"Borc"
Müəllif: Meyxoş Abdullah


2017-11-28 10:07:57


Borc
( hekayə)

Onuncuların buraxılış imtahanlarıydı. Ədəbiyyat fənnindən imtahan götürürdüm. Şagirdlərimdən biri, gəlib oturdu qarşımda, bilet çəkib başladı fikirləşməyə.
Neçə ilin müəllimi idim, o dəqiqə anladım ki, “dostum” biletdəki sualların cavabını yaxşı bilmir. Əhəmiyyət vermədim, dedim kefi nə qədər istəyir, qoy fikirləşsin. Bir az da keçdi, gördüm ondan bir səs çıxmır, odur ki, üzümü şagirdimə tutub dedim:
Cümşüd, bala, danış da vaxt keçir axı.
Cümşüd bir az o yana qorcundu, bir az bu yana, sonra başladı sualların cavablarını nıqqana-nıqqana danışmağa. Ordan vurub, burdan çıxdı, burdan vurub ordan çıxdı. Onun danışığından bir şey başa düşəmmədim. Şagirdimin kirimişcə üzümə baxmasından hiss elədim ki, kişi dərsini danışıb qurtarıbdır.
- Hə, bala, nə oldu, danışıb qurtardınmı?! – deyə soruşdum.
Cümşüd barmaqlarını şaqqıldada-şaqqıldada:
- Bəli, müəllim, qurtarmışam! – dedi.
- Keç otur, - dedim, sənə “tramvay altında qalmış bir “3” yazıram.
Gördüm, Cümşüdün gözləri doldu, dodaqları əsməyə başladı. Başını aşağı salıb, mızıldana-mızıldana:
- Müəllim, dədəm məni instituta saldıracaq, adam da tapmışıq, - dedi, - nə olar, mənə bir dörd yaz da. Vaxt gələr sizin borcunuzdan çıxaram.
Onun bu sözlərindən sonra öz-özümə fikirləşdim ki, balam, paxıllığımın adı nədir, bir halda ki, kişi belə deyir, qoy o deyən olsun. Onsuz da, indi biliyi olan öz kəlləsiylə, olmayan da pulunun, adamının gücüylə ali məktəblərə girirlər də. Odur ki, üzümü Cümşüdə tutub dedim:
- Oğul, sənin mənə hörmətin-zadın lazım deyil, təki sən ali məktəbə daxil olasan, oranı qurtarıb bir işin qulpundan yapışasan, mənə ən böyük hədiyyən elə bu olar. Bir halda ki, bir dördlə sənin işin düzələcək, o dördü sənə yazıram.
Götürüb Cümşüdün imtahan vərəqəsinə yağlı bir dörd yazdım.
Vaxt gəldi, vədə ötdü eşitdim ki, Cümşüd polis məktəbinə daxil olub. Sevindim. Düşündüm ki, çox əcəb.
İllər yel kimi gəlib keçirdi. Kənd məktəbində işlədiyimə görə, rayona az-az çıxırdım. Bir dəfə necə oldusa işimlə əlaqədar olaraq rayona gəlməli oldum. İşlərimi görüb qurtarandan sonra, bazardan alış-veriş edib aldıqlarımı bir dükançının yanına qoyub, yaxındakı, üzr istəyirəm, ayaqyoluna girmək istəyəndə gördüm ki, ayaqyolundan bir polis işçisi çıxır. Polis məni görən kimi qollarını geniş açdı və məni bərk-bərk qucaqladı. Mən onu tanımadığıma görə maddım-maddım durub onun üzünə baxmağa başladım.
- Müəllim, - deyəsən məni tanımadınız? - deyə polis işçisi təəccüblə soruşdu.
Əlimi gözümün üstünə qoyub bir də diqqətlə onun üzünə baxdım və bu dəfə də onu tanımadığım üçün pərt halda üzr istəyib dedim:
- Nə deyim, qardaşoğlu, sifətiniz tanış gəlir, amma sizi harada gördüyümü xatırlaya bilmirəm.
Həmin şəxs bir də məni qucaqlayıb bağrına basandan sonra:
- Ay müəllim, nə tez yaddan çıxartdınız, Cümşüdəm də Cümşüd. İyirmi il bundan qabaq məktəbi qurtarmışam. Yadınıza gəlir buraxılış imtahanı, mənə üç yazmaq istəyirdiniz, ha... xahiş minnətdən sonra razılaşdıq. Siz Böyüş müəllim deyilsiniz?...
Əlimi alnıma vurub, başımı buladım:
- Ay səni, gör ha, qocalmışam demək. - Hə, tanıdım, Cümşüd... Cümşüd... Yadıma düşürsən, niyə düşmürsən? Maşallah olsun, deyəsən, lap böyüklərdənsən? – deyə onun çiyinlərindəki yan-yana düzülmüş ulduzlara işarə elədim.
- Hə, müəllim, polis kapitanıyam, bu yaxınlarda da mayor rütbəsi verməlidirlər.
- Çox gözəl, çox pakizə. Məni yaman sevindirdin, ay Cümşüd, - dedim.
Sonra o, qolumdan yapışıb:
- Böyüş müəllim, sizə nə qulluq eləyim, ürəyiniz nə istəyir, xahiş edirəm deyin? – dedi.
Keçmiş şagirdimin bu acizanə xahişinə mən də zarafatla cavab verdim:
- Ay saqqalı ağarmış, - dedim, - bu ayaqyolunun qabağında nə var ki, sən mənə qulluq göstərəsən? Yenə restoran-zad qabağı olsaydı dərdyarıydı. Birdəki, sənin sağlığın mənə bəsdir. Məktəbə girmisən oranı qurtarıb işləyirsən müəllim üçün bundan böyük nə ola bilər, hə?! Bunu deyib onunla təzədən qucaqlaşdıq və görüşüb, ayrıldıq. Mən ayaqyoluna, Cümşüd isə işinin dalısınca getdi.
Ayaqyolundan çıxıb əlimi cibimə saldım və pul çıxarıb orada təmizlik işləri aparan yaşlı qadına vermək istəyəndə qadın pulu almayıb dedi:
- Müəllim, sizin pulunuz çatibdır.
Təəccübləndim. Necə yəni çatıbdır? Kim verdi mənim pulumu?! – soruşdum
Yaşlı qadın əlini bazar tərəfə uzadıb dedi:
- Cümşüd müəllim verdi pulunuzu, - bazarın uçaskovusu. - Dedi ki, çoxdandi müəllimə borcum vardı, yaxşı oldu ki, rastlaşdıq, kişinin borcundan çıxa bildim.




5 dəfə oxundu

Axtarış