirsli... Allahın ruhu bütün ruhların bütövüdür. Külək səhranın ruhuyla bir cür danışır, meşənin ruhuyla bir cür, dənizin ruhuyla başqa bir cür. Allahın ruhunu tuta bilsək həyatımızda fırtına, tufan olmaz. Bir işi görməyə əminliklə qərar vermisənsə, Allahın ruhu da səninlə olacaq deməkdir... – o, sanki Allahdan vəhy alıb ayə-ayə oğluna çatdırırdı.
“Budurmu mənim qismətim?” – çıxan qolu qucağında o baş-bu başa var-gəl edib durmuşdu. – Ölümdən qorxmursanmı, ana – onda ağrıları səngiyəndə ağbirçək anasının nəvazişli gözlərindəki həyat eşqinə valeh olmuşdu.
– Ölümdən yox, ölməkdən qorxuram – demişdi onun mətin anası...
Qəfil qopan həyacan siqnalının səsi iliyindən ildırım kimi elə keçdi ki, namusun məhz ilikdə olduğunu kəsdirdi – iliyi mələdi, sümüyü gizildədi elə bil. Zirzəminin tavanında tələm-tələsik ayaq səsləri basabas salanda, – “Allah hey, indi bizimkilər gələ!..” – gözünü tavana dikdi. – Sənə qurban olum, Allahım, bağışla məni, hədyan düşündüm haqqında, göstər şücaətini, itin-qurdun olum, gəl xilas elə bizi”... Yuxarıda kazarmaya tələm-tələsik girib-çıxanların, metal cingiltilərinin sayı artırdı. Əsgərlər silahlarını götürüb kazarmadan qaçırdılar. Az keçməmişdi ki zirzəminin qapısı açıldı, həmin sısqa erməni Səlbini biləyindən tutub pilləkənin yarısınadək enməyini gözlədi, sonra əlindəki falqalı qabı qıza verib qapını örtdü və üstdən kilidlədi. Qapı hələ örtülməmişdən kəsdirdi ki, Səlbinin saçı islaqdır və əyninə hərbi kamuflyaj geyinib. Öldü, qanı damarlarında dondu, əlləriylə üzünü qapayıb bir küncə qısıldı, yumaq kimi büzüşüb dizüstə çökdü. İçin-için hıçqıranda Səlbi əlini onun çiyninə qoydu, – Ata, üzmə özünü, salamatam, heç nə etmədilər – macalları olmadı. Elə mən hamamdan çıxan kimi həyəcan siqnalı verdilər, birbaş bura gətirdilər. Deyəsən bizimkilər hücuma keçiblər. Bəlkə bizim əsir düşdüyümüzü bilirlər, bizi xilas etməyə gəliblər?.. – atasının boynunu qucaqladı, – “Alnımıza nə yazılıbsa, o da olacaq. Qədərimizi yazan, ancaq özü poza bilər. Küləyin havada yellədiyi quş lələyi kimi çarəsizik, ata. Mənə görə özünü üzmə”...
– Deyirsən sənə toxunmadılar?.. – üzünü qızının yanağına sürtdü.
– Quran haqqı, yox...
Tavanın qapısı azca aralı qalmışdı – işıq bu aradan düz onun üzünə düşürdü, – “Allahım, səndən gələn iynə ucu boyda işıqda nə qədər güc varmış... Göstər özünü, yorulma məndən, sən adilsən, rəhmansan, sənin ruhun istəməsə, kimsə ruhuma toxuna bilməz. Yazmısansa, özün sil alnımızdan namussuzluğu, bizi öz kölgənə al, ey ulu Xaliq... – içində bir arxayınlıq cücərdi. Çıxıb qapını itələdi, açılmadı. Qolunu qızının boynuna dolayıb sakitcə yırğalandı. “Bəlkə də çaylar ona görədir ki, insan balıqları görüb özlərinin sağ olduqlarına sevinsinlər” – anasının səsi qulaqlarında cingildədi. – “Allahın min bir sifəti var, onu hər cilddə görə bilərsən” – anasını aydınca eşidirdi. Allahın lap yaxında, elə qulağının dibində olduğunu hiss etdi. Əl atsa ona toxunacağına, yanaqlarında Allahın nəfəsini hiss edəcəyinə inanırdı indi, – “O burdadır, bizimlə birlikdə qaranlıq zirzəmidədir. Ta bizə ölüm yoxdur... Sısqa erməninin surətində gördüm Onu – əlindəki qutunu verəndə mərhəmətliydi. Bu Allahıydı, erməni deyildi”.
– Qabdakı nədir?.. – astadan pıçıldadı.
– Yeməkdir – Səlbi qabın qapağını açıb bir loxma daddı – aşdır...
* * *
...Xeyli vaxt yuxarıdan səs-səda gəlmədi, – “Allah eliyə hamısı qırılalar...” – içini dincliyin narahatlıqla çuğlaşdığı əcaib bir təlatüm bürümüşdü. Özünün burda olduğunu göstərən Allahın onları tərk edəcəyindən əndişələnirdi. Düşmənin kazarmaya qayıtmağını istəmirdi. Acından ölürdülər, amma yeməkdən bir loxma da dadmadılar. Vedrədəki, Allah bilir nə vaxtdan qalan sudan içib aqibətlərini gözləyirdilər.
“Üşüyür balam” – salamat qoluyla onu qucaqlayıb yenə də səssiz-səmirsiz küncdə oturdular. Çiyninin ağrısı yenidən körükləməyə başlamışdı. Hər tərpəndikcə üz-gözünü, ağzını büzür, dodaqlarını gəmirir, dişlərini bərk-bərk sıxırdı.
...Kazarmada işıq yananda, ayaq səsləri çoxalanda dikəldi. Qızı da başını onun çiynindən götürüb səsə diqqət kəsildi. Qızın nəbzi təzədən həyacan təbili çaldı, yenə atasının qolunu qucaqlayıb titrədi. Qızının pilə kimi yumşaq döşünü biləyində hiss etdi, – “Altda heç nəyi yoxdur”. Hiss elədi ki, dərin xəyala dalarkən Allah onu tərk edib, daha onun nəfəsini duya bilmir, – “Nolar, bizi burda yalnız buraxma...” – ürəyində Allahın qabağını kəsib saxlamaq istədi. Amma dinşədi ki, eşikdə kimisə möhkəmcə əzişdirirdilər. Döyülən gah bağırır, onların ana-bacısına azərbaycanca söyür, gah da səsi kəsilir əvəzində küt təpik tappıltıları eşidilirdi ancaq. Səslər eşikdən kazarmanın içinə sürüklənəndə ata-bala bir-birinə qısıldılar. Qapının kilidi açılanda Səlbi büzüşüb atasının qoltuğunda gizləndi.
Əsir düşən Azərbaycan əsgəriydi, ağ-yaşıl xallı gen maskaladdaydı. İki nəfər onun qoluna girib qapıya tərəf sürüyürdü. Paltarını qurşağınacan cırıc-cırıq etmişdilər. Enli sinəsində, çiyni və boğazındaki kötək qançırları qanamışdı. Onu nərdivanyenişə zirzəmiyə yumaladılar. Deyəsən huşu özündə deyildi, ayaqları nərdivana ilişib sallaşa qaldı. Qapı bağlanan kimi Dilqəm qızıyla köməkləşib oğlanı bir küncə sürüdülər. Əsgərin üzünə su vuranda gördü ki, qulağının ikisini də kökündən kəsiblər. “Bay sizin zatınıza lənət, dəyyuslar!” – pencəyinin astarını söküb ikiyə böldü, suda isladıb bərk-bərk yaralının qulaqlarına basdı. Pencəyini parçalayıb dayanmadan onun üz-gözünü isladırdı. Dilqəm üçün bu huşsuz adam elə bil zirzəmidən qaçarkən yaxaladığı Allahın özüydü – “Bu adam bizi xilas edəcək tək pənahımızdır. Bu adam göydən boş yerə düşmədi bura, o, tanrının xilaskar əlidir”.
Huşsuz əsgərin başının üstündən çəkilmirdilər. Qaranlığın qarası hər şeyi öz içində əritmişdi. Tavandan işıq da sızmırdı daha. “Tanrının ruhu burdaydı, bəs nuru niyə qaraya bürünüb, yoxsa xilas əlini uzatmaq istəmir?..”. Yuxarıda əsgərlərdən biri qaz buraxdı. – “Gecə düşübmüş, yatıblar”... Dodaqları qaçdı, dostu yadına düşdü, – “Görəsən İslam bildimi ki, sürü başlı-başına qalıbsa, demək dostunun başı əldə deyil?”. Hər dəfə İslam onun yanında utanmadan qaz buraxanda, – “Naleyi qaz”dır, keç günahımdan” deyirdi. “Korafəhim şeydi, yəqin yenə əxlaqsız şeirlər düzüb-qoşur. Onun bircə dərdi var ki, əlinə bir adam keçən kimi sərək lətifələrlə, biədəb şeirlə onu uğununcaya qədər güldürsün. Hardan ağlına gələr ki, bizi ermənilər əsir götürüb. Yaman darıxdım səniçün, İslam. Sənin o dərələrdə əks-səda verən segahların, gic-gic şeirlərin, gülməli lətifələrindən ötrü darıxdım, qardaş. Allah, məni öz dərələrimə, dağlarıma, bulaqlarıma qovuşdur. Özü də alnıaçıq qovuşdur. Ya da ucuz ölüm ver mənə, qurtar məni bu zülmət qaranlığın əlindən”...
Ayaqlarını döşəmədə sürüyə-sürüyə özünü və qızını öldürə biləcəyi bir şey axtardı, tapa bilmədi. Öz əli gəlməzdi qızını boğub öldürməyə. Təzədən yerində oturdu, oğlanın başını dizinin üstünə aldı, – “Bunun huşu özünə gəlsəydi, bəlkə bizim canımıza qıyardı – baxma, nə qədər də olmasa məndən ciyərli olar, dava-şava görmüş adamdır”. Sanki oğlan onu eşitdi və qımıldandı. Əlhavasına onun üzünü yoxladı, – Ayıldın? Necə hiss edirsən özünü? – onun boynun dalından tutub dikəltdi, küncdə söykənməyinə yardım elədi.
– Hardayıq..? – oğlan kor kimi əlini onun üzündə gəzdirərək soruşdu, – Siz kimsiniz?
– Mən də azərbaycanlıyam, qızımla birlikdə əsir düşmüşük – bu gün səhərdən burdayıq... Kazarmanın zirzəmisindəyik. Yavaş danış, əsgərlər üstdə yatırlar.
– Qızınız hanı bəs? – səsini qısdı.
– O küncdədir, – Səlbi, yaxın gəl... Astadan danışaq ki, namərdlər oyanmasın... – qızının biləyindən tutub aşağı oturtdu.
– Kimsən, necə əsir düşmüsən? – əsgərin qulağına sarıdığı əskinin düşmədiyini yoxladı.
– Snayperəm. Vadonu ovlamağa çıxmışdım, özüm onun ovu oldum. Vaxtilə çiynindən yaralamışdım, amma ölmədi, əclaf. Bu dəfə o məndən fərasətli çıxdı. Baldırımdan vurdu, qaça bilmədim, özümü vurmağa da macal vermədi – xəncərimi aldı. Voronejdən tanışıq – xüsusi təyinatlı desant qoşunlarında birlikdə hərbi xidmətdə olmuşuq. Muzdlu döyüşçüdür, erməni tərəfdən vuruşur. Ermənilər ondan it kimi qorxur. Bizim generallardan birini də o öldürüb. Kopəyoğlu, çox mahir snayperdir. Bu oyunda mən uduzdum... – inildəyib yerini rahatladı. Canıbərk, sağlam oğlan idi.
– Bu davada Rusiya kimin tərəfindədirsə, qalib də o olacaq. Baxmırlar ki, torpaq kimindir – məsələni, Rusiyanın, – “Kefim belə istəyir!”i həll edir. Amma Allah haqq tərəfdə olsa, bəlkə onda ədalət öz yerini tapa. Allahdan ümid kəsilməz, Allah böyükdür... – başqasına toxtaqlıq verə bildiyinə özü də məəttəl qaldı.
– Belə yerdə Allaha güvənmək axmaqlıqdır. Neçə yaşın var?
– 48. Qızımınsa, 17.
– İşgəncə verdilər? – özünə gəlirdi və səsi daha inamlı çıxırdı.
– Xeyli təpikləyiblər, zirzəmiyə atanda isə çiynim çıxıb.
– Yaxın gəl... – Dilqəmin biləyindən yapışdı, – Bu qolundur?
– Hə, budur. Neyləmək istəyirsən?..
– İndi ağrıdacaq, çalış qışqırmayasan... – çiynini, körpücük sümüyünü bir az əlləşdirəndən sonra qəfildən onun qolunu dartıb geri oturtdu. Sümük şaqqıltıyla yerinə oturanda Dilqəmin gözü ta qaranı da seçmədi, dilini-dodağını gəmirdi. Xeyli müddət dirsəyini qucaqlayıb gəzişdi. Səlbi ovcunda ona su gətirdi, – İç... – pıçıldadı. Su qan dadırdı...
– İndi necədir, yenə əvvəlki kimi ağrıdır? – oğlanın təmkini, ah-vay salmamağı ona toxtaqlıq verirdi.
– İndi yaxşıdır, azca zoqqultusu qalıb, – yavaş-yavaş qolunu tərpətdi. – Səncə aqibətimiz necə olacaq? – ağıllı bir təsəlli eşitmək istəyirdi.
– Necə olacaq, sabah gün çıxan kimi ikimizi də güllələyəcəklər... Bəlkə hələ qızı öldürmədilər, – çox zalım qərar oldu Dilqəm üçün, – Qıyacaqlar qızına... – yarası gizildədi deyəsən, ufuldayıb ikiqat əyildi, – Siz necə əsir düşmüşünüz bəs?
– Həmişə qoyun otardığım örüşə yaxınlaşıblar, xəbərimiz olmayıb. Çobanam. Meşədən çıxanda elə bildik ki, özümüzünkülərdir. Qol-budaq eləyib meşəylə sürüdülər bizi. Sonra da maşına mindirib gətirdilər buraya.
– Bədbəxtlər... Neyləyəsən, qismətdən qaçmaq olmaz, olacaq olmalıdır...
– Qızım yanımda olmasaydı, heç nə vecimə olmazdı, qız bütün əl-ayağımı bağlayıb... Başa düşürsən?..
– Anlayıram... Sabah Allah bilir başımıza nə oyun açacaq bu şərəfsizlər. Bizimki də buraya qədərmiş... Bizə öyrədiblər ki, ancaq indi var, indini yaşamalıdır ağıllı insan. Həyat yaşadığın andan ibarətdir, növbəti saniyəni görməyə də bilərsən. Sabaha sağ çıxsan, bu gün də adi xatirədən başqa bir şey olmayacaq səninçün.
– Görəsən saat neçədir – sabaha az qalıbmı, yoxsa, hələ axşam yeni düşüb? Vaxt azaldıqca insan ölməyə lap tələsirmiş...
“Ölsəydik canımız bu əzablardan qurtarardı” – çoban dostu İslamın sözüydü. Gülümsəməklə peşimanlıq arasında çaş-baş qalan gözlərini qaranlıqda əsgərə dikdi ki, bəlkə onun üzündə bir ümid görə bilə. Allahın ruhunda öz alın yazısını axtarmaq kimi bir şey idi qaranın qaranlığında nəsə axtarmaq. Heç nə sezməyib gözlərini yerə dikdi – “Bu qaranlıqda ölümdən başqa heç nə görünmür. Lənət şeytana, kaş ki, sabah heç açılmayaydı”... – içinə dolan fikir ona vicdan əzabı verirdi. Yaxşı ki, qaranlıqda onun sifətinin necə pörtdüyünü görən yox idi. Daş qayaya rast gəlmişdi içində. Allahın saf dili qarğış söyləyirdi ona elə bil. Allah onu övlad sevgisiylə imtahana çəkmişdi və fikrindən dönənə oxşamırdı...
* * *
Bircə anasının fəhminə sığınmaq qalırdı, – “Hər kəsi gözləyən başqa biri var. Hamını gözləyən biri də var – Ölüm. Ölümlə rastlaşanda ona əsl lazım olanın məhz sən olduğunu gözləriylə sənə anladır. Bu zaman bütün keçmiş, gələcək öz mənasını itirir – insan o anı yaşayır və o andan etibarən yaşayır. Ölüm ona Allahın bütün sirlərini açır, Allahın dilini öyrədir, tor gözlərinə qaranlıq pərdə çəkib Allahın onu necə sevindiyini göstərir. Ölüm artıq sənin içindən ruhunu söküb çıxarır, amma sən düşünürsən ki, hələ bir neçə saniyə də yaşaya bilərsən. Həmin o saniyələr adama sonsuzluq kimi görünür. O son nəfəslər yaşadığın bütöv ömründən qiymətli olur və o vaxt yaşadığı həyatın həqiqi dəyərini anlayır. Anlayır ki, həyatımız da sonsuzluq qarşısında bir andan ibarət imiş. Ölümqabağı rahatlıq – bu çox vacibdir. Ölmək, ölümü gözləməkdən minqat asandır – ölüm səni bu əzabdan axır ki xilas edir, sən həvəslə canını ölümə verirsən”...
...İndi onun əl-ayağına dolaşan Allah nuruna ehtiyacı yox idi. Allahın üzü qara, əli ətəyindən uzun idi onun qarşısında. Anasının ruhuyla onun alın yazısı bayaqdan üst-üstə düşmüşdü. Ölümlə görüşməzdən qabaq içini dağıdan o təlatümün sakitləşməsi üçün boynuna düşən qərarı verməliydi, – “Yəqin ki, yuxarıda saniyələr saat əqrəbinin arxasınca təngnəfəs qaçır”. İçini dəlik-deşik edən namus hissinin başını öz əlləriylə əzməli və bu fani dünyaya gözlərini rahat yummalı idi. Qalırdı qulağıkəsik əsgəri ram etmək, – “İnandırmaq lazım gələcək...” – ağrıyan qolunu qucağına alıb divarın əks küncünə qısıldı.
– İnsan əvvəlcədən öləcəyini bilsəydi, dünyaya gəlməzdi. Qarşıdakı olacağa hazırlanmaq üçün sabaha can atır insan. Sabah nə olacağını bilsəydik, nə gələcəyimiz olardı, nə də öz həyatımız. Qoy sabah olacaq şeylər səni mat qoymasın, dərdlər isə sənə indidən dərd olmasın, onsuz da dəyişmək iqtidarında deyilsən. Sabah ölmək bu gün ölməkdən yaxşıdır. Hər gün yaşamaq ölümə hazırlanmaq üçündür. Bu, həyatın qanunudur – sanki qaranlıq zirzəminin ruhuydu danışan. Dilqəmin ruhu dil açmış və alın yazısını ahəstə-ahəstə üzündən oxuyurdu:
– Ölüm acısını aşmaq istəyirsənsə, içindəki hər cür sevgini cilovlamalısan, ram edib itaətinə almalısan. Sevdiklərin həmişə başına ölümqabağı bəla, yük olur. Onlarla xeyli yol getmisən, birdən biri dizlərini yerə qoyub səni yarıyolda qoyur, eləsi də var ki, səni ötüb gedir, səni arxalarınca səsləməkdən yorulmurlar, dallarınca ha çığırırsan, səni gözləmədən gözdən itirlər. Dizlərini yerə qoymağa macal vermirlər sənə. Mən qızımı çox sevirəm. Amma sabah Allah məni hansı kökə salacaq, məni tək qoymayacaq ki – bunu bircə onun özü bilir... Heç ağlına gətirirsən doğma qızını gözlərin qarşısında kirlətməyin acısını? Onun namusunu kirlədən adam özümüzdən biri olsaydı.., bəlkə də heç bu qədər dərd etməzdim... – qaranlığın səsi zirzəminin ruhunu əzirdi indi...
– Günahsız dünya bəndələrinin günahlı dünyaya düşməyini istəyən biri var. Mən Allahın bu qaranlıqda alçaq səslə zarıdığını eşidə bilirəm. O artıq öz qərarını verib, – “İnsan savaşların övladıdır. Bu dəfə alın yazınızı yaşayacaqsınız” deyir mənə. Mən bütün ömrümü dağlarda, meşələrdə, çöllərdə keçirmişəm. Onların hər birinin ruhundan məndə azca da olsa var. Mən təbiətin dilini bilirəm. Ona görə meşədə, bulaqda, çay kənarında ruhum sevinir, ayaq tutub uçur məndən. Amma bu gün içimdəki ruhum kömürdə yaşayan meşənin ruhu kimidir... Ruhumun mayasında tüstü, savaş yoxdur mənim. Əgər ikimiz də eyni əldən çıxmışıq və eyni ruhdan yaranmışıqsa, mənim nə istədiyimi anlamalısan, qızım... Fərqimiz ondadır ki, sən Allahın Qadın ruhundan yaranmısan...
– Ata! – Səlbi o biri küncdə yerindən dik atıldı, amma atasının yanına keçmədi, bunun adı utanmaq idi.
– Səni sevməyi öyrəndim bu dünyada. Kim bilir, o biri dünyada nə var, bizə nələr öyrədiləcək... Amma səni itirmək anı yaxınlaşdıqca, Allahı daha aydın görürəm. Bilirəm ki, sabah o məndəki əmanəti geri alacaq...
– Sən sayaqlayırsan, ata?! – Səlbinin səsinin titrədiyini hiss edirdi.
O isə ilişmiş val kimi səsinin tonunu dəyişmədən, tövrünü pozmadan danışırdı: – Ölüm olmasaydı insan həyatı diqqətlə yaşamazdı, heç vecə də almazdı. Allahın görünən üzü dünyanın özüdür, görünməyən üzü axirətdir. Biz ölüb Aləmin ruhuyla birləşirik. Külək də, dəniz də eyni Ruhdan yaranıb, eyni eşqlə dalğalanır, bərəkətini yayır, sonra səngiyir və ölür...
Döyüşçünün təbi qaçmışdı Dilqəmin üzücü söhbətindən:
– Yaşayırsansa, demək ölmək vaxtın yetişməyib. İmkan ver, ölümümüzü öz istədiyimiz kimi seçək. Ölümqabağı moizə vaxtı deyil!..
Dilqəm köks ötürdü, – “Döyüş qanunundan o yana heç nə bilmir, zavallı uşaq”:
– Hər ikiniz bu dünyadan heç nə görmədən köçəcəksiniz... Xatırlayırsan, qızım, bir dəfə sənə demişdim, – “Günəşə bax... gözünü çəkmə, bax, bir az da... İndi mənə bax. Məni görürsən?”. “Yox, gözlərim qamaşır, kor kimiyəm” – demişdin. Həmişə işıq dalınca qaçan adam çox vaxt nur tapmır, bu yoldan kor qayıdır. İndi bu qaranlığa diqqətlə bax, bax.., indi isə mənə bax. Görürsənmi məni? Yenə yox. Amma Allah bizi görür, eşidir. Demək, heç nə axtarmaq lazım deyil, sənə verilən həyatı yaşamaq lazımdır yalnız. Səni axtaran isə mütləq özü səni tapacaq...
– Sən çobansan, yoxsa alim?! Can verən adam səsini içinə qısar, sən isə... Heç yeridir!? Bayaqdan eyni şeyi üdüləyib durmusan – Allahın ruhu belə gəldi, alın yazısı elə getdi, nə bilim, meşənin ruhu belə pıçıldadı!.. – əsgərin hövsələsi daralırdı.
– Allah bizim əməllərimizin əks-sədasıdır, əməlimiz necədirsə, o cür də özümüzə qayıdar. Bu qaranlıq zirzəmidə Allahı görməyəcək qədər “çobanam”, yaxşı baxsaq, bəlkə də onu bu zil qaranlıqda görə bilərik. Kim bilir, bəlkə də O bizə xilas yolunu pıçıldayır, biz isə onu eşidə bilmirik... Anam deyirdi ki, – “Ölümdən yox, ölməkdən qorxuram. İlan səni sancmadıqca ölməyəcəksən, ilana baxmaq səni zəhərləməz”. Ölüm, onu dadmadıqca bizə yaddır. Guya ki, sən onu dadmaqdan qorxmursan, ölümdən çəkinmirsən?.. Ölümdən Əzrayılın özü də qorxur, oğlan...
– Səndən yaxşı din xadimi çıxar, çoban qardaş. Deyəsən filosofluq sizin nəslin qanındadır... – hələ güldüyünü də hiss etdi əsgərin.
O isə dolayısı ilə alınmasa, fikrini açıq çatdırmalıydı, qızını və snayperi buna vadar etməliydi:
– Dalğalanan suda insan üzünü görə bilmədiyi kimi, ruhu narahatlıqda olan insan da Allahı görə bilməz. İmkanın varsa, onunla alver etmə, oynama qısa zamanla. Mən ondan ölüm istəmişdim – qızıma və özümə. Ancaq səni göndərdi... Qorxmaq vaxtı ötdü, indi ümid vaxtıdır. Sağ qalmaq ümidi yox, şərəflə ölmək ümidi. Olan onsuz da olub, olanacan qorxurdum, indi qorxmuram... İkimiz öləcəyik, amma Səlbinin sağ qalacağından qorxuram. Sağ qalsa, ermənidən döllənməyini istəmirəm. O ermənidən uşaq gətirməməlidir dünyaya. Gətirəcəksə, qoy özümüzünkündən olsun... – içində bayaqdan tıxanıb qalmış o sözü birdəfəyə çıxarıb rahatlandı.
– Ata!.. – Səlbi hıçqırırdı. Araya qaranlığın ağır sükutu çökdü. Sanki heç biri nəfəs almırdı. İki dəqiqədən sonra hansısa Dilqəmə tərəf gəlirdi. Qarşısında çöməldi, onun yanaqlarından tutub alnını alnına dirədi:
– Əgər mən düzgün anlayıramsa, sən məni bu dar macalda qızınla cütləşdirmək istəyirsən, elədir?.. – snayper idi.
Dilqəm alnını tərpədərək təsdiq etdi, – Ən çətini birinci rüsvayçılığa dözməkdir, növbətini adlatmaq daha yüngül olar... – onun üzünə pıçıldadı.
– Sən məni nə hesab edirsən? Bu adam öldürməkdən betərdir, insanlığa sığan şey deyil! Mənim nişanlım var. Bir də, bəlkə heç qızın buna razı olmadı?... Sən dediyin Allah öz fikrini ən sonda deyir, bəlkə sənin bu qərarın Allahın və bizim xeyrimizə deyil... – durub öz yerinə keçdi, – Yoxsa elə bilirsən ki, mənimçün bu su içmək kimi asan şeydir?
– Mənim yerimə öz atanı, Səlbinin yerinə öz bacını, ya sevdiyin qızı qoy.., və məni anlamağa çalış... Bir şey dəqiqdir – biz sözssüz öləcəyik. Ölümün qoxusu çöküb üstümüzə... Oğlan, təəccüb qalacağın şeylərdən qorxma, çünki, Allah insanı çaşdırmaq üçün o qədər şey düşünüb yaradıb ki... Bu dünya insanları mat qoymaq üçündür, bunu Allah da sevir və hərdən əylənir bizimlə... Bunu, lap Allaha acıq vermək üçün də olsa etməlisən. Nakam getməməliyik Aləmin ruhuna... Mənimçün sən Allahın ruhusan. Qızım mənim alın yazımdır. Sizin taleyinizi birlikdə yazıb qismətimə, üstünə də ölüm pərdəsi çəkib yaradan. O, bu pərdəni sübh tezdən qaldıracaq və olmasını istədiyi yazını görməlidir. Yoxsa onunla birlikdə mən də əzab çəkəcəyəm…
– Ata, sən bunu necə istəyə bilərsən axı?! Sən yaşım qədər dərk edə bilərsən məni, gerisi yalnız zənn etdiklərindir – Səlbi yuxarıda yatanlardan qorxmasaydı var gücüylə bağırardı.
– Çöllərdə susuz qalmış ağac axşam düşəcək şehə ümid bəsləyir. Bəs biz nəyə ümid bəsləyək, qızım? Bu qaranlıq gecə bizi ağ günə çıxarmayacaq. Gözümün qabağında murdarların sənə əzab verməyinə dözə bilmərəm, ruhum da dözməz. Allah bu cavan oğlanı boşuna göndərməyib... – üzünü divara dirəyib cırıq pencəyini başına çəkdi, – Bu etdiyimiz şey qaranlığın bizə verəcəyi tək ümid işığıdır... Buna görə kimsə bizi qınayacaqsa, adımıza namussuz, şərəfsiz deyəcəksə, namussuz, şərəfsiz onun özüdür. Mən mələk kimi övlad böyütməmişəm ki, onu öz əllərimlə iki saatdan sonra erməniyə yedirim... – başını örtdüyünü bilmələrini istədi. – Sağ qalsan və dünyaya övlad gətirəsi olsan, heç olmazsa təsəllin olsun ki, övladın murdarların belindən yox, öz igid həmvətənindəndir...

* * *
Araya sahilsiz, ya da donmuş dənizin lal sükutu çökdü. Elə bil ki, saatın əqrəblərindən girvənkə daşları asılmışdı. Zaman saat əqrəblərini ötüb keçmişdi, qismət bu günü aşıb sabaha adlamışdı. Yuxarıdakılar yataqlarında eşələndikcə dəmir çarpayıların cırıltısına hər üçünün beynində donmuş dənizin buzları çat verir, altında dərin suyu ehmalca çalxalanırdı. Zirzəminin sükutu qəti zəfər çalmışdı. Dilqəm öz xəyallarını çoban dostu İslamın yanına qovmuşdu. İslamın segahı dərələrdə əks-səda verib zirzəminin qaranlığınadək gəlir, onun ruhunu sığallayırdı. Başsız qalan sürüsünə baxdıqca, telini darayan mehin sığalını duyduqca iliyindəki sərinlikdən xoşhal olurdu.
Səlbinin ehmalca əsgərin küncünə doğru süründüyünü hiss edəndə gözlərində bıldır-bıldır yaş gilələndi və yanağından damcıladı qaranlığın qucaqladığı nəm torpaq döşəməyə...
Anasının qulağında pıçıldayan səsini artırırdı ki, ətrafdakı hənirtini eşidə bilməsin, – “Çürümüş ağacın ömrünə son qoyan ölüm xeyirxahdır. Qız yükü ağır yükdür. Qızının, ana-bacısının, əhl-əyalının namusunu çəkən ər gündə min dəfə ölüb-dirilir. Ölümlərin ən zülmüdür namus dağıyla ölmək. Atam bir dəfə gülə-gülə deyirdi ki, – “Məryəmin Allahdan İsaya boylu qalması hədisi olmasaydı, kürəkənimi öz əllərimlə boğub öldürərdim”. Sevdiklərini sənə verən Allah onu geri alanda cırnayırıq, kin püskürürük. Hər şeyi Allahın qədəri, alın yazısı kimi soyuq başla qarşıla. Burda itirdiklərimizi o biri dünyada qazanacağıq...

* * *
...Yuxarıda çarpayıların cırıltısı artanda, ayaqyoluna gedənlərin sayı çoxalanda Dilqəm yerində qurcuxdu, – Deyəsən sabah açılır... – astadan dilləndi. O biri küncdə əsgər də eşələndi. Digər küncdə zil səssizlik idi...
Amansız düşmən yuxudan qalxmış, səs-küylə zarafatlaşırdılar. Qapının kilidinə açar salınanda Dilqəm boynuna dolanan qollardan ürpəndi, az qaldı qışqırsın – snayper idi, onu bağrına basırdı:
– Bağışla, əmi, bağışla məni. Haqqını halal elə... Sizin kimi bir qayınatamın olmasını, sizin kimi bir kişinin oğlu olmağımı çox istərdim – gözünün yaşını silə-silə küncünə qayıtdı. Qapı açıldı. Dilqəm Səlbini də eyni küncdə snayperə qısılan görəndə içi rahatladı.
– Çıxın! – sısqa erməniydi yenə – “Deyəsən işi ancaq dustaqlara baxmaqdır” – Dilqəm tərəddüd etmədən nərdivanı dırmaşdı. Otağın zəif işığında gözləri alacalandı. Snayperlə Səlbi görünmürdülər, aşağıda nəsə pıçıldaşırdılar. Sısqa əyilib çığırdı, – Çıxın demədim sizə?! Oğlan Səlbinin əlindən tutub nərdivanı qalxmağa kömək edəndə Dilqəm snayperin üzünü aydın görə bildi. Dağınıq qıvrım saçları vardı, qulaqlarının olmaması onu yaraşıqdan salsa da, qarayanız, sağlam bədəni elə bil mərmərdən tökülmüşdü. Dörd nəfər əsgər onları itələyə-itələyə eşiyə çıxardılar. Gün üzlərinə düşən kimi gözlərini qıydılar, biləklərilə üzlərinə kölgə saldılar. Onları itələyib hasara dirədilər, amma toxunmurdular onlara, sakitcə durub onlara baxırdılar – elə bil heyvanxanadaydılar. 3-5 dəqiqədən sonra üstüaçıq maşında bir nəfər gəldi, arxa oturacaqda oturmuşdu və əlində uzun snayper silahı vardı.
– Oğraş.., Vadodur – Volodya Krasilnikov... – snayper astadan dilləndi.
Vado səsini çıxarmadan, yeyin addımlarla, ətrafdakılara gözünün ucuyla da baxmadan yaxınlaşıb silahını divara söykədi. Snayperin arxasına keçib telini qarmaladı, başını geri qanırıb, baldırındakı qabından əldədüzəltmə uzun, ovxarlanmış xəncərini çıxartdı, onun boynuna dayayıb, rusca, – Qəmlo, son duanı et! – dedi. Snayper dilinin altında nəsə pıçıldadı. – Bitirdin!? – Vado hisrlə ondan soruşdu.
– Adım, Qabildir, ermənilərin qənimi snayper Qəmlo. O biri dünyada görüşənədək... – başının işarəsiylə Vadoya “hazıram” dedi. Vado xəncərini bircə dəfə onun boğazına çəkib əlini buraxdı. Dilqəm qızıyla Qabilin arasında dayanmışdı və bu səhnəni gözünün yanıyla görürdü. Vado qanlı əlini öz tüfənginə sürtdü, – Hörmətlə dəfn edin onu! – deyib, elə gəldiyi kimi də maşınına oturub gözdən itdi. Qabil divara söykəyib dim-dik qalmışdı, şah damarından fəvvarə vuran qan Dilqəmin üstünə tökülürdü, xırıltısı getdikcə zəifləyəndə divara söykənə-söykənə dizlərini qatladı və arxasıüstə yerə sərildi. Səlbi əliylə ağzını tutub hıçqırır, yerində tir-tir əsirdi. Əsgərlərdən biri tapançanı ayağa çəkib Dilqəmin üstünə gələndə, o, qızına dedi, – Günəşə bax... gözünü çəkmə, bax, bir az da... Mənə sarı baxma! İndi de, günəşin qaraltısında məni görürsən?.
– Gözlərim qamaşır, kor kimiyəm... Amma, nəsə görürəm... – Səlbinin qorxudan titrəyən səsi onun beynini köpük kimi qaynadırdı. O da gözlərini günəşə dikib alın yazısının güllə dəliyi boyda deşikdən sətir-sətir uçaraq günəşdəki qara ləkəyə necə qovuşduğunu görür və ruhu sakitləşdikcə əlləriylə divardan daha bərk yapışmağa çalışırdı...

21 dəfə oxundu

Axtarış