Axmaq
Müəllif: Mükafat Yaqub


2017-11-18 15:06:47


Mükafat Yaqub.
Axmaq
Axmaqla dəlinin fərqi: Axmaq – başqalarının verdiyi ad, dəli – insanın özündə olan keyfiyyət, psixoloji hal.
Axmaq
Axmaq sözü indi ən dəbdə olan, çox işlənən sözdür. Misal üçün, əgər birisi öz haqqını tələb edirsə, hüquqlarının tapdalanmasına dözməyib etitaz edirsə, kənardakılar, mütləq onu müzakirə edəcək, hətta, müdirinə də deyəcəklər ki, əşşi fikir vermə ona, axmaq adamdır. Özünə isə daldada qayğıkeşliklə təəssüblənəcəklər: Əşşi, sən düz eləyirsən. Nə vaxta qədər bizə qarşı ədalətsizlik olacaq.
Atalar deyib ki, axmağa yel ver, əlinə bel ver. Əlbəttə ki, sözün hərfi mənasında işlənəndə bu belin sınması ilə nəticələnir. Məcazi mənasında isə başın. Fərqi yoxdur hansı başın.
Əvvəllər “demoqoq” termini modda idi. İndi az-az işlənir. Çünki öz yerini doğma dilimizdə olan həmin bu sözə verib. Doğru da eləyib. Nədən ki, ifadə və terminlərimizdə də milliliyimizi qorumalıyıq. Axı, biz ədaləti bərpa etməyə görə nə üçün demaqoqluq etməliyik, gül kimi öz milli qramatikamız qala-qala...
Hə, söhbət axmaqlıqdan gedir, axı. (Axmaq söhbətdən yox a...) Azərbaycan dilində “axmaq” sözünün omonimi də var,- felin məsdər formasında. Doğru danışan, ləyaqətini hər şeydən üstün tutan, acizləri müdafiə edən, mərd, xeyirxah insanlar, yəni bu sözün ismin adlıq halına aid etdiyimiz bir qism insanlar, çox vaxt felin məsdər halındakılarla tərs mütənasib olurlar – antonimə çevrilirlər. İnanmırsınız, onda gəlin təhlil edək: təsəvvür edin ki, qəhrəmanımız olan bu “axmaq” özündən vəzifəcə böyük olan “ağılli” adamın yanına gedərək deyir ki, bir təklifim var. Əgər bunu eləyə bilsək çoxlu xeyrimiz olar, işlərimiz də yaxşı gedər. Bərkgedən adam da bu ağıllı təklifi qəbul edib, tez özündən yuxarıdakı pilləni canfəşanlıqla qalxaraq qapıdan içəri süzülür. Və əriyib axa-axa “öz təşəbbüsünü” izhar edir. (Görürsünüzmü, “axmağın” indiyə qədər məlum olmayan bir sinonimi də tapıldı – süzülmək.(burada, girmək))
Nəticə isə çox gözəl alınır: qabaqcıl idarənin işgüzar fəaliyyəti nəticəsində qazanılan xeyli gəlir pilləkənin yuxarı füqərasının cibinə axır...
İndi bildinizmi, AXmaq necə yaxşıdır!?. Bu da sizə antonim.
Amma nə deyirsiniz deyin, dünyanı axmaqlar xilas edəcək. Ancaq xeyrini AXmaqlar görəcək...
Tarixi fakt: Hələ XII əsrdə Nizamı də öz qadın qəhrəmanına felin bu məsdər formasından çəkinməyi məsləhət bilirdi.
P.S.
Bundan sonra da çalışacağam ki, dilimizin alt qatında gizlənən, lakin hələ də leksikologiya elmimizə bəlli olmayan milli söz və ifadələri axtarıb taparaq lüğətimizi zənginləşdirim...
Mükafat Yaqub . 22.XI. 04.

9 dəfə oxundu

Axtarış