Diş həkimi
Müəllif: Meyxoş Abdullah


2017-10-30 06:56:54


Diş həkimi...
(hekayə)

Ağrıdan, səhəri dirigözlü açan professor Əhmədzadə, özünə söz verdi ki, elə bu gün həkimə gedib dişlərini müalicə etdirəcəkdir. Üçüncü gün id o, dişlərinin ağrısından əziyyət çəkirdi. Tanışlarından öyrənmişdi ki, “Neftçilər” metrosunun yanındakı binaların birində Albert adında erməni diş həkimi yaşayır. Savadlı diş həkimidir, iş yerindən savayı evində də xəstələri qəbul edir, - dedilər.
Əhmədzadə günortadan sonra deyılən ünvana yollandı. Axtarıb həkimin evini tapdı. Albert deyilən adam əllibeş-altımış yaşlarında arıq, skelete oxşar bir kişiydi. Sir-sifətindən zəhrimar tökülürdü. Əhmədzadəni də acıqlı qarşılayıb, kresloda oturtdu və xəstə dişlərini nəzərdən keçirə-keçirə:
- Dişləriniz bərbad haldadır, təcili müalicə olunmalıdır, - dedi. Sonra da Əhmədzadəni başdan-ayağa süzüb əlavə etdi:
- Siz mənə tanış gəlirsiniz, sənətiniz nədir?
-Universitetdə müəllim işləyirəm, professoram, - deyə Əhmədzadə dilləndi.
Albertin gözlərində azacıq da olsa işıq şölələndi, sifət cizgilərindən hiss olunurdu ki, o artıq bayaqkı qaraqabaq adam deyil, bir azca mülayimləşmişdi.
- Tanış olaq! – dedi, - Albert Tiqranyan, köhnə bakılıyam. Atam da, babam da diş doktorları idilər. Mənim müştərilərimin arasında böyük vəzifə sahibləri çox olublar. Tanımamış olmazsan, - deyə o, əlavə etdi Rüfət Ağazadə vardı, cavan yaşlarında rəhmətə getdi, “Neft-Kimya” institutunda kafedra müdiri işləyirdi. – Xankişi Qafarlı vardı, İçərişəhər balasıydı, komsomol işində çalışırdı, bilirsən necə kişiydi? Bilmirəm nədənsə başına hava gəldi, - deyə Albert qımışdı. Canım sənə desin, Murad Çələbi vardı gözəl fizikdi. Offf... bilirsən necə savadlıydı, dünyada məşhur alimdi, tayı-bərabəri yox idi, uzun müddətdi ki, dostluq edirdik. O da cavan öldü, dərdi də bilinmədi. – Vardı, çoxlu müştərilərim vardı, hər vaxt gəlirdilər yanıma özlərinin, ailələrinin dişlərini müalıcə edirdim. Yaxşı da pul verirdilər, - deyə Albert xırıltılı səslə, qırıq-qırıq gülməyə başladı. - Siz də pis müştəriyə oxşamırsınız, deyirsiz professorsunuz? - Albert qıyıq gözlərini Əhmədzadənin sifətinə zillədi. – Neynək, siz də bu gündən oldunuz mənim yaxın dostlarımdan biri. İndi isə deməliyəm ki, sizin dişləriniz elə bu dəqiqədən müalicə olunmalıdır. Sabaha qalsa gec olar. Müalicə də, yəqin bir-iki həftə çəkər. Vaxtınız olacaqmı, yoldaş professor? - deyə Albert bic-bic gülümsədi.
- Necə məsləhət bilirsiniz, elə də edin, - deyə Əhmədzadə dilləndi.
Prefessor hər gün işdən sonra dişlərini müalicə etdirmək üçün diş həkiminin evinə gəlirdi. Müalicə iki həftədən atrıq çəkdi. Albertin düzəltdiyi dişlər yaxşıydı, Əhmədzadənin xoşuna gəlmişdi. O da diş həkiminin zəhmət haqqını artıqlamasıyla ödəyib evinə döndü.
Professor evinə dönəndən sonra beyinində nəyinsə uğuldadığını hiss etsə də, bunu təzəcə salınmış dişlərlə əlaqədar olduğunu zənn etdiyindən, elə də əhəmiyyət vermədi. Yay vaxtı olduğundan professorun arvad-uşağı bağ evində dincəlirdilər. O, universitetdə qəbul imtahanları başlandığına görə şəhərdəki evində tək yaşayırdı.
Həkim ona iki-üç saat yemək yeməməsini tapşırdığına görə Əhmədzadə bir az istirahət etmək üçün soyunub yatagına uzandı. Öz-özünə fikirləşdi ki, bir az yatandan sonra durub nahar eləyər. Elə təzəcə gözünə yuxu getmişdi ki, qulaqlarına musiqi səs gəldi. Özü də elə bil musiqi onun beyninin içində çalınırdı.
Professor fikirləşdi ki, yəqin ya televizoru, ya da radionu açıq saxlayıb, musiqi səsi də oradan gəlir. Ayağa qalxıb yan otağa keçdi. Televizor söndürülmüşdü, stolun üstündəki radionu qurdaladı. Maraqlıydı, radioda da susurdu. Əhmədzadənin zəhləsi getdiyi və heç bir vaxt dinləmədiyi maqnitofon da evin bir küncündə atılıb qalmışdı. Təəccübləndi. Balkonun pəncərəsini açıb, eşiyə qulaq verdi. Binanın həyətindəki oturacaqlarda çoxlu adam otursa da, musiqi-filan eşidilmirdi. – Bəs görəsən bu səs haradan gəlir? – o, düşündü. Bir şey başa düşmədiyindən yenidən gedib yatağa uzandı. Gözlərinə təzəcə yuxu getmişdi ki, birdən beynində bir xırıltı qopdu. Elə bil kim isə radionun dalğasını qurdalayırdı. Aləm dəymişdi bir-birinə. Bir azdan lap yaxınlıqdan məlahətli bir qız səsi eşidildi. Əhmədzadə diksinərək yan-yörəsinə boylandı. Qız isə aramla danışırdı: - “Əziz musuqi həvəskarları, muğamlarımızdan ibarət konsertimizə başlayırıq.”Humayun” muğamı, oxuyur Azərbaycan SSRİ xalq qrtisti Əbülfət Əliyev. Tarda müşayət edir Əhsən Dadaşov, kamançada Nefton Qriqoryan, nağarada çalır Cingiz Mehdiyev”.
Əhmədzadə diksinib yuxudan ayılsa da, yataqdan qalxmadı, elə uzandığı yerdəcə mat-məttəl konserti axıracan dinlədi. Dinlədiyi muğam professorun ürəyinə yağ kimi yayılsa da beyinindəki hay-küy ona yaman əziyyət verirdi. Baş-gözü səs-küydən şişərək get-gedə böyüyürdü.
Ayağa qalxıb, hamama keçdi, əl-üzünə su vurub, rahatlandı. Başındakı ağrılar bir azca sakitləşmişdi. Bu, zəhrimara qalmış səs-küy nə idisə, gah yox olur, gah da hardansa peyda olub onun sinirlərini tarıma çəkirdi.
Hay-küy gecə saat onikiyə kimi davam etdi. Radioda hansi verliş gedirdisə, Əhmədzadənin də başında həmin verliş səslənirdi. Verlişlər qurtarandan sonra, bu çal-çağır da qeybə çəkildi. Elə bil, bayaqdan kişini dəli edən, onun sinirlərini pozan bu vurçatdasın yox imiş.
Professor sakitləşdiyi üçün özünə çay-çörək hazırlayıb bir az yemək yedi. Sonra isə xırda-para işlərlə məşğul olandan sonra yatağına uzanıb yatdı. Gecənin nə vaxtıydı bilmədi, onda gördü ki, səs-küydən az qalır başının qapağı qalxsın. Saata baxdı, səhər saat altı tamam idi, radioda himn çalınırdı. Daha sonra isə səhər gimnastikası başladı. Bunların hamısı professorun başının içində səslənirdi. Səs-küydən Əhmədzadə dəli olmaq dərəcəsinə çatmışdı. Olub-keçənlərdən heç nə başa düşməyən zavallı professor bu işə mat qalmışdı.
Bir neçə gün də beləcə davam etdi. Professor qorxurdu ki, bu məsələni açıb dost-tanışa söyləsə, onu lağa qoyub gülərlər. Ona görə də, o, hələlik bu sirri gizlin saxlayırdı. Amma bunlara dözmək çətin idi, illah ki, gecələr. Necə ki, sakitlik yaranırdı, həngamə də ondan sonra başlayırdı. Əhmədzadə vaxtının çox hissəsini adamların gur olduğu yerdə keçirirdi ki, bəlkə bu andıra qalmış səs-küy onu rahat buraxa. Vəziyyətin get-gedə dözülməz olduğunu görəndə, o, çarəsiz qalıb məsələni univerisitetdə, onunla bir kafedrada işləyən müəllim dostuna açdı. Dostu əvvəlcə buna inanmadı. Sonra onlar şərtləşdilər ki, professor dəhlizdə, onun dostu isə otağın içində qalıb radioda gedən verlişləri izləsinlər. Sonra isə eşitdiklərini bir-birlərinə danışsınlar. Belə də etdilər.
Professor radioda hansı verlişin getdiyini, həmin verlişi hansı aparıcı apardığını, nöqtə, vergülünə kimi danışanda dostunun təəccübdən gözləri bərələ qaldı. Onlar ikilikdə çox baş sındırdılar, amma nə qədər fikirləşdilərsə bir nəticəyə gələ bilmədilər.
- Bu hal səndə nə vaxtdan başlayıb? – deyə dostu soruşdu.
- Bir həftəyə yaxın olar. Daha doğrusu, dişlərimi müalicə etdirəndən sonra bu hal başlandı, - deyə Əhmədzadə cavab verdi.
Dostu təəccübləndi:
- Necə yəni, dişlərimi müalicə etdirəndən sonra?! Dişlərini nə vaxt müalicə etdirmisən?
- Dedim də, bir həftə olar. Qabaqlar məndə belə şeylər yox idi, nə oldusa dişlərimin müalicəsindən sonra başladı.
Onlar təəccüblə bir-birlərinin üzünə baxdılar. Arada yaranmış sükutu yenə də dostu pozdu:
- Dişlərdən buna nə var ki? Məgər, bu boyda şəhərdə diş düzəltdirən təkcə sənsən? Sonra o nə fikirləşdisə soruşdu:
- Dişlərini kim müalicə edibdir?
- Albert adında erməni diş həkimi var, o. – deyə professor bir şey başa düşmədiyindən cavab verdi.
Dostu çiyinlərini çəkdi:
- Adını eşitmişəm, amma necə bir həkim olduğunu bilmirəm. Bəs niyə mənə qabaqcadan demədin, mənim şəhərdə yaxşı həkim dostlarım var. Belə işin vardısa gərək mənə deyəydin? – Nə isə, artıq keçibdir, bir halda ki, dişlərindən şübhələnirsən, gəl səni onlardan birinin yanına aparım, görək bu nə olan işdir? - deyə dostu onu sakitləşdirdi.
Onlar razılığa gəlib birlikdə başqa bir diş həkimin yanına gəldilər.
Həkim yenicə qoyulmuş dişləri müayinədən keçirtsə də, bir şey başa düşmədi. Dişlərin çox səliqəli və keyfiyyətlə hazırlandığını bildirdi.
Əhmədzadənin dostu məsələni açıb həkuimə danışandan sonra, o, qaşlarını çataraq təəccübünü gizlətmədi. Onlar qərara gəldilər ki, yeni düzəldilmiş dişlər sökülsün.
Həkim belə də etdi, iki həftə bundan qabaq düzəldilmiş dişlər sökülərək çıxardıldı. Elə o dəqiqə də Əhmədzadənin başındakı uğultular yavaş-yavaş yox olub getdi. Sanki qatı bir duman çəkilirdi onun beynindən. Çöhrəsinin açılmasından yanındakılar da hiss etdilər ki, deyəsən professorun əhvalı get-gedə yaxşılaşır.
- Burada qeyri-adi bir şey yoxdur, - deyə diş həkimi əlindəki qızıl dişləri, o yan-bu yana çevirərək dilləndi. Ancaq yanındakıların sual dolu baxışlarını öz üzərində hiss etdiyindən, dişləri bir də diqqətlə nəzərdən keçirməyə məcbur oldu. Birdən o, iki dişi bir-birinə birləşdirən oyuqda xırda, şarikəbənzər bir əşyanın olduğunu gördü. Bu əşya dişin arasındakı oyuğa bərkidilmişdi.
Diş həkimi onu söküb nəzərdən keçirtdi. Bu nə idisə şübhəli bir əşyaya oxşayırdı. O tapılan əşyanın tərkibini yoxlamaq üçün onu diş poliklinkasındakı laboratoriyadan müayinədən keçirtdi. Heyrətindən həkimin gözləri bərələ qaldı. Üzünü professora tutub:
- Görürsən, erməni dostun nə iş görübdür? – Sənin dişlərinin oyuğuna silisum kimyəvi birləşmələrini qoyub. Bu kimyəvi birləşmələrdən elmdə elektrodalğaların ötürülməsində istifadə olunur. Məqsədi sənin sinir sistemini pozub, beynini xarab etmək olubdur.
O dəqiqə professor Əhmədzadənin yadına birincı dəfə erməni diş həkimiylə görüşəndə etdikləri söhbətləri düşdü. O vaxt Albert dünyasını hansı səbəbdənsə dəyişmiş alimlərin adını sadalamışdı ona..
Onlar qərara gəldilər ki, vaxt itirmədən bu barədə lazımı orqanlara məlumat versinlər.
... İki gündən sonra erməni diş həkiminin yaşadığı mənzilin qapısından belə bir elan asılmışdı:
- “Doktor Albert Tiqranyan daha burada yaşamır...”

1999- cu il.


4 dəfə oxundu

Axtarış