AY KAMAN
Müəllif: Zaur USTAC


2018-02-27 18:27:53


AY KAMAN

Nədir, yenə nalə çəkirsən nədən?
Aman, elə, fəryad qoparma, Kaman!
Bəsdir, diddin, parçaladın qəlbimi,
Aman elə, ruhumu yorma, Kaman!
* * *
Dərdli ürək bircə, himə bənddi bil,
Bir himə bənddi ki, o, ötsün dil-dil,
Yatmış duyğuları oyatma qəfil,
Gəl, sarı simlərə toxunma, Kaman!
* * *
Onsuz da canımda elə bir hal yox,
Beynimdə, qəlbimdə fikirlər nə çox,
Dərdli ürəyimə dərman edən yox,
Gəl, mənim qəsdimə durma, ay Kaman!
* * *
Yenə nalə çəkib, ah qoparırsan,
Səsinlə qəlbimdə od qalayırsan,
Ağır bir hava tək məni boğursan,
Könlümə yaralar vurma, ay Kaman!
* * *
Nə edim, neyləyim, öldürdün məni,
Ahın, fəryadınla diddin qəlbimi,
Heç, çəkə bilmirəm öz dərdlərimi,
Yükümün üstünə yük vurma, Kaman!
* * *
Kaman, aman elə, batır səsini,
Dindirib, sızlatma, sızlar qəlbimi,
Nalənlə artırma, nisgil, qəmimi,
Nədən həsrətliyəm sorma, ay Kaman!
* * *
Söylə, sənin səsin niyə belədir?
Səsinin ahəngi kədərdir, qəmdir,
Bütün qəmginlərin ilk həmdəmidir,
Kədərimə şərik durma, ay Kaman!
* * *
Sən, yalnız qəmimə qəm artırırsan,
Dərdimin üstünə dərd artırırsan,
Ay Kaman, özünü nahaq yorursan.
Dünyayla aramı vurma, ay Kaman!!!

20.11.1994. Tərtər.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

6 dəfə oxundu

Axtarış