Biz belə millətik
Müəllif: Adil ZAMAN


2018-05-26 10:12:41


Biz belə millətik

Azərbaycanda hər dəfə əhalinin sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq, söz, mətbuat və sərbəst toplaşma azadlıqlarını daha da məhdudlaşdıracaq qərarların qəbulu ərəfəsində “vətənpərvər” bir mözunun ortaya atılması və AzTV başda olmaqla bir sıra kütləvi informasiya vasitələrinin camaatın başını qarışdırması artıq ənənə halını almışdır. İndi də 3 il(!) əvvəl çəkilmiş “Qafqaz üçlüyü” filminə və şəxsən bu filmin ssenari müəllifi və podüsseri olmuş R.İbrahimbəyova hücumlar başlamışdır. Faciəvi gülüş doğran hal bundan ibarətdir ki, filmi tənqid edənlərin əksəriyyəti onun məzmunundan xəbərsizdir. Hətta özünü siyasətçi də adlandıran bir xalq şairi filmə baxmadığını etiraf edir və zövqünə inandığı A.Salayevin məqaləsi əsasında Rüstəm müəllimə iradlarını bildirir. Amma heç fərqinə də varmır ki, “Oskar” mükafatlı, dünyaca məşhur sənətkarın əsərinə qiymət vermək respublika səviyyəli bir kino tənqidçisinin edə biləcəyi ən uğursuz bir işdir. Hələ mən 25 ildən çoxdur ki vaxtaşırı yazıları və açıqlamaları ilə iqtidara yarınmağa çalışan, lakin iç üzü hamıya bəlli olduğundan heç bir vəzifə ala bilməyən riyakar siyasətçidən, elə bu səpkili çıxışları ilə nəhayət deputat edilmiş keçmiş cəbhəçi hüquqşünasdan, cavanlığında 1-2 babat rol oynamış qocaman aktyordan, R.İbrahimbəyovla təxminən yaşıd olsa da filmləri Azərbaycan hüdudlarını aşmayan rejissordan və başqa uğursuz adamlardan danışmıram. Çünki onlar R.İbrahimbəyov kimi nəhəng sima haqqında söz demək üçün onun Azərbaycan və sənət üçün etdiklərinin heç olmasa yüzdə birini etməlidirlər.
Az-çox kinodan başı çıxan adam bilir ki, sənədli filmlə bədii film, həyat həqiqəti ilə sənət həqiqəti tamamilə başqa-başqa şeylərdir. R.İbrahimbəyov da məlum dövrdəki məlum hadisələrin bir hissəsini öz bədii həqiqəti üçün əsas götürmüşdür və real həyatda baş vermiş bəzi neqativ halların da filmdə yer alması heç də azərbaycanlıların aşağılanması demək deyildir. Əksinə, filmin əvvəlində bir qədər cəsarətsiz təsiri bağışlayan və yoldaşlarından gec suya tullanan (hündürlük fobiyası hamıda, xüsusilə də o yaşda uşaqda da ola bilər) Fərhad öz düzlüyü, cəsarəti və dostluğa sədaqəti ilə tamaşaçının rəğbətini qazanır. Filmdə Fərhad tanınmış və hörmətli şəxs, böyük bir elmi-tədqiqat institutunun direktoru olmaqla yanaşı həm də vətənpərvər ziyalıdır. O, iqtidardakıların razılığı ilə neft quyularının amansızcasına istismarına qarşı çıxır, neft hasilatını azaltmağı və post-neft dövrü üçün respublika iqtisadiyyatının inkişafı strategiyasını işləyib-hazırlamağı hökumətdən tələb edən yazılarla çıxış edir. Bu da tezliklə varlanmaq istəyən iqtidar mənsublarının xoşuna gəlmir və DTK sədrinin əli ilə ona tələ qurub, istefasına nail olurlar.
Fərhad həm də əsl azərbaycanlı kimi dostluqda vəfalıdır. O nəinki dostunun Bakıya gəlməsinə kömək edir, hətta o çətin dövrdə erməni millətindən olan bir şəxsi evində saxlayır. Əslində isə Eduard Aqayantsin yalnız ad-familiyası ermənilərə məxsusdur. O, Bakıda doğulub-böyüyüb, Vətəninə qarşı heç bir xəyanət və ya nankorluq etməyib, Qarabağ separatçıları ilə heç bir əlaqəsi yoxdur (hətta onlara qarşı məqaləyə də imza atıb), Moskvada yaşayır və savadlı göz həkimidir. R.İbrahimbəyov bizim düşmənimiz olan, torpaqlarımızı işğal edən, insanlarımıza min-bir əzab verərək yurdundan-yuvasından didərgin salan qaniçən erməninin yox, çoxmillətli Bakı ziyalılarından birinin obrazını yaradıb. Özü də qaragüruhun mümkün hücumlarını sanki qabaqcadan görərək həmin rola erməni yox, rus aktyoru dəvət edib. Ümumiyyətlə, bu filmdə heç bir erməni hər hansı bir şəkildə iştirak etmir. O ki qaldı filmin əsas mövzusuna, nəinki azərbaycanlı arvadı Elmira, hətta rus millətindən olan anası Vera da Timurun erməni ata adını və familiyasını qəbul etməsinin qəti əleyhinədir. Aeroportda Elmiranın verdiyi doğum haqqında şəhadətnaməyə gözünü ucu ilə də baxmayan Timur da deyir: “Daha o mənə gərək deyil. Mən öz qərarımı vermişəm”. Bütün bunlar elə-belə deyil, azərbaycanlı ssenaristin vətəndaş mövqeyidir. Lakin R.İbrahimbəyov daha da irəli gedir. Moskvada tamaşadan sonra qonağı – Qafqaz ermənisi Hamlet Eduard Aqayantsdan soruşanda ki niyə afişada onun oğlunun familiyası yoxdur, familiya dəyişmə məsələsinin təşəbbüskarı Aqayants sakitcə deyir: “Baş rolun ifaçısı mənim oğlum Timurdur, familiya isə heç bir əhəmiyyət kəsb etmir”. Bir ssenarist bundan da artıq nə yazmalı və göstərməlidir ki onun vətəndaş mövqeyi hamıya aydın olsun? Real həyatda da baş vermiş bəzi neqativ halların filmdə yer alması isə müəllifin ideyasına – ata və oğulun familiya dəyişmək məsələsindən vaz keçməsinə xidmət edir.
Son on ildə Azərbaycan iqtidarı tərəfindən R.İbrahimbəyova qarşı o qədər təzyiq və ədalətsizliklər olub ki, bu insanın hələ də müdrikcəsinə susub səbr etməsi təəccüb doğurur. Belə qərəzli münasibətin əvəzinə bu dünya şöhrətli Azərbaycan oğluna öz doğma vətənində də lazımi şərait yaradılsaydı, o filmini Tbilisidə, Moskvada və İspaniyada yox Bakıda çəkərdi, öz nüfuzu və imkanları hesabına millətimizə və dövlətimizə nə qədər fayda verə bilərdi! O ki qaldı Biləcəridə o yana keçə bilməyən, R.İbrahimbəyovun şöhrətinə və villalarına həsəd aparan paxıl və xəbislərə, əbəs yerə özlərini yormasınlar – yel qayadan heç nə apara bilməz.

Adil ZAMAN,
jurnalist.




34 dəfə oxundu

Axtarış