Çörək pulu və Şəxsiyyət
Müəllif: Azəryar Vaqif


20.03.2019



10 sentyabr 2009 г.
Çörək pulu və Şəxsiyyət

Aktyorlarla tamaşanın məşqini eləyirəm. Məşq üçün ayrılmış vaxtdan səmərəli istifadə etməyə can atsam da, bir şey alınmır. Yenə bir neçə aktyoru tez buraxmalıyam, çünki onlar “çörək pulu” dalınca getməlidirlər. Hərənin özünə “çörək pulu” qazanmaq variantı var: toyda tamada kimi, müxtəlif tədbirlərdə təlxək kimi, çox az hallarda reklam, klip, filmdə çəkilmək üçün və s. Bu, adi bir haldır. O qədər adidir ki, hətta onu dəyişmək üçün cəhd etsən, sənə təəccüblə baxarlar və əgər israr etsən “çörək puluna” qənim kəsilmiş düşmən sifətində görünərsən. Ancaq mən aktyorları buna görə qınamıram. Bir şərtlə ki, professionallığın tələblərinə uyğun iş görsünlər, yəni məşqə hazır gəlsinlər, rol üzərində işin dərinliklərinə bələd olsunlar, fəal və təşəbbüskar olsunlar. Bir sözlə, Şəxsiyyət olsunlar.Əslində, bu söz yaradıcı işlə məşğul olan hər bir kəsə: aktyora, rejissora, şairə, bəstəkara və ümumiyyətlə, normal cəmiyyətin əksər üzvlərinə aiddir.
Bəli, “çörəkpulu” marafonunda Şəxsiyyət kimi qalmaq çətin məsələdir. Şəxsiyyət olmayan yerdə incəsənətin, elmin, siyasət və iqtisadiyyatın inkişafı müşkül məsələdir. Bəziləri inkişafla mövcudluğu eyni bir hal kimi qəbul edirlər. Halbuki mövcud olmaq, hələ inkişaf etmək deyil. Bəli, Şəxsiyyət olmayan yerdə cəmiyyətin bütün sahələrində ancaq mövcudluq mümkündür. Bu mövcud olma ancaq imitasiya, təqlid etmə şəklində təzahür edir.Yəni həyat və onun inkişafınin imitasiyası əsl həyatın yerini tutur. Qəribə görünsə də, bu mümkündür. Sadə bir misal: qorxaq insan özünü cəsur kimi qələmə verir. Bununla o cəsur olmur, cəsurluğu təqlid edərək, sanki cəsurdur təsəvvürünü yaratmağa can atır. Maraqlıdır ki, təbiətdə bu üsuldan istifadə edən çoxlu canlı vardır. Bu, əsasən özünümüdafiə hallarında baş verir.Təqibin amansızlığını görən tülkü birdən-birə “ölür”. Ancaq bu “ölüm” təqib edənin fikrini azdırmaq üçün işlədilən bir fənddir, əsl ölümün imitasiyasıdır. Bir çox hallarda bu imitasiya tülküyə canını düşmən əlindən qurtarmağa kömək edir. Canlı aləmin mahiyyətində bir qlobal prinsip var: mənsub olduğu növün, sinfin mövcudluğunu təmin etmək. Hələ ki bu mexanizm işləyir canlı aləm var olacaq.
Bir canlı olaraq insanlar da bu prinsipə tabedir, ancaq təkamülün hansısa mərhələsində insan sürüsünü insan cəmiyyətinə çevirən bir hadisə baş verir: insanlar arsında özünü dərk etməyə meyl edən fərdlər- ilk şəxsiyyətlər yetişir. Onlar insanın fəaliyyət və davranışında bir ali rəhbəredici prinsipin olduğunu bəyan edirlər: hər şeydə Doğru və Xalis olmaq. Bu yoldan kənarda mövcudluq var, inkişaf yoxdur. Saxtalıq və Yalan olan yerdə həyatın imitasiyası var, həyatın özü isə yoxdur. Insanın içində olan Doğru və Xalislik daima yaşanmağını gözləyir. Bəşəriyyət Doğru və Xalisliyi nə qədər yaşadıbsa( Səmimi yanlışlığı da bura aid etmək olar), onun həqiqi tarixi də, yaşı da o qədərdir. Saxtalıq və Yalan ancaq illüziya tarixini yaradır. Bu mənada bir həqiqi, bir də illüzor həyat var. Illüzor həyat milyon illər də yaşansa, həqiqi həyatın bircə anlıq inkişafına nail ola bilməz.
Bəlkə də, bu fikirlər kiməsə çox mücərrəd və açdığım söhbətdən uzağ görsənə bilər. Ola bilər... Ancaq bu yerdə Məhəmməd Füzulinin
“Füzuli bəhrə verməz taəti-naqis, nədir cəhdin
Kərəm qıl, zərqi taət surətində həddən aşurma!”
beytini bir balaca sadələşdirib deyirəm: nə qədər cəhd eləsən də, Yalan və Saxtalıq bəhrəsizdir. Özünə yazığın gəlsin, bu yolda həddini aşma. Və ümumiyyətlə, bu yolla getmə. Nə isə...
Qayıdaq mövcudolmaya, həyatın və inkişafın imitasiyasına, bir də ki, Şəxsiyyətə. İnsanı Şəxsiyyət edən ən vacib şərt mənəvi dəyərlərə sadiqlikdir. Ona görə də heç bir “çörək pulu”, “zəmanə korlanıb” və s. söhbətlər mənəviyyatsızlığı doğrulda bilməz. Müəyyən tip adamlar var ki, dəhşətli bir acgözlüklə istənilən addımı atırlar ki, bir yüksək mənsəb, var-dövlət, pul sahibi olsunlar. Özlərinin də çox gülməli bir devizi var- “balalar üçün çörək pulu qazanıram”... Min bir əziyyətə qatlaşıb həqiqətən ancaq çörəyə çatan pul qazananın dilindən bu sözləri eşitmək nə qədər təbii və ehtiram doğurandırsa, başqalarının haqqını tapdalamaq və vəhşicəsinə talamaq hesabına milyonlar qamarlayanların dilindən eşitmək, o qədər süni və ikrah doğurandır. Belə çıxır ki, övladları onların mənəviyyatsızlıqlarının səbəbkarıdır. Burda bir haşiyə çıxmaq istəyirəm: mən insanları sosial vəziyyətinə görə ayırmıram. Şəxsiyyətsiz adamlar bütün təbəqələrdə var. Yəni ən adi bir işdə işləyən də həmkarının haqqını rahatca yeyib: “balalar üçün qazanıram” deyə bilir. Və heç bir vəchlə istəməzdim ki, Doğru və Xalislik prinsipinə əməl edərək böyük hörmət qazanmış, sərvətə malik olmuş şəxsiyyətlərin adına ləkə gəlsin. Əslində, Doğru və Xalislik bir prinsip kimi hökm sürən yerdə insanlar firavan yaşayır, orda inkişaf olduğu üçün, həyat illüzor yox, həqiqi olur.
Yaxşı, bəs Yalan və Saxtalıq, Doğru və Xalisi üstələyibsə, onda necə olsun? Axı, həqiqətən adi çörək pulunu qazanmaq müşkülə çevrilib. Məncə, belə demək düzgün olardı ki, səxsiyyətini gözləyən adamın çörək pulu qazanması müşküldür. Şəxsiyyətini itirəndən sonra burda heç bir müşkül qalmır. Mənim bir “əməkdar” dostum var, deyir, axşama siqaretim bir də çayım varsa, özümü çox rahat hiss eləyirəm. Dzen buddizmdə deyilir ki, əgər ölkədə “icraçılar” yaradıcılıqla, “yaradıcılar” isə icra etməklə məşğuldursa, onda heç nə eləmə, çəkil kənara. Füzuli belə hallarda məsləhət görürdü ki:
“Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl,
Diyari-Rum gözət, tərki-xaki- Bağdad et!”
Və bir sıra insanlar məhz belə də ediblər. Fərq ondadır ki, onların coğrafiyası tək diyari-Rumla məhdudlaşmır. Bir də ki, şəxsiyyətsizlik problemi bütün dünya üçün aktualdır. Özü də mən istəməzdim ki, söhbətimdə giley-güzar notları eşidilsin. Istəyim problemi görüb də çıxış yolunu axtaranlarla həmrəy olduğumu bildirmək, tərəddüd edənləri inamlı olmağa, ruhdan düşməməyə çağırmaqdır. Sözsüz ki, bu cəhdimdə böyük bir iddia var.Əslində, bu, iddia deyil, inamdır. Bu inam o qədər güclüdür ki, mən Doğru və Xalislik prinsipinə Yerin cazibə qanununa inandığlm kimi inanıram. Yəni, onlar mütləqdir! Düzdü, mənim də ruhdan düşən, bədbinləşən halım olur. Çox vaxt “çörək pulu” məni öz ağuşuna alıb nəfəsimi kəsənə qədər bağrına basır. Onda mən baron Münhauzen kimi əlimi atıb yapışıram saçımdan və özümü bu bataqlıqdan dartıb çıxarıram. Sizə deyim ki, fizikanın mexanika qanunlarına zidd olsa da, bu, mümkündür. Bir də ki, fizika tək mexanikadan ibarət deyil ki? Orda daha möcüzəli şeylər var.
Mənim üçün şəxsiyyət öz real “Mən”inə sadiq qalan, özünün unikal və əvəzolunmaz olduğuna, xeyirxah və böyük işlər görməyə qadir olduğuna inanan insandır. Özü də bu keyfiyyətlər potensiyada bütün insanlara verilib. Ancaq təəssüflər olsun ki, müasir insan bu anlamdan uzaq düşüb. Yanlış və ziyanlı dəyərlər dairəsindədir. O şey ki, vasitə olmalıdır, o, məqsədə çevrilib. Yəni “çörək pulu” həyatın məqsədinə çevrilirsə, insan cılızlaşır, insanlıqdan çıxıb düzgün olmayan məqsədə qulluq edən funksiyaya çevrilir. Insan öz real “Mən”inin maraqlarına deyil, uydurma dəyərlərə can atır: pula, hakimiyyətə, ad-sana. Pul da, hakimiyyət də, ad-san da məqsəd yox, vasitə olmalıdır. İnsanın içindəki Doğru və Xalisi yaşatmaq üçün vasitə. Ona görə insan hər bir şeyi özü üçün etməlidir. Bu fikir bəzilərini çaşdıra bilər. Necə yəni “özü üçün ” etməlidir? Burda eqosentrizm var deyərlər. Ancaq darıxmayın, dostlar. Gəlin demoqogiyadan bir balaca uzaqlaşaq. Bir təsəvvür edin: dəhşətli ağrı və sarsıntılar içərisində dünyaya uşaq gətirən ana deyir ki, mən bu uşağı vətən üçün (xalq, elm, və s. yolunda) doğuram. Sizcə, belə bir hal nə deməkdir? Mən bioloji ana rolu oynayıb başqaları üçün uşaq doğan qadınları anormal cəmiyyətin məhsulu sayıram. Qısası, nəyisə özü üçün eləmək sadə bir şeyi- həqiqəti etiraf etməkdir. Bu çox vacib bir məqamdır. Bəlkə də bunun üzərində bir az geniş dayanmağına dəyər. Çünki demoqogiyanın hökm sürdüyü bir məkanda belə şeylər asan başa düşülmür. Çünki ideologiyanın, təbliğat-propaqandanın mexanizmi insanların şüurunu Xalis və Doğrudan uzaqlaşdırır. Təsəvvür edin ki, taksi sürücüsü sərnişinə deyir ki, mən xalqıma, vətənimə xidmət eləmək üçün taksidə işləyirəm; jurnalist də eləcə, müəllim də, biznesmen də, hərbçi də, nazir də, prezident də eləcə - hamısı ancaq xalqa, vətənə, bəşəriyyətə xidmət eləmək üçün sən demə çalışırmış. Məni ən çox güldürən inəcəsənət sahəsində işləyənlərin – bütün ömrümü sənətə qurban vermişəm deməyidir. Bəlkə də mənim gülməyim kiminsə xətrinə dəyər, elələri varsa, onların halına acımaqdan başqa bir hiss ifadə edə bilmərəm. Mən sadəcə, fikirləşirəm ki, görəsən Dədə Qorqud da soy soylamağı, boy boulamağı Oğuz elinə minnət üçün eləyirmiş, yoxsa elməsə, ölərmiş?! Yəni o, içindəki Doğru və Xalisi yaşatmaqdan başqa bir yol da seçə bilərmiş? Düşünürəm ki, yox! Başqa cür olsaydı, o deməzdi ki, “Yalan söz bu dünyada olunca, olmasa, yey!” . Nə isə... Bu məsələ ətrafında polemikaya ehtiyac varsa, hazıram.
Çörək hamıya lazımdır və onu almaq üçün hamıya çörək pulu lazımdır. Ancaq o çörək də, çörək pulu da insanın içindəki Doğru və Xalisi yaşatmağa xidmət eləmirsə, yəni insanın həqiqi “Mən”i ifadə etmirsə, onda Yalan və Saxtalıq bərqərar olur, illüzor həyat - süni dəyərlər və onun yaratdığı absurd məntiq normaya çevrilir. Və bunun da çox eybəcər nəticələri olur. Ilk növbədə Şəxsiyyət anlayışı deformasiyaya uğrayır və şəxsiyyət pulun miqdarı, mənsəbin dərəcəsi ilə ölçülür. Insanın yaradıcı zəkasına inam azalır və Şəxsiyyətə inam yekəbaş avtoritetə qarşısında qorxu ilə əvəz olunur. Vəhşi dünyanın qanunları hökmranlıq etməyə başlayır, yəni güclü zəifi məhv edir.
Sənət aləmində də çox əcayib proseslər baş verməyə başlayır.Əvvəla, yaradıcı axtarış ruhu qeyb olur. Hər şeyi avtoritetin şıltaq zövqü müəyyən edir. Hamı avtoritetin diqqətində olan işdə görünmək üçün çalışır. Doğru və Xalisdən doğan hər bir canlı impulsun ifadəsi bağrı yaran bir xof yaradır. Bataqlıq (uğurlu çürümə) sabitliyi hökm sürür. Sabitlik bataqlığında bir qurbağa qurultusu böyük gurultuya səbəb olur. Ancaq bunların heç birisi həqiqi yaradıcı həyat prosesi deyil, mövcudolma, həyatın imitasiyası olduğu üçün inkişaf baş vermir. Sovet dönəmində belə möcudluq və imitasiya həddindən artıq bol idi, ancaq nolsun? Hətta atom bombasının əldə olunması da, bizə heç nə vermədi. Dağıldıq, Aşqabad dağılan kimi. Çünki Sovet, Şəxsiyyətdən it kimi qorxurdu.Qurduğu bir şey var ıdısə , onu da, məhz Şəxsiyyətlərin hesabına qura bilmişdi.
Şəxsiyyət söhbətinə elə-belə baxanların axırı da elə-belə olacaq, yəni mərhum Sovetin axırı kimi. Elmi düsturlar aid olduğu sahədə necə mütləq bir qüvvəyə malikdirsə, cəmiyyətin də eləcə tabe olduğu düsturlar var. Bu, inkişafın baş verməsi üçün yeganə bir şeyin: Doğru və Xalisliyin mütləq bərqərar olması qanunudur..
Çörək pulu həyat məramı olan yerdə mənəviyyat lüzumsuz bir şeyə çevrilir. Ancaq qəribə bir hal var. Hələ özünə az-çox hörmət eləyən bir məxluq olmayıb ki, desin mən pul və vəzifə üçün yaşayıram. Hətta ən qatı cinayətkar belə öz cinayətini hansısa mənəvi dəyərlərə sadiqliyi ilə doğrultmağa çalışır. Başqa cür mümkün də deyil. Çünki insan mənəvi varlıqdır. Sadəcə, Yalan və Saxtalığı seçənlər onun acı nəticələrini duymayana qədər Doğru və Xalisə mənasız bir şey kimi baxırlar. Ancaq bu acı nəticələr mütləqdir!!! Keçən əsrin bolşevik və faşistlərini yada salmaq kifayətdir.
Bəziləri fikirləşə bilər ki, bugünki həyatımızın çörək pulu söhbətini mən çox şişirdirəm, qloballaşdırıram. Mən elə fikirləşmirəm.
Çörək pulu ehtirası gücləndikcə, uca-uca binalar tikilib başa çatmamış durduğu yerdəcə uçulur. Ancaq bundan qat-qat əvvəl insan Şəxsiyyət ucalığından yıxılır. Təəccüblüdür ki, biz insanın mənəvi dəyərlər ucalığından yıxılmağını katastrofa kimi qəbul etmirik. Belə olduğu halda cəmiyyətdə istənilən eybəcərliyin baş verməsi təbiidir.
Bu, iştirakçısı olduğum çox qədim bir olaydır. Ona görə çox qədim deyirəm ki, fikrimcə pul yaranan dövrdən bəri belə söhbətlər çox olub. Deməli, 5-6 nəfər gənc oturmuşuq və həyatdan söhbət eləyirik. Həyatın bir çox tərəflərindən danışandan sonra gəldik o məqama ki, əsl insan necə olmalıdır. Burda fikirlər haçalandı. Mən dedim əsl insan “kişi”olmalıdır, biri (adı Malik idi) dedi əsl insanın pulu olmalıdır, yerdə qalanlar isə dəqiq bir mövqe bildirməsələr də, hərdən mənim, hərdən Malikin tərəfini tuturdular. Mənim arqumentim o idi ki, insan gərək düz olsun , düzgünlüyün tərəfində olsun, pis iş görməsin. Pulu isə işləyib qazanmaq lazımdır. Əsl insan belə olmalıdır. ətrafdakılar mənimlə razılaşıb Malikə baxdılar ki, görək o, nə deyəcək.
Malik gülümsəyib dedi ki, əvvəla işləməklə pul qazanmaq olmaz. O pul sənin çörəyinə ancaq çatar. Bu yerdə ətrafdakılar razılıqla başlarını tərpətdilər. Bu da Maliki cuşə gətirdi. O çox qəti şəkildə bildirdi ki, çörək puluyla adamdan kişi olmaz, kişinin gərək çoxlu pulu olsun. Hamı razılaşdı, bir məndən başqa. Belə olanda Malik çox qəribə - istehza qarışıq bir nifrətlə mənə baxdı ki, yəni hamı razıdır, sənin başqa nə sözün ola bilər? Düzü, Malikin təntənəsinə səbəb olan hamıdakı razılıq əhvalı, Malikin istehzalı nifrəti mənə yaman yer elədi. Hamının məni bu çəkişmənin məğlubu kimi qəbul etməsi əsəblərimi tarıma çəkdi. Mən həm də bərk məyus olmuşdum. Məyusluğumun səbəbi isə deməyə hazırlaşdığım sözə müsbət reaksiyanın olmaq ehtimalı idi. Özü də tək Malikin yox, hamının müsbət reaksiyasının. Birdən-birə özümü o qədər yad hiss elədim ki, elə bildim başqa planetdən gəlmişəm. Özümü toplayıb sözləri ağır-ağır dedim ki, situasiyanı hamı dəqiq təsəvvür eləsin:
- Bax, Malik, hesab elə ki, bir milyon pul var. O pulun sənin olması üçün bir oğraşlıq eləməlisən, eləyərsən?
Hamı susdu. Malikin rəngi ağardı. O ayağa durdu, üzünü çevirdi ki, içindəki mübarizəni gizlətsin. Hamının nəfəsi tıncıxmışdı. Sanki o bir milyon ortalıqda idi və hər birimiz seçimimizi etməli idik.
Mən hadisənin sonluğunun nəylə qurtardığını yazmıram. Istəyirəm Andrey Tarkovskinin “Stalker” filmindən bir epizodu xatırladım. Stalker öz müəllimi Dikobrazın başına gələn əhvalatı söyləyir. Əhvalat belədir ki, dikobraz Zona adlanan qeyri-adi bir məkanda yerləşən möcüzəli otağa – insanların arzusunu yerinə yetirən otağa- yollanır ki, xəstə qardaşına şəfa diləsin. Ancaq bu səfərdən bir həftə keçəndən sonra Dikobraz birdə-birə varlanır, çoxlu pul sahibi olur. Bundan sonra Dikabraz gedib özünü asır. Çünki o başa düşür ki, möcüzəli otaq insanın dilə gətirdiyi yox, ürəyində yaşatdığı arzu-diləyi həyata keçirir.
Nə usə...
Inkişaf etmək istəyən cəmiyyət Şəxsiyyətə meydan verməlidir. Doğru və Xalisdən kənarda isə Şəxsiyyət yoxdur. Bu qanundur. Bizim də ki, qanunlarla nəyə görəsə, aramız yoxdur. 9 axça vəqf pulunu ala bilməyən Füzuli vəqf idarəsindəki insan rəzalətini görüb vəziyyətinə ironiya ilə yanaşaraq özünü məzəmmət edir. 9 axçaya (yeni AZM –lə neçə eləyir bilmirəm) ehtiyacı olan Füzulinin bir beytiylə söhbətimi bitirirəm:
Cəmaət izdihamı məscidə salmış küdurətlər,
Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!

7 dəfə oxundu

Axtarış