Ayrılıq
Müəllif: Mükafat Yaqub


10.12.2019


Mükafat Yaqub
Ayrılıq
Bu həsrətin sonu yox,
Əli qalıb üzündə.
Ayrılığın donu yox,
İtib çölün düzündə.

Rəngini yel aparıb,
Şaxta vurub dilini.
Saçından tel qoparıb,
Mizrab edib əlini.

Çalmağa əli gəlmir,
Nisgiıl təranəsini.
Hardan çıxdı bu dəli,
Çəkib zəbanəsini?..

Dözə bilmirsən əgər,
Deyir, soyun rəngini.
Özün bilmirsən məgər,
Ayrılıq ahəngini?..

Çağırsan gəlmir yaxın,
Yaman biridir tərsin.
Gözə görünmür, axı
Tutub verəsən dərsin.

Bu həsrətə, nisgilə,
Mən çevrilə bilmərəm.
Doğrasan gilə-gilə
Rəngimi dəyişmərəm.

Elə çatmasın əlim,
Möhnəti olsun acı.
Ayrılıq, ay gözəlim,
Sənsən vüsalın tacı!

Yar həsrətin sevərəm,
Çünki sonu vüsaldı.
Nisgil ola bilmərəm,
Aşiqlərə məlaldı.

Mükafat Yaqubov.

5 dəfə oxundu

Axtarış