Ananın pıçıltısı
Müəllif: Vüqar Mirzə


2018-05-23 10:18:54


Ananın pıçıltısı
Paytaxtdan xeyli uzaq bir əyalətdə anadan olmuş bir uşaq hər dəfə televizorda velosiped sürən uşaqları görəndə elə düşünürdü ki, Bakı kimi böyük şəhərlərdə yaşayan bütün uşaqların velosipedi olur. Ən böyük uşaqlıq arzusu da bu idi ki, valideynləri onun üçün velosiped alsınlar. Hər dəfə evdə bu barədə söhbət açanda nədənsə anası buna mane olurdu. Sanki uşağının xoşbəxt olmasını istəmirmiş kimi bu arzusuna çatmağa imkan vermirdi. Buna görə bəzən qohum-qonşular onu qınayırdılar da. “Bircə velosiped nədir ki, onu da uşağa qıymır” kimi, gileyli pıçıltılar eşidir, kinayəli baxışlara rast gəlirdi. Amma ana heç zaman bu istəyin əleyhinə olmasının səbəbini dilə gətirmirdi. Sanki deyəcəyi şeyin baş verəcəyindən qorxurdu: “Dilim qurusun! Birdən düşündüyüm uşağın başına gələr”, – dodaqları xəfifcə titrəyirdi...
Beləcə illər keçdi... Oğul hərbi xidmətə – vətənə borcunu verməyə getdi. Günlərin birində o ucqar kəndə bir xəbər yayıldı: “Kəndə şəhid cənazəsi gətirilib!”. Paytaxtdan, qonşu rayonlardan eşidib-bilən hamı axışıb o kəndə gəlirdi. Hər kəs mənəvi borcunu ödəmək üçün şəhidinin dəfnində iştirak etmək istəyirdi. Bu insan izdihamının içində tabuta hamıdan yaxın duran bir neçə nəfər diqqəti cəlb edirdi. Bunlardan biri şəhid anasının üzünə baxa bilmədiyindən başını aşağı əyən komandir, biri məzlumcasına boynunu büküb qabarlı əllərini ürəyinin başına qoyan ata, digəri isə davamlı bu sözləri təkrar edən bir qadındı: “Mən oğluma velosiped almadım ki, yıxılar – qolu-qıçı əzilər. Onun sızıltısına ürəyim dözməz. Sağ-salamat əsgər göndərdim, çiyinlərdə gəldi..."

12 dəfə oxundu

Axtarış