ƏDALƏT BƏDİRXANLI - LALƏLƏR
Müəllif: Yazarlar.AZ


16.12.2019



(poema)
Dahi sənətkarımız xalq rəssamı
Səttar Bəhlulzadə -yə ithaf edirəm

Proloq
Bir Səməd bulağı coşur sinəmdə,
Bir Müşfiq həsrəti solur üzümdə.
Ya Rəbb izləyirəm bu nə yuxudu,
Off.. Səttar tablosu yanır əlimdə.
Axan göz yaşlarım havada süzür,
Yanan bir tablonun üstünə düşür.
Süzən göz yaşları bir zərrə günəş,
Hər gamla günəşlə sanki görüşür.
Bir tablo çəkmisən bütün lalələr,
Saymaq çox çətindi lalə nə qədər?
İllərlə doymadın lalə çəkməkdən,
Bu sevgi hardandı sizdə bu qədər?
***
Qaranlıq məzara tez getdi Səttar,
Ağlayan boyalar soldu hər nə var.
Züleyxa gözündə Yusifə bənzər,
Görən çəkilməmiş necə tablo var?

l hissə
RƏSSAM DÜNYASI
(dostlarının baxışları ilə)

Hərdən baş vurursan Ulu ustada,
Məcnunu Leylisiz çəkib səhrada,
Barmaqla yaydığın rəngli tabloda,
Füzuli dünyasın salırsan yada.
Kazbeki yandırıb tüstülədirsən,
Min eşqin sevdasın fikirləşirsən.
Xəzər sahilində hər axşam, səhər,
Sən də öz Leylini tənha gəzirsən.
Dalğalar Xəzərə lay-lay çalanda,
Ləpələr quşları qucaqlayanda,
Bu quşlar fırçadan elə uçur ki,
Özünə yem tapır bu tablolarda.
Arı simfoniyasın duyan çiçəklər,
Arıya bal verir, çəkdiyi qədər.
Çişəkli tablolar sanki, bal dadır,
Sən Baxı sevirsən elə bal qədər.
Arif Məlikovdan söz soruşdular,
Söylədi: Səttarın öz dünyası var.
Sevdiyi Füzuli, Baxdı, dünyada,
Bir də çəkəcəyi qalan tablolar.

ll hissə
MAHNI və TABLO
(iki dahi sənətkarın lalələri)

Rəşidin qəlbində canlı səsiynən,
Bəzən də Ceyranın lalələriynən.
Tablo mahnı kimi gəzdi dünyanı,
Fəqət S.S.S.R -i müjdələriynən.
***
Anlamaq istərəm dahi sənətkar,
Necə yaradırsız bu cür tablolar?
Kölgələr olmasa adi rəssamlar,
Neçə çəkə bilir, düşür damcılar?
Yazın öz gəlişi mehriban bahar,
Baharın möhtəşəm təravəti var.
İnan lalə gördüm yol kənarında,
Elə bil siz çəkən tablodur ki, var.
Üç fəsil bir başqa yazı sevirsən,
Fırçanla bu qədər çiçək əkirsən.
Hər lalə qönçəsin bir Leyli bilib,
Eşqi Məcnun adlı dəlil gəzirsən.
Bu cür tabloları çəkən insanlar,
Rəssam ürəyidir, yoxsa fırçalar?
Mörtəşəm varlığın dərinliyində,
Görəsən bilinən neçə rəngi var?
İnan hər könüldə cəmsə lalələr,
Olmaya silahda heç bir güllələr.
Kaş sussa silahlar, bəli körpələr,
Hər gün albomuna lalələr çəkər.
***
Epiloq
Elə ki, yaz gəlir, göyərir çəmən,
Toy-nişan libasın geyinir Vətən.
Günəşli yurdumun tablo ustası,
Səttar gözə gəlir fikirləşmədən.
Sizi hər baharda arayıram mən,
Sizinlə birlikdə canlanır şəmən.
Hər bitən lalənin boyunu sevib,
Siz çəkən laləni axtarıram mən.
***
Ədalətəm, hüzuruna gəlmişəm,
Məzarına dörd lalə gətirmişəm.
Bu da bir xəyaldı dahi sənətkar,
Sizin lalələri mən görməmişəm…
18.04.2013

Son…

Müəllif: ƏDALƏT BƏDİRXANOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

4 dəfə oxundu

Axtarış