Ay sonatası
Müəllif: Fyodorov Vladimir Nikolayeviç


18.03.2019


(hekayə)

Hava şəraitinə görə Maqadanda bir neçə saat ləngiyən təyyarə Kolımskda axşamüstü yerə endi. Şükürlər olsun ki, yalnız gündüz uçuşları üçün düzəldilmiş xəttə enməyə macal tapa bildik. “Axır ki, yerimizdəyik”, - demək olar ki, artıq on il ayağı dəymədiyi bərk daşlı torpağa qədəm basanda Anna yüngüllüklə nəfəsini dərdi. Düzdür axırıncı dəfə o bura anası ilə birlikdə məktəbi qurtaranda gəlmişdi – cəmi bir həftəliyə, həmişəki kimi babasını yoluxmağa. Onda iyun ayının axırı idi, bəyaz gecələrin donuq işığı var gücü ilə saçırdı. Qütbarxası üçün elə bir qeyri-adi istilik var idi ki, hətta bəzi dəliqanlı qoçaqlar Kolımada çimməyə başlamışdılar. Bir-iki dəfə də o suya baş vurmuşdu, yeri gələndə Moskvada rəfiqələrinə danışmağa bir şey olsun deyə.
Bu gün isə - avqustun onudur, artıq Şimal erkən ala-toranlıqla, kiçik tozağacıların solmuş yarpaqları ilə, çay tərəfdən gələn soyuq külək ilə özünü büruzə verirdi.
Üşüyən çiyinlərini çəkərək Anna kurtkasını çıxarıb geyindi və iri çantasını götürüb qətiyyətlə cığırla addımlamağa başladı.
-Ay qız, siz düz getmirsiniz, - təyyarəyə yaxınlaşan aviasiya formasında olan cavan oğlan bir az şuxluqla, təbəssümlə onu səslədi. – Qəsəbəyə yol sağ tərəfə gedir.
-Mənim yolum soladır, - o da cavabında azca gülümsədi. – Mənə Zarubin lazımdır.
-A-a, Rabinzonun, üzr istəyirəm, Petroviçin yanına...
Onda istiqamətiniz düzdür. Siz onun nəyisiniz?
-Nənəsi.
-Bəs, nənəcan, qaranlıqda, tanış olmayan yerdə qorxmursunuz ki, azarsınız? – Oğlanın gözündə şən qığılcımlar işıldadı. – Növbədə olmasaydım, sizi ötürə bilərdim..
-Sağ olun, özüm yolu taparam. Mən artıq buralarda olmuşam.
-Onda heç... – Oğlan yaraşıqlı qaməti gözləri ilə ötürərək təəssüflə əllərini yellədi.
Hərçənd, düzünə qalsa, cığırı çox da gedilməyən adamsız bir yolu gecə vaxtı bir neçə kilometr tək getmək – o qədər də ürək açan iş deyil. Və o qəlbinin dərinliklərində bu aviatoru özü ilə yol yoldaşı götürmək istəyərdi. Bir də gördün, bu anasının Moskva ərzaqları və babasının dəyişik paltarları ilə doldurduğu ağır çantanı da götürməyə kömək etdi. Amma tələbəlik illəri ərzində Anna müstəqil dolanmağa öyrənmişdi, bu dəfə də keçinər.
Hər halda babası çox qəribə adamdır. Axı, heç deməzsən ki, xasiyyətinə görə adamayovuşmazdır, ancaq hələ müharibə vaxtından gözdən uzaq bir yerdə gəlib məskunlaşıb – və bu söhbətə nöqtə qoyub. Yəni, istəmirəm bu basabasda yaşayım! Onların kiçik yarıyuxulu Kolımskında nə basabas var, axı?! Onu Moskvaya aparmaq lazımdır, orda o, basabasın nə olduğunu onda görər. Amma babası ora heç vaxt getməyəcək: anası yüz dəfələrlə ona yazıb, özü dalınca gəlib, çağırıb – xeyri yoxdur, onu Kolımskının o kiçik kəndindən heç nəylə qopara bilməzsən. Axırda onların hamısı bununla barışdılar: qoy necə istəyirsə ömrünü o cür başa vursun...
Odur ki, tərki-dünya dolanır. Qəsəbə camaatı ona uyğun ləqəb də verib– Robinzon – elə indicə eşitdi. Robinzonun heç olmasa, Cüməsi var idi, babası isə arvadını birgə yaşayışlarının üçüncü ili dəfn edəndən sonra bu günə qədər ev-eşikdən uzaqdır. Lukeriya nənəni heç anası da xatırlamır. Deyilənə görə o ürək tutmasından keçinib, babası da görünür onu çox sevirmiş, hətta ümumi qəbiristanlıqda yox, öz daxmasının yanındakı təpəlikdə dəfn etmişdi. Bircə gün olmazdı ki, qəbirə baş çəkməsin. Yaxınlaşıb yavaşca nə isə pıçıldayır, başını yırğalayır...
Bu onda idi, on il əvvəl. İndi yəqin düşüb bir az. Axırıncı məktublarında yazırdı ki, tez-tez naxoşlayır, ən çox da beli onu incidir. Annanın səfərinin əsas səbəbi də elə bu idi. Yox, əlbəttə, o öz doğma Paşa babasını çox görmək istəyirdi, düzdür son illər bu gah dərslərə, gah təcrübəyə, gah tikinti dəstəsində olduğuna görə heç cürə alınmırdı, ancaq babasının indiki qısa və qəmgin məktubları onu bütün şərait və planlarına bir quş qoymağa məcbur etdi. Bir şey ki, indi peşə məktəbi də, tibb institutu da, ordinatura da artıq arxada qalmışdı. Bir də ki, onun kimi gənc həkimdən başqa qocanın yanına gedib azarlarına kim çarə qılmalıdır ki. Babasının şikayətlərinə görə o qabaqcadan – otlardan, defisit xarici dərmanlarından, məlhəmlərdən ibarət - bütöv bir dərman qutusu yığmışdı. Təkcə şprisi deyil, hətta cərrah bıçağı və iynələri də nəyə görəsə qutuya qoymuşdu, sonra özü də buna gülmüşdü: cərrah ki, cərrah...
Bu düşüncələr və uzaq Kolımsk diyarına şən uşaq səfərləri ilə bağlı xatirələr içərisində yanlardan ağacların sıxdığı qaranlıq yolla getmək çox da rahat deyildi. “Hə, qoca bu sürprizə yaman sevinəcək, - Anna görüş anını xəyalən yaşayırdı. – O məni on beşindən sonra gözləyir, amma mən qəfildən onunda peyda olacağam! Məktubda eləcə də yazmışdı ki, o vaxta cır mərsin yetişəcək, mürəbbə bişirib apararsan, bu uzunluğunda yolu gəlməyin boşuna olmaz... Buranın cır mərsin mürəbbəsi, əlbəttə, yaxşıdır, ancaq əsas bu deyil, bütün işlərin gedişatı elə bil məxsusi tez yola çıxmağa sövq eləməyə xidmət edirdi”.
Ağacların arxasından tutqun işıq göründü və Anna sevincək addımlarını yeyinlətdi. Bir azca da – o, dirəkdən asılmış tutqun lampoçka işığının köhnə evin siluetini işıqlandırdığı çay sahilindəki açıqlığa çıxdı. Pəncərələri gizlədən taxta örtüklərin arasından da azacıq işıq süzülürdü.
Meşə üzərində sanki axır-axırda paytaxt qonağının yolunu işıqlandırmaq üçün ağır-ağır ay çıxdı. “Hə, indi, daha sizsiz də keçinərik”, - Anna özlüyündə qeyd etdi.
Kim bilir hansı yolla və nə vaxt adicə bir daxmanın qapısına qoyulmuş qədim tanış mis dəstək göyümtül işıqla parıldadı. Anna onu basdı, özünə çəkdi – bağlıdır. Sakitcə, sonra bir az bərkdən döyəclədi. Heç bir reaksiya yox idi, təkcə evdən divarların zəiflətdiyi ya ucadan çəkilən ah, ya da inilti eşidildi. O qapını daha bərk döyəclədi – qəribə səs təkrar olundu. Beynindən pis bir fikir keçdi: babası elə düşüb ki, qalxıb qapını aça da bilmir. Anna tələsik yandakı pəncərə örtüyünə tərəf addım atıb döyəcləyə-döyəcləyə qeyri-ixtiyari bir təlaşla pəncərə örtüyünün kip olmayan arasına qışqırdı:
-Paşa baba! Babacan! Mənəm, Anya! Bu mənəm, Anya, gəlmişəm!..
Görünür, ev sahibi eşitdi. İçəridə dərhal nə isə tərpəndi, birinci qapının, sonra – kiçik dəhlizin qarmağı cingildədi. Astanada açıq-aydın sarsılmış, saçları pırtlaşıq baba göründü, nəinki sevincsiz, az qala acıq və dilxorçuluqla qıza baxdı.
“Tanımadı, - qız düşündü, - başa düşüləndi, neçə ildir görmür”. Yenidən dilləndi:
-Bu mənəm də, babacan, Anya, sənin nəvən Anyuta, gəlmişəm...
-Hə, görürəm... - Qocanın baxışları və sifəti bir az mülayimləşdi. – Bəs, niyə belə tez? Mən axı yazmışdım ki, on beşindən sonra...
-Səbrim çatmadı da! Həm də sənə sürpriz etmək istədim. Nədir, sən sevinmirsən?..
-Necə yəni sevinmirəm! – baba gülümsəməyə çalışdı. –
Çox şadam. Keç görüm, nəvə bala! Mən qoca səfeh səni qapının ağzında niyə saxlamışam! Bunlar hamısı yuxudandır, bağışla, boş-boş şeylər girir yuxuma... Belim ağrıyır, odur ki, başıma hər cür şeylər girir...
-Eybi yoxdur, indi biz sənin belinə bir çarə qılarıq, - Anya şuxluqla cavab verərək çoxdan yuyulmayan rəndələnmiş taxta döşəməyə qədəm qoydu. – Hə, burda necə yaşayırsan?
-Belə də, qocafəndi. Hə, buralar bir az səliqəsizdir, bağışla, gözləmirdim, vaxtım olmayıb.
-Narahat olma, səhər bir yerdə səliqə-sahman yaradarıq. İndi isə - Moskva sovqatlarını, bir də ata-anamdan salamları qəbul et. – Anna çantanı kətilin üstünə qoyub içindəki ərzaq və geyimləri stolun üstünə düzməyə başladı. Qoca yalnız əllərini şappıldadırdı:
-Bu qədər şey nəyə lazımdır! Bu ağırlığında şeyləri özünə yükləmisən! Mənə indi daha heç nə lazım deyil... Hə, çox razıyam, nəvə bala, çox razıyam!..
Babanın ürəkdən kövrəldiyi aşkar idi, ancaq yenə də gözlərində bir nigarançılıq ilişib heç cürə çıxmırdı.
-Bax bu da ən sonda sənə balaca araq şüşəsi! – Anna kolbasa və pendirlərin yanına balaca “Stoliçnaya” şüşəsini qoydu. İndi azca görüş münasibəti ilə qəbul edərsən, sonra da mən sənin belini yeni mazla sürtərəm. Mən indi, babacan, həkiməm, diplomlu həkim, cərraham.
-Gör ha, həkim, - o ehtiram və yüngül kədərlə təkrar etdi, - bu stolun altında iməklədiyin vaxtdan nə keçib ki! İllər yaman uçur... Hə, sən yəqin acmısan, yoldan gəlirsən. Mən indi sənin sovqatlarına öz ehtiyatlarımdan da əlavə edim – təzə göbələk, az duzlu alabalıq, çayı qızdırım...
- Sən belinin o vəziyyətində...
-Heç nə olmaz! Nəvə balam hər gün gəlmir ki! Sən hələlik o biri hissədə, bax burda yerləş. Orda hər şey siz olan vaxtı olduğu kimidir, əl dəyilməyib, bircə, döşəməni yumamışam...
Tələsmədən söhbətlə keçən şam yeməyindən sonra Anna babasının belini masaj edib “Finalqon” mazı ilə sürtərək üstünü isti basdırdı. Ağrıdan azad olmuş və araqdan xumarlanmış baba yuxusunu qovmağa, nəvəsinin həkimlik işləri, moskvalı qızının vəziyyəti haqqında sorğu-sual etməyə çalışsa da, tezliklə sakitcə fısıldamağa başladı.
Anna isə heç cürə yata bilmirdi. Uzun və qeyri-adi günün təəssüratları və əlbəttə ki, vaxt fərqi öz təsirini göstərirdi. Moskvada indi günorta idi.
O, bir böyründən o birinə çevrilə-çevrilə gözləri açıq halda bir, sonra ikinci saatı uzanıb qaldı. Babası gilin ön küncdəki saatı on ikini vurdu. Və demək olar ki, dərhal onların sakit zəngindən sonra ondan da yavaş pəncərə örtüklərindən taqqıltı səsi gəldi.
“Mənə elə gəlir, - o dirsəklənərək qulaq kəsildi. – Bu uzaq bir yerdə gecə vaxtı kim ola bilər ki? Küləkdir, yəqin... Yox, dəqiq kimsə taqqıldadır... Bu nədir, daha bir gecə qonağı var? Bəlkə, xanım qonaqdır? Bəlkə buna görə qoca məni qaşqabaqlı qarşıladı? Başqa adam gözləyirdi? Qəsəbədən bir nənəni? Bu qaranlıqda bura hansı qarı ayaqlarını sürüyə-sürüyə gələ bilər?.. Bəlkə, cavan dul arvaddır?.. Taqqıltı açıq-aşkar kişi taqqıltısı deyil, nə isə çox sakitdir. Azmış adam belə xəlvəti döyəcləməz. Hə, qoca xatakar... Yaxşı çıxmasa da, gərək oyadım. Amma əvvəlcə bir baxım... ”.
Anna xələti çiyninə atıb kiçik dəhlizin qapısını səssizcə açaraq bayır qapısına yaxınlaşdı və gözünü yarığa dirədi.
Artırmada ucaboy cavan olmayan bir kişi dayanmışdı. Onun qısa vurulmuş ağ saçı və saqqalında gümüşü çalarla əks olunan ay işığı, nəcib sifətini qeyri-təbii solğun və asketik göstərirdi. Sanki Annanı eşidib kişi əllərini tələsik kobud brezent iş geyiminin ciblərinə salaraq intizar içində donub qaldı.
Uzun bir fasilə çökdü, nəhayət ki, Anna cəsarətləndi.
-Siz kimsiniz? – deyə yavaşca soruşdu. – Sizə kim lazımdır?
Kişinin diksinmiş göz qapaqlarından görünürdü ki, o, qapı arxasından qadın səsi eşitməyi gözləmirdi. Tərəddüd içərisində qımıldanan gecə qonağı şübhə ilə yavaşca dilləndi:
-Narahatlığa görə üzr istəyirəm...Mən Pavel Petroviçin yanına gəlmişəm... Mən bilmirdim ki, siz onun yanındasınız, yoxsa, narahat etməzdim...
-Sizin onunla nə isə təcili bir işiniz var?
-Təcili deyəndə ki...
-Başa düşürsünüz, o çox ağır xəstədir, təzəcə yuxuya gedib...
-Siz də onu oyatmaq istəməzdiniz...
-Bəli, əlbəttə, əgər xüsusi bir zərurət yoxdursa. Ancaq... – Kişinin xoş bir kədərlə dolu baxışları və rica tonu Annada ona qarşı bir rəğbət oyatdı. – Ancaq... əgər lazımdırsa... Bir dəqiqə, mən qapını açım. – Anna işığı yandırdı, qarmağı qaldırıb qapını açdı.
-Keçin içəri!
-Yox-yox, sağ olun! – Kişi qapı çərçivəsinin daxilinə düşən işıq topasının sərhədindən bir addım geri çəkildi. – Bəlkə, yalnız bir balaca xahişmi...
-Buyurun.
-Bir halda ki, biz görüşdük, Pavel Petroviçə çatdırın ki, Altov gəlmişdi. Sabah axşamüstü mən yenə baş çəkəcəyəm. -Siz bu gecə vaxtı geriyə qəsəbəyə necə qayıdacaqsınız?
-Narahat olmayın, mənim üçün bu çətin deyil. Başa düşürsünüz, vərdişdir. Həm də ay bu gün mən deyərdim, qeyri adi parlaqdır. Ona görə gedib çatacağam, xanım qız. Təəssüf edirəm ki, sizi yuxudan elədim.
-Mən heç yatmamışdım. Elə bu gün Moskvadan təyyarə ilə gəlmişəm, hələ ki yerli vaxta uyğunlaşmamışam. Babamı yoluxmağa, həm də müalicə etməyə gəlmişəm. Mən onun nəvəsiyəm, Anna.
-Çox xoşdur. Mən isə dediyim kimi, - Altov, Dmitriy İliçəm. Sa... – Onun dili yüngülcə dolaşdı və cəld tələffüz etdi: - Buraların sadə sakiniyəm. Sizsə, deməli, Ağdaşlı məkanın özündənsiniz. – Kişinin baxışları bir anlığa canlandı. – Bəli, Moskva-paytaxt... Bilirsinizmi, mən orada böyümüşəm. Tverskaya küçəsində... Neçə-neçə illər keçib... Hər şey, yəqin, yaman dəyişilib...
-Siz vaxt eləyib arada gəlin, - Anna təbəssümlə onu dəvət etdi, - yerli kimi söhbət edərik.
-Sağ olun! – Kişi nəzakətlə baş əydi. -Daha vaxtınızı ala bilmərəm. Bir daha üzr istəyirəm, gecəniz xeyrə qalsın, xanım əfəndi...
-Görüşənədək! İstəyəndə gəlin.- Sağollaşıb qapını bağlayan Anna qeyri-ixtiyari qeyd etdi: “Lap keçən əsrin aristokratıdır. Bura necə gəlib düşüb? Yəqin repressiya vaxtlarındandır, öz xoşuyla gəlməyib... Ancaq mühit öz işini görür: bu cür nəzakətlidir, ancaq əllərini cibindən heç çıxarmadı.
Yoxsa, əllərinə nə isə olub?..”.
Demək olar ki, səhərə yaxın yuxuya gedib yalnız babasının onun çiyinlərinə yüngülcə toxunuşundan və səsindən ayıldı:
-Qalx, Annuşka, yemək artıq stolun üstündədir. Yoxsa, belə getsə, gecə ilə gündüzü qarışdıracaqsan. Gör sən nə qədər yatmısan?
Anna gərnəşib saata baxdı.
-Sən deyən çox yatmamışam, babacan. Mən axı bütün gecəni saat dördə qədər yata bilmədim.
-Bütün gecəni?!. – babasının səsi titrəyərək həyəcanını büruzə verdi, o tələsik mətbəxə keçdi.
-Qorxulu bir şey yoxdur, babacan, - Anna onu tez sakitləşdirməyə çalışdı, - uçuşdan sonra bu adi bir haldır. Bu gün-sabah öz qaydasına düşəcək. Sənin belin necədir, yüngülləşdi?
-Tamam keçib, heç hiss də eləmirəm. Sağ ol, nəvə bala! – Qoca şux danışmağa çalışırdı, ancaq bu onda o qədər də alınmırdı. Adı nədir... gecə. Yuxusuz. Darıxdırıcı deyildi...yəni qorxmurdun? Bu cür qaranlıq, ins-cinsdən uzaq yer, ev də ki, köhnədir... Birdən qulağına səs-zad gələr...
-Babacan, qorxulu heç nə yoxdur. – Anna yataqdan qalxıb xələti çiyninə atdı və əl-üz yuyana tərəf yönəldi. – Mən axı, təbibəm, babacan, materialistəm, qulyabanıya, kabuslara inanmıram. Hətta ölülərdən qorxmuram, anatomiya otağında onlarla çox əlləşmişəm. – O əlində diş fırçasıyla babasına tərəf döndü. – Amma bir gecə qonağı bizə baş çəkmişdi. Biz onunla səni radikulitinə görə oyatmadıq. O bu gecə yenə baş çəkəcək.
-Necə qonaq idi?.. – babası yenə həyəcanlandı.
- Belə intelligent adam idi, Altov.
-Altov?! – Rəngi qaçmış qoca sakitcə kətilin üstünə əyləşdi. – Elə də bilirdim!.. Elə də bilirdim... Nə dedi ki?
-Artırmada bir az dayandıq, söhbətləşdik. – Üzünə su vuran Anna görməsə də arxa tərəfdə duran babasının necə həyəcanlandığını hiss etdi. – Nədir ki, sənin onunla nə isə bir problemin, narahatçılığın var?
-Bəs o sənə heç bir şey danışmadı?
-Dedi ki, əsl moskvalıdır, çoxdan buradadır, səninlə işi var, ancaq çox da təcili deyil... Gizli deyilsə, nə işdir elə? – qızın da səsində bir təlaş hiss edildi.
-Başa düşürsən... – Qocanın tutulduğu aşkar idi, sözlər ondan zorla qopurdu. – Sənə necə deyim... Bu çoxdan olmuş bir işdir... O isə, belə... bir az, necə deyərlər, şey deyil... -Normal?
-Haradasa. Hamı kimi deyil. Bizim kimi deyil... Bu gün dəqiq gələcək. Hələ sabah da gələcək. Ondan heç cürə yaxamı qurtaran deyiləm...
-Psixi xəstədir yəni? – Anna məsələni necə isə özü üçün aydınlaşdırmağa çalışırdı.
-Demək olmaz ki, xəstədir... Amma sən ona qulaq asma, gecə qapını açma. Ümumiyyətlə, danışma onunla!.. Sənin üçün belə daha yaxşı olar...
-Babacan, sən nə isə gizlədirsən. Mən axı, həkiməm, əgər o, xəstədirsə... – Anna qocaya tərəf yönəldi. – Bircə mənə açıq de görüm, sənin onunla nə haqq-hesabın var! Bəlkə mən kömək də edə bildim...
-Nə! Nə var ki?! – qoca qəfildən coşaraq, demək olar ki, titrək bir səslə qışqırdı. – Elə odur ki, mən sənə on beşindən sonra gəlməyi tapşırmışdım! Bax budur!.. Onda heç bir şey də olmazdı!.. – Birdən, sanki sınıb təslim olubmuş kimi o başını stolun üstünə dirədi və yalnız son dərəcə üzülmüş yaşlı adama xas bir uşaq hönkürtüsü ilə ağlamağa başladı.
-Sənə nə oldu, babacan?! – Anna bir anlıq özünü itirdi, sonra qocanın çiyinlərini, başını sığallamağa başladı. – Yaxşı, babacan, sakit ol... belə etmə, babacan! Yaxşısı budur, sən hamısını danış, bir yerdə nə isə bir şey fikirləşərik, mən indi sənə sakitləşdirici dərman verərəm...
-O mənim bəlamdır, nəvə balam... Ölənə qədər çəkəcəyim bəlam... – babası içini çəkməyə davam edirdi. – Dünənə qədər bunu heç kim bilmirdi. Lukeriyadan başqa. O elə bunun ucbatından öldü, ürəyi tab gətirmədi. İndi də bax, sən...
-Nə bəla, babacan? - Anna əllərinin üşüdüyünü hiss etdi.
– Lukeriya nənə də onun ucbatından?..
-Bir halda ki, belə alındı, nəvə bala, sənə etiraf edim. Danışım. Onsuz da – bu dünyada yaşamağıma az qalıb, heç olmasa ürəyimdəki daşın yarısını ataram... – baba demək olar

ki, sakitləşmişdi, ancaq sifəti necə isə qaralmış özü də büzüşüb əyilmişdi. – Otur yanımda, qulaq as. Söhbət uzun olacaq... Bir də... sən bayaq dedin ki, tibb işçisisən, materialistsən, bu cür şeylərə inanmırsan. İnanmalı olacaqsan, nəvə bala. Sən özün onu gördün, axı. Amma o yoxdur, Altovu deyirəm...
-Necə yəni yoxdur? – Anna başa düşmədi.
-Bax elə, o çoxdan ölüb, bu gələn onun ruhudur.
-Necə yəni, ölüdür?! - Annanın şüuru eşitdiyini qəbul etməsə də, kürəyindən bir vicvicə keçdi.
-Çox sadəcə. Ölüdür – vəssalam. Sən qorxma, mən hələ ağlımı itirməmişəm. Sözümü kəsmə, qulaq as... Bütün bunlar müharibənin lap başlanğıcında oldu. Onda burada düşərgələr - saysız-hesabsız idi, hər əlli kilometrdən bir. Milyonlarla adam yatırdı, məlum məsələdir ki, qaçaqlar da olurdu. Düşərgə gözətçilərinin, enkevede işçilərinin çoxunu onda müharibəyə aparmışdılar, onların özlərinin bizim tayqada qaçaq axtarmağı müşkül iş idi. Düzdür, onlar axtarırdılar, ancaq o qədər də tapmırdılar – dərinliyə getməyə gücləri çatmırdı. Odur ki, ovçuları da bu işə qoşmaq fikrinə düşdülər. Həmin payız Kolımlaqın polkovniki Smirnov bizi yığıb elan elədi ki, bəs belə-belə: sizin sahədə üç amansız, qəddar xalq düşməni, alman şpionu və təxribatçısı qaçaq düşüb, əgər onlar yaşayış yerlərinə çıxsalar – dövlətə böyük ziyan vuracaqlar. Ona görə onları Kolımadan buraxmaq olmaz. Hər üçünün də fotoşəkilini, o cümlədən də Altovun şəklini göstərdi. Onların təsvirini də çəkdi – yəni, boy-buxunları, saçları, gözləri... Biz, məlum məsələdr ki, kirimiş oturub qaldıq – çağırış yaşı çatmayan yeniyetmələr də olsaq, hələ öz ağlımız da olmasa, nə təhər amansız olurlar olsunlar, adam ovu etməzdik. Smirnov isə bizi süzüb dedi: “Bu, yoldaş Stalinin sizə hərbi əmridir, belə ki, bizim cəbhə də Kolımadan keçir. Yoldaş Stalin deyib: əgər düşmən təslim olmursa, onu məhv edirlər!” Sonra əlavə elədi ki, hər öldürülən murdar üçün mükafat təyin olunub – bir kisə un və yarma . Nəvə bala, o vaxtlar bu əməlli-başlı var-dövlət idi. Bunu da almaq üçün bizə tapşırdılar ki, onları biz... şey... öldürəndən sonra biləkdən əllərini kəsib gətirək düşərgəyə. Əşyayi-dəlil kimi...
Baba ağır bir köks ötürüb, titrək barmaqları ilə “Belomor” qutusundan bir papirosu çıxarıb yandırdı. Anna tərpənməz oturmuşdu.
-Məlum məsələdir, aramızda hər cür uşaq var idi. Kimsə yeməyə görə dərhal tamahsıyıb ən əlçatmaz yerlərə özünü verdi ki, yoxlasın, kimsə də uzun olmayan tox həyata görə günah sahibi olmaq istəmədi. Mən də onu heç məxsusi olaraq istəmirdim... Ancaq öz başıma bəla kimi bir üç gündən sonra öz çayımın sahilinə çıxdım, bir də gördüm, odur, oturub əl-üzünü yuyur – lap yaxında, iyirmi metr olardı. Çay aşırımı da guruldayır, o da məni eşitmir, həm də mən kol arxasında idim. Mən onu fotoşəkili və təsvirə görə dərhal tanıdım – ucaboy, saçı çal, saqqalı da həmçinin. Karabini bir beş dəfə qaldırdım, ancaq yenə də atəş aça bilmədim. Bəlkə də, heç ümumiyyətlə atmayacaqdım, ancaq o birdən, üzünü yuxarı qaldırıb elə sevinclə güldü ki. Burada məni yaman acıq tutdu: düşmən törəməsi sevinir ki, öz qara işlərini davam elətdirəcək! Hə də, mən elə birinci güllə ilə onu aşırdım... Amma bax, əllərini kəsmək, güllə ilə vurmaqdan daha qorxulu oldu. Amma iş artıq görülmüşdü, düzünə qalsa, o cür aclıqda iki kisə azuqəni itirməyə hayıfım gəlirdi. Özümü toplayıb baltanı tuşladım, üzümü çevirib və... Sonra o birisini. Onları ehtiyat ayaq sarığına bükdüm...- Baba susdu, papiros kötüyünü nəlbəkiyə acıqla basıb söndürdü. – O necə olmasa da, hər halda insan idi. Onu heyvanlara yem edə bilməzdim ki. Sahilə çəkib bir çala qazdım, necə lazımdır, dəfn elədim. Ağacda nişanə qoydum, xaç qayırdım... Sonra düşərgəyə, deməli... Rəis barmaqlarının izini götürdü: hər şey düz gəldi. Anbardan ərzaq almaq üçün kağız yazdı, çiynimi döyəclədi, yəni ki, afərin, Stalinin əmrini yerinə yetirmisən! Sonra da gülə-gülə mənim “əşyayi-dəlillərimi” özümə qaytardı – dedi ki, yadigar götür, necə olmasa, bu da bir ovçu qənimətidir. Mən onları yenidən ayaq sarığına bükdüm və qəsəbəyə girişdəki böyük daş parçasının altında basdırdım...
Qoca yenidən uzun bir fasilə verdi, dəfələrlə pəncərə şüşəsinə dirənən tək bir ağcaqanadın vızıltısı eşidilirdi.
-Sonra gələn payızda, düz mən onu öldürən gün, Altov peyda oldu. O vaxtdan müntəzəm olaraq avqustun onundan üç gecə dalbadal gəlir. Sonra yenə bir il görünmür.
-Bəs o indi? – Anna indi babasından az sarsılmamışdı.
-Əllərini geri istəyir. Elə bir şeyi təkrar edir: əllərimi geri qaytar... Mən onları ona necə qaytarım?! İndi mən artıq bilirəm ki, o heç bir şpion, xalq düşməni deyil, amma daha heç nəyi dəyişə bilməzsən. Günahsız bir insanı öldürmüşəm – mənə heç bir bəraət yoxdur!.. O mənim bəlamdır, deyirəm... O dünyada da mən istənilən cəzaya hazıram... Lukeriyanın da ölümü – mənim üstümdədir... Evləndiyimiz birinci iki ili mən onu bu günlərdə gah anasının, gah rəfiqəsinin yanına göndərdim, üçüncü ili alınmadı. İstəmədi – vəssalam. Altovun gecə mənimlə necə danışdığını eşitdi. Qaçaraq artırmaya gəldi - və yıxılıb qaldı. Bu gözdən uzaq evi də mən onun ucbatından tikdim ki, qəflətən kimsə görməsin. Elə bilirsən, mənim burada tək yaşamaqdan, özü də ürəyimdə belə bir yüklə, xoşum gəlir? Hərdən canavar kimi ulamaq istəyirəm. Bax, nəvə bala, mən belə lənətlənmiş adamam...
Baba hekayətini bitirdi, Anna heç bilmədi ki, nə desin. Balıq şorbası ilə çay çoxdan soyumuşdu, onlar isə hələ də oturub hərə özünə görə bu bəlanı həzm edirdi. Annanın beynindəki materialist ehkamları bir birinin ardınca dağılırdı, ancaq qeyri-real reallığın yeni şərtlərini qəbul etməyə, onun qanunları ilə düşünməyə heç cürə imkan vermirdi.
Axşama yaxın Anna qərara gəldi:
-Baba, onunla danışaram. Onun özü ilə.
Babası elə reaksiya verdi ki, sanki belə bir qərarı həm gözləyirdi, həm də ondan çox qorxurdu.
-Yo-ox, nəvə bala! – nəfəsini tam buraxdı, - təkcə bunu yox. Mənim üçün bir Lukeriya kifayətdir! Onun yanına buraxmaram. Qapıları bağlayaram – buraxmaram! Sonra mən sənin ananın üzünə...
-Lukeriya nənə üçün bu gözlənilməz idi, mənsə hər şeyi bilirəm və hətta onunla söhbət də eləmişəm. Başa düşürsən, bəlkə o elə şey deyəcək ki, onu nə sən, nə də mən bilirəm...
-Dəxili yoxdur – qoymaram! – babası təslim olmurdu. O öz çarpayısından cəld durmaq istədi, ancaq belindən tutan kəskin ağrıdan inildəyib dərhal geri oturdu.
-Yenə radikulit tutdu? – Anna cəld ona tərəf cumub kömək elədi və yavaş-yavaş yatağa uzatdı. – İndi biz sənə bir iynə vurarıq. Hətta... etibarlı olsun deyə ikisini.
O iki ampula çıxartdı – biri ağrıkəsici, digəri – yuxugətirici və qocaya bir yarım doza iynə vurdu. Yarım saatdan sonra o arabir yuxuda diksinərək sakitcə fısıldamağa başladı.
Gecə yarısına qədər qalan vaxt uzun və üzücü keçirdi. Pəncərədə yavaş taqqıltı eşidilənə qədər Anna, bəlkə də, yüz dəfə kitabı qırağa qoymuşdu.
O gündüz babasını və özünü bu görüşə hazır olduğuna əmin etsə də, indi əlləri birdən buz kimi soydu, dodaqları isə ixtiyarsız titrəməyə başladı. Yenə də Anna qətiyyətlə qapını acıdı və birinci salam verdi.
-Axşamınız xeyir, Dmitriy İliç.
-Axşamınız xeyir, Aneçka, - deyə qonaq yavaşdan tələffüz edib qəmli-qəmli gülümsündü. – Yenə də siz məni qarşılayırsınız. Bəs, niyə babanız bircə dəqiqəlik çıxmır?
Anna düz onun gözünün içinə baxaraq bir dəfəlik məsələyə aydınlıq gətirmək istədi:
-Mən bilirəm ki, babam sizi öldürüb.
Altov qeyri-ixtiyari geri səndələdi, ancaq artıq bir andan sonra özünə gəlib elə o cür təmkinlə tələffüz etdi:
-Nə olar, onda bizim sizinlə üstüörtülü danışmağımıza ehtiyac yoxdur. Ümid edirəm ki, mən sizdə xof və ya meyitə ikrah yaratmıram?
-Yox. Əlbəttə ki, yox! – Anna onu sakitləşdirməyə tələsdi. – babam bu gün mənə hər şeyi danışdı. O çox peşmandır... O vaxt ona demişdilər ki, bu Stalinin özünün əmridir...
-İki dənə də kisə vəd eləmişdilər...
-Hə, bu da olub. Ancaq indi o hər gün günahını etiraf edir. Bu gün hətta ağladı da. Onu həyatın özü cəzalandırdı. Arvadını da itirdi...
-Mənə görə. Hə-hə, etiraz etməyin, bu mənim təqsirimdir. O vaxt mən ona çox acıqlı və səbirsiz idim, söhbətimizi eşidən zavallı qadının halının necə olacağının fərqinə varmamışdım.
-Babam onu çox sevirdi...
-Mən hiss edirdim o, tam vicdansız adam deyil. Elə götürək, o məşum atəşdən sonra onun mənimlə etdiyi rəftarı. Sonra da o gəlirdi, artıq Stalin öləndən sonra. Hasara aldı, xaç qoydu, lövhədə soyadımı yazdı. Ancaq başa düşürsünüz, mənim... – Altov xəcalətlə əlləri kəsilmiş qollarını cibindən çıxartdı. – Bax budur... Mən bilirəm, siz həkimsiniz, qorxmayacaqsınız, ona görə də göstərirəm. Mən bunlarsız...
-Məgər sizin aləmdə bunun əhəmiyyəti var? Eşitdiyimə görə, ora ancaq maddi olmayan ruh gedir?
-Ümumiyyətlə, elədir, ancaq mənimki, xüsusi bir haldır, Aneçka. Mən Moskva konservatoriyasının professoruyam, daha doğrusu – keçmiş professoru. Pianoçuyam, bir çox müsabiqələrin, o cümlədən, beynəlxalq müsabiqələrin laureatıyam. Düşünürəm, pianoçuya əllərin nə dərəcədə lazım olduğunu sizə izah etməyə ehtiyac yoxdur. Onlarsız mən – heç kiməm. Ruhum da, görünür, onlar olmadan tam deyil. Hər halda, artıq dörd on illikdir sizin aləmi tərk edə bilmir. Yalnız buna görə. Mənim başqa günahlarım yoxdur, hətta sizin babanız bunu bilir. Kolımaya isə ona görə düşdüm ki, tələbələrimin yanında böyük rəhbərə həsr olunmuş bir simfoniya haqda yüngülcə kinayə ilə fikir bildirmək xətasını buraxdım. Birinci üç ili “Qulaq”ın Maqadandakı teatrında yatdım, necə deyərlər, orda o vaxt çoxlu gözəl sənətkar var idi. Sonra bir dəfə enkevede işçilərinin gecə yeyib-içməklərində çalmaqdan imtina etdim və bizim vaxtımızda zonada deyildiyi kimi, getdim çala-çala cəza müddətimə əlavə iş almaqla bu yerlərə. İkinci yayı qaçaq düşdüm, necə deyərlər, şərait özü məcbur elədi. Hərçənd, bilirdim ki, Kolımadan çıxmaq şansı yox dərəcəsindədir. Düşünürdüm – sərhədi keçərəm, orada məni hələ xatırlayırdılar...İndi isə, Aneçka, təsəvvür edin, mən ölümdən sonra bu bədəndə neçə illərdir zülmdəyəm. “Qulaq”dakı beş il bununla müqayisədə - boş bir şeydir. İldə yalnız üç dəfə mən qatilimin, bağışlayın, sizin babanızın yanına biçarə bir ziyarət edib, əllərimi geri istəyə bilərəm...
-Axı o bunu edə bilməz, həyatı geri qaytarmaq mümkün deyil. O onları heç vaxt qaytara bilməz...
-Bəs siz?
-Mənlik nə var? Əgər mən bacarsaydım...
-Axı siz həkimsiniz, cərrahsınız...
-Siz diri pasiyent olsaydınız... Hərgah, onda da sizin vəziyyətinizdə dərhal çox mürəkkəb əməliyyat aparmaq lazım gələcəkdi və tam uğuru sizə heç kim zəmanət verə bilməzdi.
-Bəli, mən hayıf ki, diri pasiyent deyiləm, ancaq mən mövcudam, deməli realam. – Altov yanğıyla başını yellədi.

– Və siz məni anlamadınız, qızcığaz... Nə etməli, çox hayıf.
İcazənizlə, sizi tərk edim...
-Dayanın, mən deyəsən, deyəsən... nə etmək lazım olduğunu anlamağa başlayıram, - Anna onu saxlamağa cəhd etdi, ancaq Altov geriyə bir addım ataraq havada yox oldu.
Səhər açılar-açılmaz Anna qocanı çiyinlərindən silkələməyə başladı:
-Paşa baba, babacan, tez elə dur!
-A?.. Nə?.. – Qoca bir şey anlamamış kimi başını buladı, sonra nəvəsinə zilləndi.- Yenə yatıb qaldım, hə? O gəlmişdi?
-Gəlmişdi.
-Sən də onunla... danışdın?
-Danışdım.
-Nə oldu?
-Mən indi nə etmək lazım olduğunu bilirəm. Hər şeyi təzədən düzəltmək lazımdır.
-Necə təzədən düzəltmək?
-Əllərini qaytarmaq lazımdır. Sözün əsil mənasında.
Nəhayət onu başa düşən babası köksünü ötürdü:
-Sən elə bilirsən ki, mən onları qaytarmamışam? Mən, axı hələ üçüncü ili onları daşın altından qazıb çıxartdım, apardım onun qəbrinin yanında basdırdım. Daha mən nə edə bilərdim ki?.. Amma o onsuz da gəlir. Mən kəsilmiş əlləri təzədən bitişdiməyəcəm ki. Bir də ki, əllərindən, onun özündən qırx il keçəndən sonra nə qalıb ki?...
Anna qocanı axıra qədər dinləməyib qətiyyətlə komanda verməyə başladı:
-Deməli, baba, belə, tez qalx, yeməyini ye, və - onun dəfn olduğu yerə gedirik. Bu uzaqdır?
-Belim imkan versə, o başa dörd saata gedib çatarıq.
-Belini mən yoluna qoyaram.
Kolıma torpağının donu yay ərzində yarım metr ancaq açılır, baba on dəqiqə bellə işləyəndən sonra buzluq qatına dirəndi. Buz zirehini bir az süngü ilə qoparandan sonra, Petroviç demək olar ki, həmən tanış ayaq sarığını aşkar etdi. O bükülünü çaladan çıxarıb ona yapışmış gili çırparaq Annaya verdi. Cod parça içindən uzunbarmaqlı iki böyük kişi əli çıxdı. Təbii soyuducuda onlar anatomik teatrın formalinində qaldığından pis deyildi. Təkcə, bir az saralmış və nazikləşmişdilər, buna görə də daha aristokratik görünürdülər.
Sonra onlar ikilikdə qəbri qazıb açdılar. Üstdən Paşanın bir vaxt mərhum üçün xəsislik etmədiyi boş kisələrlə örtülmüş cəsəd yarıya qədər buzun içində idi, zamanın və çürüntünün təsirinə məruz qalmadan bu sarkofaqda uyuyurdu.
-İşə bax ha-a, - qoca donmuş parçanı öz çoxdankı qurbanının üstündən dartıb qopararaq təəccüblə avazla tələffüz etdi. – Lap diri adam kimi yatıb. Mavzoleydəki kimidir, təkcə donub...
-Doğrudan da elə bil diridir, - Anna təsdiq elədi. – Amerikada haradasa adamlardan yekə pul alıb maye azotda dondururlar ki, gələcəkdə diriltsinlər, amma burada təbiətin özü - əbədi və pulsuz buzxanadır. Bax bu mənada şimal əhlinin bəxti gətirib... Yaxşı, baba, haydı tez ocaq və çaydanı hazır elə.
Su qızandan sonra Anna çalanın içinə düşüb nazik su şırnağı ilə Altovun sinəsinə qoyulmuş əllərinin donunu açmağa başladı. Sonra üstdən Petroviçdən istidən yumşalmış əlləri alıb yaralardakı qan laxtasını cərrah bıçağı ilə təmizlədi və saplanmış cərrah iynəsini pinsetlə sıxdı.
Tikişləri o, gözəl və səliqəli etməyə çalışırdı. Hər şey bitirib ayağa duranda isə adəti üzrə “pasiyentin” üzünə baxdı. Əcəb işdir, ona elə gəldi ki, bir anlıq onun üzündə məmnunluq hissinə oxşar nə isə alışaraq işıq saçdı. Bir də ki – iki gün aramsız baş verən ağlasığmaz hadisələrdən sonra təəccüb doğurası daha nə qəribəlik qalmışdı ki...
Geriyə yol, adətən olduğu kimi, qısa göründü, ancaq buna baxmayaraq onlar daxmaya ala toranlıqda çatdılar. Yolda özünü mətin tutan, üstəlik belini də gücə salan babası, dərhal çarpayıya sərilib nəvəsinə yalvarışla baxdı.
Nəvəsi birinci qutudan bir ampula çıxartdı, sonra düşünüb başqasından - birini də çıxartdı. “Babacan, bu gün də yat, gün ərzində stresslərin kifayət qədər olub, - fikrində o Petroviçin bu gecə rolunu müəyyən etdi, - sabah isə mən sənə hər şeyi danışaram”.
Bu dəfə pəncərə taqqıltısı bərk və təntənəli idi. Anna artırmaya güllə kimi çıxdı. Altov onun qarşısında aşağı pillədə, bir dizi yerdə, - salamat və normal! - sağ əlində göy gül dəstəsi tutaraq durmuşdu.
-Anyuta üçün anyutanın gözləri çiçəkləri! – təntənə ilə tələffüz edərək gülləri ona uzatdı. Sonra isə sadə, ancaq necə isə xüsusi bir səmimiyyətlə əlavə etdi: Mənim əziz qızcığazım, mənim üçün necə böyük bir iş etdiyinizi kaş ki biləydiniz! Siz – mənim xilaskarımsınız, siz... siz...
-Nə danışırsınız, - Anna utandı, - bağışlayın ki, mən belə gec başa düşdüm.
-Əla işdir! – Altov öz biləklərini sığalladı. – Heç bir iz yoxdur! Barmaqlarım da sözümə əla baxır!..
Anna onun əlinə baxdı, doğrudan da balaca da olsa, heç bir iz görmədi.
-Mən olmazın dərəcədə xoşbəxtəm! – Altovun gözləri dirilərdə çox nadir hallarda olduğu bir işıqla parıldayırdı. – Sonra da Pavel Petroviçə çatdırın ki, mən daha ona kin bəsləmirəm və onu tamamilə bağışlayıram. Nəticə etibarilə, o da öz dövrünün və pozulmuş mənəviyyatın qurbanıdır.
-Xeyirxahlığınıza və ümumiyyətlə, hər şeyə görə sağ olun... – Anna onunla xudahafizləşmək istədi, ancaq Altov onu saxladı: -Tələsməyin, əzizim! Mənim sizə hədiyyəm hələ qarşıdadır. Mən bilirəm ki, sübh çağı insanların dünyasını həmişəlik tərk edəcəyəm, ancaq bundan qabaq şəxsən sizin üçün ən çox sevdiyim əsərləri ifa etmək istəyirəm.
-Bəs nə ilə ifa edəcəksiniz? – Anna ətrafa göz gəzdirdi.
-Siz demək istəyirsiniz ki, burada royal yoxdur, - Altov gülümsədi, - Ancaq mənim alətim həmişə mənimlədir. Və o, ədalı bir jestlə yaxınlıqdakı kolun içindən üstündə ağ-qara klavişlər çəkilmiş adi rəndələnmiş bir taxta parçası çıxartdı.- Bax, belə bir düşərgə ixtirası. Gecələr mən onu pəncərə altıığına qoyub “ifa” edirdim ki, barmaqlarım klaviaturanı, beynim isə - nə vaxtsa yaşadığım və içimə hopdurduğum əsərləri unutmasın. Düzdür, axır qırx ili mənim belə imkanım olmayıb və mən indi debütant kimi həyəcanlanıram. Çox da qınamayın, əgər birdən nə isə...
O taxtanı daxma qarşısında bərabər kəsilmiş iki kötüyün üstünə yerləşdirdi, özü isə bir az arxada mişarlanmış ağac parçasının üstündə oturdu.
-Bu cür aylı gecədə, fikirləşirəm ki, konserti Lüdviq Van Bethovenin məlum sonatasını ilə başlamaq lazımdır. Siz etiraz etmirsiniz ki, əzizim?
-Etiraz etmirəm, - Anna gülümsəyərək artırmanın pilləsində oturdu.
Altov barmaqlarını yumşaqcasına taxtanın üstünə endirdi və ilahi əsərin işıqlı və bir az kədərli melodiyası talanın üzərində yayılmağa başladı.

Tərcümə edəni: Vaqif Azəryar

2 dəfə oxundu

Axtarış