Ceyhun Ağabəy "Həqiqət bölünmür təriqətlərə"
Müəllif: Şirinxanım Şadiman


2018-12-05 17:27:12


Qeyd: Ceyhun Ağabəyi " Həqiqət bölünmür təriqətlərə" adlı yeni çapdan çıxmış kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edirəm...

ÖN SÖZ
RUHUN EHTIYACI

Vətənimizin şimal bölgəsinin sayılıb seçilən şairlərindən biri də Ceyhun Ağabəydir. O, Qusar rayonunun Balaqusar kənd orta məktəbində tarix müəllimi işləyir. Bununla yanaşı Ceyhun müəllim ədəbi aləmdə də öz sözünü deyən sənətkarlar sırasındadır. Bir neçə şeir kitabının müəllifi olan şairin yaradıcılığı ilə “Erməni həkimin borcu” hekayəsindən tanışam. Hekayə erməni millətindən olan bir həkimin bilərəkdən insan həyatına vurduğu acı nəticələrdən bəhs edir. Özgələrə can deyib, özünü biganəlik düsturu ilə kökləyən xalğımıza bu hekayəni kitab şəkildə çap olunandan sonra oxumasını tövsiyyə edərdim. Bu bizim başımıza gələn facilərdən bircəciyidir.
Ceyhun Ağabəy “ Erməni həkimin borcu” kitabı ilə paralel “ Talelər də şəhid olur” şeir kitabını çapa hazırlayıb. Onun şeirləriylə bir çox saytlarda tanışlığımla bağlı olaraq kitab haqqında ön söz yazmaq ürəyimdən keçdi, çünki şeirlərin tutumu, dəyəri o qədər cəlbedicidir ki, qələmi olan bu şeirlərə söz deməmiş keçə bilməz.
Müəllifin “Talelər də şəhid olur” şeirinin ilk bəndinə diqqət edək:

Alovundan ləzzət alır,
Altında gizlənən kömür.
Ruhani əlində qalır,
Allahdan verilən ömür,
Talelər də…, şəhid olur.

Dərin mənalar kəsb edən bu bənddə şair “Allahdan verilən ömür”ün ruhanilər əlində oyuncağa çevrildiyindən, insan taleləri ilə oyanıldığından bəhs edir. Dinlərin insanlara sülh, məhəbbət yox, fəlakət gətirdiyi açıq-aydın göz önündədir...Mən də şairin fikri ilə razıyam, Allaha yetməyin yolu elmdən keçir. İnsanı xoşbəxt edən, ruhunu xeyrə tuşlayan, varlığını təmizləyən elmdir, elmsiz insan cansız əşya kimidir. Gənc ikən parlayar, yaşlandıqca qubarlayar, amma elm əhli olan yaşlandıqca günəş təki şəfəq saçar, istisinə aləm qızınar.
Şeir dərin mənalarla dolu olduğundan növbəti bəndlərlə məqaləmi cilalamaq qənaətinə gəldim:

Ömrümüzə hökm eləyən,
Ölüm bizə müqəddəslik.
Cümlələri cücərməyən,
Bəxtimizdədi şəhidlik,
Kəlmələr də…, şəhid olur.

Kədər qoyub içimizə -
Məyər o bizi yaradan?
Haqqımızı vermir bizə,
Ömrümüzü yeyir nadan,
Ölənlər də…, şəhid olur.

Bəli, biz həyatda sağ ikən bilirik ki, öləcəyik, amma həyat eşqi son ana qədər insanla addımlayır, insan bu qayədən bir an özünü kənarda sanmır, sanarsa ömrü sönər, hansısa nadan ömrümüzü puç etsə də, ruhdan düşmürük, arzular bizi tərk etmir, həyat eşqi sönmür, amma istəyimizi həyatdan könlümüzcə ala bilmədiyimiz üçün şair demiş: “talelər, kəlmələr, ölənlər şəhid olur”. Əslində yaşadığımız reallıq budur, şair də bu həqiqəti misraların sığalına çəkib. Elə kitabın adını da “ Talelər də şəhid olur” qoyub.
Müəllif növbəti şeirini “ Adsız şeirlərdən” adı ilə verib. Şeir başdan-başa fəlsəfi düşüncələr burulğanında çalxalanır:

İnsana güvənmək olmaz,
Sonda insan ölür axı.
Sevgilər həsrətə dönür,
Çünki insan sevir axı.

Müəllifin şerində insan varlığının ölüm-qalım məsələsi ilham süzgəcindən keçərək misralar içində boy göstərir. Heca vəzininin 8-lik bölgüsündə oynaq söz çalarları ilə köklənmiş bəndlər, adamı öz kimliyini düşünməyə vadar edir:

Tale bağlıdır fələyə,
Fələksə düşür ələyə.
Gözdən girir eşq ürəyə,
Gözdən düşür gedir axı.

Bəndlərin bir-birindən söz tutumu, dərinliyi adamı heyran edir. Doğrudan da Ceyhun Ağabəyin şeirləri ilə tanış olarkən görürsən ki, müəllif sözləri bir-birin arxasınca düzmək xatirinə ədəbiyyata gəlməmişdir. Onun şeirlərində dərin məna, fəlsəfi düşüncə, şeiriyyət, şeiriyyətin əsas amillərindən ilki olan axıcılıq öndədir. Bəzi şeirlərində ara-sıra qafiyə pozuntuları ilə rastlansam da, bu heç də şerin dərinliyinə, gözəlliyinə xələl gətirmir.
Müəllifin “Dağıt” şerinin son bəndinə diqqət edək:

Safam görmürsənmi məni?
Mənlik deyil çirkab həyat.
Tanrı dağıt bu düzəni,
Dağıt təzədən gəl yarat.

Əsil şairlərin ruhu təmizdir, pakdır. Onlar yaşadıqları həyatda ömürləri boyu əzab çəkirlər, onlara hər şey təsir edir, ürəklərində bütün dünyanın ağrı-acılarını daşıyırlar. Bəlkə də Allah yerdəki bəndələrinə demək istədiklərini şairlər vasitəsiylə bəyan edir, amma heç kim bunun zərrə qədər fərqinə varmır. Adi insanlardan tutmuş söz xiridarlarına qədər adamların dilinin əzbəridir, ürək! Həyatımız ondan aslıdır, hansı anda dayansa, ömrümüz də sona yetər. Mənə elə gəlir ki, ürək təkcə mator rolu oynamır, o həm də beyinlə əlaqəlidir və hislər burulğanında çarpışmadadı. İnsan ürəyə tapınanda bir çox xətalarla baş-başa qalır, amma ağılla hərəkət edəndə kamal onu hifz edir. Elə Ceyhun müəllimin “Ağıllıyam ürək səndən” şeri də bu ovqata köklənib:


Niyə alışıb yanırsan,
Ürək, axı yoruluram.
Niyə bu qədər həssassan?
Səni daim qoruyuram,
Görmürəm heç kömək səndən,
Ağıllıyam ürək səndən.

Həqiqətən adam ağıllı olmağın acısını və şirinini doğulduğu gündən ölənə qədər hiss edir. Bəzən insan ətrafindan gördüyü qeri-insani münasibətdən təngə gəlir. İçində dərin düşüncə sahibi olmayanlara qibtə hissi yaranır. Hərdən bir ruhuna qarşı üsyana da qalxır. Allahın ona bəxş etdiyi idraka öz içində tənələr yağdırır. Ağıllı olmağın şirinliyi isə fərdin ömrü boyu qazandığı uğurlarla bağlıdır. Əgər bu uğurlar onun nəsibi olarsa...Ceyhun Ağabəyin “Adsız şeirlər”indən birində deyildiyi kimi:

Axır göz yaşları dolur içinə,
Yıxılır içində boğulur adam.
Dəli atın çapır doğan gününə,
Ağıllı olmaqdan yorulur adam.

Müəllifin insan həyatını ilahi eşqlə ovsunlayan, dünyanın keşməkeşlərini bir anda içindən yox edən sevgi şeirlərindən ötərgi keçmək olmur. Öz eşqini sevdiyinə misra-misra izhar edən şair, həqiqi məhəbbətin otəri bir hiss olmadığı anlamına gəlir. Sevənləri bu hissə biganə yanaşmamağa səsləyir. Onun “Öz bildiyim kimi” şeiri oxucu ürəyini riqqətə gətirən, onu şahanə sevgi ilə dolduran gözəl bir şeir nümunəsidir:

Ruhumuz birdi bilirsən,
Min ildir duyursan məni.
Sev məni necə sevirsən,
İcazə ver mən də səni,
Sevim öz bildiyim kimi.

Təmizliyin, saflığın çıraqla axtarılıdığı bir zamanda yaşayırıq. Atalar demiş: Heç kəs ayranına turş demir, hərə öz bildiyi kimi dünyanı dərk edir, öz ağlının sehirinə çevirir dünyanı. Vicdanların sözaldığı, zülmün, işgəncənin, qan-qırğının ayaq tutub yerdiyi bir zaman daşıyıcılarıyıq. Şair bu ağrılar girdabında qələminə sığınıb, Allahına üz tutur “Allah, bu ürəyi dəyiş mənimçün” deyir:

Ağlımı, ruhumu yerində saxla,
Başımı, qolumu yerində saxla.
Közümü, odumu yerində saxla,
Allah, bu ürəyi dəyiş mənimçün.

Ruhun ehtiyacı ilə çarpışmada olan şair milyonların ağrı-ağıları ilə cilalanmış dünyanın hönkürtüləri içindən döğan misralarını ürəyini diqtəsi ilə bəndlərə düzür, bənna evin özülünü əsas götürdüyü kimi, şair də deyəcəyi sözləri ilahamının ovqatına kökləyir. Ceyhun Ağabəyin heca vəzinin on dördlük bölgüsündə qələmə alınmış“ Keçirik şeirinə diqqət edək:


Hicran yoldaşdı bizə, vüsal anidi, ani,
Dərdlərin yaylağından, qışlağına keçirik.
Taleyin ovundayıq, tutur, oynadır bizi,
Qarmağından çıxırıq, oymağına keçirik.

Doğrudan da keşməkeşli həyat yolları insanın yaşadığı bir ömür boyu asan olmur. Necə deyərlər varlının varlı dərdi, kasıbın kasıb dərdi var. Ömrün çətinliklərinə sinə gərib qalib çıxan həmişə öndədir. Büdrəyənlər isə ağıla tapınmasa, sonra ömrünə düşəcək günlər əziyyətlə dolu olur, iblisin vəsvəsəsinə qapılan, haqdan qaçan sonda müəllifin özü demiş şeytanın barmağına keçir:

Ceyhun, sən də həyatı yozursan neçə kərə,
Pənah yoxdu Allaha, inanan yoxdu pirə.
Tanrımızdan ayrılıb nişanlanırıq yerə,
Babamıztək şeytanın barmağına keçirik.

Dinləri əlində oyuncaq etmiş, milyonları öz düşüncələrinə tabe edən təriqət sövdəgərləri Allah adından alver edirlər. Yaranışdan insanı düşündürən bir sual var. Bu dünyaya niyə gəldim? Çəkdiyim əziyyətlərin müqabilində bir gün yox olacam. Bu yox olmanın qorxusu insanı ölmümdən sonrakı həyata bağlayır. Elə buna görə də insan dinlər və təriqətlər içində çapalamadadı. Müəllifin “Həqiqət bölünmür təriqətlərə” şeiri bu qəbildəndir:

Hamı öz qəlbində özün düz sanır,
Hamı yaxın imiş həqiqətlərə.
Niyə başa düşmür axı insanlar,
Həqiqət bölünmür təriqətlərə?!

Şairlər dünya acılarını içlərinə çəkən yeganə varlıqlardır, onlara hər şey təsir edir, təbiət hadisələrindən tutmuş biganəliklə dolu dünyamızın üzüntüləri bu həqiqət carçılarını bir an rahat buraxmır. Hər şeydə düzlük, təmizlik axtaran, hər cür dönüklükdən, real həyatın fırtınalarından dəhşətə gələn təb adamları ruhlarının ağrılarını sözlə ovundururlar. “Düşünürəm adamları” şerindən yuxarda izhar etdiklərimə tutarlı dəlildir:

Çox sevirəm insanları,
Ucaldıram qəlbdə, sözdə.
Düşünürəm adamları,
Azıram sifətdə, gözdə,
Şifrəyə, koda düşürəm.

Vətən acılarını tutarlı sözlərlə nəzmə çəkən müəllif, başımıza gələn müsibətlərin kökündə özümüzün durduğunu etiraf edir. Ümumiyyətlə, itirə-itirə gedən xalqımızın mənəviyyatının öləzidiyinin fərqində olmaması bizi uçuruma aparır. Onun “Torpağı çoban qorudu”şeirinin sönuncu misralarına diqqət edək:

Vətəni sevə bilməyib,
Vətən dərsi keçənlərə.
Gəl hamımız çoban olaq,
Alaq bir dənə dəyənək.
İçimizdəki mənləri,
Şeytanları kötəkləyək!

İnsanı saflaşdıran, durulaşdıran, aliləşdirən məhəbbətdir. İnsan sevməsə yaşaya bilməz. Həyatı istəklərini qəlbində daşıyanların yolu sevgiyə düşmürsə, onlar cılızlaşır, qəddarlaşır, hər cür cinayətlərə əl atır. Sevgisiz ürək, suyu kəsilmiş dəyirmandır, boş-boşuna fırlanar. İnsanı ruhsal edən, onu mənəvi dünyaya bağlayan sevgidir. İlahi eşqin ucalığına varanlar bulaq kimi dupduru olurlar. Ceyhun Ağabəyin “ Əllər” şeirinin
sonuncu bəndində deyildiyi kimi:

Sənsiz günüm qara, illərim hədər,
Qəlbimdəki sözəm, dilindən aslı.
Daşı ürəyimi Allaha qədər,
Bilirəm aslıyam, əlindən aslı.

Müəllifin bir-birindən mətiqli, fəlsəfi duyumlu şeirləri ilə tanış olduqca hər biri haqqında bir xeyli söz söyləmək olar. Əlqərəz, dəyərli oxucularımı yormamaq üçün “ Talelər də şəhid olur” toplusuna yazdığım ön sözü “Bilirsənmi mən kiməm?” şeirindən bir parça ilə sona yetirmək istəyirəm:

Bilirəm ki, nə vaxtsa
Mən yadına düşücəm.
Qaça-qaça kiçilib,
Uca-uca dönəcəm.
Mən sənin gözlərində
Yenidən böyüyəcəm.

Beləliklə, dəyərli oxucular tövsiyyə edərdim ki, cavan nəsilin nümayəndəsi olan istedadlı qələm adamı, şair-jurnalist Ceyhun Agabəyin “ Talelər də şəhid olur” kitabına diqqət ayırsınlar, çünki bir-birindən axıcı, fəlsəfi duyumlu şeirlər insanı cilalaşdırır, ruhunu saflaşdırır, həyat eşqini artırır.
Müəllif həm də gələcəyimiz olan uşaqlarımızın təlim-tərbiyyəsi ilə, bilik və bacarığının artırılmasıyla məşğuldu. Ona işlədiyi peşədə və bədii yaradıcılıqda könül dolusu uğurlar arzulayıram, çünki müəllim peşəsi müqəddəs peşədi, biz həyatda nəyi qazanmışıqsa elm anlamında, müəllimlərimizə borcluyuq! Müəllim haqqı ziya haqqıdı, Allah ziyamızı sozaltmasın, gözümüzdən və içimizdən nurumuzu almasın, bizi zülmətə salmasın. Amin...

26.08.2016
Şirinxanım Kərimbəyli ŞADIMAN



6 dəfə oxundu

Axtarış