"Calaq"
Müəllif: Meyxoş Abdullah


2017-11-28 10:06:53


Calaq...
(hekayə)

... Həyətimizin tən ortasında qollu-budaqlı bir tut ağacı vardı. Dünyaya göz açandan, o tut ağacını eləcə boy- buxunlu, budaqlarının ucları az qala göyə dirənən görmüşdüm. Kəndin hansı yanından baxsaydın, gözünə dəyən birinci o tut ağacı olacaqdı. Bu, yarımdünya tut ağacının yaz-yay ayları özgə ləzzəti olardı. İstidən adamın nəfəsinin qaralan vaxtı, tutun kölgəsinə kilimdən, palazdan atıb bir stəkan çay içməklə, elə bil behişti satın almış olurdun. Gecələr bürküdən bağırların daralan vaxtı, hardansa sərinliyi çəkib gətirərdi bu tut ağacı. Bir- birinin “böyrünü qıdıqlayaraq, xışıltıyla gülən yarpaqların səsi”, yayın qorabişirən vaxtı adamın ürəyinə elə bil sərin su çiləyirdi. Gövdəsindəki kələ-kötür “qırışlar”, bu azman tut ağacının tarixlər yola saldığından xəbər verirdi. Tut ağacının barı-bəhəri yox idi, hamı bu tuta “erkək tut” deyirdilər. Doğurdan da, bu tutun boy- buxunundan, üç-dörd adamın əl-ələ tutanda bir- birlərinə əlləri yetməyən gövdəsinə, göy üzünə çətir tutmuş enli şax- şəvəlinə baxanda, onda “kişilik”, “erkəklik” nişanəsinin şahidi olurdun. Çünki ətrafdakı “dişi tut” ağaclarının gövdələri də, boy-buxunları da qadın incəliyindən, qadın zərifliyindən xəbər verirdi. Hətta, onların meyvə gətirən vaxtı, budaqlarının sıxlaşıb, toplaşması və yavaş- yavaş yerə doğru sallaşması, sanki qısa vurulmuş qız saçlarını bənzəyirdi.
Bir gün evdəkilərin hansınınsa ağlına gəldi ki, qapıdakı erkək tutun da qol-budağını kəsib, “dişi tut”un budaqlarından calaq edilsin. – Nə eyibi var, qoy meyvə gətirsin də, - dedilər.
Kənddə arpabiçilən vaxtı, calaq işindən başı çıxanın birini gətirib, tut ağacını budayıb, tökdülər yerə. Sonra qonşuluqdakı “dişi tut”ların nazik budaqlarından kəsib, calaq elədilər onun kəsilmiş budaqlarının yerinə.
Həftələr keçdi, aylar ötdü, yerin lap təkindən qidalanan “erkək tut”, az müddətdə üstündəki kövrək budaqları böyüdüb, xeyli qaldırdı. Növbəti il budaqlar bolluca meyvə gətirdilər. Və elə bu vaxt qəribə bir hal baş verdi. Tut gilələri ala-kal olan kimi, tut ağacı birdən-birə qurudu. Elə qurudu ki, üstündə nə bir yaşıl yarpaq qaldı, nə də dərdə dərmanlıq bircə tut giləsi.
Təbiətin sərt və amansız qanunları varmış, sən demə... “Erkək tut” ağacı da, bu dəyişikliyi öz şəninə sığdırmadı. O, ucalığını, “erkəkliyini” itirdiyinə görə, “ölməyi” üstün tutdu...


4 dəfə oxundu

Axtarış