Amanat kişi
Müəllif: Vahid Çəmənli


2018-10-29 18:25:54


Təzədən tanıdım mən bu yay səni,
Oturduq səninlə bir saat, kişi.
Uçduq ömrümüzün xoş anlarına,
Açdıq xəyallarda qol-qanad, kişi.

Mən cocuq, sən isə ər oğlu ərdin,
Kolxozda çox böyük işlər görərdin.
Dəmir köhlənlərə həyat verərdin,
Cənnətə dönərdi bağ-bağat, kişi.

Dilimdə əzbərdi Çəmənli adı,
Hamısı qohumdu, eldi, obadı...
Qalıb damağımda bal kimi dadı,
Turş nar da olurdu marmelad, kişi.

Keçmisən zamanın sınaqlarından,
Yayın istisindən, qışın qarından...
Hamı söhbət açır etibarından,
Qoymusan yurdunda yaxşı ad, kişi.

Ömrü sovurmadın tufana, yelə.
Səksənə çatmısan, gümrahsan hələ,
Doxsanda, yüzdə də qal elə belə,
Allah amanında, Amanat kişi.

Kim durub inciyər bu nəcib dostdan,
De görüm dururmu o bağ, o bostan?..
Vahid də bağladı adına dastan,
Nə zaman yetişər mükafat, kişi?

Ağdam, Çəmənli
21.10.2018

5 dəfə oxundu

Axtarış