Can bazarı
Müəllif: Mükafat Yaqub


11.11.2019


Mükafat Yaqub
Can bazarı

Haqqı deyib sıxılmaqdan üzüldüm,
Cana gəldi canım, can bazarında.
Bərk sıxıldım, pətəyimdən süzüldüm,
Acı oldu balım, şan bazarında.

Səbr elə, dinmə, danışma dedilər,
Küfr elə, görmə, qarışma dedilər.
Şur ilə özləri, haram yedilər,
Möhtac oldum tamam, nan bazarında.

Hirsindən çalxanıb daşarsa dərya,
Dərdini qəvvasa qoşarsa dərya,
Qumları sahildə başarsa fəryad,
Qarışar aləm, mərcan bazarında.

Ürək də dözmür bu hala, nə deyim,
Arxadan iş çevirir dost dediyim.
Can deyib, canımı qurban dediyim,
Qəsd etdi cana, giryan bazarında.

Salam verənlərə baxar ikrahla,
Həris gözləriylə ölü məddahlar.
Enəndə kürsüdən külli-dəsgahla,
Çarəsiz qalar, üryan bazarında.

Tülkülər çoxalıb, lüt- üryan gəzir,
Həvəngi əlində çaqqal can gəzir.
Abrına sığınıb, Aslan yan gəzir,
Nırxı təp-təzə şeytan bazarında.

Doğrunu yalana tay elədilər,
Mərdi də böhtana pay elədilər.
Köhləni çullayıb zay elədilər,
Köhnə bu, Azərbaycan bazarında.
Mükafat Yaqubov


12 dəfə oxundu

Axtarış