BU DÜNYA QƏM ÇEŞMƏSİ
Müəllif: Şirinxanım Şadiman


2018-12-01 17:01:01




Hər taleyə bir ömür, hər ömrə bir həyat var,
İnsanın ağılında açılmaz neçə qat var,
Şüurun fəqanından ürəkdə min cür çat var,
Bir tərəfdə göz yaşı, bir tərəfdə büsat var…
Ağrılara qul oldun, taleyin yatıb gedir,
Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.

Sabahın naləsinə gecənin ahı-zarı,
Hiylədən hiylə doğur bu insanlıq bazarı…
Hər beyində açılmaz haqqın müdrik gülzarı,
Bəşərin əməlinə layiqdi öz məzarı,
Bədən canın libası, libasın atıb gedir,
Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.

Hər ağrının öz ahı, hər ahın min fəryadı,
Dildə boğulur qalır ürəklərin imdadı,
İnsana rövnəq verir gözəl həyatın dadı,
Göz qızır, ağıl çaşır, unudulur Rəbb adı,
Ölən ömrün əzabın belinə çatıb gedir,
Bu dünya qəm çeşməsi, üzməyən batıb qedir.

Hər duyğunun baharı, hər baharda qış olur,
Allah xofu olmayan sinə, ürək daş olur
Ağıldan nalə qopur göz içində yaş olur,
Fitnəyə rəvac verən iblisə qardaş olur,
Qəlbində şeytan olan aləmi qatıb gedir.
Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.

Ağrılara əyilən əzabların quludu,
Doğulanın həyatı bir imtahan yoludu,
Ömrümüz keşməkeşlə, fəğanlarla doludu,
Boynumuza sarılan mələklərin qoludu,
Hansı doğulan insan tam kama çatıb gedir ?!…
Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.

Sitəmlərin içində min agrı, min acı var,
Hər doğulan bəndənin pak olmaq əlacı var,
Cahanın başı üstə Rəbbin şahlıq tacı var,
Könlü odda qovuran iblisin şər sacı var,
Diləkləri sinədə fitnəyə satıb gedir,
Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.

İnsanın vaxt açarı fələyin boğçasında,
Bahar payıza tacdı hər ömrün bağçasında,
Canımızın rəfi var Yaradan taxçasında,
Dil divara çalınır haqq-hesab mıxçasında,
Zaman ömur atını dalınca dartıb gedir…
Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.

17.11.2003
Şirinxanım Kərimbəyli ŞADİMAN



6 dəfə oxundu

Axtarış