Dəli Bəybala haqqında (Elnarə Akimova)
Müəllif: Meyxoş Abdullah


2018-04-02 12:16:00


Hekayə diskurs kimi: "Dəli Bəybala" - Elnarə AKİMOVA - LAYİHƏ

"Ədəbiyyat qəzeti"nin yeni layihəsi: 25 çağdaş Azərbaycan hekayəsinin ədəbi-nəzəri təhlili Elnarə Akimovanın təqdimatında
Elnarə AKİMOVA
Son zamanlar hekayə janrında inkişaf, keyfiyyət fərqi nəzərə çarpmaqdadır. Ard-arda oxuduğumuz, ədəbi ictimaiyyətə təqdim olunan bir çox hekayə bu qənaəti doğurur. Bu hekayələr haqqında danışmağın, onların cari ədəbi prosesin hay-küyündə, bozluğunda it-bata düşməsinin qarşısını almaq üçün yazmağın, seçilən mətnləri dəyərləndirməklə diqqət önünə gətirməyin gərəkli olduğunu düşünürəm.

İlk təhlil predmetinə çəkmək istədiyim hekayə Meyxoş Abdullanın "Dəli Bəybala" hekayəsidir.

Meyxoş Abdullanın "Dəli Bəybala" hekayəsi az qala milli ədəbiyyatımızla yaşıd olan dəlilik məqamı üzərində düşündürür. Bu mövzunun işləkliyi ədəbiyyatımızda Füzulinin Qeysinin Məcnuna çevrilməsindən başlasa da, daha fərqli, tragikomik məzmununu Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində tapmışdır. "Dəli Bəybala" hekayəsi də iki əks stixiyanın - ağıl və dəlilik qütbünün psixoloji yaşantılarına diqqət çəkən hekayədi. Əvvəlcə onu deyək ki, "Dəli Bəybala" klassik mətndən gələn dəlilik obrazının yeni və müasir mühitin işığında görünən davamıdır. Təbiidir, nə qədər nadanlar, cahillik durur, ağıldan bəlalıq motivi hər zaman işlək olacaq.Yəni, motiv tanışdır, xam deyil, həm də daha geniş planda ifadəsi bəllidir. Məsələ, sadəcə aktuallıqdadı. Mətləbi canlı dil potensialında anlatmaq, qələmin təsvir yaratmaq gücündədir. Müəllif kiçik bir hekayədə dərin insan böhranını xarakterizə edən tam bir mənzərə yaratmış, fərdi dəliyə çevirən cəmiyyətin naqisliyini dramatik əhvalda, həm də yazıçı həssaslığı ilə canlandırmağa müvəffəq olmuşdur: "Şəhərdə onu Dəli Bəybala çağırırdılar. Yaşı əllini keçsə də, bədəninin cılızlığına görə, ona otuz-otuz beş yaşdan artıq vermək olmazdı. Saçları heç vaxt daranmayan, gözlərinin içi qıpqırmızı olan, bu arıq vücudlu adamın, yay-qış əynində bir dəst köhnə paltar olardı. Nə qışda qalın geyinər, nə də ki, yayda əynini yüngül edərdi, elə həmişə bir görkəmdə gözə dəyərdi. Qışda da, yayın cırramasında da, ayağında rezin qaloş olardı. Şalvarının balağı ayaqlarına dolaşmasın deyə, onu cırıq və kirli corablarına salardı".

Bəybala üstün keyfiyyətlərə malik, düşüncəsi sağlam, yaxşını-pisdən, rəzilliyi mərdlikdən seçməyi bacaran insandır. Hətta sevmək instinktinə qədər gözəl duyğuları keçirə bilir içindən. Amma ağlın öz mövqeyini itirdiyi yerdə Bəybalanın bütün addımları adamların gözündə şər mücəssəməsi statusunda təzahür edir. Heç kəsə dəyib dolaşmayan, qarşısına çıxan adamlara güldən ağır söz deməyən Bəybala nadanlar mühitinin qınaq və tənələri altında yaşamağa məcburdur. Adətən belə olur, fərdlə mühit arasında kolliziya yarananda fərd çıxış yolu kimi ya içkiyə aludəliyi seçir, ya da tərkidünya olub təkliyə qapdırır özünü. Bəybalanın isə belə bir şansı yoxdur. Cəmiyyət dəli adını ona ağlı kəsəndən qoyub: "Gözünü dünyaya açıb, ağlı bir şey kəsməyəndən, adının qarşısına qoyulmuş "dəli" sözü onu hey düşündürüb, narahat edərdi. Bəybalanın "dəli" sözündən lap əvvəldən zəhləsi gedərdi. O, bu söz üstündə bir neçə dəfə qonum-qonşunun uşaqlarının baş-gözünü də vurub yarmışdı. Anlaya bilmirdi ki, camaat ona niyə dəli deyir? Gündə neçə hoqqadan çıxan məhəllə uşaqlarını niyə bu adla çağırmırdılar?!

Bəybalanın başından cinlərini oynadan "dəli" kəlməsi deyildi. Onu əsəbiləşdirən qonum-qonşunun öz uşaqlarına "mənim ağıllı" balam demələriydi. O ağıllı balalar ki, gündə neçə kərə ağılsız işlər görərdilər. Elə pis-pis işlər tutardılar ki, Bəybala ömründə belə işlər görməmişdi. Pis-pis işlər görən bu "ağıllı balaların", ağıllı ata-analarına baxanda, o, əlini-əlinə vurub, qəh-qəhə çəkər və gülməkdən uğunub gedərdi. Öz-özünə fikirləşərdi ki, vallah, bunların başları çatmır".

Bəybala kənd adamlarının hissiz davranışları əhatəsində öz faciəsini yaşayır. Bu nadanlıqlar qarşısında onun nə üsyana gücü yetir, nə də kiminsə qarşısına keçib ədalət tələb eləməyə, haqqını tanıtmağa həvəsi. Bəybalanın qəhqəhə çəkib gülməkdən, ya da ən dözülməz anında kənara çəkilib "Dədöün... dədöün" deməkdən başqa əli heç nəyə çatmır. Bu bir kəlməni Bəybalanın dilindən ən kəskin sözlər kimi qəbul etmək, gülüşünü isə nadanlığa çırpılan tərs sillə kimi anlamaq lazımdır. Çünki o, öz faciəsini kifayət qədər dərindən duyan qəhrəmandır. Hekayədə toplu halında "ağıllılar" iştirak edir. Onlar Bəybalanı ələ salıb gülür, aşağılayır, kənddə baş verən bütün yaramaz əməlləri onun üstünə atır, daşa basıb yaralayır, ruhunu incidirlər. Yalnız nadanlar mühitində əxlaqsızlıq əxlaq kimi yozula bilər (Qəmzənin əxlaqsız həyat tərzinin normal qarşılanması), rəzillik ağıllı bir əməl kimi sığalla, tumarla qarşılanar (Qəmzə ilə məzələnən oğlanlara qarşı qızın anasının xoş rəftarı), görməzə-bilməzə kimsə nədəsə suçlana bilər (şikəst qadın Sənəmin su quyusundan çıxan ölmüş pişik balasının günahını Bəybalanın üstünə atmaları). Mühitə yad olan Bəybala bu faciəni içində yaşayır və nə qədər qəribə olsa da "dəli" adı ilə razılaşır, çünki yalnız bu halda cəmiyyətlə özünün fərqi problemini içində həll eləmiş olur: "Sonradan yaşa dolduqca, nəinki tay-tuşlarının, onlardan böyük uşaqların, hətta yaşlıların da pis-pis əməllər tutduqlarını görəndə, Bəybala istəmirdi ki, bu adamlarla adı eyni çəkilsin. İstəyirdi ki, qonum-qonşudan, tay-tuşlarından, elə bu şəhərin adamlarının hamısından fərqlənsin. Və istəyirdi ki, onun adı, elə "Dəli Bəybala" qalsın. Çünki bu ağıllı adamlardan onun gözü su içmirdi. Özlərini ağıllı sayıb, dəli-dəli işlər görən bu adamlara qoşulmaqdansa, elə dəli olub ayrıca gəzmək lazımmış, - düşünürdü. Onun düşüncəsinə görə, dəli olmaq dünyanın ən yaxşısı olmaq deməkdir".

Dəli deyib damğaladıqları Bəybala kənd adamlarının arasında tək və yalnız görünür. Müəllif vətəndaşlıq problematikasından çıxış edərək fərd-cəmiyyət problemini sosial-əxlaqi mövqenin işığında sonadək aça bilir. Bəybalanı "dəli" deyib aşağılayan, kənddəki bütün naqisliyin, çatışmazlığın suçunu onda görən mənəviyyatı kor insanların arasında həqiqi dəliyə çevrilmə təhlükəsi labüdləşir. "Dəli yığıncağı" pyesinin möhtəşəm sonluğu xatırlanır: ruhi xəstələri sağaltmaq üçün şəhərə təşrif buyuran Lalbyuzun özü axırda "Kim dali" çaşqınlığına mübtəla olur, özünün ruhi müvazinətini itirmək reallığı ilə üzləşmirdimi? Bu hekayədə də Bəybala insani keyfiyyətlərinə məhəl qoymadan onu dışlayan, yaxşılıqlarını yaramazlığa yozan, əvəzində pislik edənləri "ağıllı" adlandıran kənd adamlarının rəftarı qarşısında müvazinətini itirməyə başlayır və bu anda həqiqi və məcazi dəlilik məqamları üz-üzə gəlir, dəlilik təbii-ruhu hal kimi yaşanır: "Gecələr sübhə qədər o, gözlərini bir nöqtəyə zilləyərək, susub qalardı. Gün ərzində gördüyü hər bir hadisəni yenidən xəyalında canlandırıb, xatırlamağa çalışardı. Əzab verirdi ona gördüyü hər şey. Elə bil bu boyda şəhərin camaatının ağrısını o çəkirdi. Adamların hərcayi hərəkətləri, ağılsız tutduğu işlər az qalırdı ki, onun ürəyini infarkt eləsin...

...Günlər ötdükcə, şahidi olduğu hadisələrə tab gətirməyən Dəli Bəybalanın az qalırdı ki, başına hava gəlsin...".

Meyxoş Abdulla obrazın daxili aləmini açmağa gücü yetən hekayə yazmışdır. Zahirən soyuqqanlı görünən Bəybalanın sakitliyində onun bütün daxili narahatlığını, həyəcan və yanğını əks etdirmişdir. Dərin psixoloji məqamlar hekayədə peşəkar bir qələmlə ifadə olunmuşdur. Qaranlıq və nadan mühitdə Bəybala yeganə işıq topası kimi əks olunur. Həm də yalnız bir kəndin faciəsi olaraq deyil. Yazıçı bunu bütün dönəmlərdə cəmiyyətin küncə sıxışdırdığı adamların faciəsi olaraq ümumiləşdirir, "dəli" adı qoyulub fəal dövriyyədən çıxdaş olunan insanların məruz qaldığı sosial-psixoloji vəziyyət kimi bədii təcəssümün predmetinə çevirir. Bu vahid konsepsiya ilə səsləşən bütün məqamları hekayənin ümumi ideya səviyyəsinə qaldırmağa nail olur. Diqqət edək: "Məhəllə uşaqları Bəybalanı dəli, ağılsız saydıqlarına görə, öz gizlin işlərini də onun yanında açıb danışar və elə düşünərdilər ki, Bəybala belə şeyləri anlamır. Əslində, Bəybala bu axmaq uşaqların bütün axmaq işlərindən xəbərdar idi. Amma öz-özünə fikirləşərdi ki, mən dəliyəm, özümü onlara tay tuta bilmərəm".

Hekayədə geniş təfərrüata varılmır, müəllif zahiri təsvirlərdən yerində və qənaətlə istifadə edir. Hər təsvir olunan detal hansısa psixoloji halın işarəsinə çevrilir. Meyxoş Abdulla qəhrəmanının ruhsal-mənəvi vəziyyətini anlatmaq, dərk etdirmək üçün lazım olan sözləri, işarələri panoram halında önə gətirə bilir. Və ən əsası, "Dəli Bəybala"dakı psixologizm dərin insan böhranını, insan ağrısı və həqiqətini yazmaq, çatdırmaq baxımından qüvvəti və təbiiliyi ilə seçilir. Məncə, uğur da elə bundadır. Yazıçının insan ağrısını bütövlüyü ilə çatdıra bilən təhkiyə, dil və təsvir gerçəkliyində, onu ədəbiyyatlaşdıra bilməsi bacarığında...

25 dəfə oxundu

Axtarış