Dərd Hekayə
Müəllif: Əzizağa Elsevər


23.05.2020


Əzizağa Elsevər
Dərd Hekayə
“COVİD- 19” silsiləsindən
Son vaxtlar sarımsaq yaman gözdən düşmüşdü. Heç qayıdıb üzünə baxan, alıb aparan da yox idi. Piştaxtalarda yer darlıq edir, onu sıxışdırıb lap küncə, gözəgörünməz yerə atırdılar. Saxlanc yerlərində tığlanıb qalır, əkin sahələrində unudulurdu. Sıxılırdı, bu soyuq münasibətdən üşüyürdü sarımsaq. Hələ bir soğana, kartofa bax, gör necə də ədalı-ədalı özlərini aparırlar. “ Bu, necə olur, yeddi dərdin dərmanı mən, indi hamısı təbib olub, loğman bizi belə buyurub! “-deyirlər. Dodağının altında gileyləndi, acı-acı qımışdı sarımsaq. İstiləndi, yaxasını aça-aça: ” Neyləyim, ürəyimi kimə açım? İçim özümü yandırır, çölüm özgəsini! –pıçıldadı sarımsaq. – Vaxt var idi, ayağım yer tuturdu, dünyanın o başından gəlib məni axtarırdılar. Məni qısqanır, mən də özümü naza qoyurdum. Hara gedirdimsə, başda otuzdururdular məni. Şənimə söz qoşur, tərif deyirdilər. “ Loğman elə buyurub,..Loğman belə məsləhət görüb!” kəlməbaşı mənə üz tuturdular. Hətta, yalan olmasın, elələri var idi ki, şəklimi böyütdürüb başının üstündən asır, sarımsaq dərimini çal-çağırlı sarımsaq bayramı kimi qeyd edirdilər. Yallı gedir, az qala dastan qoşurdular. Heç bilmirəm niyə, niyə dünyam qaraldı, mənə ögey münasibət yarandı. Bu pislik kimin düşüncəsindən doğuldu, kimin başının altından çıxdı, allah bilir.
Tığlanıb anbarda qaralan sarımsağın naləsini tavana qonub pıtıllamış divarı, qaralmış taxtapuşu dimdikləyən qarğa eşitdi. Kövrəlib, susdu. Başını tüklü sinəsinə qoyub fikrə getdi. Handan-hana sükutu pozub: - Sarımsaq qardaş! – dedi. Tavanın dar deşiyindən dartına-dartına keçib bir az da yaxına gəldi. – Bilirəm, bilirəm dərdiniz çox ağırdır. Unudulmaq pis şeydir. Göz görə-görə ömrü çürütmək, ölümü hər gün bir çərək yaxınlaşdırmaqdır. Sayılmaq- yaddaşı təzələmək, bəxtin qapısını açıb səni gözləyən qismətə sarı getmək deməkdir. Əslinə baxsan, həyat, elə qismətə qovuşmaqdır.
Sarımsaqlar asta-asta qımıldandı. Səs-səsə verib: - Qarğa bacı, bəs neyləyək? –soruşdular. Dərdimizi təzələdin, hər gün unudulmaq ağrısıyla yaşamaq olmur axı. Bizə xəbər çatıb, o qədər qədirsiz, ucuz tutulmuşuq ki, hətta sahələrdə bizi dərib torpaqdan belə çıxartmaq istəmirlər. O, qabarlı əllərin sığalı bizə dəyirdi, sevinirdik. Niyə də sevinməyəsən axı?! Onlar gündə min kərə başımıza dolanır, arzuyla, istəklə evlərinə istilik, işıq gətirəcəklərimizi gözləyirdilər. İndi heç üzümüzə də baxmaq istəmirlər. Elə bil onlar bizdən küsüb, biz də onlardan.
Qarr-r! Qar-rr!.. – eləyib, Qarğa bacı qanadlarıyla sarımsaqların yanaqlarını yüngülcə sığallaya- sığallaya dedi: - Mən sizi belə ağrı-acı içərisində arxasız, köməksiz buraxa bilmərəm. Qoy qonşum quzğunla da bir danışım. Görüm, o nə deyir?! Bir az yaşlıdır. Həyat təcrübəsi var. Ağıl-ağıldan üstündür axı?! –Qarğa bacı susdu. Sol qanadını başına söykəyib fikrə getdi. Qara gözləri qıyıldı, xəyalı dünyanı əriş-arğac elədi. Birdən yerində oynayıb, sevuncək, qışqıra-qışqıra: - Tapdım, vallah, tapdım!- dedi.
- Nəyi, nəyi tapdın, qarğa bacı? – sarımsaqlar intizarla soruşdular.
- Mənim uzaq, çox uzaq məmləkətdə bilici bir qohumum, ulu babam var. Bütün qarğa- quzğunlar bərk ayaqda onun üstünə məsləhətə qaçırlar. Onun dediklərindən hələ biri boşuna, yalana çıxmayıb. Bu bəlalı, başı daşlı dünyanın nə olduğunu o, ovcunun içi kimi bilir. Niyə, o qarın qarğası- quzğunu deyil, ona görə!
- Deyirsən, yəni bir çarə qılarmı?! – sarımsaqlar səs-səsə verib soruşdu.
- Çarəsiz heç bir şey yoxdur. Çarəsiz bircə ölümdür. – Qanadlarını yumşaq sinəsinə çırpa-çırpa yerində oynayan qarğa qayğılı-qayğılı dedi. – O da gələndə heç nəyə baxmır. Təkcə quru candır, onu da bir anın içində çalıb aparır.
Ümid qarğaya qalmışdı. Sarımsaqlar da, qarğa da hələ ki, susurdu.
-Qoy qonşumla da bir danışım! - handan-hana dilləndi qarğa. –Yol çox uzaqdır. Neçə-neçə ölkəni arxada qoymalısan. Dağları aşıb, dərələri ötməlisən. Hələ nə qədər meşələr, çaylar var, göz işlədikcə uzanıb gedən susuz səhralar var, demirəm. Yox, yox, elə düşünməyin ki, bunları getməməyim üçün bəhanə gətirirəm. Gedəcəm, lap tək olmalı da olsam, gedəcəm. Ümid gələn yeri qapatmazlar. O, ümid işığını tutub ona sarı getməlisən ki, Yaradan da yolunu açıq etsin!
Qarğayla quzğun sonsuz göylərin ətəyindən tutub yola çıxdılar. Qanadlarına güc verdilər, ürəklərinə təpər. Yüngülcə dincəlmək, bir çimir yuxu bişirməklə, yeddi gün, yeddi gecə yol getdilər. Bilici qohumunun yurd saldığı məmləkət uzaq idi. Oradakı qıyıq gözlülərin qəribə bir şakəri var idi. Çəkinmədən it-pişik yeyirdilər. Yarasa, soxulcan, ilbiz dəlisi idilər. Baxırsan, bapbalacadırlar, qarışqa kimi elə hey qaynaşırlar. Burdakılardan çox fərqlidirlər. Nə gizlədək, buradakılarda bir ürəyi açıqlıq, toxluq var. Yeməkləri də yerindədir, iyrənc deyil.
Qarğa bacının tərifi ilə gəldiyi çoxbilmiş qohumunun yuvası çox sakit bir guşədə idi. Elə bil ki, dağın ətəyindəki böyük bir bağı ona vermişdilər. Bağ, nə bağ! Sanki səssizlikdən qulaq tutulurdu. Arada bülbüllərin cəhcəhi sükutu pozur, yaxından axan çayın şırıltısı xoş bir ahəng, arxayınçılıq, rahatlıq gətirirdi. Qəribəydi, yuvanın divarlarında kitab kimi yazılı qalaq-qalaq çör-çöplər var idi. Qarğanın qohumu, doğrudan da, dediyi kimi idi. Zil qara gözlərində qəribə bir cazibə, işıq parlayırdı.
- Övladım, səni hansı rüzgar bura atıb? Nədir sənin dərdin?! Sən elə- belə gəlməzsən. Bilirəm, qarğa ananın ölümündən sonra burda duruş tuta bilmədin, ağrılarını unutmaq, ürəyini ovutmaq üçün qanadın tutduqca uçmağı düşündün! Uçdun, gör getdiyin neçə il oldu. Səndən bir xəbər çıxmadı. Yazıq qarğa nənənin o zamandan çinarın uca budağına qonub yollarına baxmaqdan gözlərinin tovu da azalıb. Xoş xəbərli sağsağan, bahar müjdəli qaranquş da bir soraq gətirə bilməyib. Nə yaxşı, nə yaxşı ki, sorağından qabaq özün gəldin. Qarğa nənəni sevindirib, ürəyini alarsan. Yazıq, gör nə qədər əzab çəkib, sarsılıb.
- Qarğa dədə, elə bilməyin ki, sizsiz qəriblikdə mənim də günüm xoş keçib. Hər axşam gözəl qarğa anamı, çöhrəsi nurlu nənəmi, elə sizi, bax, bu yerləri yuxuda görərdim. Birtəhər özümü ovundurub, aldadıb hər açılan səhərimi ümidlə axşamlara calardım. Anamı xatırlamaq, yenə yuxuda görmək üçün.
- Daha getməzsən, mənim balam!.. yetər, bəsdir daha bu qədər çəkdiyin ağrılar!..
- Yoox, ulu babam, bilici dədəm, söz vermişəm, sözümü unuda bilmərəm. Orda dərd çəkən, sıxıntı, göz yaşları içində qalan sarımsaq dostlarım var. Kimsə üzlərinə də baxmır, süfrələrdə əzizləyən, yaxına buraxan da yoxdur. Allahın tərəvəzi, göy-göyərtisi də onlardan başda oturur, özlərini də elə ədalı-ədalı aparırlar ki, sanki dünya bunlarsız heç bir şeydir.
- O necə məmləkətdir ki, sarımsağı unudub, yeddi dərdin dərmanını bir heç edib?! Eh, nə tez unuduldu o günlər. Vaxt var idi, təkcə onun qabığını almaq üçün dünyanın o başından durub bura gələrdilər. Qabığı da dərman idi xəstə üçün. Rəng idi pal-paltar üçün. Təkcə qaynadılmış suyunun çiləndiyi yerdə bir həşarat qımıltısı, azar-bezar havası belə görünməzdi. Onu unudanlar, dəyərsiz edənlər, olsa-olsa, bu dünyadan xəbərsizlər ola bilər. Sarımsaq bir sədd, bir sərhədd idi yuxularına. Sarımsağın gətirdiyi yeddi əlac yeddi rəngin zaman-zaman göy qurşağı kimi düzülüb gətirdiyi gözəllik yaradardı. Təbiblər, loğmanlar sarımsağın şəfasından danışmaqdan yorulmazdı. İndi nə olub, onun şəfasını əvəzləyəcək ilacmı tapıblar? Diqqətlə qulaq asın, sizə vaxtı ilə sarımsaqla bağlı olmuş ibrətamiz bir əhvalat danışım. Ölkənin 170 padşahlıqlara bölünən vaxtı idi. Padşahlardan kimsə -kimsəni görməyə gözləri yox imiş. Bacardıqca bir-birilərinə ziyan vurmağa, öz üstünlüklərini başqalarına təsdiqlətdirməyə çalışırmışlar. Bax, Kun-Lun dağından qopub gələn o çay kənarındakı – bilici qarğa yerində oynayıb, qanadlarını çırpa-çırpa bağdan o yana şırıltıyla axıb gedən çayı göstərdi: - Padşahlıq çox inkişaf edibmiş. Əhalisi, nədənsə sarımsaq vurğunu olduğundan hər il çoxlu da sarımsaq əkərmiş. Görünür, gəlirləri gəlirlərini üstələyirmiş. Ziyanları olsaydı, heç əkərdilərmi?! Bu məmləkətə gələnlər buna görə mütləq bura baş vurarmış. Qəribədir ki, sarımsaqsız özlərinin də süfrələri açılmaz, yemədikləri bir gün olmazdı. Yəqin elə ona görə də azar-bezarın əli bura yetməzmiş. Padşahları da cavan, çılğın, bir az da tezsov imiş. Verdiyi qərarları çox zaman düşünmədən, nəticəsini görmədən verər, yanlış olduğu bilinəndə inadından da geri çəkilməzdi. Onun zəif tərəfini yaxşı bilən düşmənləri, qonşu padşahlardan biri padşah sarayına ovsunçu, cadügər göndərir. Min oyundan çıxan cadügər, ovsunçu, axır ki, padşahın hüzuruna düşə və qılığına girə bilir. Deyir: “ Padşahım, bu nədir, ölkə başdan-başa sarımsaq iyi verir! Hara gedirsən, gördüyün ancaq sarımsaqdır. Sarımsağın düşər-düşməzi olur. Bəzən xeyir- bərəkəti də qaçırdır, bol ruzi olsa da, mayasında acılıq olduğundan, gələn günləri də acılığa, qəm-qüssəyə bələyib gətirir. Niyə taleyimiz, torpağımız şirinə-şəkərə bürünməsin?!..”
Padşah ovsunçunun nə söylədiyini düşünmədən: “ Həə, doğru deyirsən!”- deyə başını tərpətməklə onun fikrini təsdiqləyir. Elə səhərisi gün, çaparlar : “ Padşahın göstərişidir! “- deyə kənd-kənd, əyalət-əyalət bu xəbəri yayırlar. Nəinki sarımsaq əkmək, hətta evdə saxlamaq da yasaq olunurdu. Hər yerdən yığılıb yandırılır, külünü də çay aşağı dənizə sarı axıdırdılar ki, hətta külü də bu torpaqlara qarışmasın. Biləndə ki, Lyu Sin Ban adında bir təbib- loğman evində sarımsaq saxlayır, yetişdirdiyi şagirdləri ilə dərman hazırlayıb, xəstələrə şəfa verir, bərk qəzəblənir. “ Bu nə deməkdir, bu, itaətsizlik, özbaşınalıq, demək deyilmi?! “ – deyə ucadan bağırır. Eyni qəzəb, eyni hirslə də qışqırıb: “ Atın, qaranlıq zindana atın ki, qoy gedib orada çürüsün! “ – söyləyir. Təbibin tutulmasından sonra şagirdləri Kun- Lun dağına çəkilib, bir mağarada yerləşməklə onun işini ölməyə, unudulmağa qoymurlar.
İllər ötür, padşahlıqda hər şey dəyişir, pis, uğursuz günlər qapıları döyürdü. Bunu hamı görür, hamı duyurdu, elə padşahın özü də. Ancaq kimsə danışan dilinin kəsiləcəyindən qorxub susur, padşah isə inadından dönəcəyini ağlına belə gətirmirdi. Əlaclı, əlacsız xəstəliklər çoxalırdı.
Bir gün yel qanadlı acı bir xəbər də çıxdı ki, padşahın sevimli oğlu Lyu Dan Din sağalmaz xəstəliyə tutulub. Baxmayan həkim, atılmayan dərman, içilməyən davacat qalmadı. Ancaq heç birinin köməyi olmadı. Saraydan adamları sevindirəcək, könlünü açacaq xəbər çıxmadı. Bu məmləkətdə qayda idi, padşah pəjmürdə, kədərli olanda, məmləkətdə hamı o əhvali-ruhiyyəyə köklənirdi. Sevinəndə sevinir, kədərlənəndə kədər içində üzülürdülər. Elə bil hamı öz ömrünü padşah üçün yaşayır, padşah üçün əridirdi. Zindanda çürüyən Lyu Sin Banın ən bilikli şagirdlərindən biri eşitdiyi, bildiyi xəbərlərdən təxmin etmişdi ki, padşahın oğlunun mərəzi nədir. Ona əlac qıla biləcəyinə də şübhə etmirdi. Xəstəni sağaltmaqla, ustadını da zindandan çıxaracağına ümid edir, inanırdı.
Padşaha xəbər verdilər ki, sarayın önündəki elçi daşının üstündə cavan bir oğlan oturub. Özü də, ürəkli- ürəkli: “ Həkiməm, padşahın oğlunu sağaltmağa gəlmişəm! “ – deyir. Padşah əvvəl bir az qəzəblənir, düşünür ki, bu qədər həkimlər, türkəçarəçilər gəlib- getdi, ilac qıla bilmədi, bu, dünyanın nə üzdə olduğunu bilməyən dünyadan xəbərsizmi biləcək?! Qovdurmaq, cəzalandırmaq istədi. Vəziri onun qəzəbinin üstünə su çiləyib: “ Padşahım, bəlkə Allah göndərib, bəlkə xəstənin ovsanası onun əlindədir?! Nə olar, gəlin qırmayın onu, qovmaq lazımdırsa, yenə qovarsınız!..” – dedi. Padşah bir az sakitləşdi. Axı söhbət günü-gündən əriyən oğlunun taleyindən gedirdi. Onun üzünə baxa bilmir, utanırdı. Bu qədər var- dövləti, ordusu, hökmü- hikkəsiylə bir şey edə bilmirdi. Acizliyi onu əzir, özünü öz gözündən salırdı.
Özünə həkim deyən cavan oğlanı möhkəm qorunan sarayın darvazasından içəri buraxıb padşahın hüzuruna gətirdilər. Təzim, tanışlıqdan sonra xəstənin qaldığı otağa buraxdılar. Beynində dolaşan əlamətlər bir nöqtədə cəmləşib xəstəliyin adını qətiləşdirdi. Beş qatğını hazırlayıb o ilacı almalı idi. Dördünü həvəngdəstədə ovuntu halına salıb, dan yeri söküləndə, təzəcə açılmış güllərin gecədən tər ləçəklərinə düzülmüş büllur damcılarını yığaraq qatğını hazırladı. Beşinci qatğının sarayda tapılması müşgül məsələ idi. Yəqin ki, padşah sarımsağın adını eşitcək özündən çıxacaq, qəzəbi yeri-göyü yandıracaqdı. Başqa yol yox idi, sarayın həkimbaşı vasitəsi ilə bunu padşaha çatdırdılar. Məmləkətdə sarımsaq nə gəzirdi ki?! Nəinki onun özünü saxlamaq, hətta adını tutmaqdan belə qorxurdular. Məmləkətin dörd bir yanına gedən çaparlar boş qayıtdı. Padşahın qəzəbi öz başında çatlamış, yersiz, düşüncəsiz qərarı meyvəsini vermişdi. Əlacsız qalan padşah düşmən olduqları qonşu padşahlara da ağız açıb, özünü sındırmaq istəmirdi. “ Sarımsaq yoxdur, onsuz ilac olmazmı?! “ – deyə xəstənin bu neçə günü başının üstündən çəkilməyən gənc türkəçarəçiyə bildirdikdə, o, inadla : “ Yoox, nə danışırsınız?! “- söyləyib etirazını bildirmişdi. Ustadları zindana atıldıqdan sonra dağa çəkilən şagirdlər sarımsaq da əkir, ilacat da hazırlayıb, dərvişsayağı heybələrini çiyinlərinə atıb kəndbəkənd gəzərək təmənnasız yardım edirdilər. Ustadları Lyu Sin Banın dediyi “ Həkim heç vaxt xəstəsindən təmənna ummamalıdır! “ sözləri bir sırğaydı, qulaqlarından asılmışdı.
Gənc şagird - həkim sarayın həkimbaşısına : “ Zindana atdırdığınız ustadımız Lyu Sin Banda sarımsaq ola bilər.” – söylədi. O, qorxusundan əkmişik, bizdə var.” – deyə bilməzdi. Onda özünü də cəzalandırar, ustadının yanına – zindana atılar, qaş qayıran yerdə, gözünü də çıxardıb kor edərdi.
Ustad – həkim Lyu Sin Banı qaranlıq zindandan çıxarıb əlləri bağlı halda saraya gətirdilər. Padşahın hüzuruna düşməmişdən qabaq ustadla şagirdi gözləmə otağında təsadüfən rastlaşdı. Şagird ustadın böyründə dayanıb göz – qaşla, əsgərlərin eşitməyəcəyi bir tərzdə xısın-xısın pıçıldayıb məsələni anlatdı.
Padşah : “ Deyirlər, səndə sarımsaq var, doğrudurmu? “
Ustad- həkim Lyu Sin Ban : “ Padşahım, günahkaram, Sizdən nə gizlədim... həkiməm, xəstələrə şəfa verirəm, ilac hazırlamaq üçün həmişə saxlanc yerində sarımsaq saxlayırdım. Bir ilə yaxındır zindandayam, əgər evimi dağıtmayıblarsa, qalmalıdır... Yaylaqda əkin yerimiz var, yığıb qurutduğumuz çoxlu şəfalı otlarımız var...”
Padşah : “Demək, hər ikiniz günahkarsınız. Əmrimə itaət etməyənlərin cəzasını bilirsiniz də?! Bax, o baş meydanda hamının gözü qabağında asdıraram sizi. Ancaq... padşah bir anlığa susub, qəlyanına bir qüllab vurdu. Əlləriylə burulub – açılan tüstünü yüngülcə qova – qova qarşısındakıların qırımına baxdı. Onun tənəsini, hədə- qorxusunu necə qaşıladıqlarını bilmək istədi. - Ancaq, hələ sizi bağışlayıram. Oğlumu sağaltmasanız cəzanız çox ağır olacaq. İnsafən, şagirdinizin xəstəyə baxdığı bu on gün ərzində irəliləyiş var. Bu, bir hökmdar kimi yox, ata kimi məni çox sevindirir. Hökmdar kimi barışmıram ki, siz qanunlarımıza qarşı çıxırsınız. Əgər kimsə qanunu pozursa, kimsə bunu görüb susursa, onda qanunlarımıza olan inam azalır, itirən dövlətimiz olur. Hakimiyyətlər əbədi deyil, müvəqqəti, gəldi gedərdir. Dövlət isə əbədi yaşamalıdır. Dövləti yaşadan onun qanunlarına inamdır, əbədi, sarsılmaz inam!.. “
Xəstə ölüm vəziyyətindəydi. Tam sağalıb ayağa durdu. Bu, hökmdara bir ibrət dərsi oldu. Xəzinəsindən xeyli pul ayırıb böyük bir müalicəxana açdırdı. Elə müalicəxana ki, şöhrəti sərhədləri aşdı, düşmən gözüylə baxan padşahlar o nüfuzun qarşısında baş əyməli oldular. Hökmdar Lyu Sin Banın müalicəxanasına gəlib onların hamısını alqışladı : “ Xalq ziyalısına, bilicisinə dəyər verməlidir. Bilici həmişə yetişmir. Bilici xalqın ürəyindən, zəkasından qopub gəlir. O, xalqın ən böyük sərvəti, ən dəyərli xəzinəsidir. Xalq düşüncəsində heç vaxt yanılmır. Qoy xalq necə düşünürsə, elə də yaşasın. Anladım ki, xalqına güvənib, söykənməyən hökmdarların arxası olmaz!..” – deyib səhvini etiraf etdi.
Bilici qarğa əhvalatı danışıb bir anlığa susdu. Handan – hana : “ Bax, gördünüzmü, çox təsirli, ibrətamiz bir əhvalatdır. – dedi.- Əslinə baxsan, hökmdarlar millət üçün baş ağrısı yaratmaq yox, onu sağaltmaq barədə düşünməlidir. Bu gün bu məmləkətin başının altından bir bəla göyərir. Gözəgörünməz bir bəla. Xəyanətdən, xəbislikdən yoğrulmuş virus deyilən o bəlanın başına tac qoyub, hələ utanmaz- utanmaz tərifləyə - tərifləyə: “ Bu dünyanı sənə verdik, haranı istəsən oranı da odsuz-ocaqsız yandırıb- yaxa, təlatümsüz, tufansız da dağıdıb viranə qoya bilərsən !..”- dedilər. Taclı bəla günəşin şəfəqlərindən, küləyin ətəyindən, yarpaqların titrəyişindən qopa- qopa dünyanın canına titrətmə, qızdırma salır. Hamı bir-birini unudur, bir-birindən qaçır. İnsan inamını, ünsiyyətini itirir, vahimə, dəhşət içində çırpınır. Dərdini deməyə, ovunmağa, ovundurmağa bir kimsə tapa bilmir.
- Bəs niyə, niyə insanlar bilə- bilə özlərini oda atıb, dərdə salırlar? –deyə qarğa soruşdu.
- Dərd bir məktəbdir, mənim balam. Dərdi dərd çəkən bilər. İnsanlar o dərd məktəbini keçməsə, yaxşılığın da qədrini bilməz. Sən heç görübsən ki, xoş gündə kimsə dərdin, qəmin nə olduğunu düşünə? İndi dünya özü dərdə hamilədir. Başını da itirib dünya. Bir dəlinin yapdığını yüz ağıllı düzəldə bilmir.
Uzaq eldən qarğayla gələn quzğun səbrini saxlaya bilməyib soruşdu: -Deyin, indi biz neyləyək, bilici dədə?
-Daha neyləyə bilərsiniz?! Olan oldu. Siz gedənə yəqin ki, onun sədası o yerlərə gedib çıxar. Bəla kimisə ayırmır, kimisə tanımır. O, virus deyilən bəlanın gözü dönüb, qarşısına çıxanı yaxıb- yandırır. Siz ancaq bir yaxşılıq edə bilərsiniz. Gəldiyiniz o uzaq məmləkətə dönüb, tanıdığınız nə qədər qarğa-quzğun varsa, şəhərlərin başı üstünə tökəsiniz. Bəlkə insanları təəccübləndirməklə düşünməyə vadar edə bilərsiniz. Axı fəlakətləri heyvanların qabaqcadan duyduğunu insanlar yaxşı bilir. Bilirlər ki, göydən niyə balıq yağışı yağır, quşlar çəyirtkə kimi qırılıb tökülür, dəniz nəhəngləri özlərini sahilə - ölümün qucağına atır, zəlzələ qabağı itlər hürüşür, mal- qara mələşir... daha nə qədər desən söyləmək olar. Təbiət laldımı, yox! Danışmasa da, başdan- başa sirdi, müəmmadı. Hər sirrində bir aydınlıq, bir möcüzə yatıb qalır.
Qayıtdıqdan sonra dayanmadan qara-qışqırıq salın, kölgə kimi şəhərin başı üstündə dolanın, lap eyvanların, pəncərələrin qabağına qonun. “Fəlakət!.. Fəlakət!..” – deyib haray qoparın. “ Yeddi dərdin dərmanı- sarımsaqdır gümanı! “- deyib, halına yandığınız sarımsağı yada salın. İnsanlar həssasdır, şəhərlərdə bu qədər qarğa-quzğun görməyiblər. “ Bu, nəyin əlaməti, nəyin xəbərdarlığıdır! “ –deyə, düşüncələr içində çırpınıb, cavab axtarmağa çalışacaqlar. Bax, sizin işinizin nəticəsi onda görünəcək...
Şəhər sanki tilsimlənmiş, göy üzünü bürüyən qarğa- quzğunların kölgəsi altında itib- batmışdı. Səs- küydən qulaq tutulur, qorxu bilmədən quşlar pəncərələrə çırpılıb aynaları sındırmaq istəyirdilər. Sarımsağın çiçəyi çırtlamış, bəxtinə günəş doğmuşdu. Dükan- bazarlarda hamı onu əlimyandıda axtarır, dəyərini az qala qızıl qiymətiylə ölçürdü.

Bakı şəhəri, 2020, 27 aprel – 9 may.


28 dəfə oxundu

Axtarış