ÇAĞDAŞ QARDAŞIM...
Müəllif: Zaur USTAC


2018-09-03 05:10:38


(Əsəd Cahangirə)


Müsahib hər zaman olmur mütalib,

Habili qardaşı öldüdü, qardaş...

Mümkünmü,  çağınla olasan çağdaş,

Həzrəti İsanı kim satdı, qardaş???



*        *        *

Qərbdə yandırıblar, Şərqdə asıblar,

Cənubda, Şimalda  dilin kəsiblər,

Yeni söz deyənlər, həp qan qusublar,

Pərvanə yananda xoşbəxtdi, qardaş...

*        *        *

Vüsalı şam olan  pərvanələrin,

Zamanı səhv düşən dürdanələrin,

Ağıldan tac geyən divanələrin,

Zamanı, məkanı bəllidi, qardaş...



*        *        *

Yusifi quyuya saldı  qardaşlar,

Rəsuli - Əkrəmə (s.o.) atıldı  daşlar,

Biləsən, nə qarın, nə zaman, nə də nə “daşlar”,

Heç zaman yandaşı sevmədi, qardaş...

*        *        *



Nəimi namını söküb aldılar,

Nəsimi Haqqını soyub aldılar,

Dahilər hər zaman tənha qaldılar,

Söylə, bunun hansı yalandı, qardaş???

*        *        *

Fərqli düşündülər, geydilər onlar,

Ancaq yaşamaqçün yedilər onlar,

“Zəmanə adamı” olmadı onlar,

Çoxunun taleyi eynidi, qardaş...

*        *        *

Müasir dediyin, sirdi, kələfdi,

Fərqli düşünənin sonu tələfdi,

Ustacın diləyi, Tanrıdan əfvdi:

- Özü bağışlasın çağdaşı, qardaş...

02.09.2018.(09:39-39’) Bakı.


Müəllif : Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz




11 dəfə oxundu

Axtarış