Arzu
Müəllif: Adil ZAMAN


2017-10-08 19:02:13


Adil ZAMAN

A R Z U
(Povest)

Birinci hissə
I
Jurnalistika fakültəsinə sənəd qəbulunun gedişi ilə tanış olub yataqxanaya qayıdan Ülvi, Avakyan küçəsini keçərkən qarşıdan Arzunun ona tərəf gəldiyini gördü. Deyəsən, Arzu da Ülvini uzaqdan görüb tanımış və buna görə də addımlarını yeyinlətmişdi. Ülvi küçəni keçib, ayaq saxladı. Qız ona yaxınlaşıb, istehza və küskünlük hiss olunun bir səslə:
- Salam, qaçağan dost, - dedi və əlini irəli uzatdı.
- Salam. - Ülvi ona tərəf uzanan kiçik, lakin möhkəm əli yüngülcə sıxdı. - Necəsən?
- Gördüyün kimi.
- Sənədlərini hansı fakültəyə vermisən?
- Filoloji fakültəyə. Bəs sən?
- Mən də jurnalistikaya.
- Qorxursan?
- Nədən qorxacağam ki?! - Oğlanın cavabı özündən asılı olmadan (hər halda o bunu istəmirdi) quru və sərt səsləndi.
- Amma mən yaman qorxuram. - Arzu bu sözləri elə dedi ki, onun məhz nədən qorxduğuna işarə etdiyini başa düşmək o qədər də asan deyildi.
Ülvi cavab vermədi. O yenə Gülnar haqqında düşünürdü: "Görəsən, bu saat hardadır, nə işlə məşğuldur?..."
... Ülvi ilə Gülnar bir-birlərini çoxdan tanısalar da küçədə, məktəbdə rastlaşarkən salamlaşmırdılar. Səliqəli geyimi, gözəl tərbiyəsi və dərin biliyi ilə bütün məktəbin hörmətini qazanmış o bəstəboy, sadə, gözəl olmasa da ürəyəyatımlı qıza bir çox oğlan həsrətlə baxırdı. Düzdür, onların əksəriyyətini Gülnarın özündən çox, imkanlı ailədən olması cəlb edirdi. Buna baxmayaraq, qızın pərəstişkarlarının sayı gündən-günə artırdı. Yalnız Ülvi - məktəbin görən gözü, düşünən beyni, vuran ürəyi olan bu ortaboylu, qarayanız, işgüzar oğlan Gülnarla, nədənsə, heç maraqlanmırdı. Amma keçən ilin oktyabrında gözlənilmədən tilsim qırıldı və məhəbbət tikilisinin bünövrəsinə ilk daş qoyuldu.
Bir gün səhər tədris işləri üzrə direktor müavini Mustafa Əbilov məktəbin vestibülündə Ülvini görüb dedi: "Sabah Bakıdan bir qrup yazıçı-şair şəhərimizə qonaq gələcək. Çox güman ki, bizim də məktəbimizə baş çəkəcəklər". Buna görə də, Mustafa müəllimin fikrincə, şagirdlərin şer və hekayələrindən yaxşılarını seçib, bir divar qəzeti hazırlasalar pis olmaz. "Qoy qonaqlar görsünlər ki, bizim də onlara deməyə sözümüz var. Özü də qəzet sabaha hazır olmalıdır. Ad da tapılıb: "Qığılcım".
- Çox gözəl, - deyə Ülvi razılaşdı. - Ancaq yaxşı bir rəssam mənə kömək etməlidir.
Onlar qəzetin tərtibatını və məzmununu müzakirə edə-edə direktor müavininin iş otağına qalxdılar. Müəllim Ülviyə bir qovluq verib:
- Sən yazılarla tanış ol, mən indi gəlirəm, - deyərək bayıra çıxdı.
Bir azdan qapı açıldı, Mustafa müəllim Gülnarla birlikdə daxil olub:
- Yəqin ki tanışsız, - dedi. - Sənə Gülnar kömək edəcək… Bax, məşhur jurnalist olanda məşhur memar Gülnar Kərimli haqqında yaxşı bir məqalə yazmağı unutmayasan haa!..
Hər üçü gülümsədi. Ülvi zarafatla:
- Həmin məqalə hansımızın şöhrətini artıracaq? - deyə soruşub, üzünü Gülnara tutdu. - Axı bəzi jurnalistlər məşhur adamlardan ona görə yazırlar ki, özləri də məşhurlaşsınlar.
Gülnar yüngülcə qızarıb:
- Sizdə olan bilik və bacarıq məndə olsaydı, heç şöhrət haqqında düşünməzdim, - dedi. - Çünki şöhrət istedadlı adamların arxasınca sürünən bir kölgədir. Günəş olan yerdə kölgənin olması isə labüddür.
Mustafa müəllim gülümsündü:
- İstedadın birinci düşməni tərifdir, uşaqlar. Düzdür, bəzən lazımi tərifin də xeyri az olmur. Amma, yaxşı olar ki, bir-birinizin nöqsanlarını görüb-göstərəsiniz. Özü də qorxmadan, cəsarətlə. Əsl dost heç vaxt imkan verməməlidir ki, dostunun çatışmayan cəhətlərindən düşmənləri istifadə etsinlər. Bu, uzun söhbətdir. Başqa vaxt bir də bu məsələyə qayıdarıq. İndi isə siz işləyin, mən sizə mane olmayacağam. - Üzünü Gülnara tutdu:
- Ülvi hər şeyi bilir.
Gülnar:
- Müəllim, bəs bugünkü dərslər necə olsun? - deyə soruşdu.
- Bu iş daha vacibdir, qızım. - Mustafa müəllim mülayim səslə dilləndi. - Mən müəllimlərinizi xəbərdar edərəm.
Qapı müəllimin arxasınca örtüləndə Ülvi qəribə hisslər keçirməyə başladı. Onu indiyə qədər heç vaxt heç yerdə yad qızla bir otaqda tək buraxmamışdılar. Gülnara baxdı. O hələ də ayaq üstə durmuşdu. Ülvi söhbətə nədən başlayacağını düşünüb, bir qərara gələnə qədər Gülnar stul çəkib oturdu. Çantasını masanın üstünə qoydu. Ancaq nə fikirləşdisə, götürüb arxadakı divanın kənarına söykədi. Sonra üzünü Ülviyə tutub:
- Hə, başlayaqmı? - deyə soruşdu.
Ülvi:
- Başlayaq da, - deyib ayağa qalxdı. - Şkafdan müxtəlif rənglər çıxarıb, masanın üstünə düzdü. Sonra vatman kağızını qıza verib:
- Sol yuxarı küncdə "Bütün ölkələrin proletarları, birləşin!", sağ yuxarı küncdə isə "Qığılcımdan alov törər!" sözlərini yazarsınız, - dedi. - Çərçivə xətti çəkməyi və kağızı sütunlara bölməyi də unutmayın. - Ülviyə elə gəldi ki, bu saat o, hansısa bir şöbənin müdirinə, Gülnar isə həmin şöbənin əməkdaşına bənzəyir və bu rəhbər istər-istəməz öz əməkdaşına lazımi tapşırıqlar verməyə məcburdur.
- Bəs qəzetin adı nə olacaq?
- "Qığılcım".
- Bunu siz fikirləşmisiniz?
- Yox, Mustafa müəllim. - Sonra əlavə elədi. - Məncə, pis ad deyil.
- Hə, - Gülnar onunla razılaşdı. - Məzmuna uyğun addır. Bəs bir qəzetdə də iki şüar olarmı?
- Heç nə olmaz. Birincisi elə-belə, bütün qəzetlərdə yazılan, ikincisi isə həqiqi şüarımız olacaq. Özü də qəzet müntəzəm - ayda iki dəfə çıxacaq.
Gülnar daha heç nə soruşmayıb, qəzetin başlığını yazmaqla məşğul oldu. Ülvi isə yazıları araşdırmağa başladı. Onların hər biri damalı qoşa dəftər vərəqinin arasına qoyulmuşdu. Vərəqin birinci səhifəsində müəllifin ədəbi imzası (mötərizədə ad və familiyası), oxuduğu sinif və əsərin adı qeyd olunmuşdu. Dördüncü səhifədə isə (bunu Ülvi hekayələrdən birini oxuyandan sonra gördü) əsər haqqında Mustafa müəllimin qısa qeydləri yazılmışdı. Ülvi: "Doğurdan da, Mustafa müəllim şagirdlərin yazılarına xüsusi diqqət və qayğı ilə yanaşır", - deyə düşündü və işinə davam etdi.
... Üçüncü dərsin başa çatdığını bildirən zəng çalınanda Gülnar:
- Mən işimi qurtardım, - deyib ayağa qalxdı.
- Elə mən də. - Ülvi seçdiyi bir hekayə, iki miniatür və üç şeri kənara qoydu. - İndi qalır bunları kağıza köçürmək.
- Bəlkə ayrı-ayrı vərəqlərə yazıb, sonra vatmana yapışdıraq.
- Mustafa müəllim də belə deyirdi. Ancaq bu mənim xoşuma gəlmir. Yazıları birbaşa vatmana yazacağıq. Aralarında isə müxtəlif şəkildən-zaddan çəkərik.
- Axı onda hər qəzet üçün başlığı yenidən yazmaq lazım gələcək. - Gülnar üç saatdan çox əziyyət çəkib, yüksək zövqlə yazdığı başlığın yarım aydan sonra yenisilə əvəz olunacağına təəssüfləndi. O bir də belə yaza biləcəkdimi?..
Ülvi:
- Düzdür, - dedi, - başlığı ikinci dəfə yazmaq lazım gələcək. Biz qəzet üçün xüsusi çərçivə düzəldəcəyik. Başlığın yeri ayrı olacaq, qəzetin yeri ayrı. İndi isə işimiz tələsik olduğundan sizə artıq zəhmət verdik.
Amma nə fikirləşdisə:
- Lap elə bu başlığı da sonra kəsib istifadə etmək olar, - deyə əlavə etdi. - Çox yaxşı yazılıb. Elə bu həmişəlik qalar.
Gülnar zarafatla:
- İndicə Mustafa müəllim tapşırdı ki, bir-birimizi az tərifləyək, - dedi. - Bir az da keçsə, siz məni Leonardo da Vinçi ilə müqayisə edəcəksiniz.
- Müqayisə qalsın hər ikimiz məşhur olandan sonraya. İndi isə, gəl, işimizə davam edək. - O özü də bilmədən Gülnara "sən" deyə müraciət elədi. Lakin bunu tez başa düşüb, narahat nəzərlərlə qıza baxdı.
Gülnar gözlərini qəzetdən çəkməsə də, oğlanın nəzərlərinin ona dikildiyinin hiss edirdi. O gülümsəyib:
- Ülvi, doğrudan da, gəlsənə, bu "siz"lə birdəfəlik vidalaşaq, - dedi.
Ülvi cəld dilləndi:
- Mən razı, Gülnar! Doğrudan da, "siz" adamları bir-birindən uzaqlaşdırır, onların axıra qədər səmimi olmalarına mane olur. Deməli, "əlvida, "siz!", eləmi?..
Hər ikisi gülümsəyib, qəzeti hazırlamağa başladı.
... Ülvinin redaktoru olduğu "Jurnalist", "Qığılcım" divar qəzetlərində birgə işləri zamanı gənclər bir-birlərini daha yaxından tanıdılar. Çox vaxt dərsdən sonra Ülvi "təsadüfən" Gülnarla rastlaşar və onlar evə birlikdə gedərdilər. (Qonşu olmasalar da, univermağın yanına qədər yolları eyni idi). Onların bu dostluğu gündən-günə möhkəmlənir və hiss olunmadan saf, səmimi sevgiyə çevrilirdi. Maraqlıdır ki, gözəl aprel günlərinin birində Ülvi gözlənilmədən (əslində, hər ikisi bunu çoxdan gözləyirdi) gələcəkdə onunla evlənmək istədiyini qıza bildirəndə, Gülnar başqa qızlar kimi "baxarıq", "fikirləşərəm", "hələ bu barədə danışmaq tezdir" və s. sözlərlə məsələni uzatmamış və oğlanın təklifini məmnuniyyətlə qəbul etmişdi. Univermağın yanına çatanda isə ilk dəfə olaraq bir-birilərinin əlini sıxıb, baxışları ilə sağollaşaraq ayrılmışdılar...
... Bu hadisədən təxminən bir ay keçmişdi. Bir gün Mustafa müəllim ədəbiyyat dərsinin sonunda bildirdi ki, tezliklə "Marksın qızları" kitabının ümumməktəb müzakirəsi olacaq. "Hamınız oxuyun. Kim tapa bilməsə, X "a" sinfində oxuyan Arzu Qafarlıdan ala bilər".
Zəng vuruldu. Böyük tənəffüs idi. Ülvi indiyə kimi həmin kitabı nə üçün oxumadığını fikirləşə-fikirləşə X "a" sinfinə yaxınlaşanda Arzunun bir neçə qızla söhbət etdiyini gördü. Arzu sinif komsomol təşkilatçısı idi və məktəb komsomol təşkilatçısının müavini olan Ülvi ilə tez-tez görüşüb, sinifdə komsomol işinin təşkilinə dair müxtəlif məsləhətlər alırdı.
Ülvi qızlara yaxınlaşıb salam verdi.
- Salam. - Qızlar söhbətlərini kəsib, sualedici baxışlarını oğlana zillədilər.
O, üzünü Arzuya tutdu:
- Arzu, deyirlər, səndə "Marksın qızları" kitabı var.
- Doğrudur. - Qız cəld dilləndi. - İstəyirsən, verim oxu.
- Əgər lazım deyilsə...
- Yox, mən oxuyub qurtarmışam. Bu saat gətirərəm. - O, iti addımlarla sinfə girdi.
Qızlar bir-birlərinə baxıb gülümsədilər. Bu, oğlanın nəzərlərindən yayınmadı.
Arzu sinifdə xeyli ləngidi. Handan-hana gəlib, əlindəki kitabı Ülviyə uzatdı:
- Birinci növbədə özün oxu.
Ülvi kitabı alıb:
- Arxayın ol, - dedi. - Maraqlı kitabları özüm oxumamış heç kimə vermirəm.
Əgər o diqqətlə baxsa idi, Arzunun kitab tutan əllərinin necə titrədiyini aydınca görə bilərdi. Lakin qızların bayaqkı hərəkəti onu ehtiyatlı olmağa vadar etmişdi.
Ülvi bir neçə addım atmışdı ki, qarşıdakı VIII "b" sinfinin açıq qapısından Gülnarın çıxdığını gördü. Qız da oğlanı görüb ona yaxınlaşaraq:
- Yenə nə oxuyuruq belə? - deyə oğlana sataşdı.
Ülvi eyni tərzdə:
- Hər halda pis şey olmaz, - deyib kitabı qıza uzatdı. - Deyirlər, çox maraqlıdır.
- Oxuyarıq, görərik! - Gülnar kitabı açıb vərəqləməyə başladı.
Birdən oğlanın gözləri kitabın arasındakı ortadan səliqə ilə qatlanmış damalı dəftər vərəqinə sataşdı.
- O nə kağızdır elə? - Ülvi maraqlandı.
Gülnar kağızı açıb:
- Sənə yazılıb, - dedi və vərəqi oğlana vermək istəyəndə gözləri sonuncu cümləyə sataşdı. Özü oxumağa başladı.
Ülvi onun çiyni üzərindən kağıza nəzər saldı. Məktub, çox güman ki, elə indicə yazılmışdı. (Bunu həm vərəqin qatından, həm də bəzi hərflərin səliqəsiz görünüşündən və yazının rəngindən hiss etmək olurdu). Oğlan elə birinci hərfin yazılışından xəttin Arzuya məxsus olduğunu anladı: "Hörmətli Ülvi! Mən səninlə nə vaxt tanış olduğumu xatırlamıram. Hərdən mənə elə gəlir ki, biz həmişə tanış olmuşuq. Buna görə də mən gələcəkdə özümü səndən ayrı heç cür təsəvvür edə bilmirəm. Biz mütləq bir-birimizin olmalıyıq! Bu sözləri beş ildən (!) çox səni gizli məhəbbətlə sevən bir qız yazır. Sən o qızın şüşə qəlbini sındırmamaq üçün səmimi sevgisinə öz sevginlə cavab verməlisən.
Ömrü qəm-qüssə içərisində əriyən və yalnız sevginlə şəfa tapa biləcək Arzu".
Elə ilk cümlələrdən məktubun məzmununu başa düşən Ülvi Gülnarı diqqətlə nəzərdən keçirməyə başladı. Qızın sifəti get-gedə ciddiləşirdi və o, məktubu oxuyub qurtaranda sifəti allandı. Kağızı ona uzadıb:
- Oxudunmu? - deyə soyuqqanlılıqla soruşdu.
Bir anlığa Ülvi bilmədi nə desin, nə etsin. Birdən o, yuxudan ayılıbmış kimi:
- Bəli, oxudum, - deyib, ciblərini eşələməyə başladı. Axtardığını tapmayıb:
- Qələmin varmı? - deyə üzünü qıza tutdu.
- Yox. Bəs bu yazmırmı? - O, oğlanın köynəyinin cibinə sancılmış diyircəkli avtoqələmi göstərdi.
Ülvi heç nə demədən vərəqi pəncərənin səkisinə qoyaraq tələm-tələsik nə isə yazıb, Gülnara qaytardı. Gülnar əvvəlki soyuqqanlılıqla kağızı alıb, aşağıdakı sözləri oxudu:
"Arzu!
Sənin kimi gözəl qızı hər bir oğlan məmnuniyyətlə sevə bilər. Lakin, təəssüf ki, gecikmisən. Mən... başqasını sevirəm.
Ülvi".
Oğlan kağızı ondan alıb:
- Sən də oxudunmu? - deyə soruşdu.
- Bəli, oxudum. - Qızın üzü gülümsəsə də, özü bərk fikrə getmişdi.
Ülvi geri çevrilib:
- Arzu, bu kağızı kitabın arasından tapdım. Gəl götür, - deyə qızı səslədi.
Bayaqdan onların hər bir hərəkətini diqqətlə izləyən Arzu səslərini eşitməsə də, söhbətin nədən getdiyini duymuşdu. Buna görə də kağızı Ülvidən dinməz-söyləməz alıb açmadı. Elə bil ürəyinə dammışdı ki, orada nə isə xoşagəlməz bir söz yazılıb.
Lakin o dözə bilmədi. Elə dərsdəcə əlləri titrəyə-titrəyə, ürəyi əsə-əsə açıb oxudu. Sarsıldı. Qolları heysiz halda yanına düşdü, başı sinəsinə əyildi. Güclə özünü ələ alıb, bayıra çıxmaq üçün müəllimdən icazə istədi. Birtəhər sinifdən çıxıb, dəhlizin əldən-ayaqdan uzaq bir küncünə çəkilərək, doyunca ağladı, ağladı...
O indiyə qədər ürəyini oğlana açmadığı üçün yanıb-yaxılırdı. Əgər Arzu bilsəydi ki, cəmi-cümlətanı bir neçə ay gecikib, fikir çəkməkdən bəlkə də dəli olardı.
Bu hadisədən sonra onlar xeyli vaxt danışmadılar. Buraxılış imtahanları zamanı isə Arzu daha dözə bilməyib, kömək almaq bəhanəsilə tez-tez Ülviyə müraciət etməyə başladı və tezliklə özünü elə göstərdi ki, guya həmin məktub məsələsi yerli-dibli olmayıb. Lakin Arzunun yarası sağalmaq bilmirdi. Bunu oğlan da hiss edirdi...
... İndi bütün bunları xatırlayan Ülvi bu görüşün nə isə xoşagəlməz bir nəticə verə biləcəyini qabaqcadan duymuşdu...
- Nə bərk fikrə getmisən, Ülvi? - Arzunun səsi onu xəyaldan ayırdı.
- Səni gördüm, yenə Gülnar yadıma düşdü. - O düşündüyünü gizlətmək istəmədi.
Qız pərt olsa da, özünü o yerə qoymadı:
- Vaxtın varsa, gedək, bir az gəzək. Məni də şəhərlə tanış edərsən.
Ülvi boyun qaçırmaq istədi. Lakin nə qədər fikirləşdisə, tutarlı bir bəhanə tapa bilmədi. Buna görə də:
- Bəs sən hara gedirdin? - deyə söhbəti dəyişmək istədi.
- Haranı tanıyıram ki, hara da gedim. (O bu sözləri elə dedi ki, guya onun heç yeri tanımamasının günahkarı Ülvi idi). Universitetə baş çəkib qayıdacaqdım. Yarım aydır burdayıq, ancaq bircə dəfə də olsa gəlib Allahın kinosuna da olsa aparmamısan.
Söhbət Ülvini darıxdırırdı. Fəqət qızdan elə-belə də ayrıla bilmirdi. Axı on il bir məktəbdə oxumuşdular, üç ildən çox fəal komsomolçular kimi sıx ünsiyyətdə olmuşdular... Həm də öz şəhərlərindən 400 km uzaqlıqda, Bakı kimi bir yerdə rastlaşmışdılar. Ülvi burada Arzunun qohum-tanışının olmadığından da yaxşı xəbərdardı. Ona görə də qəti qərara gələ bilmirdi.
Arzu onun qoluna toxundu:
- Hə, nə deyirsən, gedəkmi?
Sözlər Ülvinin ağzından öz-özünə çıxdı:
- İmtahana hazırlaşmaq lazımdır, Arzu.
Arzu gülüb:
- Biz də imtahan dərdi çəkək, sən də, - dedi. - Yoxsa inşa yaza bilmirsən?
- Yox, Arzu, tarixi təkrar etmək lazımdır. - O, fikrindən dönmək istəmirdi.
- Camaat birinci imtahandan çıxmaq istəyir, sən isə üçüncü haqqında düşünürsən. - Arzu özünü incimiş kimi göstərdi. - Bəlkə Bakıda mənim kimi qızla gəzməyə çıxmırlar.
- Niyə ki, Arzu. Amma imt...
- Heç bir amması-zadı yoxdur. - Qız ərklə onun qolundan tutdu. - Odur, bax, trolleybus da gəlir.
Ülvi yenə nə isə demək istədi. Ancaq Arzu əli ilə onun ağzını tutdu və qoluna girib, dayanacağa tərəf çəkdi...

II

...Ülvi Arzunu qızların yataqxanasına ötürüb, üçüncü mərtəbədəki otağına qalxanda saat beş idi. Otaq yoldaşlarından biri - ağdaşlı Mahir içəridə yox idi. Gəncədən gəlmiş Sabir isə əlində kitab yuxulamışdı.
Ülvi əl-üzünü, ayaqlarını yuyub xeyli sərinlədi. Çarpayıya uzanıb, Arzu ilə bugünkü görüşü, bu görüşün verə biləcəyi nəticələr haqqında düşündü. Sonra Gülnar yadına düşdü, istər-istəməz onları müqayisə etməyə başladı.
Arzu ailənin yeganə övladıdır. Atası fəhlə, anası isə evdar qadın olmağına baxmayaraq həmişə son dəblə və zövqlə geyinir. Saçlarını qısa vurdurur, kosmetikadan çox bacarıqla istifadə edir. Deyib-gülməyi, zarafat etməyi xoşlayır. İctimai işlərdə fəal iştirak edir. Yaxın tanışları ilə (oğlan və ya qız olmasından asılı olmayaraq) həmişə əl tutub görüşür. Söz güləşdirməyi sevmir və mübahisəli məsələlərdə çox vaxt güzəştə gedir. İdmanla da müntəzəm məşğul olur. İki il dalbadal məktəbin voleybol komandasının kapitanı olub. Eyni zamanda, qızların dediyinə görə, Arzunun bişirdiyi müxtəlif çeşidli xörəkləri kim yesə, dadı uzun müddət damağından getmir. Ədəbiyyatı çox sevir. Dəqiq fənlərlə və humanitar fənlərdən isə tarixlə heç arası yoxdur.
Gülnar isə fizika və riyaziyyatı gözəl bilməklə yanaşı digər fənləri də yaxşı mənimsəyir. Hərtərəfli təmin olunmuş ailədə böyüməsinə baxmayaraq, sadə geyinir, kosmetikanın heç bir növündən istifadə etmir, sıx, zil qara saçlarını geri darayıb, boynun ardına yığır. Musiqi məktəbinin sonuncu sinfində oxuyur, şəhər mədəniyyət evinin rəsm dərnəyində fəal məşğul olur. Memarlığa aid rusca jurnallar alır, "Moscow news", "Morning star" qəzetlərini oxuyur, "Smena" jurnalındakı krossvordları asanlıqla həll edir. İctimai işlərə bir elə həvəs göstərmir. Ancaq bununla belə həm sinif nümayəndəsidir, həm də məktəb divar qəzetlərinin tərtibatında yaxından iştirak edir. Ümumiyyətlə, bir işi görmək üçün ilk təşəbbüsü heç vaxt özü göstərmir. Amma ona tapşırılan bütün işləri vaxtlı-vaxtında və layiqincə yerinə yetirir. Praktiki işlərdə, xüsusilə evdarlıqda səriştəsi yoxdur. Prinsipial məsələlərdə geri çəkilmək istəmir, lakin görəndə ki kimsə ondan inciyəcək, nisbətən yumşalır və söhbəti dəyişir. İnsanlara inanır. Az danışır. Hazırcavabdır. Yerli-yerində sərrast ifadələr, cümlələr işlətməyi sevir. Demək olar ki, heç vaxt bərkdən danışmır. Tanışları çox olsa da Ülvidən başqa heç kimlə dostluq etmir. Təkliyi sevir.
Arzu isə hamı ilə tez dil tapır və özünü istətməyi bacarır. İndi Ülvi də Arzu ilə münasibətlərinin daha ciddi şəkil ala biləcəyindən qorxurdu.
"İmkan daxilində onunla görüşməməli" deyə qərar verib, çarpayıdan qalxdı. Sabir hələ də yatırdı. Gündəliyini götürüb, stolun arxasına keçdi.
O hər gün baş verən ən əhəmiyyətli hadisələr barədə qeyd və mülahizələrini axşam saat on birdən sonra təfsilatı ilə gündəliyinə yazardı. Ancaq indi otaqdakı sakitlikdən istifadə edib, Arzu ilə bugünkü görüşü haqqında isti-isti yazmağa başladı: "Bu gün saat 12 radələrində Arzu ilə rastlaşdıq. Yaxınlaşdı. Görüşdük. Dedi ki, sənədlərini filoloji fakültəyə verib. Mən özümü ona qarşı mümkün qədər soyuq aparırdım. Amma o bunu hiss etsə də üstünü vurmurdu. Özünü məndən incimiş kimi göstərirdi. Bəlkə elə, doğrudan da, inciyib. Axı bu yarım ayda mən neçə dəfə onu görmüşəm, amma özümü görməməzliyə vurmuşam. Bilə-bilə ki Bakıda heç kimi yoxdur, işləri ilə maraqlanmamışam, nəyə ehtiyacı olduğunu öyrənməmişəm. Yalnız Gülnara görə! Düzdür, Gülnar mənə inanır, ancaq məni Arzu ilə birlikdə görsələr, kim bilir bunu ona necə çatdıracaqlar. O isə, təbii ki, bəzi şeylərə inanacaq və bu zaman, bəlkə də, heç düşünməyəcək ki, Arzu ondan gözəl və cazibədar olsa da, bir çox oğlanlar onları müqayisə edib bir qadın kimi Arzunu seçsə də, Ülvi yalnız Gülnarı sevir! Bəs Arzu niyə məndən əl çəkmir? Axı bilir ki, artıq Gülnarla aramızda hər şey həll olunub. Doğrudanmı o mənim nə vaxtsa Gülnardan ayrılıb ona yaxınlaşacağımı gözləyir? Əgər həqiqətən də belədirsə, o möhkəm yanılır. Mən Gülnarı heç bir Arzuya və heç bir başqa qıza heç vaxt dəyişməyəcəyəm! Bunu Arzuya bir daha qəti şəkildə bildirməliyəm. Axı birtərəfli sevgi onu xoşbəxt etməyəcək. Amma o, sevilməli qızdır. Əgər Gülnar həyatda olmasaydı, mən onunla məmnuniyyətlə evlənərdim. Lakin nə etməli? Gülnar var, yaşayır və yaradır, sevir və sevilir! Bununla belə bayaq şəhərdə də Arzu hər bir sözü və hərəkəti ilə mənə anlatmağa çalışırdı ki, onunla evlənsəm heç nə itirmərəm və bəlkə də daha xoşbəxt olaram. Hələ trolleybusda gedəndə özünü elə aparırdı ki, kənardan baxanlar bizim bu gün-sabah evlənəcəyimizi zənn edərdilər. Mən harada düşəcəyimizi bilmirdim. Elə bil ki, Bakının bütün gəzməli və görməli yerləri yoxa çıxmışdı. Bulvaramı gedək? Özü də belə istidə?! Bəlkə bağlardan birində oturub bir az söhbət eləyək və evə qayıdaq? Yox!.. Arzunun atmacalı sözləri məni həmişə əsəbiləşdirir. Bəlkə kinoya gedək?.. Trolleybus Hüsü Hacıyev küçəsinə buruldu. "Azərnəşr"in yanındakı dayanacaqda düşdük. Geri qayıdıb, Nizami bağının yanını ilə üzüaşağı getməyə başladıq. Arzu Nizaminin heykəlinə, bağa, Ədəbiyyat muzeyinin binasına maraqla tamaşa edirdi. "Araz" restoranının bərabərinə çatanda mən:
- Dondurma yemək istəyirsən? - deyə sükutu pozdum.
Arzu gülümsəyib, "hə" dedi. Ümumiyyətlə, bu gün yaraşıqlı binalara baxanda da, nahar edəndə də, 26-lar bağını gəzəndə də o özünü çox sərbəst və gümrah aparırdı. Heç nə onu təəccübləndirmirdi (hətta mənim nisbətən soyuq münasibətim də!), heç kim onun Bakı ilə ilk dəfə tanış olduğunu hiss etməzdi. Özü də məndən çox danışırdı. Gördüyü hər şeyə münasibətini bildirirdi. Məsələn, "Nizami" kinoteatrının yanından keçəndə məşhur dirijor Niyazinin bir neçə il bundan əvvəl bir müsahibə zamanı dediyi: "Bu kinoteatrın yalnız adı azərbaycancadır" sözlərini də xatırlatdı.
Lenin adına sarayın qarşısındakı bağ da xoşuna gəldi. Özü də məndən qabaq dedi ki, axşamlar bura gözəl görünər. Oturacaqların birində əyləşdik. Fontanlara, gəlib-gedənlərə tamaşa edirdik. Bayaqdan məlahətli, şən səslə danışan Arzu indi fikrə getmişdi. Mən də Gülnar barədə düşünürdüm. Fikirləşirdim ki, bax, indicə Gülnar haradansa peyda olub bizi burada görsə nə deyər, nə edər? Yaxınlaşıb, heç bir şey olmayıbmış kimi hal-əhval tutaraq yanımızda oturarmı, yoxsa?.. Arzuya baxdım. O elə bil harada olduğunu unutmuşdu. Sərin külək saçlarını yüngülcə tərpədirdi. Gözəl çöhrəsinə qəm çökmüşdü. Tez gözlərimi çəkdim. Nədənsə, həmişə ona baxanda elə bil nəyəsə təəssüf edirəm. Yox, Gülnara rast gəlməyimə qətiyyən peşman deyiləm. Amma Arzu ilə bütün ömrüm boyu möhkəm dost olmaq istərdim. Qədim zamanları xatırladım. Öz-özümə gülə-gülə düşündüm ki, yəqin o çoxarvadlı kişilər rast gəldikləri qızlardan məhz hansı ilə evlənməyi qəti müəyyənləşdirə bilmədiklərindən elə hamısını birdən alıblar.
Ayağa qalxdım. Arzu da durdu.
- Evə getməyəkmi? - Soruşdum.
- Gedək. - Gülümsədi və qoluma girdi.
L.Şmidt küçəsini keçib, trolleybus dayanacağına gəldik. Talon alıb qayıdanda 9 nömrəli trolleybus qabağımızda dayandı. Yaman basabas idi. Birtəhər özümüzü içəri saldıq. Svetoforun yaşıl işığı yanırdı. Amma trolleybus yerindən tərpənmirdi; arxa qapını buraxmırdılar. Nəhayət, sürücü gözləməyin mənasız olduğunu görüb, özü yerə düşdü, deyinə-deyinə keçib bir neçə nəfəri düşürdü, qapılar örtüldü. Adamların bir neçəsi ortaya keçdi, biz də yuxarı qalxdıq. Əgər əvvəldən ortanı boş saxlamasaydılar, o yazıqları da düşürməzdilər. Həm qapılar rahatca bağlanar, həm də istidən bişən sərnişinlər və sürücü əsəbiləşməzdi. Amma qəribə də olsa, kimin minib-minməməsi ortadakıların heç vecinə də deyildi və bir gün özlərinin də qapının ağzından düşürülə biləcəklərini ağıllarına da gətirmirdilər. Başlıcası bu idi ki, onlar trolleybusun içində idilər və yalnız evə çatıb, bir qədər sərinləmək barəsində düşünürdülər.
Biz də öz fikrimizlə məşğul idik. Dayanacaqdan qızlar yataqxanasına çatana qədər heç birimiz danışmadıq. Ayrılanda Arzu təklif elədi ki, sabah da görüşək. Qəti boyun qaçırdım. İşimin çox olduğunu, havanın isti keçdiyini söylədim. O təslim olmadı: "Axşamlar sərin olur. Yarım saat, bir saat gəzib söhbət edərik. Bütün günü evdə oturanda adam həm darıxır, həm də yorulur". Mən tez sağollaşmaq üçün: "Yaxşı, vaxtım olsa, gəlib sənə baş çəkərəm" deyib, pilləkənlərlə aşağı düşdüm. Bir neçə addım atdıqdan sonra geri çevriləndə onun pilləkənlərin başında dayanıb, ardımca baxdığını və mənə əl elədiyini gördüm.
Yataqxanaya gəlib, otağa qalxdım. Mahir harasa gedib. Sabir isə yatır. Yuyunub dincələndən sonra bu qeydlərimi edirəm. Görəsən, bu saat Gülnar haradadır? Kaş elə aparat düzəldəydilər ki, onun vasitəsilə istədiyin vaxt istədiyin adamı görmək mümkün olaydı. Nə bilim, bəlkə də nə vaxtsa belə bir cihaz ixtira edəcəklər.
Yaman yorulmuşam. Başım yüngülcə ağrıyır. Özümü əzgin hiss edirəm. Heç nəyə həvəsim yoxdur. Eh, bircə bu imtahanlar başlasaydı... Avqustun 1-də inşa yazacağıq. Mən sərbəst mövzunu işləyəcəyəm.
Hələlik bu qədər. Hə, bir də Gülnarın məktubuna cavab yazmışam. Bu gün səhər göndərdim. Başqa əhəmiyyətli bir hadisə baş versə, sonra əlavə edərəm.
27 iyul, saat 19.55"

III

Ülvi universitetin qapısında görüncək, yerbəyerdən soruşmağa başladılar:
- Riyaziyyatdan məsələ çətin idi?
- Kimyadan hələ çox adam qalıb?
- Tarixdə vəziyyət necədir?
- A bala, sən hansı imtahandan çıxmısan?
- Ədəbiyyatdan, ay xanım. Mən inşa yazmışam.
- Hansı mövzunu yazdın?
- Neçə variant idi?
O, birtəhər adamları aralayıb, kənara çıxdı. İndi də suallar ucaboylu, sarışın bir qızın üstünə dolu kimi yağırdı...
Ülvi üst-başını səliqəyə salıb, getmək istəyirdi ki, Arzunun bir qədər aralıda dayanıb, ona baxaraq gülümsədiyini gördü. Bu o qədər gözlənilməz oldu ki, oğlan nə özünü görməməzliyə vura, nə də onunla necə danışacağı barədə bir qərara gələ bildi.
Görüşdülər
- Kimi gözləyirsən belə?
- Səni. - Qız düz onun gözlərinin içinə baxdı.
O, alçaqdaban yay ayaqqabısı geymişdi. Onlar təxminən bir boyda idilər. Ülvi nə qədər istəsə də, özünü laqeyd apara bilmədi. Arzunu qabaqlamağa çalışdı:
- Əşi, bu imtahanlar başımı elə qatıb ki...
- Hansı mövzunu yazdın? - Arzu özünü o yerə qoymadı.
- Sərbəst mövzunu. - Oğlan gözləyirdi ki, qız onu məzəmmət edəcək, "vaxt tapıb ona baş çəkmədiyinin" səbəbi ilə maraqlanacaq. Ancaq belə olmadı. Arzu onunla elə danışırdı ki, elə bil dünən axşam gəzintidən qayıtmışdılar.
- Adı nə idi?
- "Azərbaycanın qəhrəman oğulları".
- Necə yazdın?
- Belə mövzunu pis yazmaq olmaz! - Ülvi bu gün ilk dəfə gülümsədi. - O biri variantlardakı sərbəst mövzulardan heç biri ürəyimcə deyildi. Düzdür, qəzet üçün yaxşı bir oçerk yazmaq olardı. Amma od-alov hiss olunmayacaqdı. Bu mövzu isə başqa məsələ... Lap qədim zamanlardan başladım, Cavanşirdən, Babəkdən yazdım, Nəsimidən, Koroğludan, Qaçaq Nəbidən söz açdım, Səttarxanı, Gərayı, Həzini, Xiyabanini, Pişəvərini xatırladım, axırda da:
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydadırsa, bir o taydır.
Quş iki qanadla qalxar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
misralarını yazıb, əlavə elədim ki, bu şeri yazan şairin özü də Azərbaycan xalqının qəhrəman, vətənpərvər oğludur.
- Qəşəng yazmısan! - Arzu sevincini gizlətmədi.
- Görək də.
- Səncə, neçə yazarlar?
- O, müəllimdən asılıdır. "2" də yaza bilər,"5" də... Bəs sənin imtahanın nə vaxtdır?
- O gün dedim ki? - Arzu təəccübləndi. - Sabah.
- Yaxşı hazırlaşmaq lazımdır.
- Nə bilim hansı mövzu düşəcək.
- Hər halda ən çox gözlənilən mövzuları təkrar etmək pis olmaz. Bəlkə müəyyən sitatlar, şer-zad lazım olacaq.
- Əşi, oxuduğum bəsdir. İnşanı yazacağam!.. - Arzu inamla dilləndi. - Yaxşı, burda niyə durmuşuq? Gedək də...
Onlar qarşıdakı tinə çatanda Ülvi sola döndü. Arzu ayaq saxladı:
- Bu gün neyləmək istəyirsən?
Ülvi nahar edib, şəhərə çıxmaq, bir az gəzmək yaxud kinoya baxmaq istəyirdi. Amma:
- Yataqxanaya gedirəm - dedi.
- Yəqin ki, istirahət edəcəksən, eləmi?
- Aydın məsələdir. İmtahandan çıxmışam, yorulmuşam...
- Lap yaxşı. Gedək sakit bir yerdə oturaq. Həm söhbət edək, həm də dincələk.
- Yox, Arzu, qalsın başqa vaxta. Sən də get imtahana hazırlaş.
- Elə mən də istəyirəm ki, oturub sərbəst mövzuları müzakirə edək. Həm də imtahanın qayda-qanunlarından danışarsan. Artıq sənin bir günlük təcrübən var.
Ülvi onunla razılaşmaya bilmədi:
- Yaxşı, onda əvvəlcə gedək "Kvant" da çörək yeyək, lap acından ölürəm.
- Gedək! - Arzunun gözəl çöhrəsi təbəssümlə işıqlandı.

IV

İyul-avqust aylarında Bakı ömrünün bahar çağlarını yaşayır. Şəhər birdən-birə neçə il cavanlaşır. Bakılıların böyük bir hissəsi məzuniyyətə çıxıb, Şəki-Zaqatala bölgəsində, Dağlıq Qarabağın dilbər guşələrində dincəlir, bu yerlərin gözəl təbiətindən, saf havasından, sərin sularından, dərman bitkilərindən xəbərdar olmayanlar isə Soçiyə, Kislovodska gedirlər. Şəhərdə qalanlarsa Bakını bütünlüklə Azərbaycanın hər yerindən, Ermənistandan, Gürcüstandan gəlmiş minbir arzu-diləkli gənclərin ixtiyarına buraxıb, vaxtlarının çox hissəsini Abşeron bağlarında keçirirlər.
Abituriyentlərin bir qismi sakit bir guşəyə çəkilib, mümkün qədər çox şeyi təkrar etmək istəyir, başqa bir dəstəsi isə iki-bir, üç-bir toplaşıb, hay-küylə mübahisə edir, kimsə nəyisə daha yaxşı bildiyini göstərməyə çalışır. Gərgin zehni əməkdən sonra axşamlar şəhərdə, bulvarda gəzməyin ayrı ləzzəti var. Ancaq çox vaxt bu gəzintilər zamanı da gündüzkü mübahisələr davam edir, adama elə gəlir ki, bütün şəhər oxuyur, öyrənir, mübahisə edir. Yalnız günorta vaxtı Bakı nisbətən boş görünür. Nəinki dəniz kənarında, hətta bağlarda, parklarda da adamlar tək-tük gözə dəyir.
Belə bir avqust günü, saat üç radələrində İnqilab bağından keçib Azneft meydanı tərəfə gedənlər əsas gediş-gəliş yolundan kənarda qoyulmuş oturacaqlardan birində iki gəncin əyləşib, nə barədəsə qızğın söhbət etdiyini görə bilərdilər. Oğlanın hündürdaban ayaqqabısı, ağ rəngli corabı, uzununa rəngli zolaqları olan qısaqol köynəyi uzaqdan diqqəti cəlb edirdi. Qızın əynində isə son dəbdə tikilmiş ağ ipəkdən qolsuz don və ağ rəngli alçaqdaban yay ayaqqabısı vardı. Yəqin ki, bu qızın Arzu, oğlanın isə Ülvi olduğuna şübhə etmirsiniz. Onların söhbətlərinin başlıca mövzusu Arzunun sabahkı imtahanı idi. Ülvi ona imtahanın gedişindən ətraflı danışmış, bəzi məsləhətlər vermişdi. İndi isə sərbəst mövzulardan danışırdılar. Birdən Ülvi:
- Sabah nədən yazmaq istərdin? - deyə soruşdu.
- Məhəbbətdən! - Arzu elə bil bu sualı gözləyirdi.
- Elə hamı "məhəbbət", "məhəbbət" deyir. Axı bu məhəbbət nə olan şeydir?
- Bunu sən məndən yaxşı bilməlisən.
- Amma bu mövzuda sən yazmaq istəyirsən.
- Mən məhəbbəti sosioloq kimi tədqiq edə bilmərəm. Amma bu barədə öz mülahizələrim var.
- Maraqlıdır...
- Əgər elə bir adam varsa ki, sən onu həmişə görməyə daxili bir ehtiyac hiss edirsən, onunla hər söhbətdən, ünsiyyətdən sonra özündə nəsə bir yüngüllük duyursan, qəlbin sevinclə dolur, həyatda, insanlarda gözəl nə varsa, hamısını görməyə və duymağa çalışırsan, deməli, sevirsən! Bax, məhəbbət budur!..
- Bəs o bir nəfər üçün də başqa belə bir nəfər varsa, onda necə? - Oğlanın sınayıcı nəzərləri qızın üzünə zilləndi.
- Bilmirəm. Sevənlərə: "Niyə sevirsən?" sualını verməzlər. Görən gözdür, sevən ürək!
- Axı ürəyin ağlı yoxdur. Adam təkcə hisslərlə xoşbəxt ola bilərmi?
Arzu cavab vermədi. O dəfələrlə özünü danlamış, Ülvini birdəfəlik unutmağa çalışmışdı. Lakin bunu bacarmamışdı. Ona elə gəlirdi ki, Ülvini sevməyə mənəvi haqqı var. Axı onun sevgisinin beş yaşı çoxdan bitib. Beş il o bu sevgini övladı kimi əzizləyib, boya-başa çatdırıb. Ülvi isə o boyda varlığı görməyib, onu dindirib-danışdırmayıb. Arzunun yuxusuz gecələrinin, qayğılı gündüzlərinin qədrini bilməyib. Qız isə yalnız Gülnarla Ülvi dostlaşdıqdan sonra ayılıb. O vaxta qədər isə ona elə gəlirdi ki, Ülvi də onu başa düşür və özü qəsdən heç nə demir, "sevirəm" sözü ilə bu sözsüz sevginin ülviliyinə xələl gətirmək istəmir. Fəqət məhz bu cür hallarda deyiblər: "Sən saydığını say, gör fələk nə sayır". Fələk isə, doğrudan da başqa şey sayırmış və Arzu bunu biləndə, sizə məlum olduğu kimi, artıq gec idi. Buna baxmayaraq, Arzu vəziyyətlə barışmaq istəmir, Ülvidən öz haqqını tələb edir. "Əgər ona mənim "sevirəm" sözümü eşitmək lazım idisə, mən bunu çoxdan edə bilərdim" deyir və gecikdiyi hər dəfə yadına düşəndə tüstüsü təpəsindən çıxır.
Ülvi də od ilə su arasında qalıb. Bu neçə ildə Arzunun onu sevdiyini hiss eləmədiyinə görə özünü günahkar sayır, vicdan əzabı çəkir. Ancaq səhvini heç cür düzəldə bilmir. Gülnara olan dərin məhəbbəti onu vadar edir ki, bax beləcə, qovrula-qovrula qalsın.
Bəs Gülnar? Bəs o nə düşünür? Əlbəttə, Arzunun Ülvini sevdiyini o, qızın məlum məktubunu oxuyana kimi bilməyib. Sonra isə düşünüb ki, hər bir adamın sevmək və sevilmək hüququ var və Gülnar da bu hüququndan istifadə edib. Bəs bununla Arzunun hüququnu tapdalayıb yoxsa yox? O bu barədə heç düşünmək belə istəmir. Bəlkə sabah başqa bir qız da gəlib Ülvini sevdiyini söyləyəcək. Gülnar onları özünün sevdiyi oğlanı sevdikləri üçün qınaya bilməz ki! Sevgi azaddır! Lakin birtərəfli olanda qəm, qüssə, kədər, qarşılıqlı olanda isə sevinc, səadət, bəxtəvərlik gətirir! Gülnarla Ülvinin də sevgisi qarşılıqlıdır və bu sevgi onları xoşbəxt edəcək. Kim onların arasına girirsə, o, bədxah adamdır, səadətin, xoşbəxtliyin düşmənidir! Bax, Gülnarın da bu məsələyə münasibəti belədir...
- Bəlkə bir az gəzək? - Ülvinin səsi Arzunu qəmli düşüncələrdən ayırdı.
O dərindən köksünü ötürüb:
- Yox, - dedi. - Gedək yataqxanaya. Başım ağrıyır.

V

İnşanı yazandan sonra Arzu hər gün səhər saat 10-da Ülvinin yanına gəlir və onlar yataqxananın birinci mərtəbəsindəki oxu salonunda növbəti imtahana hazırlaşırdılar. Əlavə söhbətlərə heç vaxt qalmırdı. Bədii əsərlərin unudulmuş yerlərini bir-birlərinə xatırladır, şerlərdən parçalar əzbərləyir, cümlə təhlili ilə məşğul olurdular. Günorta hərə öz otağına gedir, çörək yeyib dincəlir və sonra hər şey yenidən təkrar olunurdu.
Bu gün imtahan vərəqəsini verəcəkdilər. Abituriyentlər qarışqa kimi qaynaşırdılar. Əvvəlcə Ülvinin imtahan vərəqəsini aldılar. Arzu cəld qiymətə baxıb:
- Təbrik eləyirəm, - deyə sevinclə dilləndi, - "5" almısan.
- Çox sağ ol. - Ülvi özü də imtahan vərəqəsini alıb baxdı. - Gedək, görək, sən neçə almısan.
Filoloji fakültəyə imtahan verənlərin sayı nisbətən çox olduğundan yaman basabas idi. Arzunun imtahan vərəqəsini almaq üçün xeyli gözləməli oldular. O, imtahan vərəqəsini alan kimi elə addımların arasındaca açıb baxdı və heç bilmədi ki özünü Ülviyə necə yetirdi.
- "5", mən də "5" almışam. - Qızın sevincinin həddi-hüdudu yox idi.
Kənardan baxanlar elə zənn edərdilər ki, bu gənclər dünyanın ən bəxtəvər adamlarıdırlar. Bir-birlərinə necə də yaraşırdılar!
Onlar deyə-gülə yataqxanaya qayıtdılar.
Ədəbiyyatdan şifahi imtahan birisigün- avqustun 6-da idi. Birinci imtahandan aldığı əla qiymət Arzunun özünə inam hissini xeyli artırmışdı. O, ikinci imtahana da səylə hazırlaşır, Ülvidən bilmədiyi hər bir şeyi təfərrüatı ilə izah etməyi xahiş edirdi. Qızdakı həvəs oğlana da sirayət etmişdi. O, ikinci imtahandan da yalnız "5" almaq istəyirdi.

VI

Ayın 5-də axşam yeməyindən sonra heç nə oxumamağı qərara aldılar. Ülvi Arzunu yola salıb, otağına qalxdı. Mahir kartof qızardıb, göy-göyərti ilə birlikdə gətirib stolun üstünə qoymuşdu. Ülvi içəri girəndə çörək doğrayırdı. Sabir isə stəkanlara çay süzürdü.
Ülvi kitab-dəftərini dolabçasının üstünə qoyub, dəsmalını götürdü. Bayıra çıxmaq istəyəndə Sabir onu saxladı:
- Ülvi, gəlsənə, Mahiri məscidə aparıb günahlarını yuyaq.
- Nə olub ki? - Ülvi ilə Mahir təəccüblə baxışdılar. Sabir çaydanı yerə qoyub, çayları yerbəyer elədi:
- Nə olacaq?! Mahir həmişə elə dadlı yeməklər bişirir ki, iyi birinci mərtəbədə Məcnunu Leylidən ayırıb otağa gətirir.
Gülüşdülər. Mahir üzünü Sabirə tutub:
- Bacardığım budur da, - dedi. - Evdə birdən-ikidən xörək-zad bişirməmişəm ki. İstəyirsən, sabahdan sən aşpaz ol.
Sabir tez:
- Ə, sən öl, genə sən yaxşısan, - deyib, yaxasını kənara çəkdi. - Mən heç qayğanaq da bişirə bilmirəm.
Sonra Ülviyə tərəf çevrildi:
- Tez ol, get yuyun gəl. Lap acından ölürəm. Vallah, bu Mahirdən bir dənədir. Yoxsa indi "Kvant"da elektrondan-neytrondan-zaddan yeyirdik.
- Yaxşı, yaxşı, az təriflə, - deyə Mahir güldü. - Deyəsən, quyruğun qapı arasında qalıb...
Ülvi yuyunub qayıdanda onlar hələ də deyişirdilər.
Ədəbiyyat vurğunu olan Mahir ilk günlər olduqca az danışırdı. Hətta bir qədər utanıb-sıxılırdı da. Lakin Sabirin duzlu zarafatları, məzəli atmacaları onu tamam dəyişdirmiş və əvvəlki "ana uşağı"ndan əsər-əlamət qalmamışdı. Dünən ilk imtahandan "kafi" aldığını öyrənəndə də ruhdan düşməmiş və:
- "3" olsun, hamısından olsun, - deyə zarafat etmişdi.
Sabir isə tarixçi olmaq arzusundaydı. İlk sınaqdan əla çıxıb, tarixdən "5" almışdı. Avqustun 6-da ədəbiyyatdan yazılı imtahan verəcəkdi.
Bu üç müxtəlif xasiyyətli, müxtəlif arzu-diləkli gənc bir-birilə tez qaynayıb-qarışmış, tanışlıqlarından heç bir həftə keçməmiş neçə ilin dostları kimi birlikdə yeyib-içməyə, deyib-gülməyə başlamışdılar. Axşam gəzintisinə də çox vaxt üçlükdə çıxardılar.
İndi də bir-birilərinə söz ata-ata Mahirin qızartdığı kartofu yeyib, Sabirin dəmlədiyi ətirli çaydan içdilər. Ülvi stolun üstünü yığışdırdı, stəkanlara yenə çay süzdü. Mahir çaydan bir qurtum alıb, üzünü Ülviyə tutdu:
- Ülvi, bax, burda başqa adam yoxdur, özümüzük. Bir söz desəm acığın tutmaz ki?
- Əşi, bir yox, lap ikisini de. - Ülvi onun nə deyəcəyinin fərqinə varmadan şən-şən dilləndi.- Acığım tutanda sudan-zaddan içib sakitləşərəm.
- Bilmirəm, Ülvi, ancaq mənə elə gəlir ki, - o əvvəlcə Sabirə, sonra isə yenə Ülviyə baxdı, - məncə, sən Arzu ilə evlənməyəcəksən.
- Məgər mən nə vaxtsa hardasa kiməsə demişəmmi ki, onunla evlənəcəyəm? - Ülvi təəccübünü gizlədə bilmədi.
- Axı, sən onunla dostluq eləyirsən...
- Tamamilə doğrudur. Arzu çox yaxşı qızdır!
- Bəs onda...
Ülvi onun sözünü kəsdi:
- Əgər sən hər hansı bir qızla dostluq eləyirsənsə, onunla gələcəkdə hökmən evlənməlisənmi?
- Bəs axı deyirlər, məhəbbət hissləri dostluq hisslərinin ülviləşmiş formasıdır.
- Etiraz etmirəm. Lakin onda belə çıxır ki, mən bir qızı sevirəmsə, başqa bir qızla heç vaxt dostluq edə bilmərəm, eləmi?
- Nə deyim, vallah. Hələ sınaqdan keçirməmişəm.
Sabir gülüb, Mahirə:
- Ə, fikir vermə, - dedi, - Ülvi dolayır səni barmağına bala-bala.
- Yox, Sabir, ciddi sözümdür.
Sabirin qaşları yuxarı dartıldı:
- Ə, Ülvi, qoy oturmuşuq, mən ölüm. Qızdan da adama dost olar?
- Bəs sən heç bir qızla dostluq eləmirsənmi?
- Yox.
- Niyə?
- Çünki mən onlara yaxşı bələdəm. - Orta məktəbi keçən il qurtarmış Sabir tarix fakültəsinə imtahan verib müsabiqədən keçmədiyinə görə bir il Gəncədə işçilərinin əksəriyyəti qızlardan ibarət olan "Büllur" zavodunda fəhlə işləyib. İndi o buna işarə edirdi. - Qızlar oğlanlarla yalnız üç halda dostluq edirlər; ya onu sevəndə, ya vəzifəcə ona tabe olanda, ya da ondan öz məqsədləri üçün istifadə etmək istəyəndə. Mən də işləyəndə birisi ilə gəzirdim. Sənin dilinlə desək, dostluq eləyirdik. Bir gün ona dedim ki, "Bakı" kinoteatrında yaxşı bir eston filmi göstərirlər, bilet almışam, axşam 7-də gələrəm, gedərik. İmtina elədi. Səbəbini soruşanda isə əzilib-büzülüb dedi ki, onu bu günlərdə Bakıda oxuyan bir oğlana nişanlayacaqlar, mənimlə kinoda görsələr, axırı yaxşı olmaz.
- Ə, düz eləyib də. - Mahir söhbətə müdaxilə etdi. - Gəncəliləri mənə tanıdırsan?..
Sabir istehza ilə:
- Ə, görəndə nə olar ki? Məgər mən öz dostumla kinoya gedə bilmərəm? - deyib, Ülviyə baxdı. - Bəs o Arzu dediyin qız bir nəfəri sevirmi?
- Tutaq ki, sevir.
- Yox, Ülvi, olmadı. Biz burda ciddi məsələdən danışırıq. - O yenə güldü. - Dəqiqləşdir: ya "hə", ya "yox".
- Sevir.
- Oğlan necə, oğlan da onu sevirmi?
- Fərz edək ki, yox.
- Ə, fərziyyəyə məqalə-zad yazanda güc verərsən. Dəqiqləşdir görək.
- Yox
- Nə? - Stəkan az qaldı Mahirin əlindən düşsün. - Ə, mən ölüm, o oğlan ya kordur, ya da ağılsız. Arzu kimi qızı sevməmək olarmı? Şəxsən mən onun xoşuna gəlsəm, dünyada dərdim var demərəm.
Ülvi cavab vermədi. Sabir:
- Deməli, - dedi, - deyirsən ki, Arzu sevir, ancaq sevilmir, eləmi?
- Mən elə demədim.
- Ə, mən müstəntiq-zad deyiləm ki, ifadəni danırsan. Mən ölüm, Mahir, indicə o demədi ki, oğlan qızı sevmir?
- Lakin mən demədim ki, başqa oğlanlar da ona biganədirlər. Arzunu sevən oğlanların hamısını bir yerə yığsan, iki-üç futbol komandası düzəltmək olar.
- Ə, bəs o dediyin oğlanla harda tanış olublar?
- Bir məktəbi qurtarıblar.
- Doğrudanmı?.. Sir-sifətdən, boy-buxundan necədir?
Mahir tez:
- Qoy mən təsvir edim, - dedi. - Bir halda ki Arzu onu sevir, deməli o, ucaboyludur, enlikürəkdir, əyninə cins kostyum geyir, modadan yaxşı baş çıxarır, gitarada çalıb-oxuyur. - Üzünü Ülvüyə tutdu:
- Düz tapmışam?
Ülvi başını yellədi:
- Təssüf ki, saydığın xüsusiyyətlərin heç biri o oğlanda yoxdur. Ortaboylu, qarayanız, adi bir adamdır. Hələlik heç bir şücaət göstərməyib. Heç bir sahədə xüsusi istedadı yoxdur.
- İnanmaram, mən ölüm.
- İnansan da, inanmasan da, bu faktdır. Arzu sənin düşündüyün qızlardan deyil. O həm ağıllı, həm gözəl, həm də olduqca sadədir. Buna görə də mən onunla dostluq eləyirəm.
Sabir bu söhbətə yekun vurmaq məqsədilə:
- Ə, - dedi, - bircə bunu bilirəm ki, qızla ya gəzmək üçün dostluq eləyərlər, ya da evlənmək üçün. Qalan şeylər, Bəxtiyar demişkən, "...mənim üçün əfsanədir".
Ülvi güldü:
- Bax, bunu yaxşı dedin. Özün həmişə sübut etməyə çalışırdın ki, elə şeylər var ki, biri üçün həqiqətdir, o biri üçün əfsanə.
- Amma bu məsələdə mən öz-özümü inkar etməyə hazıram... Hə, yaxşı yadıma düşdü, o Arzunun sevdiyi oğlan var ha, o da kimisə sevirmi?
- Sevir. Özü də o qızı heç kimə dəyişməyəcəyini dəqiq bilirəm.
- Bəs o qız oğlanı Arzuya qısqanmır?
- Yox.
- İnanmaram, sən öl.
- O qız həmin oğlana inanır!
- Ə, genə başladın boş-boş şeylər danışmağa. Mən bir qızı sevim, o da gəlsin səninlə dostluq eləsin. Sən öl, elə həmin gün onun adının üstündən qırmızı karandaşla çəpinə erməni xaçı çəkməsəm kişi deyiləm.
Qapı açıldı və qonşu otaqda qalan Rüstəm içəri girdi:
- Yenə nə hay-küy salmısız? Saat on birin yarısıdır. Bir azdan kinonun ikinci seriyası başlayacaq...
Sonra üzünü Sabirə tutdu:
- Get indidən özüvə yer tut. Bu dəfə mən tək oturacağam.
Hamı gülüşdü.
VII

On gündən çox idi ki, Ülvi Gülnardan məktub almırdı. Qız üçün yaman qəribsəmişdi. Son günlər tez-tez onu yuxuda görürdü. Həmişə də onlar gözlənilmədən rastlaşırdılar. Qız mehribanlıqla gülümsəyib ona yaxınlaşır, kefini xəbər alır, işləri ilə maraqlanırdı. Ülvi isə cavab verə-verə düz onun gözlərinin içinə baxır və nəvazişlə gülümsəyən o gözlərdə müəmmalı bir tutqunluq görürdü. Bu, neçə gün idi ki Ülvini narahat edir və qız sarıdan nigarançılığını artırdı. İndi bulvarda oturub Arzu ilə söhbət edəndə də o yenə Gülnar haqqında düşünürdü. Gözləri də elə bil gördüyünü düzgün əks etdirmirdi - o, Arzuya baxır, lakin Gülnarı görürdü.
Beləcə nə qədər oturduqlarından xəbəri olmadı. Arzu da, nədənsə, ona mane olmaq istəmirdi. Qızın səsində ilk günlər hiss olunan istehzalı notlar da yoxa çıxmışdı. Ülvinin son günlər ona qayğı ilə yanaşmasının səbəbini Arzu başa düşə bilmirdi. Bunun isə yalnız bir səbəbi vardı: otaqdakı həmin söhbətdən sonra Ülvi Arzu ilə ömrünün axırına kimi möhkəm, saf, səmimi dostluq etməyi qərara almışdı. O, Sabirə sübut etmək istəyirdi ki, dostluq təmənnasız olmalıdır və qız da, oğlan da namuslu isə, onların bir-birilə sadəcə dostluq etməsi tamamilə mümkün olan bir şeydir.
Birdən Arzunun əlindəki dırnaqtəmizləyən oturacağın üstünə düşdü. Səsə Ülvi xəyallar aləmindən ayrıldı. Artıq axşam düşmüşdü. Saata baxdı. Səkkizə az qalırdı. Gülümsündü:
- Deyəsən, üstüaçıq yatmışdım.
- Hava istidir, heç nə olmaz. - Qızın dalğın baxışları oğlana zilləndi.
... Birgə hazırlıq yaxşı nəticə vermişdi. Arzu ikinci imtahandan "4", Ülvi isə yenə də "5" almışdı. İngilis dilindən də ən azı "4" alacaqdılar. Başlıca qayğıları tarixdən sabah yaxşı qiymət almaq idi. Özü də tərslikdən imtahan ayın 13-ə təsadüf edirdi. Həm də Arzu SSRİ tarixini sevmədiyindən nisbətən zəif bilirdi. Bayaq Ülvi ilə bu barədə söhbət edəndə də o, narazılıqla demişdi: "Bax, mən dilçi olmaq, ta qədim dövrlərdən başlayaraq bu günə qədər Azərbaycan dilində baş verən dəyişiklikləri sistemli şəkildə tədqiq etmək istəyirəm. Məgər Svyatoslavın yürüşlərini, Şimal müharibəsini, Borodino və ya Kulikovo döyüşlərinin tarixçəsini bilmədən bu işi yerinə yetirmək olmazmı?" Ülvi isə onunla razılaşsa da belə cavab vermişdi: "Hər bir arzuya çatmaq üçün insan müəyyən maneələri dəf etməlidir. Elə zənn elə ki, bu da maneədir, yolunda qarşına çıxan daşdır, kəsəkdir, nə bilim, kol-kosdur. Aydın məsələdir ki, irəliləmək üçün bu maneəni dəf etmək lazımdır. Buna görə də sən özünü məcbur eləyib, SSRİ tarixini öyrənməlisən". Arzu isə təslim olmamışdı: "Bir halda ki, tarixdən imtahan zəruridir, onda qoy Azərbaycan tarixindən imtahan verək. SSRİ tarixini isə universitetdə öyrənərik". Ülvinin cavabı qeyri-müəyyən olmuşdu: "Yəqin belə məsləhətdir. Mən özüm də "5" alacağıma əmin deyiləm".
- Oturmaqdan yorulmadınmı? - yaranmış sükutu yenə Arzu pozdu. - Bəlkə kinoya gedək?
- Gedək. - Ülvi əsnəyib, ayağa qalxdı. - Deyirlər, "Azərbaycan"da yaxşı film göstərirlər.
- Adı nədir?
- "Məhəbbətlə".
- Hara filmidir?
- Polşa.
- Baxmaq olar. Onların müasir mövzuda çəkdikləri filmlər mənim xoşuma gəlir. - Arzu da ayağa durdu.
... Jurnal qurtaran kimi gecikənlər salona doluşdular. Əgər Ülvi və ya başını onun çiyninə söykəyib, fikirli nəzərlərini tavana zilləyən Arzu qapıya tərəf çevrilsəydi, içəri girənlərin arasında Gülnarı da görə bilərdi. Onun yanında son dəbdə geyinmiş boylu-buxunlu, gözəl bir qız da vardı. Onlar Ülvigildən iki sıra arxada, bir qədər sağ tərəfdə oturdular. Gülnar yerini rahatlayıb, salondakıları gözdən keçirirdi. Birdən onun nəzərləri Ülvi ilə Arzuya sataşdı. Onlar əvvəlki kimi sakitcə oturmuşdular. Hər biri öz fikirləri ilə məşğul idi. Bir andaca dünya-aləm Gülnarın başına fırlandı. Gözləri qaraldı, başı hərləndi. Əlini sürətlə döyünən ürəyinin üstünə qoyub, zəif səslə bircə bunu deyə bildi:
- Məhi, özümü pis hiss eləyirəm, çıxaq bayıra...

VIII

Ülvi otağa girən kim Sabir:
- A bala, gəl çıx da, - dedi. - Gözləməkdən gözümüzün kökü saraldı.
Əvvəlcədən sözləşiblərmiş kimi Mahir də əlavə etdi:
- Əşi, uşağın başını qaşımağa vaxtı var ki, ev-eşikdə də tapılsın. Bəxtəvər beləsinə deyiblər. Biz yazıq bir qızla əməlli-başlı tanış ola bilmirik, bu isə biri ilə gəzir, o birini də ehtiyatda saxlayır. Ülvi güldü:
- Ə, bacarana baş qurban. De görüm, yeməyə nəyin var. Acından pillələri zorla qalxmışam.
- Bəs sən restorandan gəlmirsən? - Mahir süni şəkildə təəccübləndi.
Sabir:
- Ə, restoran-zad nədir, - deyə bərkdən güldü. - Yazıq qıza boyat peraşkidən-zaddan nə bilim nə yedirib.
Ülvi nə isə demək istəyirdi ki, gözləri mizin üstündəki teleqrama sataşdı. Götürüb oxudu: "12-də birinci avtobusla gəlirəm. Qarşıla. Gülnar". Əvvəlki şadlığından əsər-əlamət qalmadı. Üzünü Mahirə tutdu:
- Bu haçan gəlib?
- Günorta. Sən gedəndən bir yarım saat sonra.
Ülvi bu gün saat 12-yə qədər Arzu ilə tarixi təkrar eləmiş, sonra isə qızın zəif bildiyi 7-ci siniflər üçün "SSRİ tarixi" kitabını da götürüb, şəhərə getmişdilər.
Sabir ondakı dəyişikliklərin fərqinə varmadan:
- Al, məktub da gəlib, - dedi.
Ülvi key kimi məktubu alıb açdı. Damalı qoşa dəftər vərəqini çıxarıb, çarpayısına çökdü və oxumağa başladı. Gülnar hal-əhval tutur, ilk imtahandan "beş" aldığı üçün onu təbrik edir, sonrakı imtahanları da əla qiymətlərlə verməyi arzulayır və yazırdı: "Ülvi, 11-i yaxud 12-i Bakıya gələcəyəm. Xalamgil şənbə və bazar günləri, adətən, evdə olmurlar. Buna görə də sənə teleqram vuracağam. Məni hökmən qarşılayarsan. Unutma ki, mən Bakıya ilk dəfə gəlirəm..." Daha oxuya bilmədi. Əlləri ilə başını tutdu. Sanki tavan uçub üstünə töküləcəkdi. Elə bil başına bir qazan qaynar su əndərdilər. Əvvəl heç nə fikirləşə bilmədi. Sonra özündən zəhləsi getdi, Arzuya acığı tutdu. "Gərək elə bu gün gələydi", - deyə Gülnarı qınadı. Düşünəndə ki, Gülnar gəlib avtovağzalda onu axtarıb, müxtəlif insan tipləri ilə dolu olan bir yerdə tək, köməksiz qalıb, onu dəhşət bürüdü. Acığından dodaqlarını gəmirdi. Durub dəli kimi o tərəf-bu tərəfə var-gəl etməyə başladı.
Sabirlə Mahir bir-birlərinə baxdılar: "Ə, bu niyə belə eləyir? Nə yazılıb görəsən məktubda?"
Sabir ayağa durub, Ülvinin qolundan tutdu:
- Sakit ol görək. Noolub axı?..
Ülvi cavab vermədi. Otaq - tavan, divarlar, dolab, dolabça - hər şey ləngər vururdu. Sifəti qap-qara qaralmışdı. Dizləri yavaş-yavaş bükülürdü.
Onu çarpayıya uzatdılar. Mahir stəkanı götürüb qaça-qaça su gətirməyə getdi. Sabir isə onun əl-qolunu, alnını ovuşdurmağa başladı.
Ülvi nə su içdi, nə də bir kəlmə danışa bildi. Beləcə heysiz halda uzandı. Nə Sabirin zəng eləyib çağıtdırdığı həkimin onun nəbzini yoxlayıb: "Bərk əsəb sarsıntısı keçirmişdir. Qoyun yatıb dincəlsin. Sabah günortaya qədər hər şey keçib gedəcək" deməsindən, nə gecə qarmaqarışıq, anlaşılmaz sözlərlə sayıqlamasından, nə də bütün bədəninin od tutub yanmasından xəbəri oldu.
O, yuxudan birdən ayıldı. Qolları, qıçları elə bil özününkü deyildi. Bütün bədəni sustalmışdı. Gözlərini açan kimi başı hərlənirdi. Bir neçə dəqiqədən sonra qalxıb çarpayıda oturdu. Otaqda heç kim yox idi. Yavaş-yavaş hər şey yadına düşməyə başladı. Hirsindən ağlamaq dərəcəsinə gəlmişdi. Gecə bərk tərlədiyindən maykası bədəninə yapışmışdı. Şalvarını geymək istədi, lakin ayaq üstə dura bilməyib, yenidən çarpayıya çökdü. Sonra bir də qalxdı. Geyinib, əl-üzünü yudu. Başı sinəsində, qolları yanında otağa qayıtdı. Birdən yadına düşdü ki, bu gün tarixdən imtahan verəcək. Həmişə yatanda saatını çarpayının başından asardı. Amma indi saat orada yox idi. O tərəf-bu tərəfə göz gəzdirib, gördü ki, dolabçanın üstündədir. Götürüb baxdı. 10-a beş dəqiqə işləyirdi. Tələm-tələsik yığışlanıb küçəyə çıxdı. Avakyan küçəsinə çatanda yadına düşdü ki, pasportunu götürməyib. Qaça-qaça geri qayıtdı...

IX

Gülnar avtovağzalda Ülvini çox gözlədi. Çamadanı ağır olduğundan küçəyə çıxa bilmirdi. Bayaq avtobusda onunla birlikdə gəlmiş oğlanlardan bir neçəsi: "Bacı, kömək lazımdırmı?" deyə soruşduqda: "Yox, sağ olun, məni qarşılayacaqlar" deməsinə indi peşman olmuşdu. Yaxınlıqdakı taksilərdən də hansına yaxınlaşırdısa: "Əhmədliyə, "Vasmoy"a gedirsənsə, gəl otur" sözlərini eşidib, kor-peşman geri qayıdırdı.
Bir xeyli belə keçdi. Zavallı qız nə edəcəyini bilmirdi. Dizləri yavaş-yavaş bükülür, başı hərlənirdi. Dərdini kimə desin, kimdən kömək istəsin? O, ümidlə ətrafa göz gəzdirməyə başladı. Elə bu vaxt əynində "cins" şalvar, qısaqol köynək, ayaqlarında altı qalın hündürdaban ayaqqabı olan ortaboylu, qara, uzun saçları sağ tərəfdən gözünün üstünə tökülmüş yaraşıqlı bir oğlan ona yaxınlaşdı. Onun sol qolunda yapon saatı, sağ əlində isə müxtəlif açarlar toplusu var idi. O, yumşaq səslə:
- Bacım, - dedi, - deyəsən, qabağınıza çıxan olmayıb. Gəlin, mən sizi aparım.
Gülnar tez:
- Yox, yox, - dedi, - sağ olun. Mən taksi ilə gedərəm.
- Əşşi, gəlin bəri. Taksi nədir?!.. Sizi kukla kimi maşında aparacağam! - Oğlan bunu deyib, Gülnarın çamadanını götürərək, bir qədər aralıda dayanmış bənövşəyi rəngli "Jiquli"yə tərəf addımladı.
Gülnar hələ avtobusdan düşəndə bu maşının burada dayandığını görmüşdü. Qız tərəddüd etdi. Tərslikdən nə oğlanın səliqəli geyimində, nə də mehriban səsində şübhədoğuracaq bir əlamət yox idi. Həm də ki, avtovağzalda nə qədər dayanacaqdı? Əvvəl-axır tanımadığı bir sürücü onu xalasıgilə aparmalıydı, ya yox?
Oğlan çamadanı maşının yük yerinə qoyub, arxa qapını açdı:
- Gəl, əyləş, bacım, nədən çəkinirsən, mən də sənin qardaşın...
Gülnar keçib oturdu. Oğlan qapını örtüb, sükanın arxasına keçdi. Avtovağzaldan çıxıb, maşını saxladı:
- Hara gedəcəyik?
Gülnar əl çantasından ünvan və telefon yazılmış kiçik bir kağız çıxarıb oğlana verdi. O, kağızı alıb, gözucu nəzər saldı:
- Hə, çox uzaq deyil. Bir 25-30 dəqiqəlik yoldur.
Maşın dövrə vurub, Bakıxanov küçəsi ilə üzüaşağı getməyə başladı.
Gülnar yan-yörəsinə göz gəzdirdi. Maşının içi, doğrudan da, çox gözəl idi. Oturacaqların üzərinə, arxasına çəhrayı rəngli əla məxmər örtük çəkilmişdi. Qapıların yuxarılarına müxtəlif vəziyyətlərdə rəngli qız şəkilləri səliqə ilə yapışdırılmışdı. "Yəqin, məşhur müğənni və aktrisaların pərəstişkarıdır". Güzgünün hər iki tərəfindən kiçik kuklalar asılmışdı. Yeddi saat yol gəlib, bir xeyli də avtovağzalda ayaq üstə durmuş Gülnar indi sürətlə gedən maşının içərisində özünü çox rahat hiss eləyirdi.
Oğlan gözünü yoldan çəkmədən sağ əlini uzadıb, yapon maqnitofonunu işə saldı. Olduqca şən, oynaq xarici musiqi eşidildi. Elə bil ki onlar maşında yox, sürətlə hərəkət edən xarici barda idilər. Bircə cürbəcür eybəcər səslər çıxaran və bütün bədənlərini əsdirə-əsdirə oynayan gənclər görünmürdü.
Bir tərəfdən yorğunluq, bir tərəfdən aclıq, bir tərəfdən isti, bir tərəfdən də maşın Gülnarı xumarlandırırdı. Gözləri tez-tez ixtiyarsız yumulurdu. Heç ağlına da gəlmirdi ki, şəhərin mərkəzində yaşayan xalasıgilə getmək əvəzinə Moskva prospekti ilə sürətlə hərəkət edirlər. Beləcə nə qədər yol getdiklərindən xəbəri olmadı. Birdən əyləcin səsinə gözünü açdı. Sol tərəfdə çoxlu maşınlar hərəkət edirdi, sağda isə hansısa metro stansiyası görünürdü. Səliqə ilə geyinmiş cavan milis leytenantının səsi onu tamam ayıltdı:
- Leytenant Səmədov. Xahiş edirəm, sənədlərinizi göstərin.
Oğlan dinməz-söyləməz sürücülük vəsiqəsini leytenanta verdi. Leytenant vəsiqəyə diqqətlə baxıb, ona qaytardı:
- Hara belə tələsirsiz, sarı işıqdan sonra qırmızı yansaydı...
- Sabunçuya gedirəm. Anam xəstəxanadadır. Bacımı onun yanına aparıram.
Leytenant Gülnara baxıb, mehribancasına gülümsəyərək:
- Allah şəfa versin, - dedi. - Gedin, ancaq bir az ehtiyatlı olun.
Bir neçə saniyə ərzində neçə-neçə fikir Gülnarın beynində bir-birini sürətlə əvəz etdi. Bakıda sadəlövh qızların öz təqsirləri üzündən hansı müsibətlərə düçar olduqları haqqında eşitdikləri, oxuduqları yadına düşdü...
Oğlan arxayın-arxayın maşını yerindən tərpətmək istəyəndə qız birdən əl çantasını götürüb, cəld qapını açaraq yerə düşdü. Motosikletə minmiş leytenanta tərəf qaçmağa başladı. Səmədov motosikleti artıq işə salmışdı. Qız:
- Dayanın!.. Dayanın!.. - deyə bərkdən qışqırdı.
Leytenant səsə geri çevriləndə özünü motosikletə yetirmiş Gülnar ayaq üstə dura bilməyib, onun üstünə yıxıldı. Zabit çevik hərəkətlə qızı tutub:
- Sakit olun, bacım, - dedi. - Deyin, görək, nə olub?
Gülnar danışmaq istədi, lakin səsi çıxmadı. Handan-hana o:
- Sürücü yalan deyirdi, - dedi. - Mən onun bacısı deyiləm.
Qız əhvalatı bir neçə kəlmə ilə leytenanta danışdı. Səmədov "Jiquli"ni yerində görməyib:
- Heç maşının nömrəsinə də baxmadıq...- deyə təəssüflə dilləndi.
Gülnar artıq bir qədər sakitləşmişdi:
- O maşın avtovağzalda çoxdan dayanmışdı. Nömrəsini görən kimi ev telefonumuz yadıma düşdü. 37-25-dir. Ancaq seriyasına fikir vermədim.
Leytenant radio ilə ətrafdakı bütün milis postlarından 37-25 nömrəli bənövşəyi "Jiquli"ni saxlamalarını xahiş etdi və sürücünün əlamətlərini saydı. Sonra Gülnara tərəf çevrildi:
- Xalanız harda yaşayır?
- Bilmirəm. Ünvanı da, telefonu da kağıza yazılmışdı. Avtovağzalda oğlana verdim.
- Bəlkə telefon yadınızdadır?
Gülnar bir qədər fikirləşib:
- Axırıncı dörd rəqəmi eynidir, - dedi. - Ancaq əvvəlki iki rəqəmi unutmuşam. Ya 9, ya da 6 ilə başlayırdı.
- Bəlkə, təxmini də olsa, evin yerini deyəsiz.
Gülnar başını buladı. Leytenant daha heç nə soruşmayıb, motosikletin yedəyində qız üçün yer hazırladı:
- Gəlin, əyləşin. Xalanızın ad və familiyasını ki bilirsiz. Taparıq!
Gülnar yerindən tərpənmədi. Leytenant qızın tərəddüd etdiyini görüb, ona yaxınlaşdı. Qolundan tutub, motosikletə tərəf gətirdi. Gülnar irəlidə onu nələr gözləyəcəyinin fərqinə varmayan adamlar kimi keçib oturdu. Motosiklet dövrə vurub, Moskva prospekti ilə şəhərə tərəf getməyə başladı...
...Onlar Bağırov körpüsünün altından çıxıb, Mədəniyyət evinin qarşısından keçərkən afişaları görən Gülnar nəyi isə xatırlayıbmış kimi:
- Bilirsiz, - deyə leytenanta baxdı, - xalamgil danışırdılar ki, onlar təzə filmlərə, adətən, "Azərbaycan" kinoteatrında baxırlar. Bəlkə o ətrafda olurlar...
- Elə isə, telefonun əvvəlki iki rəqəmi 92 olmalıdır. Bu saat yoxlayarıq.
Səmədov motosikleti sağ tərəfə verib saxladı:
- Düşün, bu avtomatdan zəng edək.
- Xalamgil şənbə və bazar günləri, adətən, evdə olmurlar.
- Bəlkə bəxtimiz gətirdi. İndi yoxlayarıq.
Leytenant nömrəni yığıb, kabinədən çıxdı. Dəstəyi Gülnara verdi. Xəttin o biri başında xalası qızı Məhbubənin səsini eşidən Gülnarın sevincinin həddi-hüdudu olmadı.
- Salam, Məhi, mənəm ey, Gülnar.
Məhbubə təəccübləndi:
- Gülnar?!.. Hardan danışırsan?
- Bakıdan.
- Səsin elə bil uzaqdan gəlir.
- Bəlkə, doğrudan da, uzaqdayam.
- Bəs olduğun yeri bilmirsən?
- Yox... Bir dəqiqə gözlə.
Gülnar əli ilə dəstəyin mikrofonunu tutub:
- Biz hardayıq? - deyə leytenantdan soruşdu.
- Montində.
- Məhi, eşidirsən, Montindəyəm ey.
- Deyəsən tək deyilsən...
- Hə. Bir milis leytenantı mənə kömək etmək istəyir. Ancaq bilmirik hara gələk.
- Leytenant maşınladır yoxsa piyada?
- Motosikletlə.
- Onda de ki, səni "Azərbaycan" kinoteatrının yanına gətirsin. Orada gözləyəcəyəm.
- Yaxşı. - Gülnar sevincək dilləndi. - Hələlik.
- Tez gələcəksiz?
Gülnar leytenanta baxdı:
_ Soruşur ki, tez gələcəyik.
- Harda gözləyəcək?
- "Azərbaycan" kinoteatrının yanında.
- 15-20 dəqiqədən sonra ordayıq.
- Gülnar telefona:
- 20 dəqiqədən sonra gözlə bizi.
- Yaxşı...
... Sabir bağının yanı ilə üzüaşağı gedən motosiklet Ədəbiyyat muzeyinin yanından sağa burulub, təəccüblə o tərəf-bu tərəfə çəkilən adamların arasından keçərək, Natəvanın heykəlinin qabağında dayandı. Gülnar düşməyə macal tapmamış xalası qızı onun başının üstünü kəsdirdi, düşməyə kömək etdi. Bərk-bərk qucaqlayıb, üz-gözündən öpdü:
- Az, nə yaxşı gəldin. Təklikdən lap bağrım çatlayır. Samir Karlovı Varıya gedib. Mama qəbuldadır. Ona görə də bir yerə gedə bilmədik. Papanın da ki işləri heç qurtarmaq bilmir. Di gəl də, nə durmusan?
Gülnar kənarda sakitcə dayanıb gülümsəyən leytenanta yaxınlaşaraq əlini irəli uzatdı:
- Çox sağ olun. Ömrüm boyu sizə minnətdar olacağam.
Leytenant ona tərəf uzadılmış zərif əli yüngülcə sıxıb:
- Borcumuzdur, bacım, - dedi. - Biz hələ görüşəcəyik.
Motosiklet gözdən itənə qədər qızlar onun ardınca baxdılar.
...Gülnarın gəlişi evdə hamının sevincinə səbəb olmuşdu. O da özünü qonaq kimi aparmır, mebeli, səliqə-sahmanı öz otaqlarından bir o qədər də fərqlənməyən bu mənzildə utanıb-sıxılmırdı.
Axşam Məhbubə onu doyunca gəzdirdi. Dağüstü parkdan şəhərə baxdılar, bulvarı gəzib-dolaşdılar, "Sadko" kafesində hərəyə bir fincan kofe içdilər... Evə qayıdanda saat doqquzun yarısı olardı. Gülnar "Azərbaycan" kinoteatrında "Məhəbbətlə" filminin getdiyini görüb:
- Məhi, - deyə xalası qızına tərəf çevrildi, - sabah bu filmə tamaşa edərik, yaxşımı.
- Bunu bir həftədir göstərirlər. Sabah başqa kino olacaq. Burda hər həftənin birinci günündən təzə filmlər gedir.
- Bəs nə edək? Mən bu filmə baxmağı çoxdan arzulayırdım. Yaman tərifləyirlər. Qəzetdə bu barədə maraqlı bir resenziya da oxumuşam...
- Gəl, baxaq görək çox gecikməmişik ki.
Film doqquzun yarısında başlanmışdı. İndi isə doqquza iyirmi beş dəqiqə qalırdı. Məhbubə tanış kassirdən iki bilet alıb, anasına zəng edərək bildirdi ki, Gülnarla kinoya gedirlər. Sonra yuxarı qalxıb, başqa gecikənlərlə birlikdə jurnalın qurtarmasını gözlədilər...
...Qapının zəngi çalınanda Solmaz xanım təəccübləndi. Əri evdə televizora baxırdı. Məhbubəgil də kinoda olmalıydılar. "Bəs axşam-axşam bu gələn kimdir görən?" deyə fikirləşə-fikirləşə qapının gözlüyündən baxanda təəccübü birə-beş artdı. Tez qapını açdı. Gülnar ayaq üstə güclə dururdu. Rəngi ağappaq ağarmışdı. Məhbubənin də gözü yaşlı idi.
- Keçin görək içəri. Bu nə işdir, Məhi? Bəs siz kinoya gedirdiniz?
Məhbubə ağlaya-ağlaya əhvalatı anasına danışdı. Gülnarı çarpayıya uzatdılar. Məhbubə su gətirdi. Qızın dodaqlarını islatdılar, alnına yaş əski qoydular. Sonra zəng eləyib həkim çağırdılar.
"Təcili yardım" gələnə qədər Solmaz xanım, əri Vasif və qızları Məhbubə həyəcanlı dəqiqələr yaşadılar. Həkim Gülnarı müayinə edib:
- Qorxulu bir şey yoxdur, - dedi. - Ola bilsin ki, gözlənilməz bir xəbərdən bərk sarsılıb. (Bu vaxt Solmaz xanım sual dolu nəzərlərlə qızına baxdı, o isə çiyinlərini çəkdi). Qoyun yatıb dincəlsin. Sabah hər şey keçib gedəcək.
Həkimi yola salanda Solmaz xanım:
- Doktor, - dedi, - bəlkə iynədən-zaddan vurasız...
- Yox, narahat olmayın, heç nə lazım deyil. Onun dərmanı sakitlikdir. Tam sakitlik, vəssəlam.
Gülnar səhərə qədər sayıqlamış, nə Solmaz xanımı, nə də Məhbubəni yatmağa qoymuşdu. Onun danışdığı qarmaqarışıq sözlər içərisində yalnız birini aydın başa düşmək olurdu. Solmaz xanım: "Axı bu Ülvi kimdir belə?" deyə bir neçə dəfə soruşmuş, Məhbubə də hər dəfə çiyinlərini çəkib: "Sabah özündən soruşarıq" deyə yuxulu gözlərini ovuşdurmuşdu.
Gülnar yalnız səhərə yaxın yuxuya getdi. Solmaz xanım Məhbubəni oyadıb, paltarlarını soyunmasına kömək elədi, sonra qızların hər ikisinin şirin yuxuya getdiyini görüb, ağır addımlarla öz otağına keçdi.

X

Gülnar oyananda saat 11 idi. Məhbubə hələ də yatırdı. O həmişə tezdən durmağa adət etdiyindən başı bərk ağrıyırdı. Özünü yorğun-arğın hiss edirdi. Əllərini başının altına qoyub, gözlərini tavana zillədi.
Dünənki hadisələr qızın xəyalında silinməz izlər buraxmışdı. Sevdiyi oğlanı növbəti imtahandan sonra universitetin qabağında qarşılayıb təbrik etmək arzusu ilə ilk dəfə Bakıya gələn 16 yaşlı bir qızla çox amansız rəftar olunmuşdu. Həmin əhvalatdan sonra dünyanın ən namuslu oğlanı Gülnarı öz maşınına mindirmək istəsəydi, qız buna heç razı olardımı? Yaxud hansısa bir qız Gülnara desəydi ki, onun nişanlısı heç bir qızla gəzmir, Gülnar buna inanardımı? Yox! Əlbəttə, yox! Lakin axı bu oğlan, həqiqətən də, olduqca namusludur və həmin qızın nişanlısı, doğrudan da, ona xəyanət etmir. Bəs onların təqsiri nədir ki, dünyada bənövşəyi "Jiquli"nin sürücüsü və Ülvi kimi adamlar da vardır? Axı niyə qurunun oduna yaş da yanmalıdır? Bəs necə etməli, adamları necə tanımalı? Deyək ki, bənövşəyi "Jiquli"nin sürücüsünü o birinci dəfə görürdü. Bəs Ülvi? Axı Gülnar tez-tez ona deyəndə ki, onun yalnız adı yox, qəlbi də, sevgisi də ülvidir, o, nəvazişlə gülümsəyib: "Sevgimiz həmişə belə təmiz qalacaq" deyə qızı əmin edərdi. Bəs dünən Gülnar bu sevginin ləkələndiyini öz gözləri ilə görmədimi? O yalnız bircə dəfə - həmin o unudulmaz aprel günü Ülvinin əlindən tutmuşdu. Arzu isə o qədər adamın içərisində və Gülnarın gözlərinin qabağında başını onun çiyninə qoymuşdu. Ürək gərək poladdan olaydı ki, buna davam gətirəydi.
Qəribədir, Gülnar nə qədər sarsılsa da, ürəyi hələ döyünürdü, beyni hələ düşünürdü. Deməli, o hələ yaşayırdı. Bu gördükləri isə çılpaq, boyasız-bəzəksiz həyat həqiqətləri idi. Deməli, əsl həyat belə olurmuş! Həyat bütün bu ziddiyyətləri və əksilikləri ilə maraqlı imiş, həyat imiş! Bütün bunlara hazır olmayanlar isə Gülnarın dünənki vəziyyətinə düşürlərmiş.
Gülnar düşünür və düşündükcə də odsuz-tüstüsüz yanıb-qovrulurdu. Doğrudanmı, Ülvi onu bu qədər alçaltmışdı? Hətta avtovağzala da gəlməmişdi!.. Birdən dünənki leytenant olmayaydı, onda...
O, gözlərini bərk-bərk yumub, heç nə haqqında düşünmək istəmədi. Başına gələ biləcək müsibəti təsəvvür edəndə onu dəhşət bürüyürdü. Onda Ülvi ona yaxın durardımı? Namusu ləkələnmiş zavallı qızın özünü öldürməkdən başqa əlacı qalacaqdımı? "Bütün bünlarda sən günahkarsan, Ülvi, sən, sən!.. Heyf ki, səni çox gec tanıdım, heyf, səd heyf!.."
Gülnar sərt və əsəbi hərəkətlə çarpayıdan qalxdı. Yuyunub geyindi. Mizin arxasına keçib, qələm-kağız götürdü. Bir qədər əvvəlki fikirlərin təsiri altında yazmağa başladı: "Dünənə qədər səni dünyalar qədər sevirdim. İndi isə adını belə çəkmək istəmirəm. Mən heç vaxt heç kimə qarşı kobudluq etməmişəm və heç kim məndən inciməyib. Amma indi buna məcburam. Bil ki, səni bir daha görmək istəmirəm! Çünki dünən sənin ucbatından, sənə kor-koranə inandığımdan az qala namusum ləkələnəcəkdi. Axşam isə sən yerində xumarlananda mən ilan vurmuş adam kimi çabalayırdım. Bax, sən beləysənmiş! Düz deyiblərmiş ki, adamı müxtəlif yerlərdə, müxtəlif vəziyyətlərdə sınadıqdan sonra onun haqqında fikir söyləyərlər. İndi mən də artıq səni tanıyıram. Bir də heç vaxt heç yerdə mənim adımı çəkməyərsən. Əlvida! Gülnar".
Məhbubə gözlərini açanda Gülnar başını mizin üstünə qoyub, için-için ağlayırdı. O tez durub qızın başını qaldırdı, gözlərini silib:
- Noolub, Gülya, niyə ağlayırsan? - deyə üzünə baxdı.
Gülnarı hıçqırtı boğurdu. Handan-hana:
- Məni universitetin yanına apar, Məhi, - dedi. - Çox xahiş eləyirəm...

XI

Əvvəlcədən şərtləşdikləri kimi Gülnar Ülvini uzaqdan Məhbubəyə göstərəcək, o da məktubu Ülviyə verərək, başqa səmtə gedib, oğlan gözdən itənə qədər gözləyəcək, sonra isə Gülnarın yanına qayıdacaqdı.
Birdən Gülnar Arzunu gördü. Tez Məhbubəni ağacların dalına çəkdi. Arzu kimi isə axtarırdı. Nəhayət o, ağaclardan birinin kölgəsinə çəkilib, gözlərini universitetin qapısına zillədi. Gülnar şübhələrinin doğru olduğunu düşünərək, hirsindən əsə-əsə:
- Bax, o qız da Ülvini gözləyir, - deyə Arzunu Məhbubəyə göstərdi.
- Axı bu Ülvi kimdir belə? Bəs o qız kimdir? Onlarla sənin nə alış-verişin?
- Məhi, bayaq səndən xahiş elədim ki, məndən heç nə soruşmayasan. Vaxt gələr, hər şeyi özüm sənə danışaram.
- Bəs bu kağızda nə yazılıb?
- Onu da sonra biləcəksən.
- Deməli, sənin məndən gizli bu qədər sirrin varmış?..
- İncimə, Məhi, mən indi özümü-sözümü bilmirəm. Bax, yenə sənə tapşırıram, onlarla mənim haqqımda heç nə danışmayasan. Məktubu verib, çıxıb gedərsən. Mən səni burada gözləyəcəyəm.
...Ülvi universitetin qapısında görünəndə Gülnar özündən asılı olmadan həyəcanlanmağa başladı. Çantasından xalasının kinoya, teatra gedəndə özü ilə götürdüyü durbini çıxardıb gözlərinə tutdu. Oğlanın sifəti aydın seçilirdi. Gözlərinin altı şişmiş, sifəti sapsarı saralmışdı. Elə bil ki, neçə ilin xəstəsi idi, indi yataqdan durmuşdu. Onu bu vəziyyətdə görəndə Gülnarın ürəyi ağrıdı. Lakin o bunun fərqinə varmayaraq, nəfəsini çəkmədən Ülviyə baxırdı. Elə bu vaxt Arzu yan tərəfdən qaçıb, onun qolundan tutdu. Özünə tərəf çevirib, nəsə soruşdu. Sonra əlini alnına qoydu. Ülvi səndirlədi. Qız onun qoluna girdi və onlar yavaş-yavaş addımlamağa başladılar. Gülnar cəld Məhbubəyə tərəf çevrildi. Amma qız yanında yox idi. İrəli baxanda onu Ülvigilin iki-üç addımlığında gördü. Məhbubə onlara çatıb:
- Ülvi sizsiz? - deyə oğlana baxdı.
Ona Arzu cavab verdi:
- Hə, noolub ki?
- Bu məktub sizə yazılıb. - Məhbubə bir neçə dəfə qatlanmış kağızı Ülviyə verib, yoluna davam etdi.
Arzu onun bu hərəkətindən heç nə başa düşmədi. Ülvi tez məktubu gözdən keçirib, Məhbubənin dalınca götürüldü. Səndirləyə-səndirləyə qıza çataraq qabağını kəsib, boğuq səslə:
- Deyin, görək, Gülnar hardadır, başına nə iş gəlib? - deyə soruşdu.
Məhbubə qəzəblə:
- Bunun sənə dəxli yoxdur, - dedi. - Çəkil görək yolumdan, çuşkə!..
Ülvi elə bil daşlaşmışdı. Məhbubə onun yanından keçmək istərkən yenə qızın qabağını kəsdi:
- Yalvarıram sizə, deyin, görək, Gülnara nə olub. - Onun gözləri yaşardı. - Bax, indi imtahandan çıxmışam, kəsilmişəm. Ancaq heç vecimə də deyil. Çünki dünən axşamdan mən yalnız Gülnar haqqında düşünürəm. Sizdən yenə xahiş edirəm, Gülnarın yerini mənə deyin, xahiş edirəm...
Məhbubə artıq onu eşitmirdi. O xeyli aralıda sürətlə irəliləyirdi. Ülvi onun ardınca bir neçə addım atdı, lakin özünü saxlaya bilməyib üzü üstə düşərkən kimsə qolundan tutub, onu yıxılmağa qoymadı. Bu, Arzu idi.
XII

Məhbubə ilə Gülnar yenicə otağa girmişdilər ki telefon səsləndi. Gülnar keçib yumşaq taxtda oturdu. Məhbubə dəstəyi götürüb qulaq asdı. Sonra:
- Sizə hara lazımdır? - deyə soruşub, nə cavab aldısa, dəstəyi yerinə qoydu.
Gülnarın:
- Kim idi? - sualına:
- Nə çox avara adam, - deyib, oturmaq istəyərkən telefon yenidən səsləndi. Qayıdıb dəstəyi götürdü. Yenə nə eşitdisə:
- Bura bax, ey, - dedi, - nə məndən sənə bacı olar, nə də səndən mənə qardaş. Sözün var, söz danış. Çox görmüşük "bacı", "bacı" deyə-deyə qızların başına min bir oyun açanları... Hə, nə deyirsən?.. Yox, heç nə bilmirəm, bilmək də istəmirəm!.. - Dəstəyi çırpıb, Gülnarın yanında oturdu:
- Telefonu qabağına qoyub, onun-bunun nömrəsini yığır ki, görsün hansı ağılsızı toruna sala bilir...
Telefon bir də səsləndi. Məhbubə hirslə ayağa qalxdı:
- Yenə o olsa, abrını ətəyinə bükəcəyəm.
Gülnar:
- Ay Məhi, - dedi, - bir az səbrin olsun. Bəlkə vacib bir sözü var. Axıra qədər qulaq as, görək kimdir, nəçidir, nə deyir, nə istəyir.
Məhbubə dəstəyi götürüb rusca:
- Bəli, - dedi. Sonra telefonun mikrofonunu əli ilə tutub Gülnara:
- Odur, - dedi və əlini götürüb:
- Yaxşı, dəstəyi qoymuram... Yaxşı dedim də, madam ki xahiş edirsən, axıra qədər qulaq asaram...Nə rayon, nə qız... Hə, noolsun, adama qonaq gələr də... Çamadan?.. Əşşi, nə "Jiquli", nə çamadan, nə rayon, nə qız? Sən sayıqlayırsan nədir?..
Gülnar cəld ayağa qalxıb dəstəyi ondan aldı:
- Bağışlayın, kimdir danışan?.. Hə, mənəm... Tapılıb?.. Nə vaxt?.. Bu dəqiqə, gözləyin bir az...
Təəccüblə ona baxan Məhbubəyə:
- Dünənki leytenantdır, - dedi. - Mənim çamadanım ondadır. Hara gətirsin?
Məhbubə özünü itirib:
- Nə bilim? - dedi. - Yaxşı, qoy dünənki yerə gətirsin.
Gülnar telefona:
- Eşidirsinizmi? - dedi. - Dünənki yerə gətirə bilərsiz?.. Lap yaxşı. Gözləyəcəyik... Xalam qızı... Yox, tanımamışdı sizi... Onda da günah yoxdur, o qədər avara adam zəng eləyir ki...Sağ olun.
Leytenant bu gün daha yaraşıqlı görünürdü. Hiss olunurdu ki, bu görüşə qabaqcadan hazırlaşıb. O, çamadanı motosikletin yedəyindən götürüb:
- Hara gedəcəyik? - deyə üzünü qızlara tutdu.
- Siz zəhmət çəkməyin, biz özümüz apararıq. - Məhbubə çamadanı ondan almaq istədi.
Lakin o verməyib:
- Ağırdır, - dedi. - Siz apara bilməzsiz... Xalanız qızı, deyəsən, yaman kitab, albom həvəskarıdır.
Gülnar gülümsədi:
- Düz tapmısız. Bizim də əlimizdən oxumaqdan başqa bir iş gəlmir.
Məhbubəgil Fioletov küçəsindəki binalardan birinin ikinci mərtəbəsində olurdular. Leytenant çamadanı qapının ağzında yerə qoyub, cibindən bir kağız çıxararaq Gülnara verdi:
- Xahiş edirəm, çamadandakı şeyləri bu siyahı ilə yoxlayıb qol çəkəsiz.
Gülnar ondan qələmi alıb göstərilən yerdə qol çəkdi və kağızı leytenanta qaytardı.
Leytenant getmək istəyəndə Məhbubə:
- Qapıdan qayıtmayın, - dedi. - Bir fincan çaydan-kofedən içərdiz...
Leytenant bu təklifdən çox məmnun olsa da:
- Başqa vaxt hökmən içərəm, - dedi. - İndi tələsirəm. Bu gün növbədəyəm. Sağ olun.
O, bir-iki pillə düşməmiş Məhbubənin səsini eşitdi:
- Bəlkə deyəsiz... Bizə bu qədər yaxşılıq eləmisiz... Lazım olsa, sizi necə tapmaq olar?..
Leytenant geri çevrilib gülümsədi:
- Mən özüm sizi tapa bilərəm. Ancaq hər zəng eləyəndə bu günkü qədər şirin sözlər yedirsəz, qorxuram şəkər xəstəliyinə tutulam.
- Deyəsən, məndən incimisiz?..
- Açığını bilmək istəyirsinizsə, özünüzdən yox, sözlərinizdən incimişəm.
- Çalışaram ki, sözlərim də özümə oxşasın.
- Bu lap əla olar. Onda mən də çalışaram ki, həmin sözləri tez-tez e?itmək səadəti mənə də nəsib olsun. - Səmədov bu sözləri deyib, pillələri sürətlə düşərək uzaqlaşdı.
Gülnar Məhbubənin hazırladığı kofedən içə-içə bütün olub-keçənləri, dünənki "Jiquli" əhvalatını, axşam kinoda Ülvini Arzu ilə gördüyünü olduğu kimi danışdı.
Məhbubə yumşaq taxtda oturub, ona qulaq asırdı. Gözləri isə harasa uzaqlara zillənmişdi. Nəhayət o:
- Sənin bu Ülvindən mənim başım çıxmır, - dedi. - Axşam o qızla kinoya gedir, gündüz isə mənə yalvarır ki, sənin yerini ona deyim. Bilmək olmur, o sizi dolayıb, yoxsa özünü. Səni sevirsə, o kimdir, onu sevirsə, səni niyə axtarır.
Gülnar:
- Amma gərək o vəziyyətdə məktubu ona verməyəydin, - dedi. - Necə olsa da, imtahandan kəsilib. Axı o, məktəbin ən yaxşı şagirdi idi...
- Allah vurub onu. Öz cəzasıdır, qoy çəksin. Bundan sonra ağıllı olar. Bilər ki, bir əldə iki qarpız tutmaq olmaz.
Gülnar uzun müddət cavab vermədi. Nəhayət köksünü ötürdü:
- Eh, bizim artıq on altı yaşımız var. Amma mən dünənə qədər elə bilirdim ki, həyat yolları ilə irəliləmək asfalt yolla getmək kimi bir şeydir. Sən demə, qabağımıza daş-kəsək də çıxacaqmış, kol-kos da. Gərək bu yollarda özün-özünə cığır açasan, daş-kəsək ayağını əzəndə, kol-kos əllərini cızanda ah-uf eləməyəsən, geri qayıtmayasan, əksinə, daha da qətiyyətlə irəli gedəsən!..
Məhbubə Gülnara sürəkli nəzər salıb, heç nə demədi.

II hissə
I
Ülvinin universitetdən kəsilməsi xəbəri nəinki onun oxuduğu məktəbdə, həm də bütün şəhərdə bomba kimi partladı. Axı 45-50 min əhalisi olan bu şəhərdə onu tanımayan, adını eşitməyən adam, bəlkə də, tapılmazdı. Əla qiymətlərlə oxuyan (attestatında yalnız fizikadan "4"-ü var), çoxşaxəli ictimai fəaliyyətlə məşğul olan, şəhər qəzetində tez-tez müxtəlif səpkili satirik yazılarla, maraqlı reportajlarla çıxış edən bu gəncə hamı yaxşı mənada qibtə edirdi. Yalnız onun tənqid hədəfinə çevrilənlərin oğlanı görməyə gözləri yox idi. İndi onlar gülə-gülə bir-birlərinə deyirdilər: "Elə bilirdi ki, qəzetdə dərc etdirdiyi cızma-qaraları ilə ordakıların da başını aldada biləcək. Daha demir ki, tənqid yaxşı şey olsaydı, Allah da özünə bir nəfər tənqidçi seçərdi". Yaxud: "...Ha-ha-ha... Vur bura, mən ölüm, ə, Kərim. Gəl, gedək, bir yaxşıca qeyd eləyək bu şad xəbəri" və s. və i. a.
Bu o vaxt idi ki, Ülvinin şəhər partiya komitəsinin katibi vəzifəsində işləyən atası Ukraynada uzunmüddətli ezamiyyətdə idi. Anası isə 10-cu sinfə keçmiş qızı Ülviyyəni və 8-ci sinfi bitirmiş oğlu Namiqi də özü ilə götürüb, Bolqarıstana istirahətə getmişdi. Düzdür, Səlimə xanım Ülvi ilə Bakıya getməyi istirahətdən üstün tuturdu. Amma Ülvi onunla razılaşmamışdı: "Mən Bakını da tanıyıram, universiteti də. Siz narahat olmayın. Gedin, gəzməli yerləri gəzin, görməli yerlərə tamaşa edin. Hər deyəndə belə putyovka ələ düşməz. Ancaq gələndə məni təbrik etmək üçün hədiyyə gətirməyi də unutmayın. Axı siz gəlincə mən tələbə olacağam!.." Səlimə xanım isə gülümsəyib: "Mən bunu bilirəm, oğlum, - demişdi. - Bizim hamımızın ümidi sənsən".
"Sizin ümidinizi gör necə doğrultdum" - deyə Ülvi acı-acı düşünərək gözlərini yumdu. İmtahandan kəsilməsi ona hələ indi-indi təsir edirdi. Sinif yoldaşlarının əksəriyyəti institutlara, texnikumlara girmişdi. Bu gün ilk dəfə tələbə kimi dərsə gedəcəkdilər. Ülvi isə yumşaq taxtda uzanıb, cürbəcür üzüntülü-sıxıntılı fikirlər dənizində əl-qol atırdı. Heç nəyə həvəsi yox idi. Səhərdən beləcə uzanmışdı. Həmişə sakit bir guşəyə çəkilib, bir-iki saat öz fikirləri ilə məşğul olmağı arzulayan gənci indi mənzildəki səssizlik darıxdırmağa başlamışdı. Əlini uzadıb, radionun düyməsini burdu. Moskvadan hansısa xor ansamblının konsertini verirdilər. Radionu söndürüb, ayağa qalxdı. Televizoru açmaq istədi. Lakin nə fikirləşdisə, valoxudanı qurdu. Oynaq musiqi sədaları və Zeynəb Xanlarovanın məlahətli səsi otağa yayıldı:
"Tərlanım, tərlanım, gözəl tərlanım,
Sənə qurban olsun bu düşkün canım..."
Yenə Gülnar yadına düşdü. Həmişə həftədə üç-dörd dəfə onlara gələn Gülnar indi Ülvinin evdə olduğu son on gündə heç bir dəfə də olsa bu evə ayaq basmamışdı. Ülviyyə bir neçə dəfə qardaşından bunun səbəbini soruşmuş, lakin heç nə öyrənə bilməmişdi. Gülnar da inadla susaraq, Ülvi barəsində danışmaq istəmirdi. Gülnarın anası Zəhra xanım Səlimə xanımla məsləhətləşib, hələlik gözləməyi qərara almışdılar.
Mahnı qurtardı. Ülvi valı dəyişdirib, özü üçün kofe hazırlamağa getdi.
O, Gülnarla Bakıya gedəndə sağollaşmış və bundan sonra qızı heç yerdə görməmişdi. İndi uzaqdan-uzağa onu görmək, bu müddətdə necə dəyişdiyini bilmək istəyirdi. Lakin onunla qəflətən rastlaşmaqdan çəkinirdi. Çünki bu zaman özünü necə aparacağını dəqiq müəyyənləşdirməmişdi. Qızla sərtmi danışsın, heç üzünə baxmasınmı, yoxsa heç nə olmayıbmış kimi yaxınlaşıb, mehribancasına hal-əhval tutsun? Bəs Gülnar özünü necə aparacaqdı? Ülvi bunu da bilmirdi və buna görə də qızı ancaq uzaqdan-uzağa görməyi arzulayırdı.
Ülvi kofedən bir neçə qurtum içib, fincanı stolun üstünə qoyanda zəng səsi eşitdi. Durub telefona tərəf gedəndə yadına düşdü ki, telefon belə səslənmir. Qapını açıb Arzunu görəndə həm sevindi, həm də təəccübləndi.
Arzu salam verib, içəri keçdi. O bu evə ilk dəfə qədəm basırdı. Ülvi onu öz otağına apardı. Qız üçün də kofe süzüb:
- Nə əcəb səndən, - dedi. - Amma lap vaxtında gəlmisən. Heç bilmirdim nə işlə məşğul olum.
- Birlikdə fikirləşib bir şey taparıq. - Arzu güldü.- Mahnın da ki, heç vaxt əskik olmur.
- Mahnısız bir günümüz olmasın. - Oğlan ayağa durdu. - Nəyə qulaq asmaq istəyirsən?
- Oxuyan Nəzakətdir?
- Hə.
- Sözləri də, deyəsən, Bəxtiyarındır.
- Lap ürəyindən vurmusan. - Ülvi şən səslə gülümsədi. - Dəyişimmi?
- Yox, qoy qurtarsın, sonra...
- Təklif yekdilliklə qəbul olunur. - Ülvi təntənə ilə elan edib oturdu. - Təzə nə xəbər var?
- Hələlik heç nə. Evdə oturub fikirləşirdim ki, dünyanın işləri qəribədir. Elə adamlar gedib instituta girdilər ki, adam onların heç texnikuma da girə biləcəklərinə inanmırdı. Biz isə qayıdıb gəldik.
Ülvi əlini yellədi:
- Biz də gələn il girərik. Bunu da özümüzə dərd eləməyəcəyik ki...
Arzu hiss etdi ki, bu sözləri oğlanın ürəyi yox, dili deyir. Amma heç nə demədi. Nəzakət birinci mahnını oxuyub qurtaran kimi Ülvi İlhamənin oxuduğu "Niyə sevdim mən səni" mahnısını qoydu. Hər ikisi susub, yavaş-yavaş kofe içməyə başladılar. Mahnının sözləri onların indiki vəziyyətinə necə də uyğun idi:
"Niyə sevdim mən səni,
Niyə vuruldum sənə.
Özüm də heç bilmirəm,
Nəyin xoş gəldi mənə..."

II

Ülvi telefonu əlinə alıb, neçənci dəfə idi ki "3", "7" və "2" rəqəmlərini yığırdı. Hər dəfə barmağı "5" rəqəminə uzananda dayanır, "yığım-yığmayım", "yığım-yığmayım" deyə fikirləşir, bir qərara gələ bilmirdi. Budur, yenə əvvəlki üç rəqəmi yığdı. Cəsarətlə şəhadət barmağını "5"-ə tərəf uzatdı. Hətta diski fırlatdı da. Ancaq tələsdiyindən disk axıra qədər fırlanmadı və oğlan bilmədi ki, "4"-ü yığdı, yoxsa "5"-i. Dilxor olub, dəstəyi yerinə qoydu. Yumşaq taxtda uzanıb, gözlərini Gülnarın "Morning star" jurnalından kəsib ona verdiyi şəklə zillədi. Yazı masasının qarşısında divara vurulmuş şəkildə gözəl bir qız çapdan yenicə çıxmış kitabını oxuculara göstərirdi. Əlindəki kitabdan bir neçəsi də qızın söykəndiyi masanın üstünə qoyulmuşdu. Ülvi hər dəfə bu şəklə baxanda bir vaxt özünün də kitabının çıxacağını düşünür və məmnun-məmnun gülümsəyirdi. Lakin indi kitab-zad yadına düşmədi. Gözləri şəklə baxır, özü isə Gülnarı görürdü. Heç dəyişilməmişdi; iyul ayında Ülvini Bakıya yola salan həmin qız idi. Nəvazişlə gülümsəyib: "Bax, unutma ki, - deyirdi, - çempiondan həmişə çempion olmağı tələb edirlər. İndi sən də şəhərdə az-çox tanınırsan. Universitetə elə-belə yox, yalnız "əla" qiymətlərlə girib, sübut etməlisən ki, medal alıb bir imtahan verərək ali məktəbə daxil olanların heç birindən əskik deyilsən..."
Ülvi elə-belə də eləyəcəkdi. Amma Gülnar... Qız özü ona mane oldu. Universitetdən kəsilməyi bir yana dursun, ondan da həmişəlik ayrıldı.
"Həmişəlikmi? - Ülvi ayağa qalxıb, otaqda var-gəl etməyə başladı. - Kim haqlıdır? Mənmi? Gülnarmı? Bəlkə ikimiz də haqsızıq? Hər halda məndə bir elə günah yoxdur. Gülnarı qarşılaya bilməsəm də o sağ-salamat xalasıgilə gedib çıxıb. Hətta mənə məktub da göndərib. Qəribədir, mənim avtovağzala getməməyim ona yəni bu qədər təsir edib ki, məktub elə sərt yazılıb. Bəs gecə səhərə qədər niyə yata bilməyib? - Acı-acı gülümsədi. - Mənə yazır ki, həmin gecə xumarlana-xumarlana yatırdım. Allah heç düşmənə də belə xumarlanmağı qismət eləməsin. Yox, burda nə isə başqa məsələ var. Bəlkə avtovağzalda başına bir iş gəlib?.. O məktubu gətirən qız kim idi görəsən?.. Məni hardan tanıyır?.."
Bu suallar neçə gün idi ki, Ülvini rahat buraxmırdı. Gülnarla əməlli-başlı danışmaq, hər şeyi aydınlaşdırmaq istəyirdi. O yenə də qızı əvvəlki kimi sevirdimi? Bilmirdi. Gülnarla isə ona görə danışmaq istəyirdi ki, qız onun vicdanının təmiz olduğuna şübhə etməsin. Qəribə xasiyyəti vardı Ülvinin. Başqalarının onun haqqında nə düşündüyü oğlan üçün böyük əhəmiyyəti kəsb edirdi və o, dəridən-qabıqdan çıxaraq ətrafındakıların özü haqqında həmişə düzgün fikirdə olmasına çalışırdı.
Əvvəlcə qızı yolda tutmaq istəyirdi. Lakin Gülnar, elə bil ki, onun niyyətini başa düşmüş və buna görə də məktəbə həmişə səkkizinci sinifdə oxuyan bacısı ilə gedirdi. Musiqi məktəbinə, rəsm dərnəyinə gedib-gələndə isə ya anası, ya bacısı, ya da rəfiqələrindən biri onun yanında olurdu. Buna görə də Ülvi qızla telefonla danışıb, görüş təyin etmək istəyirdi. Fəqət neçə gün idi ki, bax beləcə, indiki kimi tərəddüd edirdi.
Ülvi birdən qətiyyətlə telefona yaxınlaşıb, heç nə fikirləşmədən nömrəni yığdı. Amma bəxti gətirmədi; telefon məşğul idi. Nömrəni təkrar-təkrar yığdısa da, bir şey alınmadı. Dəstəyi yerinə qoydu və geyinib küçəyə çıxdı.

III

Oktyabrın ortaları idi. Ancaq payızın girdiyi hələ hiss olunmurdu. Havalar isti və yağışsız keçirdi. Ülvi bir neçə gün idi ki, şəhər qəzeti ilə əməkdaşlıq edirdi. Arzu isə toxuculuq fabrikinə işə girmişdi. Onlar tez-tez görüşür, müxtəlif yeniliklərdən bir-birlərini xəbərdar edirdilər. Arzu oğlan üçün tədricən Gülnarı əvəz etməyə başlamışdı.
Gülnar da Ülvini unutmağa çalışır, bacardıqca onun haqqında düşünmürdü. İşi də o qədər çox idi ki, gecələr altı saatdan artıq yata bilmirdi. Vaxtdan, imkan daxilində, maksimum səmərəli istifadə edirdi. Ancaq bununla belə çörək yeyəndəmi, kitab oxuyandamı, şəkil çəkəndəmi, pianoda çalandamı... Ülvi haradansa yadına düşür, bütün fikirlərini alt-üst edirdi. İndi də bayaqdan "Fizika" kitabını açıb qabağına qoymuşdu. Amma eyni bir səhifəni təkrar-təkrar oxusa da, beyninə heç nə girmir, o biri səhifəyə keçə bilmirdi. Əbəs yerə deməyiblər ki, ilk məhəbbət unudulmur?! Ancaq Ülvini də heç cür bağışlaya bilmirdi. Xüsusilə də onun Arzu ilə dostluq etməsi və ən çox da qızın özünü tam sərbəst aparması, tez-tez Ülvigilə getməsi Gülnarı yandırıb-yaxırdı. Buna görə də srağagün Ülviyyə ilə söhbət edəndə Gülnar qəti şəkildə bildirmişdi: "Nə qədər ki, Ülvi Arzu ilə dostluq edir, barışmaq haqqında heç danışmağa belə dəyməz". Sonra o, "Jiquli" əhvalatını da, kino məsələsini də rəfiqəsinə danışmış və: "Əgər mənim başıma bir iş gəlsəydi, Ülvi cavab verə biləcəkdimi?" deyə soruşub, özünü ağlamaqdan zorla saxlamışdı. Ülviyyə isə: "Hər halda sən onun özü ilə danışmalısan, mənə heç nə demir... Arzudan isə çətin ki ayrılsın" deyib, xudahafizləşəndə Gülnarın gözlərinin yaşardığını görmüşdü.
...Zəng səsi qızı xəyaldan ayırdı. Qalxıb dəstəyi götürdü. Ülviyyə idi. Deyirdi ki, evdə olsun, vacib məsələ var, lakin telefon söhbəti deyil.
- Gəl evə, gözləyirəm. - Gülnar dəstəyi yerinə qoyub, kitab-dəftərini yığışdırdı. Mətbəxə keçib, anasından iki nəfər üçün kofe hazırlamasını xahiş etdi. Əl-üzünü yuyub, saçlarını sahmana saldı. "Əməlli-başlı arıqlamışam" deyə düşünə-düşünə öz otağına keçdi.
Ülviyyə tez gəldi. Salamlaşıb, hal-əhval tutdular. Otağa keçəndə o:
- Ülvinin gündəliyindən xəbərin varmı? - deyə Gülnarın üzünə baxdı.
- Yox. Nə olub ki?
- Al. - Ülviyyə qəzetə bükülmüş qalın bir dəftəri rəfiqəsinə verdi. - Ülvi iki ildən çoxdur ki, hər gün bu dəftərə qeydlər edir. Düzdür, dəftər həmişə onun masasının üstündə olur. Ancaq mən bu günə kimi onun bir vərəqini də çevirməmişdim. Neçə gündür ki, səninlə söhbətimizi unuda bilmirdim. Bu gün qəflətən ağlıma gəldi ki, Ülvi qəbul imtahanları zamanı baş verən hadisələri də bu dəftərə yazmamış olmaz. Gümanım düz çıxdı. Oxusan, hər şey sənə aydın olacaq.
Gülnar dəftəri alıb:
- Nə durmusan, - dedi, - keç otur da.
- Yox, gedirəm. Bir azdan məşqimiz başlanacaq. Tələsirəm. Dəftəri qayıdanda götürəcəyəm. Di sağ ol.
Gülnar Ülviyyəni yola salıb, geri qayıtdı. Masanın arxasına keçib, dəftəri açdı. Maraq və həyəcanqarışıq bir hisslə oxumağa başladı.

IV

Qızının gündən-günə arıqlaması və həmişə fikirli gəzib-dolanması Zəhra xanımı təşvişə salmışdı. Onunla hələlik açılışmaq istəmirdi. Ancaq səbri də tükənmişdi. Dünən Səlimə xanımdan da bir şey öyrənə bilməmiş, kor-peşman evə qayıtmışdı. Ülvinin anası ona bildirmişdi ki, oğlunun işlərinə qarışmaq istəmir. Çünki Ülvi müstəqil qərar qəbul etmək üçün kifayət qədər ağıllıdır. Hətta Zəhra xanım: "Bəs oğlunun o qızla görüşməyinə nə deyirsən?" deyə soruşduqda o sakit bir tərzdə: "Arzu pis qız deyil. Ülvi ilə çoxdan dostluq edirlər. Dost isə bazardan, yaxud mağazadan alınan şey deyil ki, deyim, bu xoşuma gəlmir, ay oğul, apar qaytar, gör, yaxşısını ala bilirsənmi? Qoy özləri fikirləşib, bir qərara gəlsinlər. Gülnar özü də Ülvi ilə görüşmək üçün heç bir təşəbbüs göstərmir" deyə cavab vermişdi.
...Zəhra xanım kofeləri aparmaq üçün Gülnarı mətbəxə çağıranda o:
- Ana, daha lazım deyil, - dedi. - Ülviyyə getdi. Məşqə tələsirdi.
Ülvinin gündəliyində ilk qeyd inişil sentyabrın 1-də edilmişdi. Axırıncı dəfə isə o, srağagün yalnız bir cümlə yazmışdı: "Hadisələrin sonrakı inkişafını gözləməli. 26 oktyabr, saat 23.57".
Bu müddət ərzində bir neçə gün istisna olmaqla hər gün, adətən, gecə saat 11-lə 12 arasında yazılmış müxtəlif həcmli qeydlərə rast gəlmək olardı. Həm də Ülvi hər şeyi olduqca dəqiq, heç nə artırıb-azaltmadan qələmə almışdı. Buna Gülnar özü ilə edilmiş bir neçə söhbət haqqında gündəlikdə oxuduqdan sonra yəqinlik hasil etdi. Qız vərəqləri sürətlə çevirib, bu il iyulun ikinci yarısından başlayaraq edilmiş qeydləri oxumağa başladı. Vərəqlər bir-birini əvəz etdikcə Ülvi onun gözlərində get-gedə böyüyür, daha da ülviləşirdi. O, bircə qeydində də olsa Gülnarı yaddan çıxarmamış, onun barəsində həmişə sevənlərə məxsus bəxtəvərliklə, ülviyyətlə yazmışdı.
"Həqiqətən də o, yalnız məni sevirmiş..." - Gülnar gündəliyi axıra qədər oxuya bilməyib, ayağa qalxdı. Yaman sarsılmışdı. Tələsib, hər şeyi dərindən yoxlayıb-öyrənmədən oğlana qarşı çox sərt rəftar etdiyinə və bununla da ona olmazın əzab-əziyyətlər verdiyinə görə bərk vicdan əzabı çəkirdi. Özü ilə Ülvinin arasındakı uçurumu aydın görür və ehtiyatsız atacağı bircə addımla belə bu uçuruma yuvarlana biləcəyini düşünəndə dəhşətə gəlirdi. Nağıllardakı o simurq quşunu haradan tapmaq olardı ki, qızı qanadlarına alıb bu taydan o taya keçirə bilsin. Bəs Ülvi necə, o da bu taya keçməyə cəhd eləyirdimi? Sonuncu qeydə əsasən belə nəticə çıxarmaq olardı ki, o, Gülnarın məktubunu yaxud zəngini gözləyir. Çünki özünün günahkar olmadığını bilir və istəyir ki, ilk addımı müqəssir atsın. Gülnar hələ dünən də, srağagün də bu ilk addım haqqında xeyli düşünmüşdü. Lakin, əvvələn, bilmirdi ki oğlana məktubmu yazsın, zəngmi etsin yoxsa küçədə onunla "təsadüfən" rastlaşanda yaxınlaşıb, heç nə olmayıbmış kimi hal-əhval tutsun və bu üzüntülü fikirlərin caynağından biryolluq xilas olsun. İkincisi də, lap tutaq ki, Gülnar bu lənətə gəlmiş ilk addımı atdı. Onda Ülvi geri qayıdarsa və ya yanından saymazyana ötüb keçərsə, bu, qız üçün ölümdən də betər olmazdımı? Bundansa ümidlə, "bəlkə"lərlə yaşamaq daha yaxşı deyilmi? Neçə gün idi ki, Gülnar evdə də, küçədə də, dərsdə də ancaq bu barədə düşünür, necə hərəkət edəcəyini heç cür müəyyənləşdirə bilmirdi. Amma indi, gündəliyi oxuyandan sonra qəti qərara gəlmişdi: Ülviyə məktub yazıb, hər şeyi səmimi etiraf etməli!
Ülvi onun günahından keçərsə... "Doğrudanmı o məni hələ unutmayıb?" deyə Gülnar kədərlə düşünüb, xeyli ümidsizləşdi, yumşaq taxtda oturub, başını əlləri arasına aldı. "Birdən o məni bağışlamadı, onda necə? O zaman mənim ondan inciməyə, onu məzəmmət etməyə haqqım varmı?.."
Gülnar bu suala da cavab tapa bilmədi.

V

Bəs Ülvi son günlər nə düşünür, bu axırıncı qeydi ilə hansı "hadisələrin sonrakı inkişafını" nəzərdə tuturdu.
Arzu ilə daim ünsiyyətdə olması onları bir-birlərinə çox möhkəm və, bəlkə də, qırılmaz tellərlə bağlamışdı. O, Arzunu sevirdimi? Bilmirdi. Lakin bir şey məlum idi ki, Arzu onu çox gözəl başa düşür, ona daim diqqət və qayğı göstərir və bütün bunları o qədər ustalıqla edirdi ki, hətta Ülvi də çox vaxt heç nə sezmirdi. Arzunun sevgisi təmənnasız, ucaldıcı bir sevgiydi və bu sevgi nə qədər xeyirxah olsa da, özünə qarşı hər cür güzəşti rədd edirdi. Ülvi də bunu çox gözəl başa düşür və qızın ürəyinə toxuna biləcək heç bir sözə, heç bir hərəkətə yol verməməyə çalışırdı.
Srağagün axşam Ülviyyə Gülnardan eşitdiklərinin hamısını ona danışmış və qızın başına gələ biləcək işlərdə qardaşını müqəssir sayaraq, onu məzəmmət etmişdi. Bu xəbər Ülvi üçün nə qədər gözlənilməz olsa da, o bərk həyəcanlanıb qeyri-müəyyən hisslər keçirsə də bacısı ilə razılaşmamışdı:
- Mən Gülnarın gələcəyini bilmirdim. Lap tutaq ki, Arzu Bakıda yox idi. Bütün günü evdə otura bilməzdim ki!.. Gülnar elə kinodaca bizə yaxınlaşıb, hər şeyi öyrənə bilərdi. O necə sevgidir ki, belə tezliklə nifrətə çevrilir?.. İmtahandan çıxanda mən onsuz da özümü-sözümü bilmirdim. Onun məktubu isə mənə ikiqat zərbə vurdu. O məni elə bir məsələdə təqsirləndirirdi ki, bu məsələdə mən başqalarına qarşı həmişə amansız olmuşam. Sevən bir insan üçün bundan da dəhşətli ittiham ola bilməzdi!.. Buna görə də xəstəxanaya necə aparılmağımdan belə xəbərim olmamışdı. Gözümü açanda kətildə oturub, əlindəki yaş dəsmalı alnıma qoyan Arzunu gördüm. Onun saçları qarışmış, gözləri qızarmışdı... Arzu hər gün yanıma gəlir, mer-meyvə, isti xörək gətirir, həkimlər təkid etməyincə yataqxanaya qayıtmaq istəmirdi; o, gecələr də qalıb mənə qulluq etməyə hazır idi! Düzdür, mən ondan xahiş etmişdim ki, hər şeyi mənim pulumla alsın. Lakin məsələ pulda deyil... Arzunu heç kim heç nəyə məcbur eləmirdi. O, ən çox qorxduğu tarixdən də "4" almış və yaxşı bildiyi ingilis dilindən bircə "3" alması kifayət idi ki, onun adı filoloji fakültəyə daxil olanların siyahısında yuxarı yerlərdən birini tutsun. Amma o, mənim xahiş və təkidimə baxmayaraq, nəinki az-çox hazırlaşdı, hətta imtahana da getməyib: "Gələn il birlikdə gəlib universitetə daxil olarıq" dedi. Bu xəbər mənim üçün çox gözlənilməz oldu və onu xeyli danladım. Lakin fakt faktlığında qalır. Həyat bizi ilk dəfə möhkəm sınadı və Arzu bu sınaqdan ləyaqətlə çıxdı, məni bütün varlığilə sevdiyini və bu yolda hər şeyi qurban verməyə hazır olduğunu hay-küysüz, gurultulu sözlər söyləmədən öz işi ilə sübut etdi. Mən bunun üçün Arzuya hədsiz minnətdaram və özümü ona borclu hesab edirəm. İndi qəti inamla deyə bilərəm ki, Arzu bundan da çətin sınaqlardan həmişə alnı açıq, üzü ağ çıxacaq. Onunla kim evlənsə, xoşbəxt olacaq! Bəs Gülnar? Axı, adi bir şeydən ötrü uşaq kimi küsən bir qızla mən gələcəkdə necə evlənə bilərəm?..
Bacısı onun bu sualına belə cavab vermişdi:
- Gülnarın hələ 16 yaşı var. Sən də, mən də yaxşı bilirik ki, bu yaşda adam çox vaxt qəbul etdiyi emosional qərarların necə nəticələnəcəyi barədə qabaqcadan düşünmür. Bir də sən indidən əminliklə deyə bilərsənmi ki, Gülnar yenə də belə səhvə yol verəcək? Əgər o bütün bunları bilərsə, onun vicdan əzabı çəkməyəcəyinə inanırsanmı?.. Bəlkə ona sınaq üçün kiçicik bir şans verəsən...
Ülvi bacısına cavab verməyib, xeyli düşünmüş və nəhayət, gündəliyinə bizə məlum olan həmin o cümləni yazmışdı.

VI

Noyabrın ilk bazar günü idi. Ülvi "Səhər görüşləri"nə axıra qədər baxa bilməyib, öz otağına keçdi. Veriliş yenə də xoşuna gəlməmişdi. "Elə hey tənqid eləyirlər, ancaq bir xeyri yoxdur" deyə düşünüb, Ceyms Oldricin kitabxananın rus bölməsindən yenicə aldığı "Diplomat" romanını oxumağa başladı. Birinci səhifəni qurtarıb, vərəqi çevirmək istəyəndə Ülviyyə qapını döyüb içəri girdi. Dörd qatlanmış damalı dəftər vərəqini qardaşına verərək:
- Al, oxu, - dedi. - Gülnardandır.
Ülvi tələsmədən kağızı açıb, yavaş-yavaş oxumağa başladı. Elə bu vaxt qapının zəngi çalındı. Ülviyyə qapını açmağa getdi. Gülnar yazırdı: "Hörmətli Ülvi! Srağagün Ülviyyə Sizin gündəliyinizi bizə gətirmişdi. Oxuyandan sonra hər şey mənə aydın oldu. Sizinlə nə qədər amansız, kobud rəftar etdiyimi anlayıb sarsıldım. Bu məktubu həm yazmaq, həm də Sizə göndərmək mənim üçün asan olmamışdır. Lakin başqa cür də hərəkət edə bilməzdim. Bəri başdan deyim ki, Sizə təsir göstərmək və günahımdan keçməyinizi xahiş etmək fikrindən uzağam. Çünki Siz məni bağışlaya bilməzsiniz. Bunun üçün, səmimi sözümdür, mən Sizdən incimirəm. Sizi qınamağa da haqqım yoxdur. Bütün təqsirlər məndə olub və ömürlük cəzamı özüm çəkəcəyəm. Lakin məni bağışlasaydınız... Ürəyinizin hökmü ilə hərəkət edin!.. Gülnar".
Ülviyyə Arzunu qardaşının otağına ötürüb geri qayıdanda Ülvi Gülnarın məktubunu yenicə oxuyub qurtarmışdı və təkrar gözdən keçirirdi. Qızı görüb ayağa qalxdı. Onunla görüşərək, oturmaq üçün yer göstərdi. Arzu stolun üstündəki kitaba işarə edərək gülə-gülə:
- "Bu "Diplomat"ı oxuyub, özün də, yəqin, diplomat olmusan. Yenə nə yazırlar?
Ülvi onun nəyə işarə etdiyini başa düşüb, tələsik cibinə qoyduğu məktubu çıxardı:
- İstəyirsən, al, özün oxu. Hələ hər şey dumanlıdır.
- Duman bir gün çəkiləcək. - Arzu gülümsəyib məktubu aldı, oxumağa başladı.
Ülvi qızın üzündəki təbəssümün tədricən yox olduğunu və sifətinin səyridiyini görüb, özünü pis hiss elədi. "Axı niyə qəti qərara gələ bilmirəm, niyə?! Adama daha nə lazımdır, nə?! Gözəlliyinə söz ola bilməz! Ağzımı açmaqla nə demək istədiyimi başa düşür. Bir dəfə də olsa mənə qarşı diqqətsiz olmayıb. Ağlına, bacarığına hamı qibtə edir. Dost yolunda özünü də qurban verməyə hazırdır. Niyə axı biz bəzən ağılla yox, hisslərlə yaşayırıq?! Noolsun ki, Gülnar mənim ilk məhəbbətimdir? Mənə ailə qurmaq, xoşbəxt olmaq lazımdır. Arzudan yaxşısını isə heç vaxt tapa bilməyəcəyəm. Amma, deyirlər, gərək sevib evlənəsən. Tez-tez küsüb-barışmaq, yersiz qısqanclıq, həzz və iztirabların qarışığından ibarət bir həyat. Budurmu sevgi?!.."
Arzu məktubu oxuyub qurtardı. Daxilində, elə bil ki, nəsə qırılmışdı. Dərindən köks ötürüb, məktubu Ülviyə qaytardı:
- Dünən qəzetdə felyetonunu oxudum. Orijinal başlamısan. Axırı da yaxşıdır. Lakin bir az uzundur. Gülməli sözlər, ifadələr işlətmək naminə artıq cümlələr yazmısan.
- Açığı, mən özüm də bunu hiss eləmişdim. Amma məsul katib dedi ki, felyetonun həcmini azaltsam, qəzetdə boş yer qalacaq. Nömrəni təcili səhifələmək lazım idi... Yaxşı, sənin işlərin necədir?
- Pis deyil. Məni fabrik komsomol komitəsi katibinin müavini seçiblər. Çox həvəslə işə başlamışam.
- Təbrik edirəm. - Ülvi sevindi. - İmkan daxilində liberallıq eləməyəsən.
- Çalışacağam, fəqət çətin olacaq.
- Niyə ki?
- Partkomumuz müstəqil fikirli adama oxşamır.
- Nə bilirsən?
- Əvvəla, bizim işlərimizlə heç maraqlanmır. İkincisi də, direktorun sözü ilə oturub-durur.
Ülviyyə içəri girib, naharın hazır olduğunu bildirdi. Arzu tez:
- Mən nahara qalmıram, Ülvi, - dedi. - Bir az bundan qabaq yemişəm. Evdə işim var. "Diplomat"ı almağa gəlmişdim. Amma özün, deyəsən, hələ oxuyursan...
- Yox, al, oxu. Mən sonra oxuyaram.
- Axı sən başlamısan...
- Mən elə-belə, məşğuliyyət üçün gözdən keçirirdim.
- Yaxşı, bir həftədən sonra qaytararam.
Arzu kitabı götürüb çıxmaq istəyəndə Ülvi:
- Dayan, - dedi, - mən səni ötürəcəyəm.
Qız etiraz elədi:
- Sağ ol. Mən özüm gedərəm. Sən xörəyini soyutma.
Arzunun tələsik dediyi bu sözlərdəki kədər notlarını sezən Ülvi özünü ən sədaqətli dostuna qarşı amansız olmaqda və acizlikdə qınadı. "Elə bu gün, lap indicə ona deyəcəyəm ki, sabah bizim adamları gözləsinlər".
Bu qəti qərarla da qızın ardınca bayıra çıxdı. Amma Gülnarın məktubunu oxuyandan sonra gözəl çöhrəsi kədərə bürünmüş Arzunun bu saat nə düşündüyünü və gözləmədiyi elçilik məsələsinə necə yanaşacağını bilmədiyindən qızı incitməmək üçün son qərarını ona hansı formada bildirməyin daha münasib olacağını həyəcanla götür-qoy etməyə başladı. Bir xeyli dinməz-söyləməz addımladılar. Hər ikisi öz fikirləri ilə məşğul idi. Qarşıdakı tini burulanda... Gülnarla qarşılaşdılar. Həmin anda gənclərdən, heç olmazsa, birinin nə kimi hisslər keçirdiyini bilmək üçün hökmən Arzu, Ülvi və ya Gülnar olmaq lazım idi. Amma Arzunun hərəkəti, çox güman ki, onun özü üçün də gözlənilməz oldu; ani tərəddüddən sonra o, bir əli ilə Gülnarın, o biri əli ilə isə Ülvinin qolundan tutub, onları bir-birinə yaxınlaşdırdı, dalğın nəzərlərlə uzaqlara baxaraq, pıçıltı ilə: "Xoşbəxt olun!" - deyib, sürətlə uzaqlaşdı. Onun gözlərindən düşən iki damla yaşı nə Ülvi, nə də Gülnar gördü. Onlar bir-birlərinə tərəf çevriləndə qız oğlanın gözlərinə baxa bilməyib, başını aşağı saldı.

Bakı,
8-21 noyabr, 1979.









321 dəfə oxundu

Axtarış