ARAZ ŞƏHRİLİNİN “SƏFƏVİLƏR: PARALELLƏR, EHTİMALLAR, HƏQİQƏTLƏR” KİTABINDAN – “YASİN”
Müəllif: YAZARLAR.AZ


10.04.2021



Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından

YASA – YASNA – YASN – YASİN

Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”- dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2 – 4- cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.

Zərdüştilərin “Avesta” kitabının birinci və zərdüştiliyin ən mühüm qaydalarının əks olunduğu hissəsinin adı “Yasna”-dır. Bu söz parfiyalıarın dilində “Yasn” formasında olmuş və “ibadət et” mənasını vermişdir. “Yasna” həyatın üç dövrü haqqında təlimdir. Birinci dövrdə ruhani və material aləmdə xeyir hökm sürmüşdür ikinci dövrdə xeyirlə şər arasında mübarizə gedir, üçüncü dövrdə isə xeyir şərə qalib gələcəkdir.

Yeri gəlmişkən “Yasin” surəsini də şərti olaraq üç hissəyə – Tovhid (Allahın təkliyi, başqa sözlə, xeyirin mütləq və şəriksiz hakimiyyəti), Nübuvvət (Peyğəmbərlər, yəni xeyirlə şərin mübarizəsi) və Qiyamət (xeyirin şər üzərində tam qələbəsi) haqqında ayələrə bölmək olar.

Qədim türklər və monqollar öz qanunlarına cəm halında “Yasa” deyirdilər. Yasa sözünün monqol dilindəki “jasaq” (təşkil et, idarə et və s.) sözündən yarandığı da iddia edilir.

Ola bilsin ki, bu oxşar sözlərin ifadə etdiyi bir məna da “yaşa, yaşam”, yəni “həyat”dır. Yeri gəlmişkən, “Tövrat”ın birinci kitabı olan, dünyanın və həyatın yaranmasından bəhs edən “Sefer maase be-reşit” in adı ivrit dilində “ilk, başlanğıc, əvvəldə” və ya “həyatın əvvəli haqqında kitab” mənalarını verir. Bu ad Avropa dillərinə “Genesis” (mənşə, yaradılış), rus dilinə “Бытие” (həyat, olum), Türkiyə türkcəsinə “Tekvin” (yaradılış) kimi tərcümə olunmuşdur.

Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.


Müəllif: Araz ŞƏHRİLİ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r

3 dəfə oxundu

Axtarış