"QANLI ÇÖRƏK"
Müəllif: Vüsalə Vətənxan


2018-04-05 14:50:06


"Qanlı çörək"

Bir uşaq yeriyir küçə başında,
Böyük baxışı var uşaq yaşında,
Həmən baxışlardan dadmayıb gözüm,
Bir uşaq daşıyır özündə dözüm.
Yalın ayaqlardan tökülür torpaq,
Göz yaşı geyinib, özüsə çılpaq,
Yeriyir, əlində bir parça çörək,
O qanlı çörəyi yeməsin gərək...
İlahi, bu qədər nə ağır yükdür,
Uşaqkən çəkdiyi yükü böyükdür.
Soyuq güllələrdən sağ qalıb deyə,
Ağlayır, qəlbində dağ qalıb deyə.
Ana-atasından ayrılıb deyə,
Düşmənə "qol gücü" çatmayıb deyə...
Ölüm beşiyindən qalxıb, yeriyir,
Bir "uşaq dünyası" məhv olub gedir.
Qanlı hekayələr yazır yaddaşa,
Daş da parçalanar, söyləsən daşa.
Ağlayır, dodaqda hıçqırıqları,
Yas tutur içində oyuncaqları.
Bir ovuc su istər ana əlindən,
Hey "ana" kəlməsi qopur dilindən.
Kimsədən istəməz nə bir təsəlli,
Fəryadlar içində, nədir təsəlli?...
Susdur bu körpəni şirin sözünlə,
Ağla əvəzinə sən, öz gözünlə.
İnandır sən xoşbəxt gələcəyinə,
Gözəl bir dünya ver yetim qəlbinə,
Bacarsan dərdini al ürəyinə,
Uşaq ol, sən böyü onun yerinə.
Uşaq ol, sən böyü onun yerinə...

"AYAQ SƏSİ" hekayə kitabından.
Vüsalə Vətənxan / 2017.

14 dəfə oxundu

Axtarış