"Aydınlanma səyahəti"
Müəllif: Ceylan Mumoğlu


2017-10-09 10:09:42


Fərdi və ruhani inkişafa addım-addım
GİRİŞ
"Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər
Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola
yönələ bilməzdik".1
Aydınlanma (ing: Enlightenment) anlayışına niyə
müraciət etdim, nə üçün belə bir kitab yazmaq istəyim
doğdu, bunu tam olaraq ifadə etmək asan deyil. Daxilimdən
gələn, anladığım, hiss etdiyim tək şey yaşadıqlarımı;
sıxıntılarım, maraqlarım və təcrübələrim, həyəcan
və ümidlərimi sizlərlə də bölüşmək, kim bilir, bəlkə
də bir çoxunuza dəyişməkdə və inkişaf etməkdə cığır
olacaq bir baxış bucağı ilə görüşdürmək istəyidır.
Hər bir insan, hər bir fərd özlüyündə bir sirr olduğu
kimi, onun bu dünyada var olması, ömür sürməsi
missiyası da sirlidir. Hətta, bu sirri insanların özləri də
tam olaraq açıqlaya bilmirlər, yaxud onlara bəyan olan
biliklər, hiss etdikləri şeylər məhdud şəkildə verilib.
Addımladığımız yollar bir-birinə bənzəyə bilər,
eynilə barmaqlarımız kimi, həm də bir-birindən fərqlənərlər,
eynilə barmaq izlərimiz kimi. Özünü tanımaq
xoşbəxtliyin bir qanunu hesab edilir. Müasir insanımızın
özünü tanıması üçün sahib olduğu imkanlar nə qədər
artmış olsa da, yenə sözün əsl mənasında özünükəşflə
bağlı əskikliklərlə qarşılaşır. İnsanın özünü dəyişdirməsi
uğrunda göstərdiyi səylər, fərdi inkişaf, zehni və ruhani yüksəlmə yolunda addımlamaqla bağlı bu günə qədər
yüz minlərcə kitab yazılıb, fərqli yollar göstərilib və
dünya durduqca yazılacaq da, göstəriləcək də. Mən də
yazdım, içimdə danışan insanı susdura bilmədim, var
olma sevdamı belə ifadə etdim.
Kitabın ilk hissəsi olan "Oyanış və dəyişməyə
doğru"; özünütanıma, özünübilmə, özünü dərketmə,
insanın öz düşüncə və hisslərini izləməsi, mövcud
zamanda olmağı öyrənməsi, fərqindəlik, zehinlilik kimi
mövzulara aid yazılardan ibarətdir. Bu hissədə bəhs
olunan mövzulara müxtəlif yöndən - psixoloq, sosioloq,
filosofların baxışlarını izləyəcək, məsələlərə onlarla birlikdə
baxacaqsınız. Və nə bilmək olar, dəyişmə prosesiniz
başlaya da bilər.
İkinci hissə "Beynin inkişaf etdirilməsi" başlığı
altındadır. Ən çox bəyəndiyim və böyük zövq aldığım
məsələrlə bağlı yazılardır. Beyinə ümumi baxışla tanışlıqdan
sonra beynin inkişafı üçün lazım olan məşğələlərlə
beyninizin "neyron" və "qliya" adı verilmiş yüz
milyardlarca hüceyrəsi ilə rəqs edəcək, həm öyrənəcək,
həm əylənəcək, həm də zehninizin köhnə sərhədlərini
aşacaqsınız.
Üçüncü hissədə "Eqo ilə tanışlıq" başlığı altında
həm eqo ilə ümumi tanış olacaq, həm öz eqonuzu
müəyyənləşdirəcək, həm də digər eqoları anlamaq imkanı
əldə edəcəksiniz.
Dördüncü hissə fəlsəfə ilə inkişaf, özünütanımaya
həsr olunub. Bu hissədə alman yazıçısı və filosofu
Andreas Mussenbrokun "Fəlsəfə ilə terapiya" (Fəlsəfə yolu ilə fərdi inkişaf) kitabından seçmələrdən istifadə
olunub.
Beşinci hissəyə həmtəsisçisi və baş redaktoru
olduğum www.qadin.net saytı üçün işlədiyim yazarredaktor
Mason Kurreyin "Gündəlik rituallar" (Böyük
əsərlərin yaradıcıları necə işləyiblər?) adlı kitabının bir
çox hissəsinin tərcüməsini daxil etdim. Araşdırmaçı
yazarın kitaba daxil etdiyi bütün yaradıcı insanların
fəaliyyətlərini bu hissəyə qatmasam da, ən çox marağıma
səbəb olan, diqqətimi çəkən yaradıcı insanların gündəlik
ritualalrını daxil etdim və eyni zamanda, fürsət
tapıb milli yaradıcı insanlarımızın gündəlik yaradıcı
fəaliyyətlərini əlavə etməyi də unutmadım.
Kitabın altıncı hissəsi isə aydınlanma mövzusuna
həsr olunub. Şüur və ruhani inkişaf sahəsində məşhur
olan araşdırmaçı yazar Con Uaytın "Aydınlanma
nədir?" kitabından istifadə olunub. Eyni zamanda, öz
keçirdiyim təcrübələrdən də nümunələr verilib.
Kitabın yazılma mərhələsində bir çox qiymətli
insanın ünsiyyəti, dəstəyi və əməyi ilə qarşılaşdım.
Ailəm daxil, mənə dəstək olan, motivə edən xeyirxah
insanlara və bəzi zamanlarda yazmaq tənbəlliyimə qarşı
çıxan dostlarıma təşəkkürümü bildirirəm!
Və bütün bu imkanları yaradan, məməni layiq
görən, lütf edən Uca Rəbbimə Şükürlər olsun!

12 dəfə oxundu

Axtarış