dəli qulam
Müəllif: Nurəddin ƏDİLOĞLU


10.10.2017


Nurəddin ƏDİLOĞLU
Dəli Qulam. (hekayə)
İdeya müəllifi, böyük qardaş əvəzi, dostum professor Həsən
Sadıqova minnətdarlıq hissi ilə
...Aclıq idi. Amma adamların içindəki sabaha ümid hissini böyük qələbə sevinci ölməyə qoymurdu. Kişili-qadınlı kənd adamları faşizmi öz beşiyində boğmaq üçün hər şeylərindən keçmişdilər. Hələ mayın yeedisi çıxmamış Dəli Qulam qamış atını çapa-çapa evbəev gəzib deyirdi: “Gözünüz aydın olsun, ay camaat!.. Hitler kopolunun anasını öz yurdunda ağlar qoyduq...” .
Ot-ələf yeməkdən hoqqırı çıxmış kəndistan adamları cəbhədən çox-çox uzaqda olsalar da, elə bil müharibənin əvvəlindən axırınadək faşistlərin həbs düşərgələrində qalmışdılar.
Kəndin yuxarıbaşı, “Lüt” deyilən yeri həmişə gur olardı. Buradan qəbristanlığa da, anbara da gedən yollar görünürdü. Hər gün acından ölənləri Sükut yolu ilə aparıb torpağa tapşırırdılar. Acından ölmək istəməyənlər özlərində son güclərini toplayıb dörd gözlə kolxozun anbarına sarı – Umud yoluna baxırdılar. Anbar da düz dörd il idi ki, taxıl yığımı mövsümündə arpa-buğda üzünə həsrət qalmışdı. Zəmilərdən yığılan məhsul qırmızı parçalara yazılmaış “Hər şey qələbə üçün” şüarı altında birbaşa rayonun tədarük məntəqəsinə göndərilirdi.
Adamlar jımıx yeyib Allaha şükr edirdilər. Amma Allah deməyə də qorxurdular. Çünki hələ müharibədən qabaq kəndin başı əmmaməli, əli quranlı axundunu “Allah-Allah” dediyinə görə Sibirə, gedər-gəlməzə sürgün eləmişdilər. İndi hamı Stalınin canına dua edirdi. Hamı öz yoxsul ömründən kəsib Stalinə vermək istəyirdi ki, kişi uzunömürlü olsun...
… O vədələr Moskvanın Qızıl Meydanında Qələbə paradı mötəşəm keçmişdi. Hesabdar Məminin dediyinə görə, builki taxıl yığımından hamıya bol əmək günü düşəcəkdi. Sovet sədri də son iclasda hamıya ciddi-ciddi tapşırmışdı ki, nəbadə aclıq sözünü dilinizə gətirəsiniz, böyük siyasi səhvə yol vermiş olarsız. Sevinin ki, Hitler kimi zalım düşmənə qalib gəlmişik, indən belə yeyib-içməyimiz bol olacaq...
Kənddə acından ölənlərin sayı müharibədə halak olanlardan beş dəfə çox olsa da, o gün “Lüt” yerinə yığışan adamlar ac olsalar belə aclıq barədə düşünmək istəmirdilər.
Birdən hardansa qamış atını çapa-çapa Dəli Qulam peyda oldu. Qələbə müjdəsini kəndə ilk dəfə Dəli Qulam gətirmişdi. O vaxtan kəndin başbilənlərinin dilindən “dəlidən doğru xəbər” məsəli düşmürdü. Dəli Qulam üz-gözlərindən aclıq nişanələri boylanan adamlara baxdı. Bilirdi ki, hamı ac qarnının dərdinə qalıb, amma özlərini tox aparırlar.
-Ay cammat,- dedi, - Siz heç bilirsiz Stalin yoldaş Kremldə indi neynir?
Hamı bir-birinə baxdı. Çopur Fətiş aclıq hissini birtəhər boğub, boyun –boğazını qaşı-qaşıya dedi:
-Qurbanı olduğum kişi, yəqin, indi Kremlin hamamında çimir...
Dəli Qulam uşaq kimi atılıb-düşdü:
-Bilmədin, bilmədin...
Nimdaş sırıqlısının cındırından cin hürkən Maxorka Həbib öskürəyinə güclə ara verib dedi:
-Sən öl, ay dəli, elə bil bu saat görüb gəlmişəm, Stalin yoldaş qəttəzə generallismus paltarında qəlyan çəkə-çəkə Kremldən düz Qızıl Meydanına baxır...
Qulam yenə “ bilmədin, bilmədin” deyə atılıb-düşdü.
Özünə Qalib təxəllüsü götürmüş kənd şairi Yolçuoğlu dedi:
-Qəlyan çəkməyinə qəlyan çəkir, amma elə indicə “Pravda” qəzetini oxuyur.
Qulam başınını bulayıb, əlini yellədi:
-Ay-hay, əyə, sizin bu dünyada heç bildiyiniz bir şey yoxmuş ki?.. Stalin yoldaş indi Kremldə oturub... –birdən o, dayanıb barmağını gicgahına söykədi.
Hamı ayağa qalxıb, maraqla gözlərini Dəli Qulamın ağzına dikdi.
Dəli Qulam da daha onları çox intizarda saxlamadı:
-Stalin yoldaş bu dəqiqiə Kremldə oturub ləzzətlə peçenye yeyir...
“Lüt”dəki adamların hamısının ağzı sulandı... Bir-bir udqundular. Ürəklərində yenə “dəlidən doğru xəbər” məsəlini yada salıb, susmağa davam etdilər...
10.10.2017.

13 dəfə oxundu

Axtarış