Ay adam, sən kimsən?!
Müəllif: Meyxoş Abdullah


2018-08-21 17:50:18


Ay adam, sən kimsən?!..
(esse)

... Ay adam, sən kimsən?!.. Niyə mənim yuxularıma gəlirsən?!.. Niyə mənim fikirlərimi qarışdırırsan?!.. Niyə məni narahat edib, yaşamağa qoymursan?!.. Axı, mən səni heç bircə dəfə də olsun görməmişəm, tanımıram... Sən ruhsan, yoxsa, Tanrı tərəfindən göndərilmiş bir mələksən?!.. Bəlkə də, səfil, sərgərdan bir adamsan, ay adam?!
... Ay adam, sən kimsən?! Burax, bu zəhərli həyatımı sürüm, ağrıdolu ömrümü yaşayım. Nə yapışmısan ürəyimin ətəyindən, a pir olmuşun oğlu?..
Axan gözyaşlarımda boğulacaqsan, qəfil tutan hıçqırtılarımdan diksinəcəksən, dəli edəcəm səni, zəhər edəcəm ömrünü, gününü, ay adam... Doğulduğun günə peşiman edəcəm səni... Dünyanın dərd-sərini, cəhənnəm əzabını yaşadacağam sənə... Qəbul edəcəksənmi bu zülmü, ay adam?!
Nə umursan, nə gözləyirsən məndən?! Yazıq deyilsən, dərd-qəmdən savayı nə verəcəm sənə? Fikir, xəyal içində itib-batacaqsan, vallah, bir gün dəli olacaqsan...
Hamının, dost-tanışın, doğmalarımın, hətta, Tanrının da məndən qaçan vaxtı mənə yaxın gələn, ay adam sən kimsən?!
Bir söz de mənə, niyə dinmirsən? Danış görüm, sən kimsən?! Niyə susursan, ay adam?!..
Səni lənətə gələsən, qayalara dəyib parça-parça olasan... Qartalların caynağında gözlərin didik-didik, şirlərin, vaşaqların pəncəsində bədənin şırım-şırım olsun, ay adam, sən kimsən?! O, lal dilin qurusun... Susuzluqdan dodaqların cadar-cadar olsun. Axı, sən kimsən, söyləsənə?..
De, mənə niyə əzab verirsən, niyə məni ölməyə qoymursan?!..
... Sənə canım qurban... səni qarğıyan dilim qurusun... Nə olar, de, ay adam, sən kimsən?!..







9 dəfə oxundu

Axtarış