Ayşən RƏHİM - Şeirlər
Müəllif: YAZARLAR.AZ


30.05.2021


1999-cu il yanvarın 1-də Yevlax şəhərində anadan olub. Tam orta təhsilini Mingəçevir şəhər 1 №-li məktəbində bitirib. Eyni zamanda, Mingəçevir şəhər "Üzeyir Hacıbəyov adına musiqi məktəbində" fortepiano və gitar üzrə təhsil alıb. Hal-hazırda Şəki Tibb kollecinin tələbəsidir. Şeirləri qəzet və jurnallarda, antologiyada çap edilib.

Keçmişin şüşə qırıqları
kəsir bugünün ayaqlarını.
Bütün tör-töküntü ümidlər
sənin bircə əlvidanın əlində öldü...
Elə bil içi boş buludlar asıldı divardan.
Əlim çatmır gülüşlərə,
hərşey əskikdir, elə sən də...
xatirədir dodaq izlərin qalan
fincan,
saçın ilişən daraq.

xatirədir əllərinin ikiyə böldüyü elə mən də..
Sənin ağız dolusu "yanındayam"dan
Geriyə bir küçə dolusu yalnızlıq qaldı...
Yalnızlıq... gözlərin islatdığı yastıqlarda
Hıçqırıq dadıdır
və yalnızlıq hər gözlənilənin adıdır.

Bil ki, keçmir gözlərimdən itirməklər.
Bir qadının unudulmuş yalnızlığısan
sənin ən sevdiyin köynəyimdə
ilişib qalıb təklik.
sənsiz kiçik bir vidaya sığışıram,
eşitdiyim sonuncu ayaq səsindən sonra...
Kimisə
pəncərə kənarında qurudacaq qədər sevmək,
Özünü unudacaq qədər ölmək imiş...

Payız həsrət

İndi üşüyür əlin
söndürdün ocağımı
Orda hava soyuqdur
al, geyin qucağımı

Səndən sonra pis oldum
ölməyimin sayı yox
Sənsizlikdən asıldım
bu payız həsrətinin
nə ili, nə ayı yox

Hər kiçik əlvidanın
ümidlərdə gözü var
Təkliyin "sən" adında
bilinməyən üzü var

Elə indi anladım
mən sənsiz bir heçmişəm
Bir sənə çatmaq üçün
min özümdən keçmişəm
və sənə tələsdikdə
özümə gecikmişəm!

Qısılırsan gecələr
Tənhalığın küncündə
Ümidlərin kəsilir
Zamanın ülgücündə

Səpələnib otağın
Dörd bir yanına dərdlər
Həsrətin yenə gəlib
Pəncərədən gülümsər

Qanad açır hər səhər
Neçə-neçə xatirə
Üzündəki təbəssüm
Məndən sənə xatirə

Görürsən addımbaşı
Sənsizlik hökm sürür
Yalnızlıq da qapıda
Yenə it kimi hürür

Dönsən də, bil, mən çətin
Qürurumdan əyiləm
Nə sən o sən kimisən
Nə mən o mən deyiləm

Əl açıb yollarına
Tanrı dua oxuyur
Qucağını geyindim
Üst-başım sən qoxuyur

On ikisi

''Tanrı niyə təkdir axı
bəs hardadır bizdən alıb
apardığı adamlar?''

On ikisi... gecə... saatsa üçdür
Meh əsir gecədən təklik yellənir
Şəhərsə gizlənib bir niqab altda
Gözüm bu qaranlıq evə zillənir.

Qocalır bu evin eyvanındakı
Kimsəsiz gülüşlər və gözləməklər
Sındırıb ayrılıq ayaqlarını,
Bir arzu vüsala sarı iməklər.

Elə sarılmısan ayaqlarıma
Əllərim əzabı əynimə geyir
Tanrının baxışı ömrümü didir
Zaman saçlarımın qarasın yeyir

Son sətrin qalıbdır tozlu rəflərdə
Köhnə pianoda son ümid rəqsi
Divardan asılıb öpüşlərin və
Ən acı günlərin xoş xatirəsi...

Əqrəblər zəhərin bugünə sancır
Bütün dünənlərdə sənli iz qalıb
Biləyi kəsilib ümidlərimin
Bütün çarələrim çarəsiz qalıb..

Ruhumun əlini-qolunu qapır
Ölmüş məhəbbətin canlı şahidi
Həsrətə sarılan darıxmaq imiş
Zamanın ən uzun ölçü vahidi...

Müəllif : Ayşən RƏHİM

YAZARLAR.AZ

5 dəfə oxundu

Axtarış