…bu gün onun anım günüdür…
DİLARƏ
(…SQ-nın pilotu D. Babayevaya ithaf olunur…)
Bizdə atalardan bir məsəl qalıb:
“Aslanın erkəyi, dişisi olmaz”…
Bu yurdun neçə mərd oğlu, qızı var,
Adı anılmalı, anmasaq olmaz…
* * *
Yaradan bəxş edib, bu namı bizə,
Ellərin sultanı, xan Azərbaycan…
Var olsun bu torpaq, yaşasın Vətən,
Anam Azərbaycan, can Azərbaycan…
* * *
Dünya yaranandan mayamız belə,
İplikdən əjdaha doğub hanamız…
Lalənin al rəngin yazıb tarixə,
Analar anası, Tomris anamız…
* * *
Ruhu, düşüncəsi zəkidən zəki,
Əhsən deyib ellər, qalıb tamaşa…
Necə Nüşabəsi olub bu elin
İsgəndər mat qalıb, edib tamaşa…
* * *
Neçə Sarası var, dünya tanıyır,
Əlində qələmi qılıncdan iti …
Zaman hökmün verib, geriyə dönməz,
İllər axıb gedir itidən iti…
* * *
Zaman dəyişsə də dəyişmədik biz,
Xanım-xatın qızlar birər qəhrəman…
Anadan, atadan gördüklərimiz
Tarixdə qalmayıb, yaşayır hər an…
* * *
İllər axıb gedir, biz yaşayırıq,
Ruhumuz o ruhdur, qanımız o qan…
Əzəldən dünyanın gərdişi belə,
Sözümün canı var, can Azərbaycan…
* * *
İndi “İmarət”-də qonaq Xan qızı,
-Natəvan pəjmürdə, ruhu pərişan…
Əldən ələ düşüb eli, obası,
İltifat edən yox, yox hal soruşan…
* * *
Tarix nələr görüb, nələr öyrədib,
Halı haldan anlar, ariflər bilər…
Aramla süzülür bu çeşmədən nur,
Fitrətdə, mayada qor olan bilər…
* * *
Onun yaddaşında neçə Nigar var,
Ley kimi qayadan süzüb düzlərə…
Unutmaq olarmı söylə Həcəri???
Nəbiyə qoşulub, düşüb düzlərə…
* * *
Ucadan ucadır şanlı tarixim,
Ruhumun qidası şərəfdi, şandı…
Zamanın fövqündə dayananların,
Anası bircədi, – Azərbaycandı!!!
* * *
Uçmaq arzusuna düşdü, Dilarə…
Ruhu göy göylərin qonağı idi…
Ulduzlar göylərdən gəl-gəl edirdi,
Sonsuz ənginliklər oylağı idi…
* * *
Tanıdı Leylanı, ününü duydu,
Andı Züleyxanı fəxrlə hər an…
Cəhd etdi, çalışdı əzmlə hər gün,
Məqsədi fikrindən çıxmadı bir an…
* * *
Uçdu arzusunun qanadlarında,
Sevindi ilk uçuş müjdəsi ilə…
Taledən, qismətdən razı idi,
Anardı Tanrını “min şükür” ilə…
* * *
Fəqət, yarı yolda qaldı arzular,
Axı, quş qanadı çox kövrək olur…
Məni dəstəkləyər qulaq dostları,
Məncə, tər çiçəklər çox tez də solur…
02. 05. 2018. Bakı. (08:50)
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ