BİR YAŞAYIRAM (ŞEİRLƏR)
Müəllif: Mustafakamal İslamov


15.11.2017


BİR YAŞAYIRAM

Araya “qan sallam” məsləyim üçün
Tikanam, gülümlə bir yaşayıram.
Dünyanın tərkində “tərki-dünyayam”,
Dərvişəm, zülümlə bir yaşayıram.

Günəş də eşqimdən güc alıb, yanır
Dönərək, hər səhər zülməti yarır.
Uzun gecələri içimdə qalır,
Gündüzlər çölümlə bir yaşayıram.

Kamal, həyatı sev, həyata tapın
Bir gün açılacaq xəyalət qapın.
Deyirlər, sonudur ölüm həyatın,
Mən isə, ölümlə bir yaşayıram.


HEÇ NƏ DEMƏ...

Geriyə dönəkmi, İlk bahar olsun?
Heyf ki, ömrümüz bircə dənədi...
Biz nəyi bölək ki, etibar olsun?
Ömürdən qiymətli ömürdə nədi?
Saatla ölçülür kəpənək ömrü
Fəqət qanadında hər xal özəldi
Necə bu həyatdan yorulsun ürək,
Axı yaşamağın özü gözəldi.
Daha yaşımız da heç o yaş deyil,
Sanma ki, sədaqət umacam yenə
Qəlbinin səsini eşidirəm mən,
Bircə yanımda ol,
və heç nə demə…

ADI NƏDİR?!
("Ey gidi dünya!" silsiləsindən...)

Bu dünya özü sərsəmdi
Adını çəkdim, səksəndi.
Verdiyin yetmiş - səksəndi,
Qocalmağın adı nədir?!

Bu mal, bu mənsəb, bu əyin
Gedin, nadanı bəzəyin.
Sadəlik imiş bəzəyin,
Ucalmağın adı nədir?!

Məddahlığı söyə-söyə
El gəzdim ki, məni öyə.
Sənə inanmışam deyə,
Öc almağın adı nədir?!


YAŞAMAĞA MƏHKUM!

Gündüz ağdı çöhrəsi, döndü "qara üz" oldu
Su tək üzüyolaydı, çilə gördü - buz oldu
Sıfırları saymadım, vahid şişib yüz oldu
Yazılmış hökmlərə hökm eyləyər bu hökm:
"YAŞAMAĞA MƏHKUM!"

Sərtdir oyun qaydası, yıxılsam, etməz rəhim
Sonda o, ittihamçı, mənsə aciz müttəhim
İmtinası günahdır, davamı zillət, çətin
Yazılmış hökmlərə hökm eyləyər bu hökm:
"YAŞAMAĞA MƏHKUM!"

"Tale yazım" alnımda, nə yazılıb, bilmədim
Məndən nə sordular ki, mən də susdum, dinmədim?
Həyat kölgəsin saldı, gün çıxdı, isinmədim
Yazılmış hökmlərə hökm eyləyər bu hökm:
"YAŞAMAĞA MƏHKUM!"


KÖHNƏ EYNƏK

O gün bir kitabı açdım - oxuyum,
Bulanıb gözümdə pozuldu yazı.
Sandım təsadüfdür, amma nə fayda?
Təkrar üç-dörd kərə yoxladım azı.

Dünyanın vəfası düşdü gözümdən:
"Nə tez geyindirir qoca köynəyi?"
Birdən xatırladım atamdan qalan
Bir vaxt işlətdiyi köhnə eynəyi.

Elə ki eynəyi gözümə taxdım
Qarşımda dayanan duman çəkildi
Xatirəm oyandı, gözüm önünə
Atamın mehriban sifəti gəldi.

Hər dəfə yolumu kədər kəsəndə
Onun öyüdləri düşür yadıma
Həyatdan küsməyib, yaşayım deyə
Bu dəfə eynəyi çatdı dadıma..


TƏNHA

Öz-özünə danışan
Əl-qolunu uzadıb
Gah gülüb, gah qızışan
Əyni yamaqlı kişi,
Qara qabaqlı kişi,
Dərdindən bəhs edirsən?
Kimdi səni eşidən?!
Dərdindən pay verirsən?
Allah köməyin olsun,
Kimdi dərdi bölüşən?

O vaxt biz uşaq idik,
Önümüzə çıxanda
Səni sərsəri sanıb
Qorxardıq, çəkinərdik,
Göstərərək gizlicə
Arxanca gülüşərdik...

İllər gəlib ötüşüb,
Həyat bizi dəyişib.
İndi səni görürük
Başqa ruhla, baxışla,
Ətraf insanlar ikən
Tənha olmaq nə imiş-
anlayırıq.
Bağışla!


GÖRDÜM

Qəflətdən əl toxundu,
Döndüm, özümü gördüm.
Ocaq ola bilməmiş,
Söndüm, közümü gördüm.

Ən uzun əyri imiş,
Düz bilib getdiyim yol.
Bu yerlərdən keçməmiş,
Dönmüş izimi gördüm.

"Sən özünü çöz !" - dedi
Röyamda bir səs mənə.
Elə bildim özgədi -
Əsl üzümü gördüm.


ÜÇ NÖQTƏ

Dostum, sənlə oynayan,
Özgə seçim qoymayan,
Dodağından qopmayan
Etirafdır üç nöqtə.

Bir arzudur özlənən,
Bir doğmadır gözlənən,
Gözlərində gizlənən
Ehtiyacdır üç nöqtə.

Bir qismətdir hökümsüz,
Bir günahdır ölümsüz,
Deyilməsi mümkünsüz
Etirazdır üç nöqtə.

Gözəlliyin onudur,
Tikilməyən donudur,
Nağıl - ömrün sonudur
Üç almadır üç nöqtə...


NAMƏLUM

O bilirdi,
Göründüyü kimi deyildi...

Tanımaq istəyirdi,
Axtarırdı özünü
Amma görə bilmirdi
İçindəki üzünü.

Gözündə canlandırıb
O, başqa insanlari,
Gah qəhrəman olardı,
Gah cinayət ortağı.
Girdikcə dondan-dona,
Tanış gələrdi ona.

Bütün ağı-qaranı
O özündə tapardı,
"Gör içimdə nələr var!" -
Özü də mat qalardı...

Cismi ona maskamı,
Ya cisminə əsir o?
Hamı onu tanıyır,
Özü bilmir kimdir o.

Həyatın məzhəkəsi,
Yoxsa faciə, dram?
Özü ilə qocalır,
Bəs nədən öz-özünü
Tapa bilməyir adam?


GƏLİN, SINAMAYAQ DOSTLARIMIZI

Onsuz da, hər günü sınaqdı dünya
Bir ömür məzəmmət, qınaqdı dünya
Nə qədər zərurət duysaq da buna,
Gəlin, sınamayaq dostlarımızı.

Hədəfə çatmayan ox olar birdən
Başqa bir mənada oxunar birdən
Kiminsə qəlbinə toxunar birdən
Gəlin, sınamayaq dostlarımızı.

Dostun niyyətini yoz, yaxşılıqla
Tən gəlməz dostluğu poz, yaxşılıqla
Düşməni edərsən dost, yaxşılıqla
Gəlin, sınamayaq dostlarımızı.

Özünü əsl dost sana bilərsən
Əgər şübhən varsa, sına, bilərsən
Dostunu itirib, sına bilərsən
Gəlin, sınamayaq dostlarımızı.


BUDUR, HƏYATIN MƏNASI

İndi yanında "İNDİ" var
Nə "SABAH" var, nə də "DÜNƏN"
İndi həyatın çağlayır
Nə bələk var, nə də kəfən.

Bu gün yenə günəş çıxıb
Nə tufan var, nə də külək
Yollarımız da babatdı
Nə çuxur var, nə daş-kəsək.

Ürəyimiz hələ vurur
Demir, yorulmuşam daha
Dünyamız da salamatdı
Şükürlər olsun Allaha.

Dostum, dünyanın da nəbzi
Yalnız "İNDİ"lərlə vurur
Nə keçmişə batıb qalır,
Nə sonraya xəyal qurur.

Çiçəksənsə, açmalısan!
Buludsansa, yağmalısan!
Nə vədi var, nə sevdası
Budur, həyatın mənası!


DÖNÜB

Bu gecə nədən gəlmədi, məni tək qoydu o yar
Qəlbimi şübhə çuğladı, dərdi-zinharə dönüb.

Məni yalqız görübən Ay ismətindən utanıb,
Örpəyin örtdü üzünə, oldu ayparə dönüb.

Ay soruşdu: De, ey aşiq, nədi bu tabu-təbin,
Niyə rəngin ağarıbdır, sübh yağan qarə dönüb?

Gözlərin yağmağa bənd bulud kimi yaşla dolu
Səni yarınmı atıbdır, dəxi əğyarə dönüb?

Çoxunu kül eyləyib hüsnü-camalın alovu,
Kim peşiman olmayıb ki. gər giriftarə dönüb?!

Sən məgər seçməmisən əhli-cəfanın yolunu?
Bu yolda əzabdan qorxan sifəti qarə dönüb.

Ah, zamanmı dəyişib, qalmayıb eşqdə etibar
Hanı o aşiqi-məşuq, sözü ilqarə dönüb?

Günahın varsa, Kamal, vaxtı daha vermə fəda
Yarının könlünü al ki, söyləmə, "çarə dönüb".


HƏSRƏTİNİ ÇƏKİRƏM

Bir gün məni görməyəndə sezdiyim
Xiffətinin həsrətini çəkirəm
Bir zamanlar sıxıldığım, bezdiyim
Hisslərinin həsrətini çəkirəm.

Heç bilmədim, axı nəyi gözlədim?
Sevgi varsa, niyə onu gizlədim?
İzlərinlə yanaşıydı izlərim
İzlərinin həsrətini çəkirəm.

Səsə döndüm, elə bildim haraydı
Mənə əlac bir soraqdı, bir haydı
Qəlbin yenə həsrətimlə vuraydı
Həsrətinin həsrətini çəkirəm.


QOCALAR AĞLAYA BİLMİR...

Çəkilib öz aləminə
Hərdən danışmır, dinmir.
Gözlərini su torlayıb,
Daha göz yaşları gəlmir
Qocalar ağlaya bilmir.

Ümidinimi itirib?
Ya qəlbində şəkk gətirib?
Yoxsa rolunu bitirib?
Nə olar, danış bir, din bir
Qocalar ağlaya bilmir.

Arzusu yoxdur diləyə
Uman yeri yox küsməyə
Dünyanı tanıyıb deyə,
Çölü od, qəlbi isinmir
Qocalar ağlaya bilmir.

Bir vaxt gülüb-ağlayanda
Üsyan edib çağlayanda
Yaranan qırışlarını
Tanrı üzündən silmir
Qocalar ağlaya bilmir.

Yəqin bilir, sızlasa da,
Ürək-dirək verəni yox
Uşaq kimi ağlasa da,
Göz yaşını siləni yox
Hanı ətrafı, səs vermir?

Qocalar ağlaya bilmir.
Bəlkə də, dərddən yorulub
Həyat onun üçün donub
Mənasız hekayə olub
"Bu dünya heç qəmə dəymir"
Qocalar ağlaya bilmir...

25 dəfə oxundu

Axtarış