Doğma evdə yad adamlar yaşayır...
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:14:45


Mükafat Yaqub

Doğma evdə yad adamlar yaşayır...

Bir gün gələn, bir gün gedər, var axır,
Gedənlərin dalınca ruhlar baxır.
Hər gecənin öz gündüzü var axı!..
Nur zülməti, zülmət nuru daşıyır,
...Doğma evdə yad adamlar yaşayır...

Meyvələrin yetişəni, kalı var,
Qismətin də veriləndə “al”ı var.
Odun suya bələnməyə halı var?..
Alov suyu, su alovu daşıyır,
...Doğma evdə yad adamlar yaşayır...

Səbrini basıb külə,
Ömrünü verib yelə.
Qatarında bir gilə
Əcər ümid daşıyır,
...Doğma evdə
yad adamlar yaşayır.

Güman min yerə çapar,
Taylı tayını tapar.
Hisli çıraq lüləpar,
Buynuz çomaq qaşıyır,
...Doğma evdə
yad adamlar yaşayır.

Qapısı bir, tabağı bir, çölü bir,
Çatısı bir, ocağı bir, külü bir,
Bir odada bir-birini gözləyir,
Ürək dərdi, dərd içini aşıyır,
...Doğma evdə yad adamlar yaşayır...

Bəyaz bulud kəhkəşanı deşdi ha,
Sadalama qızılı ha, teşti ha...
Bu dünyanın qara daşı heçdi ha!!!
Süd gölündə boyamağa daş ayır,
...Doğma evdə yad adamlar yaşayır...


Mükafat Yaqubov

5 dəfə oxundu

Axtarış