Bir cüt ayaq heykəli...
Müəllif: Meyxoş Abdullah


2017-12-13 11:26:29


Bir cüt ayaq heykəli...
(hekayə)

Xocalı faciəsində şəhid olan soydaşlarımızın
əziz xatirəsinə həsr olunur.

... Fevral ayının iyirmi beşi, gecə saat onbir. Qəsəbə zülmət qaranlıq içərisində yorğun və heysiz adamlar kimi mürgü vururdu. Uzaqdan baxanda gecənin qaranlığında, qəsəbədəki evlərin damının az qala göy qübbəsinə dirənmiş vəziyyətdə görmək olurdu. Neçə gündənbəri yağmağa başlayan qar, onsuz da dözülməz olan vəziyyəti bir az da ağırlaşdırmışdı. Bir həftəyə yaxın idi ki, qəsəbəyə verilən elektrik xətti də kəsilmişdi. Gün batandan sonra hər tərəf qəbir kimi qaranlıq olurdu. Axşam eşiyə çıxanda adamın canını müdhiş bir vahimə bürüyürdü.
Qəsəbə dördbiryandan düşmən kəndləriylə əhatə olunduğundan hər bir an hücuma məruz qalacağımız barədə düşünürdük. Əhalinin az bir qismində silah vardı, onlar da elə belə yüngül silahlardı.
Birdən qəsəbəni it səsləri başına götürdü. İtlər ağız-ağıza verib elə ulaşırdılar ki, adamın qorxusundan əti ürpəşdi. Deyilənə görə, zəlzələ olmamışdan qabaq da itlər beləcə duyuq düşüb, haray-həşir qoparırlar.
Həyətə düşdüm. Az keçməmiş itlərin səsinə boğuq uğultu səsləri də qarışdı. – Aman tanrım, bu nədir? - deyə ətrafa qulaq kəsildim. Üstündən bir az keçməmiş qəsəbəni əhatə edən təpəliklərin üstündən güclü işıqlar düşməyə başladı. İşıqlar o qədər çox və parlaq idi ki, sanki qəsəbəni bütov bir alov ağuşuna almışdı. İndi bu dəqiqələrdə güclü bir zəlzələnin baş verəcəyini düşünməyə macal tapmamış partlayış səsləri eşidilməyə başladı.
İtlər bir anlıq səslərini içlərinə çəkərək, canlarını qoymağa yer axtarırdılar. Mərmilərin gurultusundan qorxaraq evlərindən həyətlərə tökülmüş insdanların səsi aləmi başına götürmüşdü. Hər kəs nə baş verdiyini öyrənmək üçün qonum-qonşusunu haraylayırdı.
Mən dərhal evə götürüldüm. Atam, anam və bacım evin bir küncünə sığınaraq, qorxularından gözlərini qapıya dikmişdilər.
- Bu nədir, qızım? – deyə, qoca və xəstə atam məni görən kimi nəzərlərini üzümə dikdi.
-Ata, düşmənlərdir, qəsəbəni atəşə tutublar. Tez olun, evdən çıxın evi vura bilərlər!- deyə onları tələsdirdim.
Anamla bacım qorxularından ağlamağa başladılar. Vaxt itirmək olmazdı, gurultuların sayı get-gedə artırdı.
Gecənin qaranlığını yararaq evin pəncərələrindən içəri düşən od-alovun şöləsi ətrafda qorxunc bir mənzərə yaradırdı. Atam düşdüyümüz vəziyyətin ağırlığını dərk etsə də özünü tox tutub dedi:
-Yubanmayın, geyinin!..
Biz lampanın zəif işığında yarımqaranlıq otaqları gəzib, əyinimizə geyinmək üçün isti pal-paltar axtarırdıq. Anam evin küncünə qoyulmuş köhnə sandıqdan, əski parçasına bükülmüş yumruq boyda bir düyünçəni götürüb belinə bağladığı yun şalının altına qoyanda, atam yavaşca dedi:
-Gözlə ki, salıb itirməyəsən.
Biz həyətə düşəndə dəhşətli bir mənzərənin şahidi olduq, artıq qəsəbə od içərisindəydi. Hər tərəfdən alov qalxırdı. Od almış evlərin içərisindən eşidilən insan səsləri, gecənin qaranlığında əks-səda verərək, adama qorxunc anlar yaşadırdı.
Qəsəbəni mühasirəyə alan ağır tanklar, içərilərə doğru irəliləyirdi. Həyətlərə tökülmüş adamların hay-küyü, qışqırıq səsləri, bu boğuq gurultuya qarışaraq, sanki insanın damarlarındakı qanı dondururdu. Hər addımbaşı düşüb partlayan mərmilərin səsi qulaqların pərdəsini deşirdi. Camaat baş götürüb meşəyə tərəf qaçırdılar. Onlar meşəni özləriyçün dal-danacaq, bir xilas yeri bildikləri üçün ora üz tutmuşdular.
Atam anamın, mən də iki yaş məndən kiçik olan, bu il yanvarın ikisində onyeddi yaşı tamam olmuş bacım Səbinənin əlindən tutaraq meşəyə, camaatın getdiyi tərəfə qaçırdıq.
Yeriyə bilməyən, qara batıb qalmış xəstələrin, qocaların qışqırtısı, yalvarış səsləri adamın ürəyini göynətsə də, hər kəs öz canının hayındaydı. Qəhrəmanlıq göstərməyin yeri deyildi, hər an üzləşə biləcəyin ölüm kabusundan heç kəs sığortalanmamışdı. Qorxularından it-pişiklər də sahiblərinin arxasınca düşüb, qəsəbəni tərk edirdilər. Mühasirə halqası get-gedə daraldıqca, itkilərin də sayı artmaqdaydı. Atılan mərmilərdən kimin bəxti gətirib sağ qalırdısa, yalnız allahına şükür etməliydi.
Atam xəstə olsa da, xəstəliyini büruzə verməyi öz mənliyinə sığışdırmırdı, deyəsən. Bacardıqca anama kömək edib, onu arxasınca sürüyürdü. Anamın halı isə xarablaşmışdı. Tez-tez dayanıb nəfəsini dərsə də, canının qorxusundan irəli yeriyib, bizimlə ayaqlaşmağa çalışırdı. Bacım isə mənə sığınaraq böyürümcə qaçırdı. Hara getdiyimizi özümüz də bilmirdik. Amma qaçırdıq. Qəsəbədən uzaqlaşsaq da. Ölümün pəncəsindən yaxa qurtara bilmirdik qəsəbədə olarkən evlərin künc-bucaqlarında daldalandığımız halda, indi meşənin ətəklərində ora-bura qaçan insanları tarı kişinin özü də düşmənin caynağından qoruya bilmirdi. Geridə, bütöv bir qəsəbənin oda qalandığını görəndə hamı için-için ağlayırdı.
Qar üstündə düşüb qalmış insan meyidləri gözə dəyirdi. Uğultuyla yerə düşüb partlayan mərminin qəlpəsi bizdən qabağda gedən yaşlı bir kişinin başını üzüb yerə salanda, artıq ölüm deyilən kabusun, sümsük itlər kimi həndəvərimizdə dolaşdığını anlayırdıq.
Hər an ölüm təhlükəsi artdıqca, irəli ancaq irəli yeriməyə çalışırdıq. Düşünürdük ki, yaxınlıqdakı meşəyə çatan kimi bizi qarabaqara izləyən, bu lənətə gəlmiş ölümdən birdəfəlik yaxa qurtara biləcəyik
Ətrafdakı gurultular get-gedə yaxınlaşırdı. Düşmənlərin fikri, deyəsən bizi mühasirəyə alib diri tutmaq idi. Yoxsa, qar üstündə qaralan silahsız adamları qırıb, çatmaq onlar üçün o qədər də çətin iş deyildi.
Meşəni insan səsləri başına götürmüşdü. Illahki, qadınların qışqırtısı. Bu insan səsindən daha çox vəhşi heyvanların böyürtüsünə bənzəyirdi. Meşənin dərinliklərinə irəlilədikcə, səslər daha müdhiş və daha qorxunc olurdu.
Qocaların, xəstələrin və uşaqların vəziyyətləri daha dözülməz idi. Yaxınları onları dallarına şələləmişdilər. Nəyin bahasına olursa olsun hər kəs qaçıb canını qurtarmağa çalışırdı.
Aramızda silahlı adamlar da vardı, onlar qəsəbənin keşiyini çəkən könüllülər idilər. İndi ailələrini od-alovun içindən çıxarmaq üçün bizim aramıza qoşulmuşdular. Aradabir də tapançadan, avtomatdan hara gəldi atəş açaraq, qorxuya düşmüş adamları sakitləşdirməyə çalışırdılar. Onlar atəş açan zaman adamlar səslərini içlərinə çəkərək bir müddət kirimişcə durub qalırdılar.
Biz meşənin sıx olan yerində ayaq saxladıq. Ayaq saxladıq ki, heç olmasa bir azca nəfəsimizi dərə bilək. Lap əldən düşmüşdük. Burada çoxlu adam vardı. Demək olar ki, qəsəbədə yaşayanların yarıdan çoxu bura toplanmışdı. Gecənin qaranlığında hər kəs oz doğmasını, yaxınını haraylayırdı. Qadınların işi lap dəhşət idi. Onlar bir anlıq da olsa sakitlik tapmayaraq bir-birlərinə sığınıb ağlayırdılar. Yaxınlarını tapa bilməyənlərin müsibəti isə danışılası dərd deyildi. Axırda çarəsiz qalıb içərimizdən kim isə, deyəsən o zabit idi, adamlara xəlvəti məsləhət verdi ki, arvadlar kimi soruşsalar deyin ki burdadır. Yoxsa, onların hay-küyləri düşmənləri duyuq sala bilər.
Bu kim idisə çox tədbirli adam idi. Onun sözlərindən sonra kim kimi haraylayırdısa, iki, üç yerdən səs gəlirdi: - “Mən buradayam”, darıxma sağ-salamatam”- deyib axtaran adamı arxayın salırdılar.
Düşmənlər get-gedə yaxınlaşırdılar. Ara-sıra onların səslərini də eşitmək olurdu. Öz dillərində danışaraq nə isə səslənirdilər. Bir azdan avtomatlar “ulamağa” başladı. Adamlar pərən-pərən düşdülər. Bayaqkı zabit əmr etdi:
- Camaat irəliyə doğru gedin! Qarşıdakı çaydan keçib Ağdam yoluna çıxacaqsınız. Tələssəniz, yəqin ki, özümüzünkülərə yaxınlaşa biləcəksiniz. Çalışın özünüzü xilas edin, yoxsa hamımız məhv olub gedəcəyik. Sonra o, silahı olan adamlara əmr etdi ki, camaatla getsinlər, bəlkə onları birtəhər xilas edə bilərlər. Qalan silshlılar isə onun ardınca əks isti istiqamətdə irəliləməyə başladılar. Məqsədləri, yəqin ki, düşmənləri mülki əhalidən uzaqlaşdırıb, izi azdırmaq idi.
Bərk yorulmuşdiq. Qocalara və xəstələrə yerimək olduqca zor gəlirdi. Ancaq heç kəs onları atıb getmək istəmirdi. Bayaq bizdən ayrılaraq əks istiqamətə gedənıər atəş açmağa başladılar. Yəqin ki onlar düşmənləri bir az arxaya çəkmək istəyirdilər. Amma səhvə yol verdilər, eyni vaxtda həm bizi, həm də onların özlərini zirehli texnikalardan atəşə tutmağa başladılar. Bir dəqiqənin içində elə bir hay-küy qopdu ki, sanki yer-göy uçdu. Tankların gurultusu, avtomat və plamiyotların şaqqıltısı meşədə cəhənnəm mənzərəsi yaratdı. Bu dəhşətli mənzərəni görəndə adamın inanmağı gəlmirdi ki, bu boyda od-alovun içindən sağ çıxan olsun. Güllələr, mərmi qəlpələri ağacların budaqlarını biçib başımıza tökürdü. Bizdən ayrılan silahlılardan isə səs-səmir gəlmirdi. Deyəsən, onların hamısını düşmənlər güllələmişdilər.
Bir xeyli yol qət etmişdik. Xoşbəxtçilikdəndir, ya nədən ailəmizdən hələlik heç kəsin burnu da qanamamışdı. Amma anamın vəziyyəti tamam pisləşmişdi, o güclə yeriyirdi. Atam ona kömək etmək iqtidarında deyildi. Çünki o özünü güclə sürüyüb aparırdı. Bacım mənə sığınmışdı, bir addım da olsun məndən aralanmırdı. Ağlaşma-qışqırıq səsləri də kəsilmişdi. İnsanlar üzülüb hey-hərəkətdən düşdükcə elə bil ağlamağa, haray-həşir salmağa gücləri də çatmırdı.
Bir qayalığın yanına çatıb dayandıq. Buranı o qədər də qar tutmadığına görə, bir az da olsa daldalanmaq olardı. Adamlar yorğunluqdan və tyuxusuzluqdan ayaqüstə dayana bilməyib yerə çökürdülər. Qar göydən əlcə-əlcə ələnirdi. Elə bil allahın da acığı tutmuşdu bizlərə, bir qırıq da olsun rəhmi-zadı qalmamışdı.
Bizdən bir qədər aralı, qayalığın üst tərəfindən danışıq səsləri gəlirdi. Kim isə içərimizdən bizə susmağı məslət bildi. Elə bil hamı onun səsinə bənd idi, nəfəslərini içlərinə çəkərək, kiriyib qaldılar. Qarışıq səslər get-gedə yaxından eşidilməyə başlayırdı. Birdən avtomatlar şaqqıldadı. Güllələrin gecənin qaranlığında işıq saçmasıyla adamların pərən-pərən düşməsi bir oldu. Zarıyan, imdad diləyən insanların səsindən hiss etmək olurdu ki, onlar düşmən güllələrinə tuş gələrək ömürləriylə birdəfəlik vidalaşırlar. Yanımızda olan bir neçə nəfər silahlının düşmənə atəş açması, işləri lap korladı. Güllələr üstümüzə yağış kimi yağırdı. Yaralılar qarın üstündə düşüb qalmışdılar. Meyidləri görəndə düşünürdüm ki, elə bu dəqiqə hardansa atılan səfeh bir güllə adamın ortasından dəyib yerə yıxacaqdır. İrəliləmək mümkün deyildi. Hər addımbaşı adamın ayağına insan meydləri dolaşırdı Biz qayalıqlardan enib, aşağıya, meşənin ortasından keçən çaya tərəf irəlilədik. Anamın vəziyyəti get-gedə daha da ağırlaşırdı. O, yerimək istəmirdi. Hər dəqiqəbaşı dayanaraq bizə yalvarıb deyirdi ki, onu gözləməyək, qaçıb canımızı qurtaraq. Atam isə ona təskinlik verməyə çalışırdı:
-“Bir az da döz- deyirdi, - hər şey yaxşı olacaq”.
Anam isə ona qulaq asmaq belə istəmirdi.
- Siz gedin, mənimlə işiniz olmasın, - deyirdi. – Kişi, qızlardan muğayat ol, çalış onları bir yana çıxara biləsən. Qoy düşmən əlinə keməsinlər, eşitdin- deyə bizi atama bərk-bərk tapşırırdı.
Biz isə onun qolundan tutaraq arxamızca aparırdıq.
Hava get-gedə işıqlaşırdı, səhər açılmaqdaydı. Bütün gecəni ayaq üstündə olduğumuza görə, möhkəmcə yorulmuşduq. Yan-yörəmizdə düşüb qalan tək-tük insan meyidləri gecədən yağan qarın altında güclə gözə çarpırdı.
Anamın taqəti tamam kəsilməkdəydi. O, bir ağaca söykənib:
- Mən bir addım da olsun irəli gedə bilmərəm. – Yox, daha bacarmıram, siz gedin, mənim son nəfəsimdir – deyirdi.
Hamımız ayaq saxlayıb, onun bir azca nəfəsini dərib dincəlməyini gözləyirdik Doğurdan da, arvadın son nəfəsiydi. O, artıq özünü saxlaya bilməyib, yavaş-yavaş yerə çökdü və qarın üstünə uzandı.
Atam tez əynindəki paltosunu çıxarıb qarın üstünə sərdi və biz köməkləşib onun halsız bədənini paltonun üstünə uzatdıq. Bacımla dizə çöküb anamızın əllərini ovcumuza alıb ovuşdururduq. Anamızın əli get-gedə soyuyaraq buza dönürdü. Bacım anama yalvara-yalvara hönkürürdü. Anam da arada göz qapaqlarını qaldıraraq, məzlum-məzlum üzümüzə baxıb nə isə deməyə çalışırdı. Amma danışa bilmədiyinə görə dil-dodağı əsirdi. O, son dəfə gözlərini dolandıraraq, bircə-bircə hamımızın üzünə nəzər saldı. Və onun bu baxışları atamın üzərində birdəfəlik donub qaldı...
Atam dizə çöküb əlləriylə anamın gözlərini qapadı. Sonra üzünü bizə tutub boğuq səslə:
- Qızlar, bir az aralı durun, qoyun ananız rahat can ver... O sözlərini axıra çatdıra bilməyib hönkürdü.
Atam anamızın meyidini paltonun arasına büküb, ağacın gövdəsinə yaxın yerə sürüdü. Biz isə anamızın meyidini qucaqlayıb gözyaşı axıdırdıq. Atam əllərini çiynimizə qoyaraq, donub qalmışdı. Yazıq kişi nə edəcəyini, bizə necə təskinlik verəcəyini heç özü də bilmirdi. O, handan-hana özündə güc tapıb pıçıldadı:
- Balalarım... gecdir, ananızla vidalaşın...
Biz isə onun sözlərini eşitmirmiş kimi, anamızın meyidini bərk-bərk qucaqlamışdıq.
Atam qolumuzdan tutub ayağa qaldırdı. Sonra isə nə fikirləşdisə, aşağı əyilib anamın belindəki yun şalın arasından kiçik bağlamanı götürüb mənə verdi və:
- Qızım, al bunu saxla, işdir sağ qalsaq yenə karımıza gələr,- dedi.
Mən bağlamanın içindəkilərin nə olduğunu fərqinə varmadan onu alıb yun köynəyimin boğazından içəri saldım. Atam anamın üstünü qarla örtdü. Sonra isə ağacların budaqlarından qoparıb üstünə düzdü ki, yerini itirməsin, axtaranda tapa bilək.
Hər yan artıq işıqlanmışdı. Biz meşənin ətəklərinə tərəf gəlib çıxmışdıq. Atam bizə təskinlik verərək deyirdi
- Qorxmayın balalarım, bir azca da dözün, qarşıdakı yoğuşu da aşa bilsək, daha bizə zaval yoxdur.
Onun bu sözlərindən sonra, elə bil adamın dizlərinə taqət, ürəyinə təpər gəlirdi, bir az da sürətlə yeriməyə başlayırdıq.
Atamın işinə lap mətttəl qalmışdıq. Elə bil o, kimdənsə can satın almışdı. Qurşagacan qalın qarı yara-yara qabaqda elə yeriyirdi ki, biz onunla güclə ayaqlaşa bilirdik. Anamın öldüyü yerdən uzaqlaşdıqca kicik baçım ara bir geri boylanıb xisin-xısın aglayırdı. Atam bizi tələsdirir, bacardıqca qarşıdakı təpəliyi tez aşıb kecməyimizi söyləyirdi. Qar isə ara vermədən yağırdı. Qırma boyada qar dənəciyi adamın sir- sifətini cibin kimi dişləyirdi. Meşənin ətəklərində agaclar cox seyrəkdi, bəzi yerlərdə isə hec gözə dəymirdi. Atam qar üzərindəki, itməkdə olan köhnə ayaq izlərini bizə göstərərək deyirdi:
- Görürsünüz, camaat burdan kecib gediblər. – Mən deyirdim də, o ürəkləndi, - yoxuşdan sonra bizim ücün asan olacaq. Cətinliyimiz bu zəhrimara qalmış diki aşanacandı.
Qarşıda kicik yargan görünürdü. Biz o yargandan kecib yoxuşa qalxmalı və atam dediyi yerə catmalıydıq. Yargana az qalmış birdən başımızın üstündən güllələr ulayıb kecdi. Güllələr o qədər yaxından kecdi ki, onların vıyıltısını apaydın eşidirdik. Yerimizdəcə donub qaldıq. Atəşin haradan acıldığını öyrənmək ücün , dördbiryanımıza nəzər saldıq. Elə bu vaxt yarganın aşagı tərəfindən bizə tərəf gələn iki düşmən əsgərini gördük. Onlar hər ikisi avtomatlarını bizə tərəf tuşlamışdılar. Yaxınlaşdıqca onlar əsgərdən cox quldura oxşadıqlarını görəndə qorxduq. Cünki geyim kecimləri, tük basmış sir-sifətləri onları magara adamına oxşadırdı.
Atam bir-iki addım geri cəkilib bizi arxasında gizlətməyə calışdı. Bacımla mən qorxumuzdan atamıza sığınaraq , allaha yalvarırdıq ki, bizi bu bəladan qorusun.
Düşmənlər bizə catıb dayandılar. Onlardan biri yarıerməni yarıbizim dildə dedi:
- Qorxmayın sizi öldürmək fikrimiz yoxdu. Üstünüzdə nəyiniz var verin bura, sizə köməklik edərik cıxıb gedərsiniz.
Atam onlara hec bir şeyimizin olmadığını deyəndə, həmin erməni onun üstünə bağırdı:
- Sus qoca, mən səndən yox bu qızlardan soruşuram. Bizim səndən umacağımız hec bir şey yoxdur. Gözlə ki, indi sən bizdən nəsə xahiş etməli olacaqsan.
Atamla belə danışıgından hiss elədim ki, onlar bizə köməklik edən adamlara oxşamırlar. Məqsədləri bizi talamaq, sonrada öldürməkdir. Hər halda mən belə fikirləşirdim.
Erməni yenə təkrar etdi:
Bir də deyirəm, üstünüzdə nəyiniz vardısa verin bura! Yoxsa...... sayıram....bir....iki...
O avtomatın lüləsini düz üstümüzə tuşlayıb, saymaga başlayanda, mən tez əlimi köynəyimin bogazından icəri salıb, bayaq anamdan götürdüyümüz yaylıga bükülü zinət əşyalarını cixarıb onlara tərəf uzatdım.
Ermənilərdən biri irəli yeriyib düyüncəni əlimdən qapdı və onu bir necə dəfə atıb-tutaraq, ağır yüngüllüyünü yoxlayandan sonra, sırıqlısının arxasına soxub gizlətdi.
Suilahdan-zaddan nəyiniz var, verin bura!-deyə o, daha sonra əmr etdi.
Atam əllərini üst-başına çırpa-çırpa:
Daha hec nəyimiz yoxdur!-dedi. Olan bu bağlamaydı, onu da verdik.
- İndi yoxlayarıq deyə, bayaq bizimlə azərbaycanca danışan erməni, atama yaxınlaşıb, qoyun-qoltuğunu axtara-axtara əlini gətirib onun qıclarının arasında saxladı və birdən var gücüylə kişinin qurşağından aşağı bir yumruq ilişdirib:
Bəs bu nədi erkək meymun?- dedi. Deyirdin hec nə yoxdu?
Atam ufuldayaraq dizləri üstə qarın icinə cökdü. Qorxmayaq deyə o , dişlərini bir birinə sıxaraq, dəhşətli ağrılar icində qovrula-qovrula bir təhər dözürdü.
Biz möhkəmcə qorxmuşduq. Düşmənlər isə buna fikir verməyərək, üst başımızı axtarmaga başladılar. Bu axtarışdan cox, bizi ələ salıb təhqir etmək idi. Onlara mane olmaq istəsəkdə bizə fikir verməyib, bir az da it kimi şitənirdilər. Onların bu hərəkətinə dözməyən atam, ayaqa qalxdı və ikisinin də sinəsindən var gücü ilə itələyib:
- Əclaflar, siz nə edirsiniz?- dedi. Sizin ananız, bacınız yoxdur məyər?!
Ermənilərdən biri özünü saxlaya bilməyib, arxası üstə qarın icinə aşdı və dəli kimi gülməyə başladı. Bir azdan o, ayaga qalxdı və atama yaxınlaşıb avtomatın lüləsini düz onun gicgahına dayadı:
- Görürsən, qoca meymun, sən bu sarsaq hərəkətlərinlə, nəinki bizim hec bu gözəl qızlarında xoşuna gəlmirsən, deyib atəş acdı.
Güllə acılan kimi qarın üstünə qan çiləndi. Atam agzıüstə qarın icinə düşüb qaldı. Başından fişqıran qan bir andaca ətrafı alqırmızı rəngə boyadı. Dəhşətli mənzərəydi...Gözümüzün qarşısında doğmaca atamızı öldürmək, biz baçılar ücün dünyada bənzəri olmayan bir vəhşilik idi. İki bacı atamızın meydini qucaqlayaraq, gözümüzün yaşını axıdırdıq. Anamızdan sonra son ümüd yeri olan atamızı da beləcə itirdik . “İndi biz nə edəcəyik?” – deyə öz –özümüzə fikirləşirdik.
Ermənilər bizim qışqırıgımıza məhəl qoymayaraq, qəh-qəhə cəkib gülürdülər. Elə bil hec olar insan deyildilər. Ölümün, qanın nə olduğunu başa düşmürdülər. Elə bil onları hec insan övladı dünyaya gətirməmişdi.
Bacımı hec cür ovuda bilmirdim. Atamızın gözümüzun qarşısında öldürülməsi, onu bərk qorxutmuşdu. O, atamızın hərəkətsiz vücudundan yapışaraq silkələyir və tez –tez:
- “Ata, ay ata durmursan?! Dur gedək də!” –deyə qışqırırdı.
Ermənilərdən biri bacımın paltosunun boynundan yapışdı və var gücüylə onu kənara tolazladı. Bacım üzüqoylu qarın üstünə sərələndi. Mən kömək edib onu qaldırdım və pıcıldıyla:
-“Özünü ələ al, yoxsa onlar bizi öldürəcəklər!”- dedim.
Bacım bir qədər sakitləşdi.
Ermənilər bizi yarğanın aşağısındakı dərəyə sarı apardılar. Ora catanda gözlərimizə inanmadıq. Ətrafa coxlu insan meyidləri düşüb qalmışdı. Hamısı da gülləllənmişdi. Ətraf alqırmızı qan idi. Meyidlərdən bir qədər aşağıda isə bir yerə toplaşmış əsirlər görünürdülər. Onların əksəriyyəti qadınlar idi, bir-birinə sığınaraq soyuqdan titrəyirdilər. Dünən qəsəbəni tərk edərkən bizi qoruyan silahlı adamlardan da ikisi buradaydı. Qışın soyuğunda onlar tamam soyundurulmuşdular. Əyinlərində təkcə alt paltarları qalmışdı. İşgəncə verildiyindən sir-sifətləri qara-qançır olmuşdu. Ətrafda çoxlu erməni əsgərləri dolaşırd. Bizdən beş-on metr aralıda isə bir qadın meyiti düşüb qalmışdı. Meyitin yanında dörd-beş yaşlarında bir qız uşağı vurxunurdu. Hamının gözləri o uşağa dikilib qalmışdı. Uşaq qalın qara bata-bata anasının meyiti ətrafında dolanaraq soyuqdan donan barmaqlarını ağzına təpərək için-için ağlayırdı. O, arada dizləriüstə çökərək, anasının cəsədini silkələyir, onun səs vermədiyini görəndə ağlaya-ağlaya: - Ay ana...ana... soyuqdu dur də...- deyirdi.
Birdən uşaq nə fikirləşdisə bir az aralıda düşüb qalmış köhnə bir adyalı sürüyə-sürüyə gətirib anasının meyitinin üstünə sərdi və sonra özü də adyalın altına girərək anasına sığındı.
Uşağın bu hərəkəti ermənilərin xoşuna gəlmədi. Onlardan kim isə, yəqin o komandir idi, qışqırdı:
- Kəsin o qancıq balasının səsini! – deyə əmr etdi.
Əsgərlərdən biri avtomatını qaldırıb atəş açdı.
Anasını qucaqlayaraq ona sığınmış uşaq, arxasıüstə çevrildi. Onun başından süzülən qan həmin andaca ağappaq qarı alqırmızı rəngə boyadı. Əsirlər bu mənzərəni görməmək üçün üzlərini yana çevirmişdilər.
Bir azdan iki hərbi yük maşını göründü. Onlar yarğanın yanına çatıb dayandılar. Əsirləri maşınlara tərəf qovdular. Mən də bacımın qolundan yapışıb maşına tərəf dartanda həmin düşmən əsgərlərindən biri bizi kənara çəkdi və böyüklərinə nə isə dedi. Zabit dönüb bizə tərəf baxdı və gülümsədi.
Bizimkiləri maşınlara doldurdular Biz də özümüzünkülərdən ayrılmamaq üçün istəyirdik ki, onlara qoşulub gedək. Çölün düzündə qarın, şaxtanın altında qalıb ölmək istəmirdik.
Maşına minmək istəyəndə, bizi saxlayan erməni yavaşca qulağımıza:
- Hara özünüzü soxursunuz? – dedi. Bilirsiniz onları hara aparırlar? Sonra bizdən cavab gözləmədən: - Əsgərlər olan kazarmalara paylayacaqlar.
Ondan bu sözləri eşidəndə bir neçə addım geri çəkildik.
Iki əsgərimizi nə qədər çalışdılarsa, maşına mindirə bilmədilər Onları don vurdugundan addım atmağa taqətləri belə qalmamışdı. Erməni zabiti belindəki tapançasını alıb birinin başına atəş açdı. Əsir üzüqoylu qarın üzərinə yıxıldı. İkinci əsirin isə boynuna ip salıb maşının arxasına bağladılar. Maşın yerindən tərpənəndə o, kökündən qopmuş ağac kimi yerə sərildi və gözdən itənəcən maşının arxasınca süründü.
Qalan iki erməni isə ətrafa səpələnmiş pal-paltarı bir yerə yığaraq onların üstə oturmağı bizə əmr etdilər, özləri də bellərindəki çantaları açıb, içindən kolbasa, konserv qutuları, qaynadılmış yumurta iki şüşə də araq çıxarıb ortalığa qoydular.
Biz axşamdan ac olsaq da, ortalıqdakı ərzaqların heç birinə əl vurmadıq. Yeməkmi yada düşərdi belə vaxtda? Onlar isə ac qurd kimi yeməyə girişdilər. Bizim kirimişcə durub baxdığımızı görüb:
- Yeyin, yeyin, niyə naz eləyirsiniz? Onsuz da acınızdan it kimi köpük qusursunuz. Sonra onlardan biri əlindəki stəkana araq süzüb bizə tərəf uzatdı və:
- Alın için, görürəm donub ölürsünüz. Qoy bir azca canınız qızınsın - dedi.
Nə bacım, nə də mən araq stəkanına əlimizi də vurmadıq. Başımızı bulamaqla onları qandırmağa çalışdıq ki, biz içki içə bilmirik.
Ermənilər bizi məcbur etməyə başladılar. Hətta onlardan biri bacımın boğazından yapışıb barmaqlarını onun ağzına soxdu və qızın zorla ağzını açmağa vadar etdi. Qız ağzını açan kimi araqla dolu stəkanı onun boğazına boşaltdı. Yazıq qızın gözləri kəlləsinə çıxmışdı. Bacım öyüyərək halsız halda qarın üzərinə uzandı. Sonra məni məcbur etdilər.Onlardan xahiş etdim ki, bizimlə işləri olmasınlar. Bizim bu iki gün ərzində, həm atamız, həm də anamız ölübdür dedim.
İçib kefləndiklərinə görə mənim dediklərimin onlar üçün heç bir əhəmiyyəti yox idi. Əslinə qalsa, onlar bizi eşitmək belə istəmirdilər.
- Ata-ananız ölübsə, bu daha gözəl, - deyə onlar şit-şit gülməyə başladılar. Bu münasibətlə içmək daha xoş olardı, - deyə eynən bacımla etdiklərini mənimlə də edərək, stəkan dolu arağı mənim boğazıma tökdülər.
Hər ikimizi iki dəfə beləcə içirtdilər. Birinci dəfəydi ki, dilimizə araq dəyirdi. Onlar özləri də əməlli-başlı keflənmişdilər. Ağız-ağıza verərək çaqqal kimi ulaşırdılar. Ürəyimə danmışdı ki, onlar bizimlə pis davranacaqlar. Odur ki, tamam-kamal ağılları başlarından çıxmamış yalvar-yaxar edirdim ki, bəlkə yola gətirib, birtəhər əllərindən çıxa bildik. Ermənilər isə bir-birlərinə göz basaraq bizi dolayırdılar.
- Surencan, nə deyirsən, buraxaq onları çıxıb getsinlər, yazıqdırlar, axı?
O biri də ağız-burnunu əyə-əyə bir az da bizi ələ salırdı:
Hə, Martiros, qızlar düz deyirlər, buraxaq onları çıxıb getsinlər. Qoy gedib orda-burda danışsınlar ki, çölün düzündə iki erməni igidiylə yeyib-içdik, amma sən demə onların heç birinin kişiliyi yox imiş bizimlə kef çəkməyə.
Onun sözünü Suren deyilən erməni də təsdiqlədi:
- Sən düz deyirsən, Martiroscan, bax bu mənim heç ağlıma gəlməyib, -dedi.
Bərk həyəcan keçirirdik. Necə hərəkət edəcəyimizi qərarlaşdıra bilmirdik. Ancaq onu bilirdim ki, bu əclaflardan yaxşı bir şey gözləmək ağılsızlıq olarda. Bir də dərk edirdim ki, bunların əlindən salamat qurtula bilməyəcəyik, bizə işgəncə verib öldürəcəklər. – Bir halda ki, bunun axırı ölümdür, onda niyə ləyaqətsiz ölməliyik, hə, - deyə düşündüm.
Bacıma görə bərk narahat idim. O yəqin ki, mənim kimi düşünmürdü, qorxurdu. Can şirin şeydir, insan biləndəki ikicə dəqiqədən sonra öləcək, yenə də yaşamaq ümidini üzmür, düşünür ki, bəlkə sağ qaldı. Amma, artıq hər şeyi qərarlaşdırmışdım. Ermənilər deyənlə razılaşıb sağ qalmaqdansa ölmək bizimçün şərəfli gəlirdi. Onda ata-anamızın ruhları da rahatlıq tapardı. Odur ki, öz-özümə fikirləşirdim: - nə qədər ki, gec deyil, Nuridə bir qərara gəl, sonra gec olar.
Ermənilər çölün ortasındaca paltarlarını soyunmağa başlamışdılar. Bir-birinə göz-qaş etmələrindən hiss etmək olurdu ki, onlar artıq bizi aralarında bölüşüblər də. Ayaqüstə zorla dayandıqlarından, arada özlərini saxlaya bilməyib yıxılıb qara da batırdılar.
Bacıma nəzər saldım, o, qorxusundan gözlərini gözlərimin içinə dikmişdi. Qız havalanmış adamlara oxşayırdı. Əyilib onun qulağına pıçıldadım:
- Səbinə dur qaçaq!
Bacım bu sözümə bənd imiş kimi tez sıçrayıb ayağa qalxdı və məni də gözləmədən qaçmağa başladı. Mən də yerimdən götürüldüm. Qaçanda bizi arxadan vurmasınlar deyə, paltarların üstündə düşüb qalmış, avtomat silahların qayışlarından yapışıb dalımca sürüməyə başladım. Silahları bir qədər sürüyəndən sonra gördüm ki, bunlarla uzağa gedib çıxa bilməyəcəyik. Çünki onlar yaman ağır idi, qaçmaqda bizə mane olurdu. Odur ki, onlardan birini qolum tutduqca kənara tulladım, o birini isə yenə də arxamca sürüməyə başladım. Bacım qabaqda, mən isə onun arxasıycan qaçırdım. Ermənilərin bayaq boğazımıza tökdüyü araq, artıq öz işini görmüşdü, başım bərk hərlənirdi. Deyəsən, əməlli-başlı sərxoş idim. Bacımın vəziyyəti mənimkindən də ağır idi. Yazıq uşaq, lap iməkləyə-iməkləyə qaçırdı.
Bizdən bu hərəkəti gözləməyən ermənilər çaş-baş qalmışdılar. Əvvəlcə, nələrin baş verdiyini anlamadıqlarından, qorxularından ora-bura boylanırdılar Sonra özlərinə gəlib bizim arxamızcan götürüldülər. Onlar sümsük it kimi hürə-hürə bizim dalımızcan düşmüşdülər. Bir qədər uzaqlaşsaq da, xilas olmağımız barədə düşünmək hələ tez idi. Canımızdakı qorxu hissi o qədər güclü idi ki, başqa bir şey haqqında fikirləşmək ağılsızlıq olardı. Nəyin bahasına olursa olsun qaçıb canımızı qurtarmaq haqqında fikirləşirdik. Bacım yorularaq haldan düşürdü. Öz vəziyyətim ağır olsa da, onun qolundan tutub qaçmasına köməklik edirdim Allaha yalvarırdım ki, uşağa bir şey olmasın.
Bacımın az qalırdı ki ürəyi ağzından gəlib tökülsün Ona təskinlik vermək üçün: - qorxma bacım, qorxma, artıq biz onlardan xeyli uzaqlaşmışıq. Bir az da qaçsaq, daha bizi tuta bilməyəcəklər, – deyirdim.
O gözlərini dolandırıb mənə elə baxırdı ki, mən ömrümdə birinci dəfəydi ki, insanın gözlərinin bu qədər vahiməli, bu qədər qorxunc olduğunu görürdüm.
Ermənilərdən bir azca da olsa aralana bilmişdik. Mən geri baxanda onların qara bata-bata arxamızca gəldiyini gördüm. Deyəsən birinin əlində avtomat silah vardı. Əclaf silahını götürə bilib, deyə onun qaracınca söydüm.
Elə bu vaxt qulaqlarımızın dibini yalayıb keçən güllə səslərini eşidəndə, artıq ölüm təhlükəsinin bizim lap yaxınlığımızda olduğunu anladıq. İkinci dəfə güllə səsi eşidiləndə, sol çiynimin üstünü, elə bil kimsə bərkdən çimdiklədi. Paltoumdan bir parça qopub qarın üzərinə düşdüyünü görəndə, anladım ki, güllə mənə dəyib, yaralanmışam.
Bunu bacıma bildirməmək üçün cınqırımı belə çıxarmadım. Bir azdan qoltuğumun altından üzüaşağı isti bir şeyin süzüldüyünü hiss edəndə, artıq yaramın ciddi olduğunu anladım.
Orta məktəbdə oxuyanda hərbi dərsindən silahlarla davranmağı alababat bilirdim. Bir dəfə də məşğələ zamanı avtomat silahdan atəş açmağı bizə öyrətmişdilər. Odur ki, əlimdəki silahı qaldırıb ermənilər tərəfə tutdum və tətiyi çəkdim. Güllələr ətrafa səpələndi ayaq üstə onsuz da zorla dayandığımdan hara gəldi atəş açırdım. Qabaqda gələn ermənidən bağırtı səsi eşidildi və həmin andaca o, ağzıüstə qarın üzərinə düşüb qaldı. Avtomatın gülləsi qurtarmışdı, onu özümə yük eləməyin heç bir mənası yox idi. Yaralı vəziyyətdə uzağa qaça bilməyəcəyimi düşünəndə təşviş hissi keçirirdim. Çünki get-gedə halım xarablaşırdı. Bizdən beş-altı metr solda sıldırım qayalıq uzanıb gedirdi. Bayaqdan həmin sıldırım qayalığın böyürü ilə qaçırdıq. Həm yaralandığımdam, həm də bu vəziyyətin çox da belə davam eləyə bilməyəcəyini düşündüyümdən ağlımdan keçirtdim ki, özümüzü bu qayalıqdan aşağı ataq. Onsuz da başqa çarəmiz yox idi. Ya, arxadan bizi vurub öldürəcəkdilər, ya da yorulub ələ kecəcəkdik Yaxşısı budur, özümüzü buradan aşağı ataq. Sağ qalsaq, düşündüm, lap yaxşı, işdir ölüb eləsək bu ondan da yaxşı. Vaxt itirmək olmazdı, çünki hər dəqiqəbaşı yan-yörəmizdən ötüb keçən güllələrin birinə tuş ola bilərdik. Odur ki, bacımın qolundan dartıb dedim:
- Gözlərini yum, özümüzü buradan atırıq.
Onsuz da bacımın halı özündə deyildi, mən onu bir parça ət kimi arxamca sürüyürdüm.
Qayanın başından baxanda dibi görünmürdü. Gözlərimizi yumub atıldıq. Havada elə bil uçurduq. Bu uçurum mən düşündüyümdən də dərin imiş.
Kol-kosun üzərinə düşüb diyirlənəndə anladım ki, sağ-salamatam, sevindim. Gözlərimi açıb ətrafıma nəzər saldım, hər tərəf bir-birinə kələf kimi dolaşıq düşmüş koı-kosdan ibarət idi. Sağ qaldığıma inanmırdım. Yan-yörəmə boylanıb bacımı axtardım. Məndən bir qədər aralı, arxasıüstə düşüb qalmışdı. Ona tərəf süründüm, ağzından axan laxtayla qanı görəndə qışqırdım. Bacımın başı yerdəki iri daşa dəyərək dağılmışdı. Onu qucaqlayıb sinəmə sıxdım. Nəfəsi çoxdan kəsilmişdi. İki günün içində bu qədər mənə əziz olan doğmalarımı itirmək mənim üçün necə də ağır gəlirdi. Dərdin böyüklüyü bütün hissiyatımı başımdan almışdı. Ölümdən, artıq heç bir qorxum yox idi. Bu mənim üçün ən böyük hədiyyə olardı, əgər mən də bacım kimi daşlara dəyib parçalansaydım. Düşmən əlinə keçmək, alçaldılmaq qorxusu bir anda canımdan çıxmırdı. Nə qədər ki, qəfil bir gülləyə rast gəlməmişəm, demək hələ bu qorxu canımdan cıxmayacaqdı.
Yuxarıdan danışıq səsləri gəlirdi, başımı qovzayıb baxsam da kol-kosdan heç bir şey görmürdüm. Sol çiynim məni möhkəmcə incidirdi. Paltomun cibindən dəsmalımı çıxarıb yaranın üstünə basdım. Yara o qədər dərin olmasa da, deyəsən, çiynimin sümüyü zədələnmişdi.
Əlimi salıb bacımın paltosunun ciblərini axtardım düşündüm ki, bəlkə ondan yadigar qalası nə isə bir şey tapdım. Evimizin açrları cibindəydi... Açarları götürüb bir xeyli ora-bura aşırdım, sonra isə cibimə atdım. Bacımın paltosunun yan cibində isə, səliqə ilə kağıza bükülmüş bir şey əlimə dəydi, açıb baxdım. Qonşumuzun oğlu Elmarın şəkili idi, bacımla bir sinifdə oxumuşdular. Keçən il kəndin kənarında düşmən snayperi düz ürəyindən vurmuşdu. Şəkilin arxasında yazı da vardı, bir bənd şeir idi, Elmar yazmışdı.
Şəkili bir müddət əlimdə saxladım, Elmarın iti baxışları düz gözlərimin içinə zillənmişdi. Qorxdum. Şəkili ehmalca bacımın sinəsinin üstünə qoydum.
Buradan uzaqlaşmaq vaxtıydı, çünki yuxarıdan ara-sıra atəş açırdılar. Güllələr məndən xeyli aralı, sıldırım qayanın o biri tərəfinə dəyərək, əks-səds verirdi.
Bacımın buza dönmüş bədənini qucaqlayaraq bağrıma basdım və onun uşaq məsumluğu yağan üz-gözündən doyunca öpdüm. Bu dəqiqələrdə o mənə daha doğma, daha əziz görünürdü . Onu həmişəlik tərk etdiyimi düşünəndə için-için ağladım....
Yubana bilməzdim, bacımın paltosunun yaxalıqlarını qaldırıb üzünü örtdüm və oradan uzaqlaşdım. Kol-kosun arasıyla keçib, qayalığın lap dibinə, axar suyun içinə girdim. Burada su qurşaqdan yuxarıydı. Varkücümü toplayıb, suyun içiylə, dərəaşağı yeriməyə başladım. Birdən arxada bərk gurultu eşidildi. Gurultudan sonra başımın üstündən ətrafa səpələnən xırda daş parçalarını görəndə, bildim ki, arxamızca gələn erməni bayaq biz düşdüyümüz yerə qumbara atır.
Buzlu suyun içiylə yeriməyimə baxmayaraq, o qədər də soyuqluq hiss etmirdim. Dəhşətli olsa da bayaq ermənilərin zorla mənim boğazıma tökdükləri iki stəkan arağın “xeyirini” indi hiss edirdim. Dayanmadan bir xeyli yol getdim. Elə yerlərlə gedirdim ki, eyli vaxt olsaydı buradan keçib getmək müşkül məsələydi. Daşlıq, keçilməz kol-koslar üst-başımı didib-tökmüşdü. Bəzən suyun elə dərin yerinə düşürdüm ki, buzlu su lap xitrdəyiməcən qalxırdı. Bütün bədənim bum-buz suyun içindəydi. Ölümün pəncəsindən qurtulduğuma görə sevinirdim. Sevinirdim ki, heç olmasa bütöv bir ailədən bircə nəfər də olsa sağ qala bilib.
Elə bir yerə gəlib çıxmışdım ki, bundan o yana getmək mümkün deyildi. Qarşıda enli çay vardı. Bu boyda çayı üzüb keçməkdə isə mən çox aciz idim. Kənara çıxmaq isə qorxuluydu, yenidən başımı bəlaya sala bilərdim. Odur ki, bir qədər səbr edib gözləmək lazım gəlirdi. İki saata qədər oturub gözlədim. Gözlədim ki, axşam düşsün sonra buradan çıxım. Bütün bədənim donmuşdu. Ayaqlarım isə tamam hərəkətsiz haldaydı. Axşam düşdüyündən, həm də bura yarğan olduğundan, hər yan qapqaranlıq idi. Qar isə dayanmadan yağırdı. Sürünə-sürünə çayın sahilinə çıxdım. Harda olduğumu özüm də bilmirdim. Uzaqdan zəif işıqlar gözümə dəyirdi. Qarın üzərində üzüqoylu yıxılıb qalmışdım. Istəyirdim ki, ayaq üstə durum bacarmırdım, taqətim kəsilmişdi. Xoş bir yuxu məni ağuşuna alıb aparırdı. Bu iki günün ağır, üzücü yorğunluğundan sonra azacıq da olsa, elə yatmaq istəyirdim ki... daha heç nədən qorxum yox idi. Bilirdim ki, əgər məni yuxu aparsa donub öləcəyəm. Ölümqabağı isə doyunca yatmaq istəyirdim...
Gözıərimi açanda özümü çarpayıda, başımın üstündə də ağxalatlı bir həkimin dayandığını gördüm. Diksindim. Harda olduğumu, bura necə gəlib düşdüyümü yadıma salmağa çalışdım. Başımdan qorxunc bir fikir gəlib keçdi: - Olmaya mən əsir düşmüşəm”. – deyə dəli kimi ora-bura göz gəzdirdim
Həkim təşviş hissi keçirtdiyimi görüb mülayim səslə dedi:
- Qızım, sakit olun, sizə tərpənmək olmaz. Bu səs ana laylası kimi mənə doğma gəldi. Ürəyim elə uçundu ki.. özümü saxlaya bilməyib ağladım.
Həkim məni sakitləşdirməyə çalışdı:
- Özünü ələ al, yaxşı ki, özümüzünkülərə rast gəlmisən, yoxsa...
Ondan bu sözləri eşidəndə özümdə bir azca sakitlik tapdım, əl-qolum yerindəydi. Dizlərimdə isə möhkəmcə gizilti hiss edirdim. Əlimi ayaqlarıma tərəf uzatdım. Dizdən aşağı əlimə bir şeyin dəymədiyini hiss edəndə diksindim.. Hər iki qıçım dizdən aşağı yox idi... Gözlərimi həkimin gözlərinin içinə dikdim O indi mənim qışqıraraq haray salacağımı, söyüb onu təhqir edəcəyimi gözləyirdi. Mən isə susurdum.
Həkim mənim sakitliklə onun gözlərinin içinə baxdığımı görüb, bir az ürəkləndi:
- Qızım, başqa çarəmiz yox idi, çox gecikmişdi, bir az da yubansaydıq sənin özünü xilas etmək mümkün olmayacaqdı. Mən də təəssüflənirəm ki, ayaqlarınızı xilas edə bilmədim. – səbirli ol, müharibədir, bu iş hamının başına gələ bilər. Hə etmək olar, gərək birtəhər dözək də, - deyə o, yüngülcə əlimi sığalladı.
Mən həkimi yaxşı başa düşürdüm. O demək istəyirdi ki, allahına şükür et ki, elə salamat qalmısan. Düz də deyirdi.
Hər ikimiz susmuşduq. Handan-hana başımı qaldıraraq, onun gözlərinin içinə dikdim, və:
- Həkim, mənim ayaqlarım hardadır? - Xahiş edirəm, əgər mümkünsə, deyin onları gətirsinlər.
Həkim eşitdiyi sözlərdən təəccüblənərək, gözləri bərəlmiş halda üzümə baxdı.
- Sən nə danışırsan, nə ayaqlar? Buki mümkün deyil. Birdəki, o ayaqlar sənin nəyinə lazımdır, axı?
Mən isə çox sakit tərzdə:
- Xahiş edirəm, deyin ayaqlarımı gətirsinlər.
- Bu sənə çox pis təsir edər, qorxarsan, dəli olarsan, qızım. Mən belə bir sözü ömrümdə birinci dəfədir ki xəstəmdən eşidirəm. Yox, yox, bu mümkün olan iş deyil. Bir az sakit olun hər şey keçib gedər, - deyə həkim az qala yalvaracaqdı.
- Nədən qorxacağam, - dedim. – Mənim qorxduğum nə vardısa həmisı arxada qaldı. Yüzlərlə günahsız adamın gözlərimin qarşısında güllələnməsini görəndə qorxmadım... Xəstə anamın, qoca atamın, məsum bacımın ürək parçalayan faciələri gözlərimin qarşısında oldu, qorxmadım. Gecəni səhərəcən tək-təhna yalquzaq kimi dərə-təpəni dolaşdım, yenə də qorxmadım. İndi deyirsiniz ki, iki cansız, qansız ayaqlarımı görəndə qorxacağam. Mənim üçün narahat olmayın, mən bu ikicə günün ərzində min ilin dərdləriylə yükləndim, həkim. - Nə olar, çox xahiş edirəm, deyin ayaqlarımı gətirsinlər, qoy onları görüm, qorxub-eləmərəm narahat olmayın.
Həkim daha bir söz deməyib, mənalı-mənalı üzümə baxdı, hiss etdim ki, yamanca kövrəlib. O, ehmalca qapını açıb eşiyə çıxdı, bir azdan əllərində ağ parçaya bükülü ayaqlarla içəri girdi. Onları mənim qollarım arasına qoyub bir necə addım geri çəkildi.
Mən zorla da olsa yerimin içində dikəldim və ağ parçaya bükülmüş ayaqlarımı açdım. Qanı çəkilmiş ayaqlar, sanki mahir heykəltaraş əlindən çıxmış bir cüt ayaq heykəlinə bənzəyirdi. Onlar buz parçası kimi soyuq idilər. Mən onları bircə-bircə bağrıma basdım və doyunca öpdüm. Sonra isə gözlərimi ayaqlarımdan ayırmadan həkimə dedim:
- Həkim, bu ayaqlar mənim namusumu, şərəfimi qorudular, ata-anamın, məsum bacımın narahat ruhlarının təskinlik tapması üçün mənim sağ qalmağıma kömək etdilər. Mən ona görə də bunlara borcluyam. Ona görə bu ayaqlara borcluyam ki, bu gün sağam və şəhid olmuş bütöv bir ailənin sərgərdan ruhlarının toxtaqlıq tapacağı bir evin ocaqçatanıyam. Bundan sonra, bəlkə də mən heç kimə lazım olmayacağam. Amma sevinirəm ki, heç olmasa, əziz günlərdə doğmalarımın ruhları şad olsun deyə, onların əziz xatirəsi üçün bir şam belə yandırmağa qadirəm. Bu ayqlar təkcə mənim yox, bir ailənin bir xalqın namusu yolunda özlərini şəhid etdilər, buna görə bu ayaqlara borcluyam. – İndi sizdən bir xahişim də var, mümkünsə ayaqlarımı elə yerdə dəfn edin ki, mən hər vaxt onları ziyarət edə bilim.
Həkim nəmlənmiş gözlərini mənim baxışlarımdan gizlətmək üçün üzünü yana çevirdi və bir söz demədən asta addımlarla çarpayıma yaxınlaşıb, cansız ayaqları mənim qucağımdan aldı.
Elə bil hər ikimizin çiyinlərindən ağır bir yük götürüldü...
Həkim gedəndən sonra mən ehmalca pəncərənin pərdəsini qaldırıb eşiyə boylandım. Bayırda quşbaşı boyda qar yağırdı. Hər tərəf ağappaq qar örtüyünə bürünmüşdü. Damlar, daşlar hər şey... hər tərəf tünd ağ rəngdəydi... Elə bil, bu dünyada qara deyiləsi bir rəng heç əzəldən yox imiş... təkcə mənim ürəyimdən axan qara qanlardan savayı...




12 dəfə oxundu

Axtarış