Ay adam, sən kimsən?!
Müəllif: Meyxoş Abdullah


2017-10-30 07:04:26


Ay adam, sən kimsən?!..
(esse)

... Ay adam, sən kimsən?!.. Niyə mənim yuxularıma gəlirsən?!.. Niyə mənim fikirlərimi qarışdırırsan?!.. Niyə məni yaşamağa qoymursan?!.. Axı, mən səni heç bircə dəfə də olsun görməmişəm, tanımıram... Sən ruhsan, yoxsa, Tanrı tərəfindən göndərilmiş bir mələksən?!.. Bəlkə də, səfil, sərgərdan bir adamsan... Ay adam, sən kimsən?!
... Sən kimsən, ay adam?! Burax, bu zəhərli həyatımı sürüm, ağrıdolu ömrümü yaşayım. Nə yapışmısan ürəyimin ətəyindən, a pir olmuşun oğlu?..
Axan gözyaşlarımda boğulacaqsan, qəfil tutan hıçqırtılarımdan diksinəcəksən, dəli edəcəm səni, zəhər edəcəm ömrünü, gününü, ay adam... Doğulduğun günə peşiman edəcəm səni... Dünyanın dərd-sərini, cəhənnəmin əzabını yaşadacam sənə... Qəbul edəcəksənmi bu zülmü, ay adam?!
Nə umursan, nə gözləyirsən məndən?! Yazıq deyilsən, dərd-qəmdən savayı nə verəcəm sənə? Fikir, xəyal içində itib-batacaqsan, vallah, bir gün dəli olacaqsan...
Hamının, dost-tanışın, doğmalarımın, hətta, Tanrının da məndən qaçan vaxtı mənə yaxın gələn, ay adam sən kimsən?!
Bir söz de mənə, niyə dinmirsən? Danış görüm sən kimsən?! Niyə susursan?!..
Səni lənətə gələsən, qayalara dəyib parça-parça olasan... Qurd-quşa yem olasan səni... O, lal dilin qurusun... Axı, sən kimsən, söyləsənə?..
De, mənə niyə əzab verirsən, niyə məni yaşamağa qoymursan?!..
Sənə canım qurban... səni qarğıyan dilim qurusun... Sənə gələn dərd-qada mənə gəlsin... De, noolar, ay adam, sən kimsən?!..







5 dəfə oxundu

Axtarış