AYRILIQ
Müəllif: Vüqar Mirzə


13.03.2019


AYRILIQ
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim, məni bağışla.
Uzun illərdən sonra ilk dəfə üz-üzə gəldik. Bir anlıq bədənim hərəkət etsə də, ruhum getmədi. Baxışdıq bir müddət, gözümü belə qırpmadan durdum. Anidən yaşadığımız o uzun illər işıq sürəti ilə gözümün önündən keçdi. İllər öncə bizim son görüşümüzdən sonra sanki qəlbimdə əbədi bir qış fəsli vardı. O qışın soyuğunda, şaxtanın sazağında qəlbimdəki bütün xatirələr donmuşdu.
Bu görüş nə idi, İlahi? Elə bil donmuş qəlbimə bir anda bahar gəldi. Torpağın üstündəki qarı kənara atmış bir qardələn kimi xatirələr baş qaldırdı. Sanki ölmüş xatirələr yenidən canlandı. Bəlkə... bəlkə yenidən...
Axı biz uzun illər pis-yaxşı birgə yaşamışdıq. Bu illər ərzində dəfələrlə bir-birimizdən küsməyimizə baxmayaraq, ayrılıb yenidən “qovuşmuşduq”. Son ayrılıqdan bu yana isə heç əlaqə qurmamışdıq. Bəlkə də ona görə ki, bütün körpüləri yandırmışdıq, geri qayıtmağa bir yol qalmamışdı. Yəni bizi bir araya gətirəcək heç nə saxlamamışdıq. İndi isə illərdi eşitmədiyim bir səs qulağımda cingildəyir, illərdi görmədiyim rənglər gözümün qarşısında canlanmışdı.
Düşündüm ki, aradan uzun illər keçib, bəlkə yenidən bizdə nəsə alınar? Həm də artıq yaş da o yaş deyil. İnanmıram ki, o, xislətini dəyişməsin. Ümid edirəm ki, bu yaşında da əvvəlki kimi ən ağır sözləri deyib, yaralı yerimi bildiyi üçün məhz o yerdən vurmaz. Ayrılmağımızın əsl səbəbi də elə bu olmuşdu. Əslində, o yaxşı biri olsa da, bəzən tanınmaz olurdu və belə vaxtlarda ona səbr etmək çox çətin idi. Məhz belə zamanlarda biz ayrılır, bir müddətdən sonra yenə “dostlaşırdıq”. “Yox, bu belə davam edə bilməz” dedim son dəfə və ayrıldıq...
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə...
Əgər buna yaşamaq demək olarsa, illər uzunu bir-birimizdən ayrı yaşadıq. Bəlkə də bu müddətdə biz heç yaşamamışıq, bəlkə də ölmüşdük – indi dirildik. Və indi biz biraz da kamilləşmiş, yaşa dolmuşduq. Hətta üzündə əvvəlki cizgilərdən əlavə, qırışlar da yaranmışdı. Əlinin dərisi dəyişmişdi, bəlkə də saçına da dən düşmüşdü, bilmədim...
İstər-istəməz ayaq saxladım. Hal-əhval tutmaq istədim. Elə ikinci kəlməsində gizlətdiyi xəncəri ürəyimə sapladı. Bəlkə də o zəhərli xəncərini illərdi üstündə gəzdirirdi. Bəlkə də onun da bir ümidi vardı ki, nə vaxtsa məni görsə, “bundan” canını qurtarsın. Bəlkə də mən onun bu arzusunu gerçəkləşdirmişdim. Onu, bu “zəhərli xəncəri” özü ilə gəzdirməkdən qurtarmışdım. Onun mənimlə bağlı son arzusunun reallaşmasına şərait yaratmışdım. Özüm isə başa düşdüm ki, məsələ yaşın artmasında deyilmiş. Anladım ki, hər keçən uzun illər hamının “xəstəliyini” sağaltmır. Gördüm ki, nə ötən uzun zamanın, nə üzdəki qırışların, nə də o ayrılıq həsrətinin səni dəyişməyə gücü çatmayıb. Xasiyyətini, fitrətini dəyişmədikcə, xəncərtək iti dili hələ çox yaralar açacaq.
İllərdi qəlbimin qapısında bir keşikçitək dayanmış, ora heç kimi buraxmamışdım. Amma indi bir anlıq yaranmış boşluqdan yararlanıb ölümcül zərbəsini bir daha vurdu. Hədəfdən heç yayınmadı. Yayınardımı heç?.. Axı o qəlbimə gedən yolları hamıdan yaxşı tanıyırdı...
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki,
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
Ayrıldıq... Bu dəfə həmişəlik... Ruhumu da götürüb getdim bu şəhərdən.

2 dəfə oxundu

Axtarış