“DÜNYA BİR PƏNCƏRƏDİR..."
Müəllif: Zaur USTAC


2018-01-21 10:27:19



(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur...)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş...
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq...
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi...
Çoxunun gözü ackən, Sənin gözün tox idi...
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək gərəkdi, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq...
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi...
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi...
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş....
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq...
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi...
Çoxunda beş-beş olan, Səndə biri yox idi....
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş...
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi...
Çoxu sayın bilmirdi, Sənin biri yox idi...
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş...
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı saymasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi...
Bilən bilir qardaşım, Sənin mislin yox idi....
21.01.2018. Bakı. (13:33-15’)


Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

17 dəfə oxundu

Axtarış