“ Dərviş görünüşlü adam...”
Müəllif: Əzizağa Elsevər


09.02.2020


Əzizağa Elsevər,
tarixçi alim, yazıçı.

“ Dərviş görünüşlü adam...”
İstedadlı yazıçı Əlibala Hacızadənin məslək, əqidə, inam dostu Şahin Fazil haqqında dediyi bir kəlamla yazıya başlamağım təsadüfi deyil. Çünki ikisi də şərqşünas, alim, ədəbiyyatımızın haqqı ödənilməyən “ qara fəhləsi” və ikisi də Əfqanıstanın odundan- alovundan keçib gəlmiş əzabkeşlərdir. Dostluqları, qardaşlıqları da səngər dostluğu, qardaşlığı qədər möhkəm, sarsılmazdır. Əlibala müəllim haqq dünyasına qovuşsa da, Şahin müəllimin timsalında elə o dostluqlarının işığında da yaşadığını düşünürəm, görürəm. Taledən qismətimə yazılan o da xoş bir qazancdır ki, bu böyük şəxsiyyətlərin çoxsaylı görüşlərinin müəyyən qisminin şahidi olmuş, onlardan çox şey öyrənib, çox da faydalanmışam. Onların hər ikisi yaşca məndən böyük olsalar da, heç vaxt o fərqi hiss etdirməmiş, sadəlik və səmimiyyət dolu baxışlarında ən gözəl duyğu və düşüncələrə yol açan ovqat yaratmışlar.
Zamanın insanları sınağa çəkdiyi, sözün təsir gücünün azaldığı, qələmin nüfuzdan düşdüyü, Əlibala müəllim demişkən: “ Kitabın kitabının bağlandığı vaxt” o, heç də biganələr kimi, “ mənə qəzəl oxuma!” yox, tez-tez: “ Şahin, bir qəzəl oxu!”-deyər, Şahin Fazilə “ dərviş görünüşlü ağsaqqal” kimi baxardı. Şahin müəllimdən söz düşəndə, heç vaxt barmaqları arasından siqareti əskik olmayan yazıçı sümürdüyü siqaretin tüstüsünü əlləri ilə yüngülcə qova-qova: “ Onun içində haqdan gəlmə bir işıq, alicənablıq var!”- söylərdi.
Dərvişlik bir müdriklik, haqsızlığa, laqeydliyə, biganəliyə qarşı etiraz və daxili dünyasına baş qoyaraq öz doğma hissləri ilə tək-tənha yaşamaqdır. Öz oduna alışıb, öz oduna yanmaqdır. Sonra o odlar-alovlar içindən sıyrılıb, müqəddəs, əbədiyaşar, əfsanəvi Simurq quşu kimi doğulub yenidən dünyaya gəlməkdir.
İnsan taleyinə yazılan hər tanışlıq hələ dostluq deyil. Dostluq- inam, əqidə, ikinci məndir. Şahin Fazillə ilk tanışlığım yaxşı yadımdadır. 1984-cü ilin noyabr ayının son günləri idi. Sanki, ilıq bir payız havası tökülən qızılı- çəhrayı yarpaqların, səmada qatarlanıb uçan durnaların həsrətinə köklənmişdi. “Məhsul bayramları”, çal- çağır qəribə bir ovqat yaratmışdı. Elə bil ki, həqiqətin səsi boş xəyallar, boş gurultular içində itib- batmışdı. “Azərbaycan qadını” jurnalının baş redaktorunun müavini Svetlana xanım Nəcəfovanın qapısı ağzında 11-ci saydakı səhifələri vərəqləyirdik. Tanış olduq. Həmin sayda mənim “ Payız neyləsin” hekayəm və onun iki şeiri ( “ Məktub” və “ Qızlarımızın anasına” ) çap olunmuşdu. Düzü, “ Məktub” şeiri məni bərk tutmuşdu. Üç ay idi ki, şəhərə gəlmişdim, işim də pis deyildi. “ Elm” nəşriyyatında redaktor işləyirdim. Mühit ziyalı mühiti idi, hər tanışlıq müsbət bir yenilik vəd edirdi. Ancaq kənd havası, neçə il dərs dediyim məktəb, deyib-güldüyüm insanlar, təqaüd yaşında olan valideyinlərim yadımdan çıxmırdı. Rəngli kino lenti kimi hər gün yuxularımdan keçib gedirdilər. Üç bəndlik şeir elə bil ovqatıma biçilmişdi. Kiçik həcmində böyük məna tutumu vardı. Şair qəlbən o hissləri yaşamış və o hissin kövrəklik yükünü misra-misra varlığımıza köçürtmüşdü:
Çoxdan görünmürsən bu yerlərdə sən,
A bala, evimiz sənsiz darıxıb.
Həmişə yolunu gözlədiyimdən
Gözüm hey yol çəkib, yoluna baxıb.
Beləcə, Şahin Fazillə təsadüfdən doğan tanışlığımız dostluğa çevrildi. 1990-cı ildə onun nəşriyyatımızda çap olunan “ Qəzəllər” kitabının da nəşriyyat redaktoru oldum. Mən ondakı sədaqətə, etibara, təmənnasızlığa, səmimiyyətə vuruldum. Çoxçalarlı, çoxsahəli yaradıcılığını ardıcıl izləməyə başladım. Anladım ki, təbiətən sakit görünən Şahin müəllim, daxilən narahat bir ömür yaşayır. Ağlı, qaralı dünya elə bil ki, bütün dərdləriylə onun içindən keçib gedir. Əslinə baxanda, əsil ziyalı, şair o dərdləri içinə hopdurub, xalqının ağrı-acısıyla yaşamalı, sevinci, fərəhiylə ucalmalıdır. Məgər heç xalqdan, eldən də ayrı ömür-gün olarmı?!
Şair elə özü narahatlıq içində keçən ömrünü xalq şairi Bəxtiyar Vahabzadəyə ithaf etdiyi “ Həmişə narahat” şeirində çox gözəl ifadə etmişdir:
“ Yaman narahatsan” mənə deyirlər,
A belə deyənlər, başa düşün bir,
Narahat deyilsə hər ürək əgər
Bir daş parçasıdır, ürək deyildir.
Yoxdur rahatlığı bircə anımın,
Neyləyim, rahatlıq məndən ötüşüb.
Mənim yaranmağım yaradanımın
Büsbütün narahat vaxtına düşüb.
Bəli, müharibə qızmışdı yaman,
Göylər yerə heyran, yerə mat idi.
Fəlakət, müsibət, qırğın, ah-aman...
Onda bütün cahan narahat idi.
Narahat yaşadıq o illəri biz,
Hər il ürəyimdə dərin iz salıb.
Bir də dəyişilməz şəksiz-şübhəsiz,
Məndə narahatlıq ömürlük qalıb.
Söyləyirlər mənə hələ cavanam,
Gərək, bu vərdişi, hissi atam mən.
Amma, bilməyirlər hey nigaranam,
Hətta yuxuda da narahatam mən.
Sakitlik nədədir, rahatlıq nədir?
Vallah təəccübəm buna, matam mən.
Gecə də, gündüz də, axşam da fikir,
Həmişə beləcə narahatam mən.
Rahatlıq verməyən narahatlığın
Bir gün zirvəsinə gərək çatam mən.
Rahat günlərimi ömrümdən çıxın,
Narahat Şahinəm, narahatam mən.
Görsəm bir nəfərin ağrıyır başı
O saat ürəyim üzülür mənim.
Birinin üzündən axan göz yaşı
Elə bil gözümdən süzülür mənim.
Bədxah hər əməli sayqactək sayır,
Bu halda ürəyin nə rahatlığı?
Məni bir an belə sakit qoymayır
Yetim balaların narahatlığı.
Əgər inandığım kələk gəlirsə
Dünya gözlərimdə qaralır o dəm.
Qonşudan vay səsi eşidilirsə
Elə bil ölüyəm, diri deyiləm.
Yaman sınamışam, deyim eşidin,
Bu sözüm çoxuna təəccüb gəlir.
Mən rahat olanda dolaşır işim,
Narahat olanda dərhal düzəlir.
Belə olmasaydım, doğmaya-yada
Hey gərək olmağa cəhd eləməzdim.
Arabir olsa da, hərdən olsa da
Gözəl insanlara şeir deməzdim.
Belə olmasaydım, söz sahilində
Arxayın-arxayın yatıb qalardım.
Ömür axınında, həyat selində
Vurnuxub qalardım, batıb qalardım.
Deməyin əbəsdir həmin vərdişim,
Başqadır könlümün səsi, sorağı,
Rahatlanmayınca hər hansı işim
Narahat olmaya bilmirəm axı.
Hələ baş tutmayan arzum, diləyim
Bir deyil, beş deyil, yığım-yığımdır.
Narahat olmayım necə eləyim?
Narahatlıq mənim rahatlığımdır!
Şair Şahin Fazil dilimizin vurğunu, təəssübkeşi, cəfakeşidir. O, qəzəlxanlarımızı təqlid yolunu tutaraq, klassik şairləri yamsılamasını onlara bağışlaya bilmir, xəlqi şeirlər yazmağa çağırır. Bu barədə 1999-cu il aprelin 22-də “Mister-x” qəzeti üçün Z. Məhəmmədoğlu ilə birgə götürdüyümüz “ Məni üzmüş bu inadkar qəzəlxanlarımız...” sərlövhəli müsahibəsində Şahin müəllim demişdir: “ Bu gün yaranan bir çox qəzəllərin qəliz sözlərini ərəb, fars dilindən xəbəri olmayan ən savadlı adam belə anlamır. Belə olan halda, qəzəl yazarkən misralara süst ilham yapışqanı ilə anlaşılmaz sözlər yapışdırmağa, milli qəzəl gülüstanımızı alaqla doldurmağa ehtiyac varmı?...”
Ş. Fazilin niyyəti, özünün dediyi kimi, “ qəzəl meydanında bügünkü dilimizin imkanlarını sınamaqdır.” Buna görə də epiqonçu, mühafizəkar qəzəlxanların xoşlarına gəlməsə də, ədəbi-bədii yaradıcılıq istiqamətində mübarizə apamaqla yanaşı, müasir qəzəlin necə yazılması barədə öz fikrini, mövqeyini açıq-aydın onlara bildirməkdədir.
Şair Ş.Fazilin odlu-alovlu poeziyası təpədən-dırnağa qədər böyük vətənpərvərlik yanğısı ilə köklənmişdir. O, yurdumuzun ictimai- siyasi həyatında cərəyan edən hər bir hadisələrə həssaslıqla yanaşır, xalqımızın başına gətirilən müsibətləri ürək ağrısı ilə qələmə alır. Əfqanıstanda mütərcim kimi fəaliyyət göstərdiyi 13 il ərzində şahidi olduğu əfqan xalqının yaşadığı faciələrin Azərbaycanda da təkrarlanmasını istəmir. Qarabağda müharibə ocağının təzə-təzə çatıldığı zaman fəsadlarını sanki qabaqcadan görür və həyacan təbili çalaraq yazırdı:
Ya ilahi, öylə et yurdumda əfğan olmasın,
Qoy mənim Azər diyarım əfğanıstan olmasın.
Şair şeirdə “ Əfqanıstan” və “ Əf + qanıstan” sözlərini qarşılaşdırmaqla, oxucuda insani heyrət yaradır. Yurdumuzun “ ah-fəğan yurdu”na ( “əfğanıstana”) çevrilməməsi üçün allahlıq eşqinə düşən böyük qaniçən rəhbərlərdən yox, Uca Tanrıdan mərhəmət umur, kömək diləyir.
“ Vətən döyülür” də əzilən, tapdanan Vətənin harayına getməyə, damarlarda kükrəyən qeyrət dalğasını tüğyana gətirməklə, köməyə qalxmağa çağırır:
Ürəyim dəmadəm gəlir fəryada,
Nə qədər torpağı vermişik bada!..
Adam döyüləndə yetirik dada,
Niyə dayanmışıq, Vətən döyülür.
Şahin Fazil narahat bir şair ömrü yaşayır. O, irili-xırdalı əsərlərində, dolaylı- qolaylı həyat yollarında yorulub, usanmadan özünü axtarır. Siqlətdə böyük, mənada dərin mətləblər içində bir fazillik tapmaq istəyir. Min illərlə durula-durula gələn poeziyamızın əngin səmasında şahin kimi süzmək üçün. İlk çap işi olan “Qızbənövşə” ( 1958) şeiri ilə şeiriyyətə vurulmuş, bu yolun qız bakirəliyi qədər təmiz, bənövşə gözəlliyi qədər qənirsizliyinə heyranlıq gətirmişdir. Bu, onda onun onuncu sinifdə oxuduğu, fərəhindən yerə-göyə sığmadığı vaxtlar idi. Zarafat deyildi, “Qızbənövşə”si Qubada çıxan “Qızıl Quba” qəzetində çap olunmuşdu. Ömürdən keçən illər yaşının üstünə yaş qoyduqca ümidləri pöhrələndi, arzuları çiçəkləndi. Şahin Fərzəliyev Şahin Fazil oldu. Kiməsə oxşamağa, kimisə təqlid etməyə can atmadı, öz yolu ilə böyük məqsədinə, amalına doğru yol keçdi. Heç vaxt rahatlığa uymadı, ötəri bir şöhrətin, həvəsin əsiri olmadı, boğazdan yuxarı kiməsə tərif deyib, quru ad, quru təltif gözləmədi. Onun üçün ən böyük mükafat çoxsaylı oxucularının qəlbinə yol tapmaq və onların sevgisini qazanmaq oldu. Sözün ilahi qüdrətinə sığınıb, gözəllik səltənətinə öz payını verdi. Lirik şeirləri ilə qəlbləri oxşadı, beş “ Divan” bağladı, ondan çox şeirinə bəstələnmiş mahnılar sərhəd tanımadı, ekran, efirləri dolaşdı.Şahin Fazil klassik və müasir ədəbiyyatda indiyə kimi olmayan “Qırxnamə” elegiyası yaratmışdır. Onun “Qırxnamə. Yaxud qırx şeirdən ibarət Elegiya” şeirlər kitabını ədəbiyyatımızda, sözün həqiqi mənasında, ədəbi hadisə hesab edə bilərik. 2001-ci ildə vəfalı həyat yoldaşını itirən şair tənhalığın qırx günündə çəkdiyi əzabları və ağrıları bədii sözə çevirərək içində dolaşan duyğulara iman işığı gətirir.
“Qırxnamə”ni şair Ə. Xələfli “ İztirabların inikası ”, jurnalist R. Əliyev isə “ Ədəbi hadisə” adlandırmışdır. Şair Ş. Fazil özü bu barədə belə yazmışdır: “ Mən ədəbi janrların çoxunda şeir yazmışam, elegiyadan başqa. Təəssüf ki, qismətimə elegiya yazmaq da düşdü. Mərsiyə tərzində yazılmış şeir, həm də həzin musiqi təsiri bağışlayır. Müasir şeirimizdə elegiya janrına müraciət edənlər az olub. “ Qırxnamə” yazan isə olmayıb, desəm, zənnimcə, yanılmaram.” Həmçinin “ İlnamə” şeirlər toplusunda şairin ömür-gün yoldaşının ölümündən sonra keçən bir il ərzində yaşadığı iztirabların, çəkdiyi ağrı - acıların poetik təsviri öz əksini tapmışdır.
Şair Ş. Fazil bu gün 140 yaşlı “ Məcməüş- şüəra” ( “Şairlər məclisi”) tarixi ədəbi məclisinin sədridir. Klassik ədəbi ənənələrimizin mənəvi daşıyıcısı olan məclis öz sıralarında ədəbi-mədəni irsimizin ləyaqətli davamçıları olan istedadlı qələm sahiblərini və ədəbiyyatımızın inkişafına töhfələr verməyə səy göstərən dəyərli ziyalılarımızı birləşdirir.
Şair Ş. Fazilin ədəbi yaradıcılığını elmi cəhətdən ətraflı araşdıran tədqiqatçı- Azərbaycan MEA M. Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Qiymət Məhərrəmli “Şahin Fazil “ Divan”ı və klassik ədəbi ənənələr” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və həmin elmi iş 2007-ci ildə monoqrafiya şəklində çap olunaraq, geniş oxucu kütləsinin diqqətinə verilmişdir.
Ş. Fazil 1999- 2000-ci illərdə İraqda keçirilən “ əl-Mərbid” şeir festivallarında iştirak etmiş, çoxlu sayda şeirləri xarici ölkələrin mətbuatlarında işıq üzü görmüşdür.
Şahin Fazil istedadlı tarixçidir. Öz sağlam iradəsi, mövqeyi ilə seçilən, mənbələrin dilini bilən tarixçi. Öz milli varlığına köklənib, öz milli ruhu ilə torpağına, xalqına bağlı olan tarixçi. Poeziyasından, yüksək vətəndaşlıq mövqeyindən qaynayıb gələn vətənpərvər, böyük tarixçi. O, Azərbaycanın orta əsrlər dövründən bəhs edən “ Azərbaycan və Osmanlı imperiyası ( XV- XVI əsrlərdə)”, “ XV əsr Azərbaycan dövlətlərinin quruluşu” monoqrafiyalarının, Qubanın IV-XXI əsrləri əhatə edən tarixinin tədqiqinə həsr olunmuş “Quba tarixi” adlı sanballı tədqiqat əsərinin müəllifidir.
1998-ci ildən “ Məcməüş-şüəra”nın ( “Şairlər məclisi”) sədri olan Ş. Fazil bu ədəbi məclisin tarixini yazaraq, “ Təzkireyi- Şahin” adı ilə 2006-cı ildə kitab halında nəşr etdirmişdir.
Ş. Fazil tariximizin müxtəlif problemlərinə həsr edilmiş çoxsaylı məqalələrin müəllifidir. O, istər Azərbaycanda, istərsə də xaricdə ( Moskva, Ankara, İstanbul, Daşkənd, Təbriz, Mahaçqala, Kipr Respublikası, Polşa və s.) keçirilən beynəlxalq elmi konfrans və görüşlərdə fəal iştirak etməklə, tarix elmimizi ləyaqətlə təmsil etmişdir.
2009-cu ildə Yaponiyanın Sinday Universitetinin dəvəti ilə həmin ölkədə səfərdə olan alim Sinday və Tokio şəhərlərində “XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət” adlı məruzə ilə çıxış etmiş, “Azərbaycan haykuları” kitabındakı bir neçə şeirləri yapon dilində mətbuatda çap edilmişdir.
Tarix üzrə elmlər doktoru, professor Ş. Fazil şərqşünas alim kimi son vaxtlar tərcüməçilik fəaliyyətini də genişləndirməklə iki böyük Azərbaycan tarixçisinin- İskəndər bəy Münşi və Həsən bəy Rumlunun fars dilində yazdıqları iki böyük əsərlərini doğma dilimizə çevirmişdir. O, həmin əsərləri təkcə tərcümə etməklə kifayətlənməmiş, həmçinin onlara geniş “Ön söz” və sanballı şərhlər də yazmışdır.
Əhəmiyyətli tarixi mənbə olan İskəndər bəy Münşinin “ Tarixe- aləmareye- Abbasi” ( “ Dünyanı bəzəyən Abbasın tarixi” əsəri 2505 səhifədən ibarət olub, 2010 və 2014-cü illərdə çap edilmişdir.
Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” ( “Tarixlərin ən yaxşısı” ) əsərinin 1-ci və 2-ci kitablarının tərcüməsi başa çatmış, çap üçün hazır vəziyyətdədir.
Hər iki əsər Azərbaycan Səfəvilər dövlətinin tarixi üçün çox mühüm və əhəmiyyətli mənbə rolunu oynamaqdadır. Tərcümə ustalıqla həyata keçirilmiş, elmi ictimaiyyatın marağına səbəb olmuşdur.
Ş. Fazil bu əsərlərdən başqa Jozef Tiflisinin “ Mir Veys və Şah Sultan Hüseyn” və Yan Tadeuş Krişinskinin “ Xristian səyyahın tarixi” əsərlərini də dilimizə çevirmişdir.
Tərcümə yaradıcılıq işi olmaqla bərabər, həm də tərcüməçidən ciddi hazırlıq və məsuliyyət tələb edir. Tərcümə prosesində bacarıqla, istedad üst-üstə düşürsə, orijinal qazanır. Sevindirici hal odur ki, Ş. Fazil dilimizin bütün imkanlarından geniş və məharətlə istifadə etməklə, həmin mənbələri oxucuların, tədqiqatçıların diqqətinə çatdırmışdır.
Ş. Fazil çoxlu “ Səfərnamələr” müəllifidir. Sanki:” yüz dəfə eşitməkdənsə, bir dəfə görmək hamısından yaxşıdır!” prinsipi, xalq deyimi onun həyat idealına, kredosuna çevrilmişdir. Səfərlər öyrənmək, yeniləşmək, zənginləşmək, daha da kamilləşməkdir. “İran səfərnamələri”, “ İraq səfərnamələri” ( “Xurma kimi şirin Bağdad” və “ Bağdad kimi şirin xurma” ), “ Türkiyə səfərnamələri”, “ Gürcüstan görüşləri”, “ Dağıstan dəftəri”, “ Özbəkistan təəssüratları”... səfərlər bitib tükənmir. Dünya əlvan rəngləriylə şairin yaddaşına köçür, zaman tarix olub kino lenti kimi baxışlarından keçib gedir. Qütblər, iqlimlər arzular önündə kəsişmir, meridianlardan meridianlara səfər yolları uzanır.
Tədqiqatçı-alim Q. Məhərrəmli “ Səfərnamələr”in məziyyətlərindən bəhs edərkən yazmışdır: “ Səfər xatirələrinə xüsusi oxunaqlıq verən əruz, sərbəst və heca vəznli şeirləridir ki, bunların hər birini şair böyük məhəbbətlə qələmə almış, bir çoxunu həmin ölkələrdəki qələm dostlarına, orada uyuyan dahi söz ustadlarına, qələm sahiblərini ilhama gətirən, yazıb-yaratmağa sövq edən təbiət gözəlliklərinə, saf insani duyğulara, həmçinin səfər yoldaşlarına həsr etmişdir. Təbii ki, tarixçi alim öz səfərlərinin tarixilik baxımından dəyərinə də xüsusi diqqət yetirmiş, Azərbaycanla həmin ölkələrin tarix boyu davam etdirilən dostluq əlaqələrinin daha da möhkəmlənməsinə çalışmışdır.”
Tanınmış yazıçı, şərqşünas-alim Ə. Hacızadə: “ İran səfərnamələri”nin ayrıca kitab şəklində çapa hazırlanması, mən deyərdim ki, əlamətdar hadisədir, ölkələrarası münasibətlərin daha da genişlənməsinə xidmət edən olduqca faydalı bir addımdır... Kitabı oxuduqca yenə oxumağım gəlir, oxumağım gəldikcə yenə oxuyuram...”-demişdir.
Ş. Fazil uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkaran Dövlət Universitetində bakalavr və magistrlərə mühazirələr oxumuş, diplom və magistr işlərinə rəhbərlik etmişdir.
Professor Ş. Fazilin rəhbərliyi ilə 13 nəfər tədqiqatçı müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. A. A. Bakıxanov adına Tarix İnstitutunda fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. 10-dan çox kitabın elmi redaktoru olmuş, 50-yə yaxın tarix üzrə fəlsəfə doktoru və tarix üzrə elmlər doktoru dissertasiyalarına opponentlik etmişdir.
Tarix İnstitutunun “ Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, şair, şərqşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı, SSRİ-nin Fəxri Fərmanları ilə təltif olunmuş tarix üzrə elmlər doktoru, professor Şahin Fazilin ( Ş. F. Fərzəliyev) 38 bədii, elmi və tərcümə kitabları çap edilmişdir.
Şahin Fazil böyük hərflərlə yazılası bir insandır. Xeyirxah, ləyaqətli və qürurlu insan! Bu il martın 27-də mübarək dünyaya gəlişinin 80 illiyi qeyd olunacaq. Sadaladığımız fədakarlıqlar qarşısında 80 il nədir ki?! Zaman anlamına görə bir içim su anı. O illəri bəzəyəsi gör nə qədər işlər görüb Ş. Fazil. Zaman atlı, o piyada, hey yarışıblar. Zamanı əydirib, zamandan pay qoparıb özü olmaq üçün. Gecəsini əridib gündüzünə qatıb, dincəlmək nə olduğunu bilməyib, zəhmət təriylə taleyini naxışlayıb. Halallıq içində poeziya sarayı yaradıb, tarixçi, tərcüməçi, səyyah, müəllim Şahini “ haqq divanına” çağırıb. O saraya naxış vurub, ona bir az da ucalıq, möhtəşəmlik qatıblar. 80 olub, 90-da olacaq, 100 də! Axı Uca Tanrının sevdiyi insanların yaşamağa haqqı var. Mənalı keçən ömür- zirvələrə ucalan, zirvələrdə qocalan qartal ömürlü, qartal qürurlu olur. Şahin Fazilə ucalıq yaraşır, layiq olduğu ucalıq!

03-04. 02. 2020.

56 dəfə oxundu

Axtarış