Dünyanın ən ağıllı dəlisi ...
Müəllif: Meyxoş Abdullah


22.02.2021


hekayə

... Şəhərdə onu Dəli Bəybala çağırırdılar. Yaşı əllini keçsə də, bədəninin cılızlığına görə, ona, otuz-otuz beş yaşdan artıq vermək olmazdı. Saçları heç vaxt daranmayan, gözlərinin içi qıpqırmızı olan, bu arıq vücudlu adamın, yay-qış əynində bir dəst köhnə paltar olardı. Nə qışda qalın geyinər, nə də ki, yayda əynini yüngül edərdi, elə həmişə bir görkəmdə gözə dəyərdi. Qışda da, yayın cırramasında da, ayağında rezin qaloş olardı. Şalvarının balağı ayaqlarına dolaşmasın deyə, onu cırıq və kirli corablarına salardı.
Bu adamın işi, sənəti səhərdən axşama kimi şəhərin bu başından, o başına pay-piyada gedib-gəlmək idi. Əllərini qoynuna qoyub, barmaqlarının ucunda dartına-dartına yeriyən bu adamın görkəmi, hamının diqqətini cəlb eləsə də, heç kəsin onunla işi olmazdı. Əslinə qalsa, Dəli Baybala da heç kəsə dəyib-dolaşmazdı. Qarşısına çıxan qız-gəlinə, uşağa, qocaya bir kəlmə də olsun artıq söz deməzdi. Qarşılaşdığı adamların yolundan çıxıb yol verər, bir dəfə də olsun kimsənin qarşısını kəsib narahat etməzdi.
Dəli Bəybala səhər açılan kimi evdən çıxar, bir də qaşqaralanda geri dönərdi. O, kasıb bir ailədə doğulmuşdu. Ata-anasını erkən itirdiyindən, qardaşının himayəsində yaşayırdı. Gözünü dünyaya açıb, ağlı bir şey kəsməyəndən, adının qarşısına qoyulmuş «dəli» sözü onu hey düşündürüb, narahat edərdi. Bəybalanın «dəli» sözündən lap əvvəldən zəhləsi gedərdi. O, bu söz üstündə bir neçə dəfə qonum-qonşunun uşaqlarının baş-gözünü də vurub yarmışdı. Anlaya bilmirdi ki, camaat ona niyə dəli deyir? Gündə neçə hoqqadan çıxan məhəllə uşaqlarını, niyə bu adla çağırmırdılar?!
Bəybalanın başından cinlərini oynadan «dəli» kəlməsi deyildi. Onu əsəbləşdirən qonum-qonşunun öz uşaqlarına «mənim ağıllı» balam demələriydi. O ağıllı balalar ki, gündə neçə kərə ağılsız işlər görərdilər. Elə pis-pis işlər tutardılar ki, Bəybala ömründə belə işlər görməmişdi. Pis-pis işlər görən bu «ağıllı balaların», ağıllı ata-analarına baxanda, o, əlini-əlinə vurub, qəh-qəhə çəkər və gülməkdən uğunub gedərdi. Öz-özünə fikirləşərdi ki, vallah, bunların başları çatmır.
Sonradan yaşa dolduqca, nəinki tay-tuşlarının, onlardan böyük uşaqların, hətta yaşlıların da pis-pis əməllər tutduqlarını görəndə, Bəybala istəmirdi ki, bu adamlarla adı eyni çəkilsin. İstəyirdi ki, qonum-qonşudan, tay-tuşlarından, elə bu şəhərin adamlarının hamısından fərqlənsin. Və istəyirdi ki, onun adı, elə «Dəli Bəybala» qalsın. Çünki bu ağıllı adamlardan onun gözü su içmirdi. Özlərini ağıllı sayıb, dəli-dəli işlər görən bu adamlara qoşulmaqdansa, elə dəli olub ayrıca gəzmək lazımmış, – düşünürdü. Onun düşüncəsinə görə, dəli olmaq dünyanın ən yaxşısı olmaq deməkdir.
Məhəllə uşaqları Bəybalanı dəli, ağılsız saydıqlarına görə, öz gizlin işlərini də onun yanında açıb danışar və elə düşünərdilər ki, Bəybala belə şeyləri anlamır. Əslində, Bəybala bu axmaq uşaqların bütün axmaq işlərindən xəbərdar idı. Amma öz-özünə fikirləşərdi ki, mən dəliyəm, özümü onlara tay tuta bilmərəm.
Elə, bir küçədə yaşadıqları Cabbarla Cəfərin gördükləri işlər ona gülməli gəlirdi. Bəybalanı on gün ağaca bağlayıb, nar çubuğuyla çırpsaydın, belə işlər görməzdi.
Cabbarla, Cəfər hər bazar günü gedib hamamın pəncərəsindən orada çimən arvadlara baxardılar. Bəybala bunu bilsə də, heç kimə bir kəlmə də olsun söz deməmişdi. Amma bir gün baş verən hadisə bu iki dostun hamam keyfinin üstünə yamanca soğan doğranmışdı. Sən demə, uşaqlar qarışığa salıb, hamamda lüt-üryan çimən öz analarının da güngörməz yerlərinə doyunca tamaşa ediblərmiş…
Dəli Bəybala bu hadisəni eşidəndə əlini əlinə vurub doyunca gülmüşdü. Bu hadisədən sonra o, Cabbarla Cəfərə salam verməyib, onları görəndə üzünü yana tutub gedərdi.
Onu yandıran, təkcə tay-tuşlarının ağılsız hərəkətləri deyildi. Dəli Bəybalanın ürəyini ağrıdan böyüklərin də yanlış hərəkətləriydi. Bir də görərdin, məhəllə uşaqları pişik balalarını öldürüb, atıblar şikəst Sənəm arvadın su quyusuna. Qonum-qonşu da, həmin quyudan su daşıyıb işlədirdilər. Bir-neçə gün keçəndən sonra, bir də görərdin, kiminsə vedrəsindən ölmüş pişiyin başı göründü. Aləm dəyərdi bir-birinə, yığışardılar quyunun başına. Bir hay-küy qopardı ki, gəl görəsən. Çox çənə-boğazdan sonra, axırda bir nəfər qayıdıb deyərdi: - Bu, Dəli Bəybalanın işidir!... Bunu uşaq desəydi, Bəybalanı o qədər də yandırmazdı. Bu sözü deyən, məhəllənin ağsaqqalı Cəfərqulu kişi idi. Söz Cəfərqulunun ağzından-çıxar-çıxmaz məhəllənin arvadları tökülərdilər Bəybalanın üstünə:
– İtil, get burdan, dəlinin biri dəli!.. Allah səni niyə öldürmür ki, canımız əlindən qurtarsın! – deyib, onu gözüm-çıxdıya salardılar.
Bəybala da, işin fırıq olduğunu görüb, camaatın içindən sivişib çıxardı. Uşaqlara da, elə bu lazım idi, yerdən daş-kəsək parçası götürüb, onun dalısınca tolazlardılar.
Dəli Bəybala da, daş-kəsəkdən qorunmaq üçün, pencəyini başına çəkərək, evlərinə tərəf qaçıb, doqqazın ağzında dayanar və üzünü camaata tutub, bildiyi bircə söyüşünü söyərdi: - Dədöün… Dədöün…
Neçə dəfə öz qulaqlarıyla eşitmişdi ki, anaları uşaqlarına deyir: – Dəli Bəybalayla oynamayın ha, onun ağlı yoxdur əlindən xata-zad çıxar.
Belə şeyləri eşidəndə Bəybalanın cin vurardı başına. Ona görə yox ki, onun bu sözlərdən acığı gəlirdi. Ona görə ki, həmin ağıllı uşaqlar, bir də gördün məhəllədəki, iki gözündən də zəlil olan Kərim kişinin əlindən tutub, gətirib oturdardılar küçənin ortasında və deyərdilər:
– Əmi, bura tualetdi, otur burda, rahat, peşonu elə…
Yazıq Kərim kişi də, heç nədən xəbərsiz, şalvarını aşağı çəkib asfaltın ortasını isladardı.
Uşaqlar da bu mənzərəyə tamaşa edə-edə, əllərini əllərinə vurub bərkdən gülüşərdilər.
Uşaqların bu hərəkəti Dəli Bəybalanı yaman hirsləndirərdi. Gedib Kərim kişinin əlindən tutar və yolun ortasından çəkib, aparardı.
Bəybala on dörd yaşına çatanda, evlərindən iki küçə o yana yaşayan bir qıza vurulmuşdu. Qıza vurulmuşdu deyəndə, qız ona sataşırdı. Bəybalanı hər dəfə görəndə, dilini çıxardar, barmaqlarını dodaqlarının üstünə qoyub ona öpüş göndərərdi.
Bəybala, əvvəlcə qızın bu hərəkətlərindən bir şey başa düşmədiyindən, iri bərəlmiş gözlərini onun üzünə zilləyib, maddım-maddım baxardı. Sonra get-gedə qıza elə öyrəşdi ki, hara getsəydi, yolunu onların küçəsindən salardı. Saatlarla qızgilin əncir ağaclarının altında durub, ona tamaşa eləyərdi. O, qızı yaman çox istəyirdi. Hətta, gecələr qız onun yuxusuna da girirdi.
Bu hal bir müddət beləcə davam etdi. Bir gün qızın anası Balaxanım arvad Bəybalanın qıza, qızın da Bəybalaya baxdığını görüb, yamanca əsib-coşdu:
– Buna bir bax, – dedi, – kül mənim başıma, camaata it hürsə, mənə də çaqqal hürər. İtil get, burdan, avaranın biri, avara. Hansı dərənin dəlisi, axmağı var gəlib məni tapır. Ədə, cəhənnəm ol, çıx get xarabanıza da, nə kəsdirmisən bu darvazanın ağzını.
Sonra o, dönüb qızına:
– Külü qoyum sənin olmayan ağlına, adam tapa bilmirsən söhbət etməyə? Küçənin ağıllı, gözəl-göyçək oğlanları qalıb, gedib ilişmisən dəlinin birisinə. Daş düşsün sənin qız başına!.. Bir də səni o avarayla cikkildəşən görsəm, dədəmin qızı olmaram sənin saçından tutub bu küçədə sürüməsəm.
Dəli Bəybala o gündən sonra bir də həmin evin qarşısında dayanıb, qıza baxmadı. Ürəyindən qızı görmək keçsə də, Balaxanımın qorxusundan onlar yaşayan evin yanına çatan kimi, dabanına tüpürüb qaçardı. Bir müddət beləcə ötüb keçdi. Amma bir yay günü, gördüyü hadisə yaddaşında həmişəlik ilişib qaldı və o, bu hadisədən sonar bir daha heç bir qızı sevməyəcəyinə söz verdi.
… Həmin gün Bəybala evlərinə dönəndə, yolunu sevdiyi qızgilin küçələrindən salmışdı. Fikirləşdi ki, uzaqdan da olsa, bəlkə onu görə bildi. Çoxdan idi ki, bu tərəflərə hərlənmirdi.
Qızgilin evininin yanındakı incil ağacının yanına çatanda, gözlərinə inanmadı. Sevdiyi qızı qonşu oğlanları araya alıb, onunla şit-şit zarafat edirdilər.
Bəybala elə qəzəbləndi ki… Əyilib yerdən bir çaydaşı götürüb onlara tərəf atdı. Daş, əncir ağacının iri yarpaqlarını qıraraq, yerə tökdü. Xışıltı salaraq qırılıb yerə tökülən yarpaqların dalısınca, tükürpədici bir səs qopdu:
– Ay an-aaa… öldüm!!!..
Qışqıran qonşunun oğlu Əliniyaz idi. Daş onun başına dəyib paralamışdı.
Oğlanlar qorxusundan pərən-pərən olub hərəsi bir yana götürüldü. Qız isə, birgözqırpımında evə qaçdı. Onun evə girməsi ilə, anasının eşiyə çıxması bir oldu. Balaxanım arvad, özünü canhövüllü həyətə salıb, incil ağacına tərəf qaçdı. O, baş-gözündən qan süzülən qonşunun oğlunu görüb qışqırdı:
– Ay bala, Əli, nə olub sənə?.. Kim səni bu hala saldı?!..
Qana bulaşan oğlan, əliylə küçədə dayanmış Bəybalanı göstərərək hönkürdü:
– Xala, biz incillikdə oynayırdıq, Dəli Bəybala daşla vurub mənim başımı yardı.
Balaxanım arvada elə bil cin toxundu:
– Allah, biz neynəyək, bu dəlinin əlindən? Başımızı götürüb hayana qaçaq?! Uşaq-muşaq da çölə çıxa bilmir bunun qorxusundan.
O, təndirin üstünə qoyulmuş ikiqanad yabanı götürüb, Bəybalanın üstünə yeridi.
Bəybala, Balaxanım arvadın əlində yaba ona tərəf gəldiyini görüb qaçdı. Sonra, arvad qabağında qaçmağı kişiliyinə sığışdırmayıb, dayandı və eyvanda durub onlara tamaşa edən qıza barmağını uzatdı. Sonra oğlanları göstərib, bayaq onların etdiyi hərəkətləri yamsıladı.
Onun bu hərəkəti Balaxanım arvada, elə bil od qoydu. Arvada elə gəldi ki, Dəli Bəybala bu biədəb hərəkətləri onun qızı üçün eləyir. Odur ki, əlindəki yabanı düz Bəybalanın başına çırpdı. Yaba Bəybalanın başında ikiyə bölündü.
Bəybaladan dəhşətli bir səs çıxdı. O, bu dəfə arxaya da baxmadan: - Dədöün… dədöün… – deyə-deyə, evlərinə tərəf götürüldü. Qaça-qaça Balaxanım arvadın səsini də eşidirdi. Balaxanım arvad, bayaq qızıyla minbir oyundan çıxan, qonşu oğlanlarına üzünü tutub deyirdi:
– Mənim ağıllı balalarım, gəlin keçin evə. Sizə neçə dəfə demişəm ki, o dəlidən uzaq gəzin. Bala, uzaq gəzin də, o səfehdən!..
Bəybala isə, başının ağrısını unudaraq, arvadın bu sözlərinə qəh-qəhə çəkib gülürdü.
İllər keçəndən sonra Bəybala, həmən qızı şəhərin başqa-başqa kişiləriylə gəzən gördü. Qız günlərlə yoxa çıxıb, yenidən tapılardı. Hər dəfə də geyim-kecimi fərqli olardı. Sir-sifətini də, bayram yumurtası kimi qıpqırmızı rəngə boyayardı.
Bir dəfə Bəybala səkinin qırağında oturub, çəkdiyi ücüz papirosun tüstüsünü burnundan havaya fısqırdırdı. Başı öz aləminə qarışdığından, yanında dayanan maşından da xəbəri olmadı. Gözləri, kirli qaloşlarının ucuna dirənmiş, bir cüt par-parıldayan ayaqqabılara sataşanda, bərəlmiş gözləri bir az da bərəldi. Başını qaldıranda, gözlərinə ilk dəyən bir cüt ağappaq qadın qılçaları oldu. Başını bir az da dikəltdi. Qarşısında dayanan, saçları tovuz quşu tükləri kimi üç-dörd rəngə çalan qızı görəndə, Bəybala əvvəlcə onu tanımadı. Qızın yekə, boyalı dodaqları arasından parıldayan ağ dişləri, Bəybalanın bərələn gözlərini qamaşdırdı.
Qız, Bəybalanın ona dikilən bədheybət baxışlarına məhəl qoymayaraq, əlini uzadıb barmaqlarının ucuyla, onun tüklü çənəsini sığalladı. Sonra geri dönüb, maşının sükanı arxasında oturan yaşlı kişiyə:
– Bu oğlanı görürsən, mənim ilk sevgilim olub. Bilirsən, məni necə sevirdi… Yazığın əli heç əlimə də dəymədi, – deyə qız, həsrətlə Dəli Bəybalanın üzünə baxıb, dərindən köks ötürdü. – Arada ürəyimdən keçir ki, xəlvətə salıb, heç olmasa bircə dəfə də olsa, onun könlünü görüm, yazıqdı…
Sonra qız, əl sumkasından bir qutu bahalı papiros çıxarıb, Bəybalaya uzatdı.
Bəybala ömründə beləsini çəkməmişdi. Ona görə də, papiros qutusunu almadı.
Qız, papiros qutusunu zorla da olsa ona verib:
– Al götür, utanma. Mənim sağlığıma çəkib, şellənərsən…
Bəybala bir söz deməyib, papiros qutusunu qızdan aldı.
Qız maşına oturanda əyilib Bəybalanın qulağına pıçıldadı:
- Dəlim mənim, gözlə, bir gün gəlib sənin ağlını başından çıxaracağam… Sonra o,barmaqlarını qoşalaşdırıb dodaqlarının üstünə qoydu və Bəybalaya bir öpüş üfürdü.
Bəybala qızın bu hərəkətini görəndə, elə bil, itmiş yaddaşı oyandı. Neçə illər bundan qabaq ona hamıdan əziz olan Qəmzəni tanıdı. Əvvəl-əvvəl, üzündə təbəssüm işartısı oyandı, sonra sifəti ciddiləşdi. O, dik ayağa qalxıb ondan uzaqlaşmaqda olan maşının arxasınca bir xeyli qaçdı. Sonra nə fikirləşdisə dayanıb maşına tərəf tüpürdü. Bununla da ürəyi soyumayıb qızın ona verdiyi bahalı papiros qutusunu ayaqları altına atıb tapdadı.
Dəli Bəybalanın “sevgilisi” Qəmzə bir neçə il keçəndən sonar ağıllı adamların qurbanına çevrildi. Bir kef məclisində bıçaqlanıb öldürüldü. Qızın yas mərasimini də aşnaları təşkil etmişdilər. Anası Balaxanım arvad da baş-gözünə döyə-döyə o kişilərə üzünü tutub yalvarırdı:
- Ay başınıza dönüm, ay qurbanınız olum, balam üçün əziyyət çəkmisiniz, zəhmətinizi halal edin.
O gün Bəybala Qəmzənin yasına gələn kişilərin maşınlarının təkərləri altına mıxdan, qadaqdan qoyub hamısını partlatmışdı.
Dəli Bəybalanın əzabları gecələr artardı. O, gündüzlər gəzib-dolaşdığına görə, başı qatışıq olardı. Necə ki, axşam düşürdü, onunçün ayrılmış balaca otağına keçib yatağına uzanardı. Evdəkilərin onunla işləri olmazdı. Onun da ev adamlarının işinə qarışdığını görməmişdilər.
Qış ayları onunçün dözülməz olardı. Ev-eşiyin buz təki soyuqluğu, otağın zülmət qaranlığı Bəybalanı vahimələndirərdi. Bəybala belə vaxtlarda şər qarışmamış yatağına girər və əllərini dizlərinin arasına qoyaraq, büzüşüb yatardı. Qış aylarında o heç paltarlarını da soyunmazdı. Şalvar-pencəkdə, iki qatlanmış yorğanın arasına girər və nəfəsiylə yerini qızdıranacan orada titrəyərdi.
Gecələr sübhə qədər o, gözlərini bir nöqtəyə zilləyərək, susub qalardı. Gün ərzində gördüyü hər bir hadisəni yenidən xəyalında canlandırıb, xatırlamağa çalışardı. Əzab verirdi ona gördüyü hər şey. Elə bil bu boyda şəhərin camaatının ağrısını o çəkirdi. Adamların hərcayi hərəkətləri, ağılsız tutduğu işlər az qalırdı ki, onun ürəyini infarkt eləsin…
…Günlər ötdükcə, şahidi olduğu hadisələrə tab gətirməyən Dəli Bəybalanın az qalırdı ki, başına hava gəlsin…
O gecələr də yata bilmirdi yuxusu, elə bil ərşə çəkilmişdi. Səhərə kimi başında dolaşan qarma-qarışıq fikirlər, onun beyninin içini qurd kimi gəmirirdi. Özlərini ağıllı sayan, amma minhoqqadan çıxan bu dünyanın adamları onun əsəbləri ilə oynayırdılar. Darıxdırırdılar, yaşamağa qoymurdular onu. Adamların fikrini çəkməkdən Dəli Bəybala az qalırdı ki, havalansın.
Heç kəsdə insaf, mürvət qalmamışdı. Özlərini ağıllı sayan bu adamların gördükləri səfeh-səfeh işlər, tutduqları əməllər onu utandırırdı. O, xəcalət çəkirdi bu adamların yerinə. Geyim-kecimlərindən, sir-sifətlərindən adama oxşayan, amma adam hərəkətləri etməyən bu məxluqların gördükləri, pis-pis işlər, elə bil, bu məmləkətdə Bəybaladan başqa heç kəsin vecinə deyildi. Arada Dəli Bəybala fikirləşirdi, görəsən, onun cinlərini başından oynadan bu adamları Allah niyə yaradıbdır? Niyə bu pis adamlar yaxşı adamlara zülm edirlər? Məgər Allah bunları görmür? Əgər görürsə, onda bu adamları nə üçün yaradıbdır?
Başında dolaşan, onu narahat edən bu qarma-qarışıq suallara sonradan özü də cavab tapırdı: - Yəqin, Allah bu adamları dərə-təpə boş qalmasın deyə yaradıbdır!.. - düşünürdü. Tapdığı cavaba özü də sevinib, gülərdi.
Dəli Bəybalanı ən çox narahat edən o idi ki, elə bil, bu məmləkətdə yaşayan ağıllı adamlar yavaş-yavaş yoxa çıxırdılar, onları kimsə oğurlayıb aparırdı. O, özündən qorxurdu, qorxurdu ki, nə vaxtsa bir gün onu da oğurlayıb aparacaqlar. Əgər belə olsa onda bəs, bu məmləkətin, bu camaatın fikrini kim çəkəcəkdir? Kim onların halına yanacaqdır? - deyə o, fikirləşirdi.
Qabaqlar onun yaşadığı bu məmləkətdə ağıllı adamlar o qədər çox idi ki... Həmin adamlar yollar çəkər, körpülər salar, ağaclar əkərdilər... Şəhər tər-təmiz olardı. Hətta, ağacların dibindən su da axırdı. Ətraf elə gözəl görünərdi ki, adam elə bilərdi öz həyət-bacasidir, öz ev-eşiyidir bu məmləkət. Ayaqlarının altındakı torpaq elə doğma, elə şirin gəlirdi ki, adama, onun üstünə ayaq basanda, sanki uçurdun, dabanın yerə dəymirdi. Adam istəmirdi ki, ayağının altında bir qarışqa belə qalıb əzilsin. Bir uşaq bir ağac budağını sındıranda yüz yerdən onu danlayıb, başına ağıl qoyardılar ki, bunu etmə. Sındırdığın o budaq bir quş yuvasının sığnacaq yeridir, quşları bu torpaqdan incik salma... Quşların da fikrini çəkirdi adamlar o vaxt. İndi isə başqa cür idi, hamı əlinə keçəni oğurlayırdı. Bu torpağın daşını, kəsəyini, nə vardısa gözgörəti oğurlayırdılar. Elə bil yarışa girmişdi adamlar, bir-birlərinin bəhsinə oğurlayıb, talan edirdilər bu məmləkətin var-yoxunu...
Dəli Bəybalaya qəribə gəlirdi, əgər bu adamlar bu torpaqda doğulub, bu torpağın övladlarıdırlarsa, onda niyə bu torpağa qənim kəsiliblər? Yox, bunlar gəlmələrdirlərsə, onda hardan gəliblər? Bəs, onda bu torpağın sahibləri kimlərdir? Adam da öz evinin oğrusu olar, adam da öz ev-eşiyindən oğurluq edər? - deyə o, heç nə başa düşməyərək bu adamların halına acıyırdı.
O vaxtlar vəzifədə işləyən böyük adamlar yolda rastlaşdıqları adamlara salam verərdilər, kef-əhval tutardılar... “Mənə görə nə qulluğun var?” - soruşardılar. Adamlar o vəzifə sahiblərindən heç nə istəməzdi, amma sevinərdilər ki, bu boyda adamlar onların qeydinə qalır, onlara salam verirlər.
Dəli Bəybalanın özünü görəndə necə dəfə o ağıllı və vəzifəli adamlar maşınlarını saxlayıb zarafatla: “- Ə, nə təhərsən, Bəybala? - Evlənib, eləmirsən?! İşdir, əgər evlənmək fikrinə düşsən, bax, yaxşı taraz xalamız var, a...” – deyə, onunla zarafat edirdilər.
Bəybala bilirdi ki, həmin adamlar onun xatirini çox istəyirlər. Və onu da bilirdi ki, həmin adamlar ağıllı adamlardırlar, onlar həm də adama oxşayırdılar. Boy-buxunları da, görkəmləri də tutduqları vəzifəyə elə yaraşırdı ki, elə bil, hər şey onların boyuna biçilmişdi. Həmin adamlar o qədər ucaboy idilər ki, maşınlarına oturanda, əlləriylə başlarına qoyduqları “panamalarını” tutardılar ki, sürüşüb yerə düşməsin.
İndi isə Bəybala vəzifə başında olan elə adamlara rast gəlirdi ki, həmin adamlar maşının içində bapbalaca uşaq boyda görünürdülər. Bu sısqa, vəzifə sahibləri loğvalıqdan başlarına heç papaq da qoymurdular. Get-gedə cırlaşırdı, balacalaşırdı, elə bil, bu adamlar.
Yaxşı adamlar yoxa çıxdıqca, onların yerinə elə pisləri gəlirdi ki, Bəybala bunların hansı növ adam olduqlarını ayırd edə bilmirdi. Yayın cırrarmasında qırmızı qalustuqla özlərini boğmalayan, bəlkə arvadlarıyla gecə yatanda da, qalustuklarını boyunlarından sivirməyən, bu loğva vəzifə sahibləri, yolda rastlaşdıqları adamlara, nəinki, salam verər, hətta azqalırdı ki, adamları ayaqlarının altına qoyub tapdalayaraq üstlərindən keçsinlər. Bu “butulka balaqlı şalvar”, və dar pencək geyinən vəzifə sahiblərinin forsu, ədası adam yıxırdı.
Dəli Bəybala, onları onsuz da, adam yerinə qoymadığına görə, belələri ilə rastlaşmaq da istəmirdi. Həmişəki kimi yenə də, başını aşağı salıb öz yoluyla gedib, gələrdi. Amma ürəyi istəyirdi ki, həmin qırmızı qalustuqlu adamlar adam olsunlar. Onlardan biri maşınını saxlayıb ona desin: - “Ə, Bəybala, evlənmək istəyirsənsə xalamı verim sənə”.
Amma demirdilər. Çünki Bəybala bilirdi ki, həmin adamlar vəzifəyə gələndən sonra, onlarla qohum olmaq istəyən o qədər axmaq adamlar tapılırdı ki, yaşına-başına, duluna-muluna baxmayaraq, onların, nəinki qızlarını, baldızlarını, hətta, dul, qoca xalalarını da alıb evlənirdilər... Təki vəzifə adamıyla qohum olsunlar, təki desinlər ki, filankəs fiankəsin qohumudur.
Bəybalanın yaşadığı şəhərə bir rəhbər göndərmişdilər. Adam olmağına adam idi, amma nə sort adam idi camaat məttəəl qalmışdı. Hamı ona “müəllim” deyirdi. Bu müəllim şəhərdə daşı daş üstə qoymurdu, qarşısına çıxan dəmiri, turbanı, betonu makaron kimi gəmirirdi. Gözünə harda nə tikli dəyirdisə, yaxşı, pis, köhnə, təzə söküb təzədən tikirdi. Əlinin papağını Vəlinin başına, Vəlinin də papağını Əlinin başına qoymaqdan bu şəhərdə yaşayanların çoxunun papaqları dəyiş-düyüş düşmüşdü. Deyilənə görə, bu rəhbər qabaqlar alverçi olub, “al-ver” məsələsini yaxşı bilirdi. O, rəhbər gələndən sonra vəzifədə nə qədər ağıllı, savadlı, bacarıqlı, işini bilən adam var idisə, hamısını çıxarıb, tökdü çölə və qıraq-bucaqda nə qədər alverçi var idi, qaloş satandan tutmuş, tiryək satana kimi yığdı başına. Bu barama qurduna oxşar adamlar da camaatın, xalqın sərvətini, var-yoxunu tut yarpağı kimi somurmağa başladılar.
Həmin rəhbər bircə, qapısının ağzında oturan qıyıqgöz oğlanı işdən çıxartmadı. Çünki bu oğlan şəhərin cikini də bilirdi, bökünü də. Hamını elə tanıyırdı ki, heç ata, qardaşını, qohum-əqrabasını belə tanımırdı. Səhərin gözü açılandan, gecə yarısına kimi, öz stoluna mıxlanan, bu oğlanın dünyanın hər yerindən xəbəri var idı. Kim hara getdi, kim kimlə oturdu, kim kimlə nə danışdı hamısını bilirdi. Hətta, gecə arvadıyla, uşağıyla dalaşanlardan da xəbəri vardı. Və bildiyi hər şeyi də gətirib qoyurdu müəllimin ovcuna.
Bəli, elə həmin gündən başladı “vəzifə alveri”. Elə bil, bu rəhbərin kabineti dövlət idarəsi yox, mal-qara bazarı idi. Dəli Bəybala neçə dəfə fikir vermişdi, necə ki, axşam düşüb, şər qarışırdı adamlar hardansa peyda olub, bircə-bircə soxulurdular müəllimin kabinetinə. Pulu olan adam oradan əliboş dönməzdi. Hətta, deyilənə görə, meyidin cibinə pul qoyub, aparıb o müəllimin otağında tiri-şap uzatsaydılar belə, müəllim o meyid üçün də qəbiristanlıqda yaxşı bir məzar yeri təşkil edəcəkdi.
Dəli Bəybalanın yolu həmin rəhbər oturan binanın yanından keçirdi. Hər dəfə oradan keçəndə bir maraqlı hadisənin şahidi olurdu. O, binaya girib, çıxan adamların çoxunu tanımırdı. Amma söyüş söyməklərindən, camaatın qız-gəlininin gözləri qarşısında utanmadan, əllərini şalvarlarının paçasına atıb, qotur itlər kimi bədənlərini didişdirmələrindən hiss edirdi ki, bunlar abır-həya qanmayan adamlardırlar. Amma bir şey vardı ki, bu abırsız adamların “abırlı pulları” vardı. Orada oturana da bunların pulu lazım idi, abırları yox. Çünki bu məmləkətdə abırı itə atsaydın it yeməzdi. Bəlkə də, həmin it qıçını qaldırıb, qabağına atılan o abırın üstünə çözgürüb keçərdi.
Yüz manatlıq, qonaqlıqla başa gələn vəzifələr, bu əziz, xələf məllimin vaxtında iyirmi, iyirmibeş min manata qalxmışdı. Rəhbərin köməkçisi bic adam idi. Bunu Bəybala adamların danışığından hiss edirdi. Adamlar danışırdılar ki, vəzifəni qumar oyununa çeviriblər, “seka” yaradırdılar. Yəni, bir vəzifəyə o qədər müştətri toplayırdılar ki, axırda min manatlıq vəzifə gəlib otuz, bəzən də əlli min manata durulurdu. Bunların hamısını müəlllimin o köməkçisi düzüb, qoşurdu. Zalımoğlu, o qədər bic adam idi ki, lap şeytanın özünə də papış tikirdi.
Bəybala hər gün gecə yarısı evlərinə gedəndə, o binanın qarşısına yığışan adamları görürdü. Doğurdan da, mal bazarına bənzəyən bu yer, hay-küylü olardı. Satan kim, alan kim, bir-birini “bağaja” qoyan kim... Hər kəs müəllimə yarınmaq üçün bura cibidolu, “ürəyidolu” gələrdi. Bir sot torpaqdan tutmuş, bir qırıq vicdana kimi hər şey hərraca qoyulardı burada.
Bu adamlar Bəybalaya tanış gəlmirdi. Çünki, bu adamların çoxu gündüzlər yatıb, gecələr hərəkətdə olan yarasalar kimiydilər. Gün işığı görən kimi yuxuya gedər, qaranlıq düşən kimi isə oyanıb daraşardılar bu məmləkətin canına. Bu adamların harda təhsil aldıqları, hansı peşənin sahibi olduqları da məlum deyildi. Çoxunun heç diplomları da yox idi. Onlara diplomu da, vəzifələri kimi müəllim özü təşkil edirdi, bir gecədə, bir saatın içində. Təki, pulları olsun.
Bir dəfə həmin binadan bayıra çıxanlardan birinin, həyətdə onu gözləyən dostuna danışdıqlarını Bəybala öz qulaqlarıyla eşitdi. Həmin adam dostuna deyirdi: - “Müəllimə nə qədər yalvardımsa, heç olmasa əlli min manatdan min manat mənə hörmət etsin, etmədi. Müəllimə dedim ki, evi girov qoyub, bankdan pul götürüb gətirmişəm. Yenə razı olmadı. Qayıdıb, bilirsən gülə-gülə mənə nə dedi? Dedi ki: - Ə, dılğır, məgər, mən səni yük daşımağa göndərirəm?! Səni vəzifəyə qoyuram da, get, pulunu çıxart...
Həmin adam söhbətinə davam edərək dedi: - Çarəsiz qalıb, müəllimin başının üstündəki şəkilə işarə edib dedim: - Müəllim, səni and verirəm o kişinin göruna, mənə mincə manat güzəşt et. Heç olmasa bankdan götürdüyüm əlli min manat puldan xarabama bir-iki manat pul aparım. Sabah bankın borcunui ödəyə bilməyəndə, arvad-uşaq dədəmin göruna söyüb deməsinlər ki, o qədər pulu neylədin? And içəndə heç olmasa deyim ki, sizə də xərcləmişəm.
Amma müəllim qayıdıb mənə nə desə yaxşıdır? Dedi ki, ə, mənə o kişinin göruna and vermə. Onun göruna dədəm-nənəm qurban olsun. O kişidir bizim əlimizi çörəyə çatdıran. O kişidir bizi dükan-bazardan, tozun-torpağın içindən yığıb, yığışdırıb gətirib bu kresloda oturdan. O olmasaydı, indi biz evimizin içində oturmuşduq. Qorxumuzdan eşiyə də çıxa bilmirdik. Arvadlarımız da altımıza “karişok” əvəzinə vedrə, ləyən gətirirdilər. - Sən öləsən, heç bir qara qəpik də çıxan deyiləm. Ona görə ki, bu puldan bizə tikə-para çatır... Hamısı o söz, - deyə, müəllim gözünü qıyaraq, başbarmağının işarəsiylə yuxarını göstərərək yavaş səslə: - Ə, elə bilirsən səndən aldığımız pulu dədəmizin ehsanına xərcləyirik? – dedi. Sənin bilmədiyin çox şeylər var e, vallah, birini sənə desəm, nəinki, başının tükü, hətta ayıb yerinin tükləri də biz-biz durar. Bu telefonları görürsən, - deyə müəllim, oturduğu stolun böyüründə, yan-yana düzülümüş telfonları göstərdi. Bunlar səhərdən axşamacan körpə uşaq kimi zır-zır zırıldayıb, mələşirlər. Bunları “əmizdirməsəm”- deyə müəllim iki barmağını bir-birinə sürtərək, pul işarəsini bildirdi, yoxsa mənim özümü əmizdirərlər. - Eşidirsən məni, pulu qoy, bura çıx bayıra. Sən ölmüyəsən, yoxsa, bu dəqiqə o qapıdakı qıyıqgöz oğlana deyərəm, səndən beşqat artıq pul verən adamı tapıb gətirər mənim yanıma. Səni mənə yuxarıdan tapşırıblar deyən, buraxmışam otağıma. Guya, mən bilmirəm sənin nəyin var, nəyin yoxdur? Tülkülük eləmə ə, istəsən bir gecədə o pulları qazanarsan. Guya, heç kəs bilmir sən nə işlərlə məşğul olursan? Bir gecədə o tərəfdən, - deyə müəllim yenə də gözünü qıyıb, bu dəfə baş barmağını yana əyərək, - ötürülən bir torba o, ağ şeyin qiymətidir də verdiyin. Guya bilmirəm?”
Həmin adam, dostuna müəllimlə olan haqq-hesablarını danışandan sonra, əlini-əlinə vurub əlavə etdi: - Pah, atonan, bu müəllim yerin altını da bilirmiş, üstünü də. Mən belə adama ömrümdə birinci dəfədir ki, rast gəlirəm. Analar belə oğul doğmayıb heç.
Dəli Bəybala onların söhbətlərini axıra kimi dinlədikdən sonra əlini əlinə vurub: - “Paaah... paahh... dədöözün.., dədöözün gorun...” – deyib, onları söyı-söyə oradan uzaqlaşdı.
Rəhbər təyin olunan müəllim şəhərin parkını, məktəblərin həyət-bacasını, futbol meydançalarını, mal-qaranın örüş yerlərini qarış-qarış imkanlı adamlara satıb, pul qazanırdı. Onun ətrafında işləyənlər isə, elə bil, bir-birləriylə bəhsə girmişdilər, kim hardan, hansı qonşunun evinin arxasından, hansı məktəbin və yaxud uşaq bağçasının həyətində bir sot artıq yer görürdüsə, o dəqiqə müəllimə xəbər verirdi. Müəllim də, ona; - sən yaxşı, işçisən, “bişmiş kadrosan”, mənim dostumsan - deyib, tərifləyər, otağından çölə çıxandan sonra isə: - “ay sənin ananı...” - deyib, həmin adamın arxasıncan yeddimərtəbəli söyüş söyərdi. Bu müəllimin vərdiş etdiyi ən böyük şakəriydi. O hamını söyürdü...
Bəybala belə şeyləri görəndə, onsuz da bərəlmiş gözləri bir az da bərələr və bu adamların haradan gəldiyinə, bunların necə adam olduğuna təəccüb edirdi. Heç birinin də əlindən bir iş gəlməyən bu adamlar ancaq, bir-birlərini satmaqla, bir-birlərinə şər atmaqla məşğul idilər.
Belə adamların təmiz insanlardan xoşları gəlməzdi. Vicdanlı, təmiz adam görəndə beyinlərinin qurdları qaynaşardı. Sevməzdilər təmiz adamları. Sanki təmiz insanlara demək istəyirdilər ki, biz vicdansızıq, biz şərəfsizik, bizim ailə-uşağımız düz yolda deyil, bəs siz niyə təmizsiniz, sizinkilər niyə təmizdirlər?!.. Siz niyə yaltaq deyilsiniz?!.. Sizin üzünüzə niyə tüpürmürlər?!.. Sizin dədənizin gorunu niyə söymürlər?! Bu pis adamlar istəyirdilər ki, hamı onların günündə olsun, hamının ailəsi, uşağı pozulsun. Onlar istəyirdilər ki, belə olsun. Belə olanda, bu qatma-qarışıqlıqda onların eybləri it-bata düşüb görünməyəcəkdir... Onların məqsədi bu idi.
Şənbə, bazar günləri adət idi, müəllimin göstərişi ilə idarədə işləyən işçilərin əlinə süpürgə, vedrə verib salırdılar küçələrin canına. Yol süpürtdürərdilər, səkilərin toz-torpağını yuduzdurardılar, yol kənarlarında tökülüb qalmış əski-üskünü, uşaq bezlərini təmizlətdirərdilər. Adını da qoyardılar ki, guya, şəhərin təmizlik işləriylə məşğul olurlar.
Abırlı adamları, müəllimləri, şagirdləri, qız-gəlinləri, hətta kəndlərdə yaşayan adamları da küçələrə töküb abırdan, ismətdən salırdılar. Nədi-nədi bu küçələrə tökdükləri insanlar idarədə işləyirlər, dövlətdən maaş alırlar, balalarına bir tikə çörək pulu qazanırlar. Başqa iş yerləri olmadığına görə, bu abırlı adamlar da susaraq bir kəlmə belə danışmırdılar. Qorxurdular ki, işsiz qalarlar. Sabahkı işsizlik onlar üçün bugünkündən ikiqat ağır faciələrə səbəb olardı. Birtikə çörək zəhrimara dönüb, abırlı adamların boğazında ilişib qalmışdı. O, bir tikə çörək çox kişinin dilini gödək etmişdi, kişiliyini əlindən almışdı. İnsanlar susa-susa biqeytətləşirdi, şərəfsizləşirdi. Şərəfi olmayan adamın malı, mülkü, torpağı, hətta vicdanı da ayaqlar altında tapdağa dönürdü... Onlar zorən susmağa məcbur edilmişdilər... onlar belə yaşamağa məhkum edilmişdilər...
Əslinə qalsa, küçələrdə təmizlik işləri aparmaq üçün dövlət kifatət qədər vəsait ayırırdı. Amma müəllimin göstərişiylə həmin vəsait ayrı-ayrı adamların adına yazılmış kartlara vurularaq, onun özünə verilirdi. Yüzlərlə, minlərlə insanın işləmək ehtiyacları olduğu halda onların haqqları da belə yeyilirdi. Yeri-göyü basıb yeyən bu adamların gözləri doymayaraq, əlil və şikəst adamların gücləri çatacaq süpürgəçiliyin haqqın da onların əlindən alaraq, villalarinda saxladıqları məşuqələrinin naz-qəmzələrinə xərcləyirdilər. İşsizlik ücbatından insanlar baş götürüb başqa yerlərə gedirdilər. Gedirdilər ki, heç olmasa ailələrinə, balalarına bir tikə çörəkpulu qazansınlar. Torpaq, vətən unudulurdu yavaş-yavaş, elə unudulduğu kimi...
Bəybalanın idarədə müdir işləyən bir dostu vardı. Çoxdan idı ki, bu vəzifədə çalışırdı. Yaxşı adam idi, hamı onu tərifləyirdi. Arada maşınını saxlayıb, Bəybalayla zarafat edər, sonra da ona papirospulu, cib xərcliyi verərdi. Bəybala onu xatirini çox istəyirdi, ağıllı adam olduğu üçün.
Bir dəfə Bəybala yolda durub gedən-gələnə tamaşa edəndə baxıb gördü ki, dostunun maşını gəlir. Papirosu qurtarmışdı, bir qədər özünü yola tərəf verdi ki, dostu onu görə bilsin. Maşın ona yaxınlaşanda baxıb gördü ki, dostunun yerində, arxa oturacaqda, dodaqları qıp-qırmızı boyanmış, sifəti kündəyə bənzər bir arvad oturub. Əvvəlcə, elə bildi ki, maşını səhv salıb, bir də diqqətlə baxdı, gördü yox, həmin maşındır, hətta sürücü də həmin o, ordu-ordundan keçən qara oğlandır.
Dəli Bəybala o dəqiqə bildi ki, müəllim onun dostunu da işdən çıxarıbdır. Ürəyi ağrıdı, fikirləşdi ki, bu şəhərin camaatı nə edəcəkdir? Kim onların sözünü deyəcək, kim ağsaqqallıq edəcəkdir onlara? Hətta, Dəli Bəybala hölündən ağladı da.
O, əlini maşına tərəf uzadıb, üz-gözünü bayram yumurtası kimi boyayan arvada çəpəki nəzərlərlərlə baxdı, sonra ona barmaq silklədi.
Qadın isə acıqlı nəzərlərlə onu süzərək, şəhadət barmağını kicgahına dayayıb, bir-iki dəfə sağa-sola fırladaraq, Bəybalaya demək istədi ki, ay dəli, gicdəmə, çəkil yoldan.
Bu xanımı Bəybala yaxşı tanıyırdı. Onlardan beş-altı küçə o tərəfdə olurdu. Cavanlıqda “atmaralı” olmuşdu. İki dəfə nişanlansa da, sonradan nişanı qaytarılmışdı. Axırda özü kimi bir bambılıya ərə getdi. Onun toyunu Bəybala yaxşı xatırlayırdı. Ağ gəlinlik paltar geyinmişdi əyninə, abırlı, ismətli qızlar kimi... Özünü də elə sıxıb, boğmalamışdı ki, elə bil, ona heç əl dəyməmişdi. Başını aşağı dikərək, asta addımlarla, nazlana-nazlana bəyoğlanın yanında addımlayırdı.
Bəybalaya elə gəlirdi ki, o utandığından belə edir. Axı, necə olsa onun əmələrindən bütün şəhər xəbərdar idi. Amma, xanımın arada gözucu camaata baxıb qımışmağından hiss olunurdu ki, onda utanan üz nə gəzir. Onun üzü köhnə ayaqqabının altındakı “padoşdan” da çox sürtülübdür...
Hətta, toydakıların bəziləri, bu sifətini mərdəşür yumuş “gəlinin” şit-şit ədalarından utanıb, xəcəlat çəkərək, başlarını aşağı dikib, alınlarını ovuşdururdular.
“Gəlinin” qoluna girdiyi bəyoğlan isə, özündən razı halda elə şəstlə yeriyirdi ki, sanki toyxanadakı bəzi kişilərə yanmışlıq verərək demək istəyirdi: - Hə, nədi?!.. Nə olub ki?!.. Deyirsiniz yəni, iyirmibeş ilin qəhbəsi qız ola bilməz?!..
Sonra həmin xanım işlədiyi yerdə nə qədər abırlı, savadlı adamlar var idısə, kişili, qadınlı hamısını şərləyib işdən qovdu. Onların yerinə, özü kimi bivec adamları yerləşdirdi...
Bu hadisənin üstündən bir müddət keçmişdi. Bəybala işdən çıxarılan dostunu axtarırdı. Bir gün onlar rastlaşdılar. Dostu çox sınıxmşdı. Çünki heç yerdə işləmirdi. Bəybala neçə gündənbəri cibində gəzdirdiyi bir qutu papirosu çıxardıb dostuna uzatdı. Dostu götürmək istəmədi. Bəybala papirosu zorla onun cibinə qoydu. Sonra kirli pencəyinin cibindən, kiminsə ona çörəkpulu verdiyi bir manat pulu da çıxardıb dostunun cibinə salmaq istədi. Dostu razılaşmadı. – Varımdı, özünə saxla! - dedi. Bəybala razılaşmadı, pulu da zorla dostunun şalvarının cibinə soxdu.
Dostu kövrəldi, onun gözyaşları yanağından süzülərək nimdaş pencəyinin qolunun üstünə töküldü.
Dəli Bəybala dostunun bu halına dözmədi. O da əlinin arxasıyla gözlərindən axan gözyaşlarını silə-silə kiminsə qarasınca söydü.
...Yol qıraqlarındakı neçə illik palıd ağacları, başı göylərə dirənən yam-yaşıl küknar ağacları köklü-köməcli yerdən çıxarılıb, doğranılanda, Dəli Bəybalanın ürəyi ağrıyırdı. Elə bil həmin ağacları köklü-köməcli onun ürəyindən zorla dartıb çıxardırdılar, yeri elə göynəyirdi ki... Axı o, yay vaxtları həmin ağacların kölgəsində oturar, bəzən də günortalar başını atıb, o kölgəlikdə yatardı. İndi o ağaclar yox idi. Həmin ağacların yerinə “dədəsi, nənəsi” bilinməyən, balaca-balaca, sarı yarpaqları olan “bic” ağaclar əkirdilər. Bu ağacların sir-sifətindən zəhrimar yağardı. Deyilənə görə, bu ağacları hardansa uzaqlardan pulla alıb gətirirdilər. Bəybala öz-özünə fikirləşərdi, vallah, bu adamlar doğurdan da, dəlidirlər. Dəli olmasaydılar o boyda yam-yaşıl ağacları çıxardıb yerinə bu cür zir-zibili əkməzdilər.
Şəhərdən əsər-əlamət qalmamışdı, hər tərəf xarabazara oxşayırdı. Yol kənarlarında, səkilərin qırağında xırda-xırda yöndəmsiz budkalar tikilmişdi. Bu budkalar o qədər səliqəsiz quraşdırılmışdı ki, adamlar səkilərlə gedib-gələ bilmirdilər. Hər tərəf qazılmış, kanalizasiyalardan axan çirkli sular şəhərin kücələriylə axıb gedirdi. Elə bil, burada müharibə olmuşdu. Yollar, səkilər elə vəziyyətdəydi ki, adamlar iş-güc dalısınca gedəndə əziyyət çəkirdilər. Uşaqlar məktəbə gedib-gələ bilmirdilər.
Bəybala bunları görəndə ürəyi ağrıyırdı. Məktəb uşaqları zığa, palçığa bata-bata, üst-başları it günündə evlərinə dönərdilər. Yolara, şəhərin səliqə-səhmanına ayrılan pulların hamısını basıb yeyirdilər. Bu işlərə cavabdeh olan adamlara da “qaşın üstə gözün var” deyən olmurdu. Onlar bahalı maşınlarıyla bu şəhərdə, xaraba qoyduqları yerlərdə arxayın-arxayın öz keflərini sürürdülər. Danışan, ora-bura şikayət edən adamları isə şərləyib tutdururdular.
Müəllimin əlinin altında əlliyə yaxın “ştatnı” adamları, elə o qədər də “yaltaq, qoçu” dəstəsi vardı ki, kimi istəsəydi üzünə durğuzub tutdururdu. Hətta, bir qadını da onlardan yuxarılara şikayət etdiyinə görə şərləyib tutdurmuşdu. Bu şəhərdə qadın xeylağının tutulması halı görünməmiş bir hadisə idi.
Müəllimin özüylə bu şəhərə gətirdiyi bir məhkəmə işçisi də var idı. Bu adam məhkəmə işçisindən çox, Qoçu Nəcəfqulunun keçisinə oxşayırdı. Hara gəldi soxular, kimə gəldi buynuz çalırdı. Səhərdən axşama kimi, müəllimin yan-yörəsində hərlənər, xoşu gəlmədiyi, ona aylıq verməkdən boyun qaçıran iş adamlarını, idarə rəhbərlərni hədələyrək müəllimin kabinetinə yönəldərdi.
Bu adamda neçə cür sifət desəydin vardı. Dişibatan, gücü çatan adamdan əl çəkməzdi. Qoca bilməzdi, qadın bilməzdi iş-gücü insanları ancaq təhqir etmək, onları alçatmaq idi. Amma üstünə kükrəyən, haqqını tələb edən adamlardan it kimi çəkinərdi. Onları görəndə gürzə ilan kimi fısıldayar, məqam gözlərdi ki, onları xəlvətə salıb çalsın.
Həmin məmur günün çox hissəsini sərxoş olardı, bu adam içki içməsəydi yaşaya biməzdi. Tədbirlərdə, iclaslarda qız-gəlin, böyük-kiçik bilməzdi, ağzını köndələn qoyub, səfeh-səfeh danışardı. Üst-başından çobana oxşayan, ağzıqatıq kəsməyən bu adamın bu boyda şəhərdə camaata ağalıq etməsi, insanların gününü göy əskiyə bükməsi, Dəli Bəybalanın cinlərini başından oynadırdı. Fikirləşirdi, görəsən, bu adamın yiyəsi, kəlləsinə ağılqoyanı, başına noxtasalanı yoxdurmu? Bu adamı hansı ağılla adamların içinə buraxıblar? Bu adamı bu şəhərə göndərənin özü hansı ağıldadır? Bəybala bunları fikirləşə-fikirləşə gündə neçə yol dərddən ölüb, dirilirdi.
Bu şəhərdə nələr baş vermirdi? Elə qəribə hadisələr baş verirdi ki, Bəybala bunları eşidəndə az qalırdı ki, ağlı başından çıxsın. Özü də, bu pis-pis işləri cavanlar deyil, yaşı əllini, altımışı keçmiş yaşlı, adamar edirdilər. Onların birini Bəybala yaxşı tanıyırdı. Uzun müddətdi ki, həmin adam böyük vəzifələrdə işləyirdi. Çoxlu pulu vardı. Bu adam qızı yaşında olan öz işçisinə sataşmışdı. Bir-iki aydan sonra işçisi ona deyəndə ki, hamiləyəm, həmin müdir qorxusundan bilməmişdi ki, nə etsin. Camaat arasında biabır olmasından qorxan müdir, ismətini korladığı və ondan uşağa qalan işçisini, tezbazar öz doğmaca oğluna nişanlayıb, toy etmişdi. Danışırdılar ki, üç aylıq hamilə olan gəlin bəylə kürsüdə oturanda, qaynatası da arsız-arsız onların qabağında oynayıb, xeyir-dua verirmiş.
Dəli Bəybala belə hadisələrin şahidi olduqca, elə bil onun dünyası daralırdı. O, belə bir dünyada, belə bir adamlarla bir yerdə yaşamaq istəmirdi. Onun səbri get-gedə dükənirdi. O, bu adamların arasında nəfəs ala bilmirdi, boğulurdu. Ürəyi partlamaq dərəcəsinə çatmışdı. Onu ən çox incidən insanların gördükləri bu hadisələrə qarşı susması idi. Ağıllı adamlar, ziyalılar gözlərinin önündə baş verən bu haqsızlıqlara qarşı susaraq, özlərini görməməzliyə vururdular. Elə bil, bu talanan şəhər, oğurlanan sərvət, söyülən, təhqir olunan ar-namus onların deyildi...
Son günlər vəziyyəti ağırlaşdığından Bəybala evdən bayıra çıxa bilmirdi. Otağın bir küncündə, ikiqatlanmış yorğanın arasına girərək, əllərini qoynuna qoyub, büzüşmüş halda uzanıb qalardı. O, bu dəli dünyanın ağıllı adamı olmaqdan bezimişdi... Hiss edirdi ki, yaşaya bilmir.
... Gecədən bir xeyli keçmiş onun ürəyi birdən-birə bərk ağrıdı. Ağrı o qədər güclü idi ki, Dəli Bəybalanın, onsuz da böyüyüb, hədəqəsindən çıxmaq dərəcəsində olan gözləri bir az da bərələrək, onu qorxunc bir vəziyyətə salmışdı. Bədəni od içərisində yanırdı. Kürəyindən başlayan ağrılar bütün bədəninə yayılmışdı.
O, əlini ağrıyan ürəyinin üstünə qoyaraq zarıyırdı. Ürəyi isə get-gedə şiddətlə döyünür, az qalırdı ki, döş qəfəsini yarıb, bayıra çıxsın. Yerinin içində ilan kimi qıvrılan Dəli Bəybalanın bu halından heç kəsin xəbəri yox idi. O, dərdini çəkdiyi, hər gün fikirini etdiyi adamlardan heç olmasa birisini bu halında yanında görmək istəyirdi. İstəyirdi ki, kimsə bir nəfər otağa girsin və onun ağrıyan ürəyini ovuşdursun... Axı, onun ürəyi həmişə bu insanların dərd-səri üçün ağrımışdı. O, adamların dərdini çəkməkdən, onların halına yanmaqdan bu hala düşmüşdü. İndi isə onun öz dərdinə çarə qılan yox idi.
Bəybala gözlərini dolandırıb ətrafa baxdı. Yarımqaranlıq otaq ona elə qorxuc göründü ki, elə bil, bu dəqiqə dörd divarın dördü də onun üstünə uçacaqdı... Ömrünü bu hisli-paslı otaqda tək-tənha keçirmişdi o. Amma bir dəfə də olsun nə qorxu bilmişdi, nə də kimsədən çəkinmişdi. İndi, nədənsə o qorxurdu. Qorxduğundan gözlərini azacıq qapayaraq, bu müdhiş qaranlıqdan, cansığıcı boşluqdan canını qurtarmaq istəyirdi.
Canındakı ağrılar bir azca sakitləşən kimi Bəybalanı, elə bil xoş bir yuxu öz ağuşuna aldı. Onun gözlərinin önündən bütün həyatı kino lenti kimi gəlib keçdi. Atasını, anasını xatırladı... Uşaq ikən atasının ona: - “Mənim dəli balam, mənim Bəybala balam” deməsi yadına düşdü. Amma qonum-qonşu öz uşaqlarına “mənim ağıllı balam” deyərdilər. Bu ağıllı balalar, min hoqqadan çıxıb elə ağılsız işlər tuturdular ki, Bəybalanı öldürsəydin də belə işlərə qol qoymazdı.
Məhəllə uşaqları dilsiz-ağızsız pişik ballalrını diri-diri Sənəm arvadın quyusuna atıb, sonra da, o yazıq pişiklərin miyoltusu kəsilənə qədər onlara tamaşa edərdilər. Bir müddət keçəndən sonra ölmüş pişik balaları kiminsə su vedrəsindən çıxanda, bunu yazıq Bəybalanın boynuna atardılar. Məhəllə uşaqları ağız-ağıza verib; - “Pişikləri Dəli Bəybala öldürüb quyuya atıbdır!” - deyərək, hamını onun üstünə salardılar.
Bəybala belə vaxtlarda heç nə deməyib, susub qalar və bu axmaq uşaqların əməllərinə görə məhəllənin nadan adamları tərəfindən döyülərdi.
Gecələr nadinc uşaqlar qonum-qonşunun qapı, pəncərəsini daşlayıb, onların şüşələrini qırıq-qırıq edəndə, yenə də günahkar Bəybala olardı.
Ana-atalarının ağıllı balaları sayılan Cabbarla, Cəfər bazar günləri hökümət hamamının arxa pəncərəsindən orada çimən arvadlara baxıb, sonra məhəllə uşaqlarına gördüklərini danışanda, Dəli Bəybala onlara o qədər gülmüdü ki. Gülmüşdü, ona görə ki, Cabbarla, Cəlil bir gün səhv salıb hamamda çimən qadınların arasında öz analarının da lüt-üryan yerlərinə doyunca tamaşa etmişdilər. Bəybala cavanlıqda sevdiyi Qəmzə adlı qızı yadına salıb dərindən bir ah çəkdi. Onun şişmiş, partlamaq dərəcəsinə çatan ürəyi elə bərk ağrıdı ki. O, Qəmzəni vaxtilə çox sevmişdi. Ömründə sevdiyi qız təkcə o olmuşdu. Qəmzənin gözəl sifəti, qırmızı dodaqları, yupyumuru döşləri onun heç yadından çıxmırdı. Ömründə bir dəfə də olsun Bəybalanın əli qadın əlinə dəyməmişdi. O, öpüşün, şəhvətin nə olduğunu bilmirdi.
Gecələr yatanda həmişə Qəmzəni yadına salardı. Çox vaxt Qəmzə onun yuxusuna da gələrdi. Onu qucaqlayardı, canında Qəmzənin isti bədəninin hərarətini hiss edərdi. Əlini qızın saçlarına toxundurar, çiyinlərində, bütün bədənində gəzdirərdi. Yuxudan ayılanda sonra isə, Bəybalanın qarnını sancı doğrayardı, qurşaqdan aşağı ətrafları od tutub yanardı, elə bil. Qıçlarında küt ağrılar baş qaldırardı. Bəybala hər dəfə Qəmzəni yuxusunda görəndə bu hala düşərdi. Əslində, onun Qəmzədən xoşu gəlməzdi. Çünki Qəmzənin anası Balaxanım arvad qızını sevdiyinə görə, Dəli Bəybalanın vaxtilə başını yabayla vurub yarmışdı. O vaxtdan Dəli Bəybala Qəmzəni də, onun anasına da görməyə gözü yox idi. Həm də, o bilirdi ki, Qəmzəni sevənlər çoxdur. Elə Qəmzənin özü də çox adamı sevirdi... Amma Bəybala Qəmzədən başqa heç kəsi sevmədiyinə görə, Qəmzə ona çox şirin gəlirdi.
Bəybala ağrıyan ürəyini ovuşdura-ovuşdura, olub-keçmişləri xatırlayırdı. Özü də bilmirdi ki, niyə bu olub, keçmişlər onun bu gün yadına düşür? Niyə bu keçmiş anları indi bir-bir xatırlayırdı? Bu qarma-qarışıq suallara cavab tapmaq ona necə də əzab verirdi.
İnsanların ona qarşı laqeydlikləri, onu inciddikləri yadına düşdükcə, ürəyinin ağrısı bir az da şiddətlənirdi. Bu dözülməz ağrılar az qalırdı ki, onun canını alsın.
Bu həyatda o hansı üzlərlə, hansı pisliklərlə, hansı axmaq adamlarla üzləşməmişdi? O, çox vaxt ac-susuz qalardı, amma heç vaxt kimsəyə əl açıb, mənə çörək ver deməzdi. Dəli Bəybala kiməsə əl açmağı öz kişiliyinə sığışdırmazdı... Amma imkanı ola-ola, onun-bunun qabağında it kimi quyruq bulayan, vəzifə üçün ar-namusunu satan adamları görəndə hirsindən az qalırdı ki, ürəyi partlasın.
Bəybala bu həyatda çox pisliklərlə rastlaşmışdı. Özlərini ağıllı sayan adamaların pis əməlləri yerə-göyə sığmırdı. Hər gün elə hadisələrlə rastlaşırdı ki, o, bu yerlərdən baş götürüb getmək istəyirdi. İstəyirdi ki, elə yerə çııxıb getsin ki, heç orada adam olmasın.
Bəybalanın canının bu ağrıyan vaxtı, yadına bir haisə də düşdü. O pis hadisəni Bəybala heç vaxt unuda bilmirdi. Bir dəfə səhər, sübh tezdən, həmişə olduğu kimi küçənin bu başından, o başına gedən zaman qulağına körpə uşaq səsi gəldi. O, bir anlıq ayaq saxlayıb səs gələn tərəfə baxdı. Uşaq səsi yaxınlıqdakı zibil qutusundan gəlirdi. Zibil qutusunun ətrafında isə bir neçə küçəiti dövrə vuraraq caynaqları ilə zibil qutusunu cırmaqlayırdılar. Bəybala yerdən əlinə bir daş alıb itlərə tərəf tolazladı. İtlər zingilti salaraq qaçıb uzaqlaşdılar. O zibil yeşiyinə yaxınlaşanda baxıb gördü ki, orada didilmiş, parçalanmış bir uşaq zarıyır. Bəybalanın gözləri doldu. O, uşağın didılmiş canını zibil yeşiyindən çıxarıb kardon kağızın üstünə qoydu. Uşaq ağzını açıb-yumaraq son anını yaşayırdı. Bəybala uşağa baxaraq onda hönkür-hönkür ağlamışdı da...
Həmin gecə Bəybala qızdırmalı adamlar kimi yerinin içində çabalayaraq səhərə qədər yata bilmədi. Ona elə gəlirdi ki, bədəni itlər tərəfindən didik-didik edilmiş həmin o körpə uşaq ölməsəydi, böyüyüb onun kimi ağıllı adam olacaqdı, bu dünyanın dərdini çəkəcəkdi, elə onun özü kimi... Bəlkə də, o uşaq böyüyüb bu məmləkəti pis adamlardan xilas edəcəkdi.
Üstündən neçə müddət keçməsinə baxmayaraq Bəybala bu hadisəni yadından çıxara bilmirdi. Bu çətin vəziyyətində də o uşağın ölümü birdən-birə gəlib onun yadına düşdü. O uşaq ölməsəydi, yəqin ki, bu dünyanı o düzəldəcəkdi... Bəybala belə düşünürdü...
... Dəli Bəybala ömründə az-az hallarda ağlamışdı. Nə qədər çətinliklər çəksə də, həyatında çoxlu əzablı günlər görsə də, ağlamağı kişiliyinə sığışdırmamışdı. İndi isə o, özünü saxlaya bilməyib, hönkür-hönkür ağlayırdı...
Yadına onunla şəkil çəkdirən, arada rastlaşanda kef-əhval soruşan, cibinə papirospulu qoyan o ağsaçlı müəllim düşdü. Birdən-birə Bəybala həmin müəllim üçün elə bərk darıxdı ki... Görəsən, indi o hardadır? - düşündü. Son vaxtlar Bəybalanın qanı ona yaman qaynayırdı. Bircə, o müəllimi özünə tay bilirdi. Ona elə gəlirdi ki, o ağsaçlı müəllimə də bu camaat dəli adı qoyubdur. Dəli Bəybala sevinirdi ki, onun dostu olan o müəllim də dəlidir.
Bu ağır vaxtında müəllimi görmək istədi. Ürəyində bir-iki sözü vardı, indiyə kimi bu sözləri heç kəsə deməmişdi, müəllimə demək istəyirdi. Gözləri yaşlı, ətrafa boylandı. Bir anlıq bu qaranlıq otaqda, canıyla çarpışan zaman o müəllimi görmək istədi. Amma görə bilmədi. Əsəbləşdi. Dişini dişinə sıxıb müəllimin dalısınca: - “Sənin də dədöyün.., dədöyün...” söyüşünü verdi və için-için ağladı...
Bir az keçəndən sonra ağlamaq səsi xırıltılı səsiylə əvəz olundu... Sonra bu xırıltılı səs də kəsildi... Bəybalanın iriləşərək, hədəqəsindən çıxmaq dərəcəsində olan gözləri bir nöqtəyə zillənərək donub qaldı...
... İki gün sonra qonum-qonşular Bəybalanı evin bir küncündə, iki qatlanmış yorğanın arasında ölmüş vəziyyətdə tapdılar. Onun ağzından axan qan, çənəsindən süzülərək döşəmənin üstündə laxtalanmışdı.
Qonşular təcili yardıma zəng vurub, həkim çağırdılar.
Həkim, Dəli Bəybalanın cansız bədəninə, bir də onun ağzından süzülərək döşəmənin üstünə tökülüb, laxtalanan qana baxıb:
- Bu yazığın ürəyi partlayıb ki!.. - dedi.

10 dəfə oxundu

Axtarış