Cəvahir Tanrıverdi - Gün o gün oldu
Müəllif: YAZARLAR.AZ


17.03.2021


GÜN O GÜN OLDU

"Gün o gün olsun",- dedik
Bəzən küskün ümidlə.
"Gün o gün olsun",-dedik
Bəzən susqun ürəklə.

"Gün o gün olsun", - dedik,-
"Gələn il tonqal çataq
Şuşada, Kəlbəcərdə."
Bir cümləyə sığındı
Dünya boyda dilək də.

Dilimiz kösöv oldu
Bu alovlu arzudan.
Bəzən qınadıq, küsdük
Bu sözü eşitdikcə
Hər deyən eloğludan.

Yuxudurmu, İlahi,
Şuşada yanan tonqal?
Yoxsa alışıb yanan
Ürəklərin odudur?..
Yoxsa hər il söylənən
İnsanların alovlu
Arzusudur, kamıdır?

Tonqal Dədəm Qorqudun
İllərlə gözlədiyi
Şadlıq nişanəsidir.
Bütöv Azərbaycana
Vüsalından nur verən
Sevgi pərvanəsidir.
Qanad gərib vətənə
"Gün o gün oldu",-deyir
Tonqal çırtıltısıyla.

İllərlə qızınmadıq
Hər alışan tonqalın
İstisinə, oduna.
Üzümüzdə don gülüş,
Qəlbimiz qan ağladı.
Qaladıqca, arzular
Sinəmizi dağladı.

Biz indi qızınırıq
Şuşadakı ocaqla.
Bakı, Quba, Lənkəran,
Qazax, Şəki, Naxçıvan,
Hətta Təbriz də indi
Qızınır bu ocaqdan.

Ey Günəşdən nur alan,
Torpaqdan ilhamlanan,
Şuşada yanan tonqal,
Sənin dəyərini biz
Nə ilə ölçək, söylə?
Ölçü vahidləri də
Bu ölçüyə sığışmır.
Dünyada heç bir alov
Bax səninlə yarışmır.

Sən varsan, alışırsan,
Yaşa, tonqalım, yaşa!
"Gün o gün olsun",-dedik,
Gün bu gün oldu, Şuşa.

17 mart 2021.
Müəllif: Cəvahir Tanrıverdi

5 dəfə oxundu

Axtarış