Arzuların dəfn olunduğu meydan
Müəllif: Əbil Həsən


02.02.2019



Mərd, səhəri dirigözlü açdı. Həm arvadının sızıltısı, həm də öz canının ağrıları onu bu gecə də yatmağa qoymamışdı. Yerindən qalxıb əl-üzünü yudu, paltarını geyinib evdən çıxdı. Hara gedəcəyini bilmirdi.
Arvadını bir neçə həkimə göstərmişdi. Ona – Bu xəstəliyin müalicəsi burada bahadır, İrana apar – demişdilər. Onun aldığı maaşsa nəinki yeməklərinə, kommunal xərclərə belə güclə çatırdı. Hələ dərmanlar bir yana qalsın. Mərd, bunları fikirləşə-fikirləşə gəlib böyük bir meydanın qarşısında dayandı.
Meydan bomboş idi. Ara- sıra bahalı maşınlar şütüyürdü. Yadına düşdü... Neçə illər bundan qabaq ürəyində yaşatdığı arzuların yolunda bu meydanda zülmə qarşı gecəsini gündüzə qatmışdı... Özü kimi milyonlarla soydaşları ilə bir yerdə “azadlıq” deyə hayqırır, ürəyindəki arzuları naminə onlarla bir yerdə ölümə meydan oxuyurdu. Ancaq o vaxt ürəyində bəslədiyi arzularının heç biri bu gün həyata keçməmişdi, elə qəlbində arzu olaraq qalıb boğulmuşdu.
Mərd, taqətsiz halda diz çöküb arzularının meydanını əsəbdən qıc olmuş, az qala çalova dönmüş əlləriylə qazmağa başladı. Asfalt dəmir kimi möhkəm olsa da, rahat qazılırdı. Haradansa ağ paltarlı, saçı-saqqalı ağarmış bir qoca peyda olub ona yaxınlaşaraq;
– Nə qazırsan oğul? – deyə soruşdu.
– Gor qazıram, dədə, gor.
– Kimin üçün qazırsan goru, oğul? – soruşdu.
- Ürəyimdə ölmüş arzularım üçün dədə, deyə bilmədiyim sözlərim üçün dədə, cəsarətim üçün, özüm üçün dədəəə – deyə bağıraraq cavab verdi.
O, ürəyindəki bütün ölmüş arzularını meydanda dəfn etdi. Bir müddətdən sonra meydan böyük bir məzarlığa döndü. Başı elə qarışmışdı ki, insanların onu əhatəyə alıb heyrətlə baxdıqlarının fərqinə varmamışdı. Onun bayaqkı hayqırtısı insanları cəlb eləmişdi. Hər tərəfdən meydana adamlar axışırdı. Onlar məzarların üstünə gül dəstələri düzürdülər. Bəziləri də “fatihə” deyib salavat çevirirdilər.
Bayaqkı qoca isə bütün bunları seyr edə-edə dərin kədər içində pıçıldayırdı:
- Hanı o dediyim bəy ərənlər? Dünya mənimdir deyənlər! Onlar dəxi bu dünyaya gəldi keçdi, karvan kimi qondu köçdü. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?
Mərd diksindi, elə bil yatmışdı oyandı, ətrafa baxdı qocanı görmədi. Ancaq ürəyinə nəsə bir toxtatlıq gəldi, içində sanki bir qığılcım sönməkdə olan ümid işığını yandırdı. O, meydandakı tribunaya doğru addımlamağa başladı.
Meydan boş idi...Ara-sıra bahalı maşınlar şütüyürdü...



9 dəfə oxundu

Axtarış