Bilmədik
Müəllif: Vahid Çəmənli


2018-10-14 11:40:18


Dünyanı tilsimli möcüzə sandıq,
Bilmədik cavandı, qoca, bilmədik.
Yüyürdük bir tikə çörək dalınca,
Yükümüz böyüdü, uça bilmədik.

Dedik, bu döngədən o yana düzdü,
Qəzaya inandıq, qədərə dözdük...
Yorulduq, usandıq, həyatdan bezdik,
Qismətdən kənara qaça bilmədik.

Çox illər adladıq, çox yollar keçdik,
Acının üstündən şərbət də içdik...
Sevginin boyuna qəm donu biçdik,
Üzünə nur kimi saça bilmədik.

Küləyə sovurduq nə qədər ay, il.
Dedik, bu dəryadı, tükənən deyil...
Nə zaman qüruba eylədik meyil,
Nə zaman dən düşdü saça, bilmədik

Ay Vahid, nələrə öyrətdi bizi...
Ağladıq, şəkərlə kiritdi bizi,
Dəyirman daşı tək üyütdü bizi,
Dünyanın sirrini aça bilmədik.

06.09.2018

6 dəfə oxundu

Axtarış