Dünyanın ən böyük səhvi
Müəllif: Zaur Ümumbəşər


01.02.2019


Yağışlı havada on dəqiqədir ki, gözlədiyi avtobus gəlib çatdı. Gənc oğlan yağış damlalarından qorunmaq üçün büzüşərək avtobusa daxil oldu. Yorğun olduğu üçün boş yerlərdən birində əyləşdi. Yanında doqquz-on yaşlı uşaq oturmuşdu. Gənc adam, uşağın yanında oturduğunu o zaman anladı ki, uşaq danışmağa başladı. Təxminən dörd, beşinci sinifdə oxuyan yaşda olan uşaq, gənc adama baxmadan, amma ona ünvanlayaraq soruşdu:
- Məktəb ləvazimatları mağazasının arxasında dəllallar var deyirlər. Onlar orda olurlar?
Gənc adam əvvəlcə elə bildi ki, uşaq öz-özünə danışır. Başını ona tərəf çevirərək uşağın görünüşünü süzdü. O, köhnəlmiş, su keçirən cırıq ayaqqabılarda idi. Əynində yamaqlı, nimdaş şalvar var idi. Uşağın ona baxaraq cavab gözlədiyini gördükdən sonra başa düşdü ki, sual ona ünvanlanıb. Avtobusda heç vaxt bu yaşda bir uşaqdan sual eşitmədiyi üçün təəccübləndi. Uşağın istinad etdiyi mağazanı və oradakı dəllalları tanıdığı üçün cavab verdi:
- Hə, orada olurlar. Orada kafe var, indi hava yağmurludur, yəqin kafedə oturmuş olarlar.
- Neçəyə qədər işləyərlər?
- Dəqiq bilmirəm...
- Mənə deyiblər, saat yeddiyə qədər. Siz də dəllalsınız?
- Yox.
Bu qısa söhbətdən sonra bir müddət ikisi də dinməz oturdular.
Gənc adamı qarşısıalınmaz maraq bürüdü. Axı bu yaşda uşağın nəyinə gərəkdir dəllal? Bəlkə maraq üçün soruşur? Yox, neçəyə qədər işləmələrini öyrənmək istəyirsə, deməli, maraq üçün soruşmur, dəllallarla işi var.
Uşağın düşəcəyi dayanacağa az qalmış, gənc adam qərara aldı ki, ondan soruşsun. Üzünü ona tutaraq dedi:
- Bəs nəyə görə dəllalları axtarırsan ki?
Uşaq bir qədər duruxdu və udqunaraq cavab verdi. Səsləndirdiyi cümlə gənc adamın başını gicəlləncirdi.
- Anam xəstədir..., müalicəsi üçün böyrəyimi satmaq istəyirəm.
O bu cür şeyləri həmişə xəbərlərdə eşidirdi, amma əhəmiyyət vermirdi. Gənc, hər zaman söhbət əsnasında həmsöhbətlərinin səhvlərini tutmağa adət etmişdi. Bu dəfə isə uşağın dediyi cümlə qarşısında aciz qalmışdı. Cümlədə səhv var idi. Dəllal daşınmaz əmlak işlərinə baxır, böyrək yox. Amma bu elə də böyük səhv deyildi. Ən böyük səhv uşağın belə bir cümləni dilinə gətirməsi idi. Dünyada heç bir bəşər övladı belə bir cümlə söyləyə bilməz, bu yaşananlar ən böyük səhv idi. Bu bütün insanlığın kobud səhvi idi. Ən böyük səhv qala-qala, uşağa “dəllallar daşınmaz əmlak satırlar, böyrək yox” deyib, onun səhvini tutmaq, ya da “uşaqsan, səni aldadıb böyrəyini alarlar, amma pulu verməzlər, düzgün adamların yanına get” demək vicdansızlıq olardı. Belə səhvləri tutmaq üçün ilk öncə uşağın böyrəyini satmaq istəməsini normal qəbul etmək lazım idi.
Gənc adam donub qaldı, susdu. Avtobusdakı digər sərnişinlər öz işlərində idilər, söhbət edib, deyib-gülürdülər. Heç kəs, bu cırıq ayaqqabılı, yamaqlı şalvarlı on-on bir yaşlı uşağı görmürdü. Heç kəsin ağlına belə gəlməzdi ki, o, bu avtobusa böyrəyini satmağa yollanmaq üçün minib.
Avtobus dayanacağa çatanda, uşaq düşmək üçün gənc adamdan icazə istədi:
- Çox sağolun, mən gedirəm.
Uşağın çox nəzakətli danışığı gənci daha da mütəəssir edirdi. Adam uşağa baxaraq ağzını açıb danışdı. Dodaqlarını tərpədirdi, səs isə çıxmırdı. Səsi batmışdı. Təkbaşına edə biləcəyi bir şey yox idi. Bu onun təkbaşına edə biləcəyi iş deyildi. Bu bir bəşəri səhv idi və bunu düzəltməkdə də bəşəriyyət məsuliyyət daşıyırdı.
Uşaq çıxış qapısına doğru gedəndə ayaqqabısının kənarından, çox kiçik, cındır parça hissəsi soyulub yerə düşdü. Əvvəlcə, qayıdıb götürmək istədi, amma sürücünün “cəld ol, cəld ol!” sözlərindən sonra həsrətlə son dəfə ayaqqabısından soyulub düşən cındır parçasına baxdı və çönüb gedərək avtobusdan düşdü. Geriyə baxmadan, başını aşağı sallayıb, ayaqlarını yerlə sürüyərək dəllallar kafesinə doğru hərəkət etdi.
Gənc adamın hələ də səsi çıxmırdı. Həmişə həmsöhbətlərinin danışığında səhvlər tutan adamda, bu dəfə balaca uşaq səhv tutmuşdu. Özü də dünyanın ən böyük səhvini...


31.01.2019



7 dəfə oxundu

Axtarış