DAĞLARIN
Müəllif: Zaur USTAC


30.04.2019


“Şuşanın dağları abı dumanlı,

Qırmızı koftalı, yaşıl tumanlı…”


Əsrin dördə birin vermişik yelə,

Çulu çoxdan düşüb, çaya dağların…

Təmiz adı vardı, “quzey qarı” tək,

Bağrına xal düşüb, saya dağların…

* * *

Başında çalma tək, ta durmur duman,

Əynində qalmayıb, nə kofta, tuman,

Lütlənib haçandır, qalıb lüt-üryan,

Qarına qan düşüb, maya dağların…

* * *
“Göznən görən” olduq, ta yox yalanı,

Bəh-bəhlə şəlləndik, zərli palanı,

Daranıb, talındı, olan-qalanı,

Ah-naləsi düşüb, Aya dağların….

* * *

İgidə “Tur dağ”-ı deyib, görənlər,

Dağa oxşadıbdı, özün ərənlər,

Hanı o ayama, ya ad verənlər?

Kalı çoxdan düşüb, haya dağların…

* * *

Ustacam, öcümü ala bilmirəm,

“Dədəm” dediklərin* deyə bilmirəm,

O döndü, mən indi dönə bilmirəm,

Səyi məndə düşüb, zaya dağların…

30.04.2019. (14:00 – 19’) Bakı.

*Arsız aşıq elsiz necə yaşadı???

Ölsün Ələsgər tək qulların, dağlar…

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

19 dəfə oxundu

Axtarış