Dövlətimizin, Xalqımızın qədrini bilək! Esse
Müəllif: Əzizağa Elsevər


02.05.2020


Düz 100 il bundan qabaq, elə bu gün doğma Azərbaycanımızın çırağını söndürüb zülmətə qərq etdilər. Azərbaycanın dövlətçiliyini əlindən alıb, qondarma bir dövlət- Azərbaycan SSR yaratdılar. Adı bizim oldu, dadı özgənin. Sürükləndik bazara-ucuz işçi qüvvəsi kimi. Sərvətimiz talandı, gecə-gündüz düşmənin xəzinəsinə daşındı. Hamısı qızıla döndü- gözləri doymadı. "Ağ qızıl", "Qara qızıl" bizə bir gün də olsa, qızıllı bir gün vermədi. Torpaq namusdur- namusumuza göz dikildi.Dədə-babalarımızın gəzdiyi, ruhunun dolaşdığı torpaqlarımızdan qovulduq. Min bir oyun quruldu, hiyləylə, fırılaqla düşmənə "vətən" yaratdılar, saxta tarix uydurdular. Soyqırımlar yapdılar, gözümüz qorxsun, səsimiz çıxmasın deyə. Vicdanı oyananın vicdanını boğub, uzaq-uzaq ellərə sürüklədilər. Qazaxıstan, Qırğızıstan, daha nə bilim hansı stan, hansı stan...Hələ ürəkləri soyumadı, param-parça etdilər ana yurdumuzu. Əlifbamız dəyişildi- dönə-dönə, millətimizə yeni ad qoydular-kökümüzə, soyumuza qayıtmayaq deyə.Yaddaşımıza əl gəzdirdilər, manqurt böyütsünlər deyə.Adımıza köçəri, gəlmə dedilər, bu torpaqlarda biz qonaq kimi yaşayaq deyə.Böyüklüyümüzə addım-addım kölgə saldılar, qəzəbləri soyumadı. Dədəm Qorqudun adını yasaq elədilər, ulu ozanlarımız, elm- ürfan sahiblərimiz onun öyüdlərini ürəklərinə köçürüb el-el gəzdirdilər. Gəncəli Nizamini mübahisə ocağına atdılar, farsca yazıb deyə. Cavad xan düşmən gözüylə bizə təqdim edildi. Ana dilimizin sərhədləri sıxışdırıldı. Vaxt oldu ki, yazıq dilimizə mətbəx, bazar dili dedilər. Rus dili qılıncını sıyırıb üstümüzə gəldi.Bu dildə danışmaq qəhrəmanlıq, mədəniyyət sayıldı. Rus dilli məktəblərimiz hər gün göbələk kimi artdı."Bayu, bayuşka , bayu, A ya pesenka spayu!" laylası beşiklərimizdə körpələrimizin qulağına pıçıldandı. Erməni, rus, daha nə bilim, hansı əcnəbi qızlar öcaqlarımızın başına keçdi. Bizə qanı bizdən olan övlad yox, taleyimizə laqeyd, biganə, bəlkə də düşmən olan övladlar yetişdirdilər. Böyük imperiyanın köləsinə çevirdilər. Vəzifə, kürsü, stol xəstəliyinə yoluxdurdular. Yaltaq, simasız, oğru kimi yaşamağa alışdırdılar. Yalan həyatımıza yeridi, kişi sözü qürurdan düşdü.Yalançı planlar, yalançı öhdəliklər baş alıb getdi. Yalançı, heç kəsə gərək olmayan keçici bayraqlarla başımızı aldatdılar."Mərkəz" öz işində, kef içindəykən, pambıq yığımı ,sanki müharibə dövrünü xatırlatdı. Məktəblər bağlandı, təhsil kağız üstündə getdi. Analar səhər dan yeri söküləndən, axşam qaranlıq çöküb, əl-ayaq kəsilənə qədər tarlalardan çəkilmədi.Çəkilə bilərdimi?! Xeyrimiz-şərimiz unuduldu. Adət-ənənələrimizə qadağa qoyuldu. Məscidlərə getmək yasaqlandı. Ateizm bir fənn kimi beynimizə yeridildi. Yalançı məhsul bayramları, uydurma əmək qəhrəmanları yaradıldı. Sözümüzü deyəsi ziyalıları məclislərə buraxmadılar, çoxusunu partiyaçı deyilsən deyə danışığını kəsdilər. Partiyaçı ancaq mala baxan, inək sağan, traktorçu olmalı idi. Onların da çoxusu bir orden, medalla susdurulur, ali kürsülərdə rus dilini bilmədiyi üçün danışmaqdan çəkinirdilər. Tariximiz saxtalaşdırılır, imperiyanın mənafeyinə uyğun bir tarix yaradılırdı.Yazdırırdılar ki, biz könüllü Rusiyaya birləşmişik, onlar gəlməsəydi biz bir-birimizin qanın içib məhv olasıydıq.Rus-erməni birləşmiş qüvvələrinin xalqımıza qarşı apardığı soyqırımların günahkarı bizi çıxardır, vətəndaş müharibəsi, müsavat fitnəsi kimi don geyindirirdilər mahiyyətlərə. 20-30-cu illərin repressiyaları... ziyalılarımızın başına gətirilən müsibətlər heç unudulandımı?! Oturub əllərinlə başını tutursan, dərdlərimiz sadalanmaqla qurtarmır. Dünya fikrində xəyala gedir, olanlar oyalanıb yaddaşında əriş-arğac olur. Nə yaxşı, nə yaxşı ki, yenə dövlətçiliyimizə qovuşduq! Hüseynzadələrin, Rəsulzadələrin çəkdikləri əzablar yerdə qalmadı. Üçrəngli bayrağımız bu gün başımız üstündə dalğalanır. O, sevgimiz, qürur mənbəyimiz, ölməyən əbədiyyət yolumuzdur. Dalğalan mənim bayrağım, sənə daha ucalıqlarda dalğalanmaq yaraşır. Sevin, mənim qürurlu xalqım, ləyaqətli millətim! Bu dövləti göz bəbəyi kimi qoruyub, yaşatmalıyıq. Onun ömrünə ömür qatıb əsrləri-əsrlərə calamalıyıq!..


Bakı şəhəri, 2020, 27-28 aprel.

9 dəfə oxundu

Axtarış